Əsəd Cahangir: “Məndən Kamal Abdullaya saxta donoslar çatdırırlar”

Əsəd Cahangir: “Məndən Kamal Abdullaya saxta donoslar çatdırırlar”
21 iyul 2013
# 21:03

Son günlərdə tənqidçi Əsəd Cahangirlə yazıçı Kamal Abdulla arasındakı soz dueli kəskin formada davam edir. Kulis.Az Əsəd Cahangirin mövzu ilə bağlı “Kaspi” qəzetinə verdiyi müsahibəni təqdim edir:

- Əsəd bəy, sizin yazılarınızı qiymətləndirənlərlə yanaşı bəzi yazılarınızdan narazı qalanlar da olur. Deyirlər ki, yazçılara münasibətdə fikrinizi dəyişirsiniz. Bu deyilənlərlə razısınızmı?

- Tənqidçi fikirini daşa-divara yox, yazıçılara münasibətdə dəyişməlidir də, burda təəccüblü nə var ki?

- Demək istəyirlər ki, eyni bir yazıçı haqda fərqli fikirlər deyirsiz.

- Eyni vaxtda, yoxsa zamanla? Bax bunu demirlər, gərək bunu da deyələr. Çünki, birincisi, əsas məsələ elə bu zamandadır. Fikirlər zamanla dəyişə bilər. İkincisi isə, iki cür həqiqət var: mütləq və nisbi. Mütləq həqiqətlər barədə mən fikirimi heç vaxt dəyişməmişəm və dəyişməyəcəm, məsələn, Allah birdir və onun şəriki yoxdur. Nisbi həqiqətlər isə dəyişməyə məhkumdur və onda biz də onun barəsində fikrimizi dəyişməliyik. Yoxsa, bu bizi zərərli bir ehkamçılığa aparıb çıxarar, düşüncəmiz inkişafdan qalar. Canlısansa və yaşayırsansa fikirlərin dəyişməlidir. Fikrini dəyişməyən ancaq ölülərdir.

- Son vaxtlar yaradıcılığınızda bir hadisə də baş verdi – ard-arda bir neçə mahnı bəstələdiniz. Tənqidçi mahnılar bəstələyir, bu hal da birmənalı qarşılanmadı. Sizcə, niyə?

- Düşünmürəm ki, belə düşünənlərin mənimlə nəsə qərəzi var. Belə düşünmək, insanı dar çərçivəyə salmaq sadəcə onların geri zəkalılığından, düşüncə məhdudluğundan doğur. Çünki mahnını tənqidçi yox, bəstəçi bəstələyir, yəni mənim bir bəstəçi və tənqidçi kimi işlərim fərqli şeylərdir. Vaxtilə hüquq sistemində işləyən Ələkbər Tağıyevin də mahnı yaradıcılığına belə baxmağa çalışanlar da vardı. Amma bu gün onun mahnıları dünyanı dolaşır.

Əksər dostlarım istər şair Vaqif Bəhmənli, istərsə də Ramiz Rövşənin sözlərinə bəstələdiyim mahnıları istedadlı müğənni Zəka Vilayətoğlunun ifasında bəyəniblər. Youtube-da bu mahnılar qısa müddətdə min dəfələrlə dinlənilib, teleekranda səsləndirilib. Şairlərdən Hüseyn Cavid, Səməd Vurğun, İlham Qəhrəman, Salam, Kəmalə Nəsrin, Həyat Şəmi, Elçin Mirzəbəyli və digərlərinin sözlərinə bəstələnmiş, amma ifa olunmamış ondan artıq mahnım var. İndi onların üzərində hazırlıq işləri gedir. Əgər kimsə mahnılarımı bəyənmirsə, buna da normal yanaşıram – zövqlər fərqlidir.

- Bəzən deyirlər ki, bəzi yazılarınızı dostlarınızın adından yazıb çap etdirirsiz. Hər halda ədəbi mühit bu gün bunları danışır. İstərdim ki, siz bu məsələyə qarşı öz mövqeyinizi açıqlayasız.

- Yazılarımı dostlarımın adından çap etdirmirəm, sadəcə olaraq, dostlarım xahiş etdikləri halda onların yazılarını redaktə edirəm. Mən jurnal redaktoruyam və bu, mənim bilavasitə işimlə bağlıdır. Kim buna başqa məna verirsə, bu, artıq onun öz problemidir.

- Bu günlərdə işıq üzü görən və sizə həsr olunan “Əsəd Cahangirin suqqestivliyi” məqaləsi haqda nə deyə bilərsiz? O məqalədə sizin qruppbaz, dəstəbaz olduğunuz vurğulanır. Bütün bu söhbətlər hardan qaynaqlanır və bunlara münasibətiniz necədir?

- Haqqımda yazılan yazıları, istər tərif, istərsə də tənqid olsun, oxumağı o qədər də sevmirəm. Çünki orda ağla qida verən nəsə tapmıram, bəsit və bayağı görünür. Ona görə dediyiniz yazını da oxumamışam. Amma əminəm ki, o məqalənin müəllifi “suqqestivlik” sözünün mənasını bilmir. Çünki ədəbi mühit adamlarının əksərinə bələdəm. Hesab edirəm ki, bu yazı öz müəllifinin BSU-nun rektoru Kamal Abdullanın qruppası, yaxud sektasının üzvü olmasından irəli gəlir. Çünki son günlər əleyhimə yazanlar hamısı K.Abdullanın əmriylə hərəkət edirlər. K.Abdulla başda olmaqla, az qala, bütün Bakı Slavyan Universiteti (BSU) mənə qarşı xaç yürüşünə çıxıb, müqəddəs müharibə elan edib.

- Niyə?

- Səkkiz il əvvəl yazdığım “Dəmirbaşlar” adlı essemdə onun “Yarımçıq əlyazma” romanına dair fikirlərimə görə.

- Bəlkə açıqlama verəsiniz, söhbət hansı fikirlərdən gedir?

- Bu qısa bir müsahibənin yox, böyük bir məqalənin mövzusudur. Ən ümumi şəkildə bunu deyə bilərəm ki, onun öz romanında Şah İsmayıl Xətai ilə bağlı üstüörtülü şəkildə yazdıqlarına aydınlıq gətirdiyimə görə K.Abdulla məndən bərk narazı qaldı. Dərc olunandan bir neçə gün sonra kitabın satılmış və bağışlanmış nüsxələrinin adamlardan geri toplanması, onun romanı ilə bağlı fikirlərin kitabdan çıxarılması və kitabın yenidən nəşr edilməsi ilə bağlı istəyini bildirdi. Təbiidir ki, bu, mümkün deyildi. Hətta mümkün olsaydı belə, sözünə hörmət qoyan birisi kimi mən bu təklifi qəbul edə bilməzdim. Bunu görən K.Abdulla dərhal BSU-da həmin kitabın müzakirəsini keçirib, dünyada yalnız özünə məxsus olan bir hikkə ilə kitabı “darmadağın” elədi. Əvvəlcədən öyrətdiyi adamlar da onun dirijor çubuğu ilə bir qarğa-quzğun kimi kitabın üstünə tökülüşdülər. K.Abdulla üstüörtülü və üstüaçıq təhqirlərə qədər gedib çıxdı. Dinmədim. Ona görə yox ki, K.Abdulla Azərbaycan Yazıçılar Birliyinin (AYB) Mükafat Komissiyasının sədri idi və mən də kitabımı müsabiqəyə təqdim etmişdim, ona görə ki, rektoru tələbələr qarşısında pərt etmək istəmirdim.

Bunu özünün “Çaldıran qələbəsi” kimi dəyərləndirən K.Abdulla hücumlarına davam etdi, nə etdi. Füzuli demişkən, “gəl gör qiyaməti”. K.Abdulla komssiyanın onun subyektiv rəyi ilə hesablaşmayacağını, kitabın mükafata layiq görüləcəyini hiss edib komissiya sədrliyindən imtina etdi. Onun ardıcıl dəvətlərindən sonra dərs dediyim BSU nəzdində fəaliyyət göstərən Yaradıcılıq fakültəsindən məni kənarlaşdırdı. Sonra “Azadlıq radiosu” saytı və “525-ci qəzet”ə müsahibələr verərək, kitabın mükafata layiq olmadığını bildirdi. Yenə dinmədim. Onun göstərişi ilə bir günün içində bütün kitab satışı mağazalarındakı kitablarım qeybə çəkildi. Kitabları yenidən dərc etdirdim. Və lənət şeytana deyib, bütün bunlara da sükutla cavab verdim.

- Bəs sizdəki bu “Kərbəlayi İsmayıl dözümü”nün səbəbi nə idi?

- Azərbaycan cəmiyyətində elə mənəvi-psixoloji durum var ki, burda stoik dözümü, mətanətinə malik olmadan yaşamaq sadəcə mümkün deyil. Amma özümə qəribə gələn bu səbrimin konkret bir səbəbi də var idi - kimlərinsə ortalığa düşüb K.Abdullaya saxta donoslar çatdırmasını bilirdim. Özü bunu bir dəfə mənə demişdi. Guya mən hardasa, nə vaxtsa “K.Abdullanın ciddi ədəbiyyata heç bir dəxli yoxdur” demişəm. Və bu onun hədsiz qəzəbinə səbəb olmuşdu. Amma söhbət sadəcə K.Abdulla və onun qəzəbindən getmir, ümumən, mənim adamlarla münasibətlərimi kimlərinsə kənardan idarə etməsini sevmirəm. Öz münasibətimi mən özüm müəyyənləşdirməliyəm. Etiraf edim ki, K.Abdulla məsələsində bunu bacarmadım. Amma burda özümdə günah görmürəm. Məncə, rəhbər vəzifə adamının adamlara dedi-qodu əsasında yanaşması sadəcə zərərli yox, həm də təhlükəlidir.

- Bəs bu əvvəli-axırı bilinməyən bu son bir həftədən bəri gündəmi qapsamış Emin Piri məsələsi ilə bağlı olaylar var, bəs onlar hardan qaynaqlandı, necə yarandı və bu həddə çatdı?

- E.Pirinin “Aqşin Yenisey K.Abdulladan qorxduğu qədər Allahdan qorxsaydı, indi Cəlilabad kəndlərində axundluq edərdi” məzmunlu, zarafat səciyyəli facebook statusu istər K.Abdulla, istərsə də onun müridlərindən ötrü göydəndüşmə oldu və mənə qarşı yeni hücum kompaniyasına start verdi. Bu statusa heç bir aidiyyətim olmadığı halda K.Abdulla “Kulis.az”a müsahibə verərək heç bir əsas gətirmədən məni E.Pirinin facebook fəaliyyətini istiqamətləndirməkdə suçladı. Onun işçiləri bütün facebook şəbəkəsini saysız-hesabsız söyüş-təhqirlərlə doldurmağa başladılar. Amma yaxşı ki, E.Piridən fərqli olaraq, məni döydürməklə hədələyən olmadı. Hər halda bu çox böyük hörmətdir. Sual doğa bilər, K.Abdulla nə üçün səkkiz il öncə - mən “Dəmirbaşlar” essesini yazanda yox, məhz indi buna etiraz edir? Təbii bu suala ən dəqiq cavabı yəqin ki, K.Abdulla özü verə bilər. Mənim cavabım faktiki yox, məntiqi xarakter daşıyacaq. Məncə, bunun iki əsas səbəbi var: birincisi, o vaxt K.Abdullanın mənə təsir imkanı indiki qədər deyildi. İnsanın yaşı artdıqca onun azadlığının hüdudları daralır. Bir tərəfdən cəmiyyətlə əlaqələrin genişlənir, digər tərəfdən daxili senzor özü sənə hər ürəyindən keçəni eləməyə imkan vermir. Odur ki, səkkiz il öncə K.Abdullanın indi mənə qarşı elədiklərinə yəqin ki, çox sərt reaksiya verə bilərdim. K.Abdulla da bunu bilirdi. Azərbaycanda yaşın gətirdiyi bu məhdudiyyətindən kənar bəlkə də bircə adam var – o da K. Abdulladır. Siz onun verdiyi müsahibələrə baxın – heç bir arqumentlə hesablaşmayaraq, kimi istəyir tərifləyir, kimi istəyir tənqid edir. Bu, müsahibələr Peyğəmbər yaşına çatmış, böyük bir təhsil müəssisəsinə rəhbərlik edən, “Nobel” mükafatı almaq arzusuna düşən alim-yazıçıdan daha çox, 20-25 yaşlı bir gəncin ədalarını yada salır. Peşman olub, bir postmodernist roman yazıb, bütün davranışlarını da oyun üstündə qurmaq istəyir.

İkincisi, məncə, K.Abdullanın “Dəmirbaşlar” essesindən birdən-birə belə xoflanması yəqin ki, Prezident Administrasiyası rəhbərinin qızılbaşlar şahı haqqında məşhur məqaləsinin meydana gəlməsi ilə bağlıdır. Təsəvvür edin: dövlətin ideolojisini müəyənləşdirən ali vəzifəli məmurlardan biri qızılbaşlığı müasir Azərbaycan dövlətçiliyinin fundamental əsaslarından biri kimi dəyərləndirir. “Nobel” mükafatı almaq sevdasına düşən yazıçı isə Şah İsmayıl Xətaini aşağılayan bir roman qoyur ortaya. Bu azmış kimi, Əsəd Cahangir də səskkiz il öncə yazdığı və romanın daxili mahiyyətini üzə çıxaran essesini kitaba salır. Və kitab da K.Abdullanın arzusu xilaf çıxaraq iki mükafata layiq görülür. Burda Kərəmi ağlamaq tutmasın, neynəsin?

Qəribədir, esse bilavasitə romana həsr olunmadığından bu məsələlərdən aksiomatik şəkildə, tezislər formasında danışmışam. Madam ki, iş gəlib bu yerə çatdı, sübut-dəlil üçün yəqin ki, romana həsr olunmuş ayrıca bir yazı yazmaq lazım gələcək. Bir də ki görünən dağa nə bələdçi? Hər şey göz qabağındadır.

- Gəlin məhşurlaşdırılmış facebook söhbətlərinə qayıdaq. Sizcə, bu məsələlərdə E.Piri susa, cavab verməyə bilməzdimi?

- Məncə, yaşından və vəzifəsindən asılı olmayaraq, heç kəsin heç kəsi təhqir etməyə haqqı yoxdur. K.Abdullaya elə gəlir ki, hər yer BSU-dur və o, adamlarla istədiyi kimi davrana bilər. İlk təhqir daşı K.Abdulla və onun işçiləri tərəfindən atılmışdı. Təhiqlərin səciyyəsi və kəmiyyətinə görə də, K.Abdulla və onun ətrafının elədikləri müqayisəedilməz dərəcədə çoxdur. Burda BSU-çular hücum edən, E.Piri isə cavab verən tərəf kimi çıxış edirdi. Əlbəttə, Emin K.Abdullanın yaşını, vəzifəsini nəzərə alıb susa da bilər, yaxud eyni xarakterli yazılar yazmaya da bilərdi. Amma, məncə, hər kəs, o cümlədən də, K.Abdulla özü yaşı və mövqeyini nəzərə almalıdır.

- Qafqazinfo.az saytında bir bəyanatınızı oxudum ki, sizə qarşı tənqidlər və təhqirlər səngiməsə tənqidi yazı yazacaqsınız. Bu barədə fikirlərinizi bilmək istəyərdim, o məqalə necə və nədən olacaq və niyə məhz təhqirlər davam edəndən sonra yazılması nəzərdə tutulub?

- Məncə, bu suala artıq cavab verdim. Nə üçün məhz təhqirlər davam edəcəyi təqdirdə yazacağam? Bunu əlavə edə bilərəm. Çünki əslində, mən bu yazını qətiyyən yazmaq istəmirəm. K.Abdullanı intellektual və Azərbaycan üçün yenilikçi yazar sayıram. Amma dünya ədəbiyyatı konteksindən yanaşanada o, ikinci, ruslar demişkən, “vtoriçnı” yazıçıdır. Bir əsərindən Borxesin, o birindən Ekonun səsi gəlir. Ümumən, “Gizli Dədə Qorqud”un müəlifi kimi, o mənim alimimdir, amma tutaq ki, “Yarımçıq əlyazma”nın müəllifi kimi o mənim yazıçım deyil. Onun yaradıcılığı mənim üçün o qədər maraqlı deyil ki, ondan yazı yazım. Darıxdırıcıdır. Buna görə istər özü, istərsə də, adamları onun romanları haqda yazmaq xüsusunda mənə təkliflər etsələr də, yazmamışam. Amma təhqirlərin davam edəcəyi təqdirdə istəmədiyim o yazını yəqin ki, yazmalı olacam. Və o yazı bütün BSU ordusuna qarşı verilən ən gözəl cavab olacaq.

- Amma siz özünüz də bu cür sözünüzlə “AYB cəbhəsinin təmsilçisi” kimi çıxış edirsiniz axı. Bəs bu necə olsun?

- Fəqət bu cəbhəni K.Abdullaya qarşı AYB açmayıb, əksinə, K.Abdulla özü AYB-yə qarşı cəbhə açıb. Onun son illər əksəri AYB əleyhinə olan adamları başına yığması bunun ilk əlaməti idi. Yaradıcılıq fakültəsini yaratmaqdan əsas məqsədi yeni ədəbi nəsli AYB-yə nifrət ruhunda tərbiyə etməkdir. Və elə son hadisə də göstərdi ki, o, anti-AYB proqramını ustalıqla həyata keçirir. Məncə, müsahibələrində AYB-ni pislədikdən sonra, gözdən pərdə asmaq üçün Anarı tərifləmək hələ heç nə demir. Çünki Anar AYB, AYB isə elə Anar deməkdir. Mən K.Abdullanın əvəzinə olsaydım, Anarı sadəcə sözdə tərifləməkdənsə, ona məxsus bircə cəhəti əxz edərdim: Anar hələ bu günə qədər bir dəfə də olsa, ona qarşı edilən çoxsaylı tənqidlərə cavab vermək səviyyəsinə özünü endirməyib. İşçilərini də buna məcbur etməyib.

- Sizcə bu söhbətlər niyə ədəbi mühiti və prosesi bu dərəcədə məşğul edə bilir?

- Məncə, mənəvi boşluqdan irəli gəlir. Adamlar yekrəng həyatı nəyləsə mənalandırmağa çalışırlar, hətta mənasız bir şeylə.

- Sizcə, tənqidçinin yazdığı yazı müqabilində əlmuzdu alması nə dərəcədə düzgündür?

- Bu suala da ən yaxşı cavabı K.Abdulla və onun dostları cavab verə bilər. Çünki muzdla yazı yazdırmaq ənənəsi özünün ən parlaq ifadsəsini BSU-da tapır. Bu qədər adamın xorla eyni adamı tərifləməsi və dəstəkləməsini başqa heç bir məntiqə bağlamaq olmur.

# 1948 dəfə oxunub

Müəllifin son yazıları

# # #