Kirayə evimiz, sevimli arvadımız var – Zahir Əzəmətin şeirləri

Kirayə evimiz, sevimli arvadımız var – <span style="color:red;">Zahir Əzəmətin şeirləri
25 aprel 2018
# 15:30

Bu gün tanınmış şair Zahir Əzəmətin doğum günüdür. Kulis.az bu münasibətlə şairi təbrik edir və onun şeirlərini oxucuların diqqətinə çatdırır.

Unutqanlıq

Rəqəmləri unuduram

toy günümüzü

nişan günümüzü

ad gününü unuduram

unuduram səhərlər çörək almağı

zibil atmağı

unuduram gecə işıqları söndürməyi

milçəkləri öldürməyi

unuduram

hərdən unuduram

tez-tez unuduram

bir şeyləri kağıza yazmağa,

gecədən əzbərləməyə çalışıram

amma tərslikdən kağızı da evdə unuduram hərdən

sevimli bir qadınla evlənən

sevilən bir kişi üçün bağışlanmaz günahdır bunlar

bir şair üçün bəlkə də yox…

Əsgər məktubu - arxa cəbhəyə

sizə zəfər gətirəcəyik

bizə məktub yazın heç olmasa

sətirlərdən ürəyiniz boy versin

səbirlə dinləyin şikəst qayıdan

əsgər yoldaşlarımızın gecə sayıqlamalarını

üz çevirib getməyin uşaqlarımız dilənəndə

su verin

çörək verin!

atalarımıza siqaret

analarımıza ürək dirək verin…

sizə zəfər gətirəcəyik

bizə barıt qoxusu dadmayan

səhər saxlayın

bir az günəş

bir az dəniz…

bir az da soyuq Xırdalan pivəsi

şəxsən mənim üçün

və sevməyin ay əclaflar

bizi gözləyən qadınları...

Talış kəndi

kirəmitli evlər…

dağların meşələrin boynuna atılmış

qırmızı təsbeh

qoca zaman

sevir yaman təsbeh çevirməyi…

holavar oxuyur evlər

damına qonmuş quşların diliylə

necə ki çəltik vərləri

danışır dalğa-dalğa

içinə doluşan adamların

qarışıq səsləriylə:

- ey riza kişi

bir qırmızı naxışlı beşik düzəldərsən

oğlum olacaq

üç qızıma tək qardaş…

- ey riza kişi

bir kisə düyü verəcəyəm

bir kisə düyü

oğlum olarsa…

gülümsəyir qoca riza

baxıb iri əllərinə

- oğlun olarsa

adını nəsir qoyarsan… nəsir…

məndən də beşik hədiyyəsi…

gülüşür qadınlar

palçığa batmış ayaqları şəndir…

qoca zaman

sevir yaman palçıq yoğurmağı…

***

İndi işə gedəcəm

sən “zibili atmağı unutma” deyəcəksən

uşaq arxamca ağlayacaq

“ata” kəlməsi yapışacaq ətəklərimdən

qaçaraq atılacam küçəyə

amma unutmayacam zibili atmağı

on saat işləyəcəm

günəş batarkən dönəcəm evə

bir qucaq təbəssümlə

“sən zibili at” deyəcəksən

uçaq sarılacaq ayaqlarıma

birlikdə zibil atmağa gedəcəyik

zibilliyin üzərinə sallanan söyüd budaqlarına

barmağını uzadan körpə “gül” deyəcək

birdən gül qoxusu yayılacaq zibilliyə

sonra bütün şəhərə

sonra bütün məmləkətə

“ata” və “gül” kəlmələri

unutdurar günəşin yoxluğunu

***

Elə də pis deyil həyatımız

kirayə evimiz, sevimli arvadımız var

günəş gülümsəyərək toxunur pəncərəmizə

hərdən danışmağa, hərdən susmağa

hərdən gülməyə icazəmiz var

bizə seçim haqqı verilib!

hər zaman ölməyə icazəmiz var

# 1246 dəfə oxunub

Müəllifin son yazıları

# # #