Dediklərinin hamısı şeir olan adam - Zakir Fəxri 70

<b>Dediklərinin hamısı şeir olan adam - <span style="color:red;">Zakir Fəxri 70 </b>
3 aprel 2018
# 11:55

Bu gün şair Zakir Fəxrinin 70 yaşı tamam olur. Kulis.az bu münasibətlə şairin qələm dostlarının təbriklərini təqdim edir.

TEYXA ŞAİR

Salam, Zakir Fəxri, salam!!!

Keçdik ilanlı yolları,

Daşlı, tikanlı yolları,

Bazar-dükanlı yolları –

Bir az da gəldik yaxına...

Qədim Roma şairi Ovidinin bir misrası var, təxminən belə səslənir: nə yazmağa başlasam, hamısı şeir alınır...

Azərbaycanda tanıdığımız bir neçə şair var ki, nə deyirlərsə, necə danışırlarsa, hamısı şeirdi. Məsələn, Ramiz Rövşəndi, Vaqif Bayatlıdı, Əlisəmid Kürdü...

Və Zakir Fəxridi.

Belələrinə, adətən, “təpədən-dırnağacan şair” deyirik. Onlar yeriyəndə də hər addımlarından şeir tökülür yola. Mübaliğə deyil, doğrudan da belədi.

Zakir Fəxrinin şeirlərini oxuyanda özünü şəxsən tanımırdıq. Sonra özünü də gördük və anladıq ki, şeirlərindəki dil duruluğu da, düşüncə aydınlığı da elə belə deyilmiş, varlığındakı, mahiyyətindəki saflıqdan irəli gəlirmiş. Adam başdan-ayağa enerjidi – daim səs-küylü, qaynar, maraqlı, mehriban aurasıyla. Bir insan kimi sən onun xarakterinə, mərdliyinə, qəlb genişliyinə arxayınlıqla söykənə bilərsən.

Yetmiş yaşını təbrik edirik, əziz Zakir Fəxri, teyxa şair!

Salam Sarvan, Mahir Qarayev

HƏMİŞƏKİ ZAKİR FƏXRİ

Bu gün sənətkar Zakir Fəxrinin 70 yaşı tamam oldu, səkkizinci onilliyə qədəm qoydu.

Bir az bayağı çıxsa da deyəcəyəm: ona bu yaşı vermək olmaz - maşallah, qıvraqdır!

Yəni həmişəki Zakir Fəxridir – gözlərinin dibindəki kədəri şaqraq gülüşüylə pərdələməyi, üstəlik dost-tanışa həyan olmağı, çətinə düşənə ürək-dirək verməyi bacaran, sədaqətli, vəfalı Zakir Fəxri.

Ona uşaqlı-böyüklü «sən» deyə müraciət edirik. Amma bu, onun xüsusi bacarığından irəli gəlmir, sadəcə, təbiəti belədir – uşaqla uşaqdır, böyüklə böyük…

Zakir Fəxri dünyanın hər üzünü görmüş, bərkə-boşa düşmüş, amma əyilib-sınmamış adamdır. Bu mənada o, çoxlarını süpürüb aparmış zamanın, daha doğrusu, zəmanənin yox, özünün layihəsidir. Bu yaxınlarda onun ömrünü tərəddüd içində keçirən bir nəfər haqqında dediyi sözləri xatırlayanda, gülüşümü saxlaya bilmirəm: “Filankəs filan yaşa çatıb, amma hələ də böyüyəndə kim olacağı barədə düşünür”.

Onun şair kimliyi haqqında çox şeylər deyilib, yazılıb, hələ bundan sonra çox yazılar yazılacaq, deyiləcək... Hamı kimi, mən də fikirləşirəm ki, sənətkarı ən yaxşı xarakterizə eləyən onun öz yaradıcılığıdır. Zakir Fəxrinin dillər əzbəri olan “Qalmaz belə, qalmaz dünya” şeiri kimi.

Zakir Fəxri onun yaşındakı bir çox şairlər kimi onlarla şeir toplusunun müəllifi deyil. Rus yazar Eduard Sevrus necə deyir:

“Bir ucdan üyüdüb-tökür,

Səfeh şair hədər-hədər:

Ağlı nə qədər azdırsa,

İlhamı çoxdur o qədər.”

Yəni əsas çox yazmaq deyil – necə deyərlər, az yaz, saz yaz! Zakir Fəxri sayağı!

Doğum günün mübarək, Sənətkar! Yaşa, var ol!

İnşallah yüz yaşını qeyd eləyək!

Etimad Başkeçid

# 2733 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #