Yoxluğum qar kimi yağar üstünə - Yeni Şeirlər

Yoxluğum qar kimi yağar üstünə - <span style="color:red;">Yeni Şeirlər
6 iyun 2018
# 12:45

Kulis.az Əmir Mustafazadənin şeirlərini təqdim edir.

Ölümdən qorxmuram

Ölümdən qorxmuram, qorxuram birdən

Ölərəm anamı ağlar qoyaram.

Ölümdən qorxmuram, qorxuram birdən,

Atamın qəlbinə dağlar qoyaram.

Ölümdən qorxmuram, qorxuram birdən,

Anam dözə bilməz canına qıyar

Ölümdən qorxmuram, qorxuram birdən,

Qardaşım qardaşa ehtiyac duyar.

Ölümdən qorxmuram, qorxuram birdən,

Bütün xəyallarım məhv olub gedər,

Qorxuram, məzarda, sorğu-sualda

Bütün cavablarım səhv olub gedər.

Ölümdən qorxmuram, qorxuram birdən,

Özümdən sonra bir izim qalmaya,

Qorxuram ölərəm, qırxımdan sonra,

Bir kimsə axtarıb, yada salmaya.

Ölərsən bir az

Bir gün çiyinlərdə bir tabut gedər

Bir cəsəd sevdası yandırar səni

Yoxluğum qar kimi yağar üstünə

Təpədən-dırnağa dondurar səni,

Qalarsan əllərin yanaqlarında,

Axan göz yaşını silib gedərsən,

Ürəyin istəsə açıqdır qapım

Hərdən məzarıma gəlib-gedərsən.

Gəlib baş ucumda durarsan səssiz

Ruhum səni görüb sevinər bəlkə,

Onda nə çəkmişəm bilərsən sənsiz,

Buz kəsmiş ürəyin, isinər bəlkə.

Sonra baş daşımda rəsmimə baxıb,

Xəyala dalarsan, gülərsən bir az.

Məni öldürdüyün azdır əzizim,

Bacarsan özün də ölərsən bir az.

Bəsdir, ilahi

Onsuz da dünya çox soyuqdur Allah,

Bilmirəm bu qışın mənası nədir,

Gör neçə insan var əlləri yalın

Yay axı onlara bir bəhanədir.

Gör neçə insan var evsiz-eşiksiz,

Gör neçə insanın mədəsi bomboş

Gör neçə insanın ümidləri puç,

Gör neçə insanın dərdləri sərxoş.

Gör neçə atanın boynu bükülüb,

Gör neçə anada taqət qalmayıb,

Gəl bu il bu qışı yox et nə olar,

Ata körpəsinə paltar almayıb.

Mən qəbul etmirəm bu haqsızlığı,

Bilmirəm bildiyin nədir, ilahi,

Bu qədər dərd vermə bəndələrinə,

Daha kifayətdir, bəsdir, ilahi...

# 1168 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #