Çaxır üçün küçədə şeirlərini satan şairimiz - XATİRƏ

Çaxır üçün küçədə şeirlərini satan şairimiz - XATİRƏ
13 may 2013
# 13:18

Kulis.Az Abdulla Şaiqin “Xatirələrim” kitabında Məhəmməd Hadi ilə bağlı hissəni təqdim edir.

Hadinin eniş-yoxuşlu ədəbi fəaliyyəti, ziddiyyətləri ilə onun keçdiyi həyat yolu arasında bir yaxınlıq, uyğunluq var idi. Aşağıda nümunə üçün gətirdiyim bir-iki hadisə şairin həyatında baş verən yüzlərlə belə səhnələrdəndir.

Bir gün mən küçədə Hadi ilə yan-yana gedərkən birdən-birə durdu. Özünə başdan-ayağa bir quş baxışı ilə baxdıqdan sonra:

- Şaiq, üstümdə lüzumsuz nə var? – deyə soruşdu.

Mənasını anlamadığım bu sualdan heyrətləndim:

O isə:

- Diqqətlə bax, lüzumsuz heç bir şey görmürsənmi? – deyə sualını təkrar etdi.

- Yox, - dedim.

O, hirsləndi. Mənə acıqlı baxaraq:

- Siz də həyatın qeyudatına o qədər bağlanmasınız ki, gözləriniz lüzumlunu lüzumsuzdan seçə bilmir, - deyə cavab verdi. Sonra əli ilə jiletini çəkərək: - Bu mənim nəyimə lazımdır? – dedi.

Məsələni anladım. Borc almaq adəti deyil idi. Bunu bildiyim halda pul təklif etdim. Qəbul etmədi. Evimizə qonaq dəvət etdim:

- Hadi, gedək, bir yerdə yeyib-içək, - dedim.

O, yetim uşaq kimi inləyərək:

- Yox, qardaşım, bu gün öz səmalərimdə uçaraq, günəşimin ziyalarını örtən buludları parçalayıb dağıtmaq istəyirəm, xudahafiz, - deyə məndən ayrıldı. Həmişə mənimlə bir dost kimi görüşdüyü, evimizə gəldiyi halda, bugünkü hərəkəti mənə çox qəribə göründü.

****

Türkiyənin müstəbid sultanlarından olan Əbdülhəmidin əleyhinə 1908-ci ildə güclənən azadlıq hərəkatı Azərbaycanda bir çox qabaqcıl ziyalıları maraqlandırırdı. Bu həmin dövrlər idi ki, Sabir: “Osmanlılar, aldanmayın, allahı sevərsiz”, - deyə Türkiyə xalqını istibdad əleyhinə daha qəti mübarizəyə çağırırdı. Azadlıq, inqilab xəbəri eşitmiş Məhəmməd Hadi də bəzi müasirləri kimi 1910-cu ildə Türkiyəyə getdi. Bütün ümidləri puça çıxmış şair, ancaq dörd ildən sonra ac, səfil bir şəkildə geri döndü.

Gəldiyini bilmirdim. Bir gün küçədən keçərkən üstü-başı kirli, halı pərişan bir şəxs əlimdən tutdu. Əvvəlcə tanımadım. Çünki, tanılacaq halda deyildi. O, titrək bir səslə:

- Şaiq, məni tanımadın? – deyə soruşdu. Səsindən, gözlərinin rəngindən Hadi olduğunu tanıdım. Qucaqlayıb bağrıma basdım.

- Aman, Hadi, bu nə haldır, - dedim.

O, gözləri yaşlar içində:

- Qardaşım, heç sorma, - deyə cavab verdi.

Hadini götürüb oradan birbaş evə gəldim. Çəkməsi yırtıq olduğundan ayaqları dışarıda qalmışdı. Üst-başı və yaxası görünən alt köynəyi qapqara və yırtıq idi. Necə faciələr keçirdiyi gözlərinin sönük şüalarından məlum olurdu. Alt və üst paltarlarını tamamilə dəyişdirtdirdim. Birlikdə hamama getdik. Evə qayıtdıqdan sonra o, mənə Türkiyədə keçirdiyi həyatı ətraflı nağıl etdi.

Hadi öz faciəsini belə söylədi:

“İstanbula çatdıqdan sonra ilk əvvəl “Tənin” qəzetində şərq dilləri mütərcimi sifəti ilə çalışır, arabir “Mahtab”, “Hilal” kimi qəzet və məcmuələrdə şeirlərimi nəşr etdirirdim. Təbiətimi bilirsən, mənim və ya başqasının azadlığına toxunulduğu zaman əsəblərim yerindən oyanır, səbir edə bilmirəm. Mən buradan çar istibdadından çıxıb geniş nəfəs almaq, azad həyat keçirmək ümidi ilə ora getmişdim. Fəqət orada həmin istibdadı bir az da artıqlığı ilə görüncə səbrim tükəndi. Ruhumdakı sıxıntı və kədərləri unutmaq üçün çarəsiz yenə daha şiddətli sürətdə içməyə başladım. Neyləyim? Qadın azadlığına dair yazdıqlarım xoşlarına gəlmədi, xalq azadlığına dair yazdım, yenə darıldılar. İttihadçılar hər yazıçıdan ancaq mədhiyyə gözləyirdilər. Şübhəsiz, mən onu bacarmazdım. Mən mədhiyyə üçün deyil, aləmi alt-üst edib inqilab yaratmaq üçün doğuldum. İstibdad xəfiyyələrinin mərkəzi olan İstanbul həyatı məni boğurdu. Dəfələrlə məni sərxoş halda yaxalayıb polis idarəsinə almışdılar. Bir dəfə “Siz istibdad mikroblarısınız” - deyə qayim-məqamı təhqir etdim. O, məni İstanbula qayıtmamaq şərtilə yunan şəhəri Salonikə sürgün etdi. Pul yox, tanış yox... Salonikdə qadınların bazarlıqlarını evlərinə daşıyıb aldığım pul ilə ölüm-zülm yaşayırdım. Zalım yunanlar bunu da mənə çox gördülər. Bir gün məni Türkiyə xəfiyyəsi adı ilə yaxalayıb polis idarəsinə aldılar. Mən xəfiyyə olmayıb Qafqaz şairi olduğumu onlara inandıra bilmədim. Bir neçə gün həbsdə qaldıqdan sonra məni gəmiyə mindirib İstanbula göndərdilər.

Yolda yunan bəhriyyələri məni dənizə atmaq istədilər. Bir keşiş zor-güc məni onların əlindən qopardı. Gəmi İstanbul körpüsünə yan aldı. Yaramaz mal kimi İstanbul da məni qəbul etmədi. Çox yalvardıqdan sonra məni Batuma gedən bir gəmiyə mindirib yola saldılar. Batumda sahilə çıxdım və bir dostumun köməyilə Bakıya gəldim. Eh, qardaşım, mənim həyatım başdan-başa bir faciədir”.

Günümüz bir yerdə xoş keçirdi. Rahatlanmaq və çalışmaq üçün kabinetimi ona verdim. Evdə bərk tapşırdığım üçün heç kəs onun sərbəstliyinə toxunmurdu. Məqsədim onu içməkdən uzaqlaşdırıb təbii yola salmaq idi. Hətta “qaçmasın” deyə: “Araq ya şəraba meyliniz var isə, yemək ilə bir az içmək pis deyil” – deyə bir neçə dəfə işarə də etdim. Qəbul etmədi: “Allah bəlasını versin, fəlakətlərimin başlıca səbəbi o deyilmidir?” – dedi. Bir həftə bizim evdə qaldı. Bir gün dərs deyib evə qayıtdığım zaman Hadini görmədim. Anamdan və başqalarından soruşduqda: “Səhər sən evdən çıxdıqdan sonra o da hara isə çıxıb getdi” – deyə cavab verdilər. Həmin gün nahara qədər onu gözlədim, qayıtmadı. Yeməyimi yeyib evdən çıxdım. Nəriman Nərimanovun qardaşı Rizvan Nərimanov ilə dost olduğundan onun dükanına getdim. Rizvan gülə-gülə dedi: “Bura gəlmişdi. Türkiyəni çox söydü, ittihadçılarda abır qoymadı. Sonra hara isə çıxıb getdi”.

Bir həftə Hadini axtardım. Xəbər verən olmadı. Sonralar tanış bir həkim tərəfindən, tutulmuş olduğu alkoqolizm xəstəliyindən sağalmaq üçün xəstəxanaya göndərildiyini öyrəndim.

Xəstəxanadan çıxdıqdan sonra görüşdük: “Bizim evdə sənə heç bir mane olmadığı halda bəyənməyib qaçdın”, - dedim. O, utancaq bir tövr ilə: “Yox, qardaşım, sənin evində özümü çox azad hiss edirdim. Heç bir mane də yox idi. Fəqət sənə mane olurdum”, - deyə cavab verdi. Onu yenə evə aparmaq üçün israr etdim. Ancaq Hadi bu dəfə razılıq vermədi.

Birinci Cahan Müharibəsi başlanmışdı. Bəylərin və sərvətdarların təşəbbüsü ilə azərbaycanlılardan təşkil edilmiş “Dikaya diviziya” Karpat cəbhəsinə göndərildiyi zaman, Məhəmməd Hadi də ordu mollası kimi onlarla birlikdə Karpata getmişdi. Hadinin dostlarından olan şair Mürşüd Səttar oğlunun söylədiyinə görə 1916-cı ildə cəbhədən ona iki məktub yazmış və hər iki məktubda müharibə hadisələrini təsvir etmişdir. Karpatdan qayıtdıqdan sonra Bakıya gəlmiş və altı ay Mürşüdün evində qalmışdı. Bu zamanlar Hadi Karpatda yazmış olduğu “Əlvahi-intibah” adlı ayrı-ayrı parçalardan ibarət mənzuməsini “Turan” mətbəəsində pulsuz çap etdirərək küçələrdə satırdı.

Bir gün küçədə sərxoş halda mənə təsadüf etdi. “Hərarətli şeirlərim” sərlövhəli mənzuməsini mənə uzadaraq: “Al, beş manat ver!” – dedi. Mən cibimdə olan on manatımın hamısını ona verdim. O, diqqətlə üzümə baxdıqda məni tanıdı və pulu ovcuma qoyub məni qucaqladı. Çox mütəəssir idi. “Şaiqciyim, bağışla, tanımadım”, - dedi. Nə qədər israr etdim, pulu almadı.

# 2996 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #