“İsgəndəri dinləmədilər, çünki kefli idilər”

“İsgəndəri dinləmədilər, çünki kefli idilər”
15 fevral 2013
# 11:04

Şeyx Nəsrullah əsarəti

Asif ATA

İsgəndər təkdir. Çünki diridir. Ölülər arasında.

I. Şeyx Nəsrullahın peyda olması

Şeyx Nəsrullah dünyaya erkən gəlmişdir. Cəlil Məmmədquluzadənin klassik “Ölülər”indən çox əvvəl. Onu insanın özünə yox, möcüzələrə inamı yaratmışdır. Adilərin, “balacaların” qeyri-adi, ilahi qüvvələrə inamı. “Taleyin öz əlində deyil, fözqəlbəşər qüvvənin əlindədir” –kəlamı.

“Sən adi həyata məhkumsan, düşüncənin keçilməz sərhədi var. Bütün arzuların, niyyətlərin həmin sərhəddə qurtarır. Onun arxasında isə sirli, möcüzəli alım başlayır. Bu aləmdə hər şey mümkündür. Ölü diriltmək belə”.

İki aləm. İnsanların özləri və təsəvvürlərində, təxəyyüllərində
bəslədikləri sonsuz qüdrət!

İnsanın özünə inamı itdiyi zaman yaranan inam. İki ölçü.
Məmmədhəsənlərin, Novruzəlilərin bəsit fəaliyyəti və Şeyx
Nəsrullahların möcüzələri. Birinci alımdə insan öz ulağını qorumağa acizdir, ikincisində ölü dirildirlər.

İnsan özüylə müxtəlif tərzdə vidalaşır. Bəzən bu vida öz inamını
başqasına bəxş etməklə nəticələnir. Həmin bəxşiş təxəyyüldə ilahi məna kəsb edir və insan onun bəxşiş olduğunu unudur.

O, qorxunc bir qüvvəyə çevrilir və insanı sarsıdır. “Mən hər şeyə qadirəm!” inamı özgələşdikdə “mən heç nəyə qadir deyiləm” – fəlakətinə çevrilir.


Özündən ayırdığın, şüurunda ülviləşdirdiyin qüvvə hər şeyə qadirdir.


O, hər şeyə qadir olduğunu üçün, sən heç şeyə qadir deyilsən!
İndi sən özünə yalnız kiçik işlərdə lazlmsan, böyük işlərdə yox.
Səninlə yanaşı yaşayan İsgəndər kimilərinə şübhən nə qədər çoxdursa, sehrkarlara inamın bir o qədər sonsuzdur.

Dəbdəbə, təmtəraq, şöhrət, ad-san xəyalında müqəddəsləşib. Onların insani keyfiyyət olduğunu belə unutmusan.

Dünyaya onların gözüylə baxırsan. Dünya gözündə Nəsrullahlaşır.
Bir dünyada iki dünya yaradırsan.


Şeyxlərin sehrli dünyası və özünün sönük dünyan. Əlini möcüzəli
dünyaya uzadırsan, gözünü ora dikirsən. Yaxşını görmürsən. Ümidini uzaqlara bağlayırsan. Uzaqlardan nicat gözləyirsən. Yaxın sənin üçün bəsitdir. Kefli İsgəndərdir.

Uzaq – Şeyx Nəsrullahdır!

Onun sədası İsfahandan, Xorasandan gəlir. Bəlkə də o, səninlə bir
yerdə yaşasaydı, böyüklüyünü təsdiq etməzdin! Şeyx Nəsrullahı böyük edən sirli məktub, sənin intizarın, onun fars dilində, yüksək üslubda danışmasıdır. Bunsuz o öz ülviliyini itirərdi. Sən ona aşağıdan yuxarı, zirvəyə baxan kimi baxmazdın. Təxəyyülün üfüqləri daralardı.

Sən Şeyx Nəsrullah dənizində damla olub itməzdin. əgər Şeyx Nəsrullah hazırladığın aşı yesəydi, “gündə bir xurma ilə dolanmasaydı”, səninlə anlaşıqlı dildə danışsaydı, onda o, qeyri-adilik normalarına cavab verməzdi, səni ehtizaza gətirməzdi. Onda o, sənə bənzəyərdi. Bu isə böyüklük təsəvvürünə uyğun gəlmir.

Şeyx – başqa dünyadır. O, hər şeyə qadir olduğu üçün hər cəhətdən tamam başqa şəxsdir. Doqquz yaşlı qızlara siğə etmək azarı da Şeyxə qəbahət sayılmaz.

Çünki Şeyx Nəsrullah ölçüsü – xüsusi ölçüdür. Bu ölçünün qüdrəti –başqa meyarları inkar edir. İnsan özünü itirəndə - Şeyx Nəsrullah
peyda olur.

II. Özgələşmə


“Ölülər”də biz İsgəndərdən qeyri düşünən adam görmürük. Həyəncanlanan, hərəkət eləyən, qorxan, ağlayan görürük.Əsərin ilk səhnəsində tövşüyə-tövşüyə Həsən əmini axtaranlarla rastlaşırıq.


Hacı Həsən əmi ləhləyir.

Məktub oxunanda da düşünən yoxdur. Ağlayan var.

Ölülər aləmində düşünən yoxdur.

Şeyxin hüzurunda titrəyənlər var. Lakin adamlar düşünürlər. Nə haqda?

Anası İsgəndərin dərdini düşünür. Atası Nazlını Nəsrullaha vermək
haqqında.


Müəllim Cəlala dərs öyrədir.

“Mara çe töhvə avərdi”.

“Məlikra on nəsihət sidmənd amənd və əz səri-xuni-u dər güzəşt”.
Düşünməyinə düşünürlər. Lakin müəyyən çərçivə daxilində, Şeyx Nəsrullahın ilahi qabiliyyətinə şübhə yaranmır.

Düşünürlər, gözübağlının ürək addımları kimi!

Düşünürlər, möcüzə aləmindən uzaq, ocağın alovundan qorxan kimi!


Bir dəfə Hacı Həsənin ağlından şübhəyə bənzər bir şey keçir (“Mənim özümün də ağlım çaşıb, heç bilmirəm nə cür dirildəcək”) və tezcə sönür. Möcüzəyə şübhə ilə yanaşmaq günahdır.
“Mara çe töhvə avərdi”.


Hazır, əvvəldən verilmiş, dəyişməz, donmuş ehkamlar silsiləsi – yanar zəkanı və şübhəni məhv etmək üçün yaranmışdır. Onun vəzifəsi –insanları “narahatlıq bəlasından” xilas etməkdir.

Düşünənlər yoxdur.

Deməli, əsil insani müahiyyət də yoxdur. Düşünməkçün doğulanlar öz düşünmək səlahiyyətlərini Şeyx Nəsrullaha vermişlər.


Özgələşmişlər.


III. Eyniləşmə

Ölülər dünyasında fərdi xüsusiyyətlərə malik insanlar yox
dərəcəsindədir (İsgəndər müstəsna olmaqla). Burada canlı fərd,
şəxsiyyət kimi Hacı Həsən, Hacı Baxşəli, Hacı Kərim, Məşədi Oruc
yoxdur. HacıHəsənlər, Hacı Baxşəlilər və s.və i.a. vardır. Burada biz eyniləşən adamlarla qarşılaşırıq. Mühitin bu cəhətini Cəlil dahiyanə bir məharətlə göstərir. Hamı hadisələrə eyni münasibət bəsləyir. Biri ağlayanda – hamı ağlayır. Biri buzov heyrəti ifadə edəndə, hamı ifadə edir: hərəkətlər, hisslər, həyat tərzi, münasibət – eynidir.


İnsanlar canlı varlığından daha çox – mexanizmə bənzəyirlər.
Dirilərin ölü eyniyyəti.


Sehrli məktub oxunarkən, eyni yerdə hamı ağlayır. Hamı eyni həvəslə Şeyx Nəsrullahı qonaq etmək arzusuna düşür. Isgəndərə qarşı münasibət eynidir. Şeyxə siğə olunmaq istəyənlər dəstəbədəstədir. Şeyx Nəsrullah və başqaları təzadında ikincilər bir-birinə calanıb, tam vəhdət təşkil ediblər.

Şeyx Nəsrullah və başqaları əvəzinə - Şeyx Nəsrullah və başqası demək daha münasibdir. Hacı Həsənin “fərdi cəhəti” ondan ibarətdir ki, Nazlı adında qızı və İsgəndər adında oğlu var, Nazlı İsgəndəri çox sevir, çünki qardaşıdır və bəzən maraqlı söhbətlər edir.

Hacı Həsən Hacı Baxşəlilə, Hacı Baxşəlinin Hacı Kərimlə, Hacı Kərimi Məşədi Orucla, Məşədi Orucu Hacı Kazımla dəyişdir – heç nə itirməzsən!

Onlar hamısı eyni tərzdə Şeyxin amiranə nidası altında ayağa qalxır, oturur, eyni bir cılızlıqla “onu yazma!” – deyib fəryad qoparır, gah sürü ehtirasıyla ona tərəf şığıyır, gah geri çəkilir!

Total eyniləşmənin ümumi ahəngini İsgəndərdən başqa pozan yoxdur.

“Ölülər” aləminin ziyalıları – teleqraf işçisi Heydər ağa və dilmanc
Əlibəy həmin ahənglə gözəl qovuşurlar. Onların “Şeyx Nəsrullah
alimliyinə” feyziyablığı, “malades” etirafı ümumi harmoniyaya uyuşur.

Çox cüzi mənada Hacılardan fərqlənən “intelligentlər” birincilərdən
tərəfindən sevilir. Çünki fərq zahiridir, keçicidir, ümumi cəhət -
əsaslıdır, dərindir, köklüdür. Həmin “ziyalılar” eyniləşən dünyanın
yeni loibasda təcəssümüdür. Onlar öz mövcudluğuyla ölülərin diri
olduğunu sübut etmək istəyirlər. Ona görə sevilirlər. Həmin
“intelligentlər” ölülərdən biridir. Eyni zamanda onlar ölülüyün
rahatlılığını, “ağız ləzzətini” duyurlar.

“Ziyalıların” həyat idealı ölülərin məzar sükutunu pozmur, çünki
Heydər ağalar həmin sükuta qovuşmuşlar.


Ölülər mühitinə qarışırkən onlar heç nə itirmirlər. Çünki itiriləsi
bir şey yoxdur. Yeni şapka – köhnə papaqlar üşün elə bir təhlükə
deyil. Başına nə qoyursan, qoy. Təki diri olma. Təki hamı kimi ol.
Fərqlənmə.


Əlibəylər həm də ölü mühitinin özünü təsdiq, özündən razılıq timsalıdır.


Ölülər öz ziyalısına baxır, onda özünü görür və rahat yaşayır. Ziyalı rahat. Camaat rahat. Eyniləşmiş sürü rahatlığı!

IV. Kütləvi Psixoz

Mahir hipnozçu olan Şeyx Nəsrullahın səyi bir məqsədə yönəldilib:
adamların sürü instinktini alovlandırmaq, fikir qığılcımını söndürmək, möcüzəli aləm ilə real real ölülər aləmi arasındakı məsafəni sonsuzlaşdırmaq və Hacıları instinkt əsarətində saxlamaq. Bu instinktlərin birincisi və başlıcası qorxudur. Şeyx ölülər dünyasına dünyasına daxil olandan onu tərk eləyənə qədər insanları qorxudur.

Onun kamil hipnozçu arsenalında qorxuya salmaq üsulu əsas rol oynayır.

Ölülərlə ilk görüşdə biz Şeyx Nəsrullahın sərt nəriltisini eşidirik:
“Necə təam? Necə cücə-pov?.. Şeyx Əhməd, məgər sən bunlara deməmisən ki, mənim xörəyim gündə bir xurmadır?!”.

Təbiidir kİ, tarap-turupla, at kişnəməsilə, qiylü-qalla şəhərə daxil
olan və “sehrli” məktub vasitəsilə təsəvvürlərdə ilahiləşən Şeyxin ilk hədə-qorxusu camaatı titrədir. Bunu duyan usta hipnozçu gərginliyi saxlamaq üçün təkrarən hiddətlənir, qəzəbi sel tək aşır: “Bu nədir, vələdüzzina? Nə uymusunuz bu danyaya?”

Şeyx gözəl bilir ki, ilk hücumdan sonra adamlar onun quluna
çevriliblər. Anlayır kİ, ölülərin əbədi bir instinktinə toxunmuşdur.
Vurduğu zərbələrin ağırlığını hiss eləyir. Bilir ki, qorxu hissi bircə
an da sönməməlidir, sönsə ayrı instinktlər, məsələn, insan ləyaqəti duyğusu baş qaldırar.


Şeyx Nəsrullahın bütün hərəkətləru düşünülmüş hərəkətlərdir. Onun ölülərdən dilədiyi pay – müdhiş paydır. Hər gecə bir qız uşağı siğə etmək arzusunu normal mənəvi vəziyyətdə həyata keçirmək mümkün deyil!

Bunun üçün camaatı qorxu kabusunun pəncəsinə atmaq lazımdır. Ölünün dirilməsinə də şübhə etmək asandır. Bu ağlabatan şey deyil. Deməli, ağlı söndürmək gərəkdir. Qorxu bu işdə çox böyük dayaqdır. Deməli, qorxu instinkti daim alışmalıdır.
Şeyx Nəsrullah hayqırır: “Kimdir deyən ki, ölülər dəxi bu dünyaya qayıtmayacaqlar?”

“Kimdir bunu danan? Qoy münkirlər gəlsin bərabərimə, bu kitab ilə onların cavabını verim”...

“Sevgi məcəralarında” da Şeyxin əsaslandığı başlıca qüvvə - qorxudur: “O sənin öz ixtiyarındadır: istəyirsən get, istəyirsın qal. O sənin öz ixtiyarındadır ki, öləndə düşəsən bərzək aləminə. Ayaq tərəfindən baca açıla cəhənnəmə və qatır yekəlikdə əqrəblər gəlib yapışalar bədəninə”.

Qorxu instinktinin qeyri-adi qüdrətinə Şeyx təsadüfən inanmamışdır. O, gözəl anlayır ki, özgələşən və eyniləşən mühitdə qorxu düşüncəni əvəz eləyir. Özgələşən aləmdə insan özü yaratdığı möcüzə aləminə qorxu bəsləyir. Eyniləşən aləmdə bu qorxu ənənəyə çevrilmiş, atalar qorxunu balalarına
miras qoyub getmişlər.


Qeyri-şüurluluq hökm sürən bir yerdə qorxu – ünsiyyət vasitəsi olmuşdur. Şeyx Nəsrullahın qəzəbli nitqləri ölüləri daha da eyniləşdirir. Şeyx yaxşı anlayır ki, Hacı Həsənlərin xəmiri qorxudan yoğurulub. Allahdan, peyğəmbərdən, inkir-minkirdən, müəllimdən qorxan – Şeyx Nəsrullahdan da qorxmalıdır. Şeyx Nəsrullahın alovlandırdığı ikinci instinkt – təəssübkeşlik hissidir.

Şeyx əsərdə çox ağlayır və ağladır. Ölülər ağlamağa alışıblar. Həm də Şeyx ağlayır, deməli, hamı ağlamalıdır. Özü də məharətlə ağlayır. Şeyxin niyə ağladığını bəzən dərk etmirlər, ancaq ağlayırlar. Ağlamaq az qala ölü diriltməyə inamın yeganə dəlilinə çevrilir.

Şeyx ağlayır ki, adamlar düşünməsin. Hiss axarı bir məcraya yönəlsin, ağılı söndürsün, şübhəni susdursun. Usta hipnozçunun alışdırdığı üçüncü instinkt – ülviliyə pərəstiş duyğusudur. Ülviliyə məhəbbət – düşüncə də ola bilər, instinkt də. Düşüncə səviyyəsində o qeyri-adiliyə, sonsuzluğa, ucalığa – güclü,
ehtiraslı meyldir.

İnstinkt səviyyəsində - ülvilik bayağılaşır, zahiri dəbdəbəyə,
təmtərağa, boş möhtəşəmliyə, parıltıya çevrilir. Buradan mənadan çox effektə, fikirdən çox üsluba, səslər düzümünə, hərəkətə, duruşa, pozaya fikir verilir. Ona görə də Şeyx Nəsrullah adətən, ərəb və fars dillərində danışır, şerə, bəlağətə, keçir, coşqun və əlvan səs axarı insanları sehrləyir.

“Adəmi dər vəqti-mərəz iştəhayi-təam nəmişabəd. Dil niz dər
vəqti-ibtila bəilləti-həva və istilayi-mərəzi-rübbi dünya, rəğbət
bəzikripərvərdigar nəmidarəd”.

Əgər bu sözlər anlaşılan dildə deyilsəydi, çox adiləşər, mənasızlaşar, qeyri-ülviləşərdi. Lakin onlar yüksək üslubda, dəbdəbəli tərzdə deyildiyindən camaatı sarsıdır. Şeyx ilə ölülər arasındakı məsafə sonsuzlaşır. Hipnozçu bir an da qeyri-adilik səmasından enmir, “zirvədən” aşağı düşmür.

İnsanlar ona həmişə aşağıdan yuxarı baxırlar. Şeyxə elə bu lazımdır.

Daim uzaqlaşmaq.

Ülvilikdə, sonsuzluqda bəsit təfəkkür üçün ən cazibəli – zahiri əlamətdir.

Hipnoz üçün elm yox, elmə bənzərlik, ülvilik yox, ülviliyə bənzərlik, sonsuzluq yox, sonsuzluğa bənzərlik gərəkdir. Parıltılı cümlələr, zahiri ciddilik, yaxud zahiri çılğınlıq, sanballı yeriş, ağır
oturub-durma, mənalı poza, səslər axınının boş ahəngi gərəkdir.
Adiləşmək, aydınlaşmaq, yaxınlaşmaq – hipnozu öldürmək deməkdir. Bunu Şeyx anlayır. Ona görə o daim fəaliyyətdədir, daim danışır, başlara dəbdəbəli cümlələr zərbəsini hey vurur, yorulmur. Bəzən səsini alçaldanda, yaxud sadə dillə danışanda həmkarı Şeyx Əhməd onu özünə qaytarır. Həmlə ardıcıl şəkildə davam etməlidir. İnsanlar bir an belə dairəyə pərçimlənməlidir. Bu dairədən kənara çıxanların başında birdən fikrəbənzər bir şey yaranar və hipnoz ölər.


Elmdə həqiqət də var, üslubiyyət də, əsil alimlik də var, rütbə
siqləti də, məzmun da var, forma da. Bəsit şüur ikincilərin
aludəsidir. Onu maraqlandıran nə deyildi yox, necə deyildi, kim dedi –“hikmətidir”.


İsfahanda elm-kamala sahib olmuş, Xorasana təşrif gətirən, sirli
məktub vasitəsilə zühur edən səs, ahəng, ibarəli cümlələr sərdarı
Şeyxmi, yoxsa gündə gördüyün kefli İsgəndərmi?

Birincinin ağzından çıxan hamısı elmi-ürfandır, ikincinin – qəbahətdir.

Hipnoza alışanlar – fikrə yaddır.

Hipnoz - cazibəli, xəyali, bəzəkli fikir – narahat, əzablı-sərtdir.
Hipnoz – məstedici, özündən ayrılma, fikir – iztirablı
özünəqayıtmadır.

Kütləvi psixoz – şirin, həqiqət – acıdır.

V. Şeyx Nəsrullah aktyorluğu

Şeyx Nəsrullah həm də aktyordur. O, camaatın ağlını söndürmək və instinktlərini alışdırmaq üçün bir sıra aktyor üsullarından məharətlə istifadə edir. Bunlardan ən başlıcası müəyyən bir hissi ekstaz (ehtiza) səviyyəsinə qaldırmaq, eyni bir nitqdə müxtəlif
əhval-ruhiyyələr yaratmaq (dinləyiciləri gah heyrətləndirmək, gah
qorxutmaq, gah məst etmək, ağlatmaq) ustalığıdır. Şeyx hər bir
ehtirası ardıcıl şəkildə, tədricən təlqin edir. Onu zirvəyə qaldırır,
ən gərəkli anları böyük məharətlə qabardır.

Onun aktyorluq arsenalında təkrirlər xüsusi yer tutur. Təkrirlər
vasitəsi ilə Şeyx camaatı əfsunlaya bilir. Təlqin etmə - mürəkkəb bir proses kimi meydana çıxır: onun həm nisbətən sakit, həm dramatik, həm də gərgin anları var.

Həm bəmi, həm zili var.

Həm enişi, həm yoxuşu var.

Həm fəryadı, həm nərəsi var.

Qəbiristanlıq səhnəsində biz Şeyx aktyorluğunun zirvəsini seyr edirik.

Nitq sanballı, “müdrik” tərzdə başlayır: “Dər xəzani-qüdrət
cövhəri-şəriftər əz elm və nəfistər əz dəniş nist”.
Şerlə əlvanlaşır:
Elm bəvəd zindəgiyi-canü dil,
Elm dəhəd tazəgiyi abü gil.

Gərginlik (kreşendo) dövrü başlayır.

“Budur kitab! Budur elm!” – deyə Şeyx haqqırır. Sonra səs enir,
gərginlik bir anlığa azalır. (Dramatik pauza).

Bir azdan təkrirlər yağışı başlayır.

“Öz cümleyi-xəfiyyat”: əvvəl, elmi-tilismatəst.

Və lakin bunnan işimiz yoxdur... Səvvüm, elmi-xəyalat. Bunnan da
işimiz yoxdur. Cəharüm, elmi-şöbədə. Bunnan da işimiz yoxdur”.
“Bunnan da işimiz yoxdur” təkriri gələcəkdə güclü bir təsirin
yaradılması üçün gözəl bünövrədir. Bir-birilə müqayisə edilən
hadisələr misilsiz hadisənin qeyri-adiliyini sübut edir. Qeyri-adinin
müstəsnalığını göstərmək, “ülvini” başqalarından seçmək, fərqləndirmək üçün təkrirə əl atılır. Adilərin sadalanması yolu ilə qeyri-adilik təsdiq olunur.


Qeyri-adilik nitqə böyük təmtəraqla, dəbdəbəylə, hazırlıqla, intizarla daxil olur.

Təkrirlər – qeyri-adinin indan qabaq gəlmiş xidmətçiləri, müşavirləri, görüşü hazırlayanlarıdır.


“Hamı buradadır, indi o gələcəkdir”.

Təbiidir ki, bu an sirli və ovsunkardır.

Qeyri-adi Pəncüm (ölülərin ricəti) əzəmətlə nitqə daxil olur.

Təkrirlər bəlağət donu geyirlər:
“Əvvəl, elmi-simiya, dövvüm, elmi-rimiya, pəncüm, elmi-himiya”.

Qeyri-adiliyə heyrət hissi oyadan aktyor indi qorxu instinktini
alışdırmağa başlayır.

Uzun müddət insanları öz təsiri altında saxlamaq üçün Şeyx hissləri təzələməlidir. Həmin duyğu indi başqasına keçməlidir.
Heyrət ilə qorxu arasında yaxınlıq çoxdur. Heyrətə gətirəndən sonra qorxutmaq asandır. İndi “ölülər” tamamilə Nəsrullahın ixtiyarındadır.

Şeyx qorxudur:

“Bəzi münkirlər deyirlər ki, ricət bədəz mərk münafiyi – təklifəst...
(Ucadan). Bəlkə sizin də içinizdə belə münkirlər var. Əgər var. Gəlsin bərabərimə”.

Qorxutmaq azdır, həm də ağlatmaq lazımdır. Camaatın mənəvi aləmi bütünlüklə zəbt edilməlidir.

Şeyx ağlayır:

“Bunu inkar edən gərək elə də bunu da inkar edə ki, dəsti-mübarəkşra bir püşti kusfəndi (başlayır ağlamağa), fürud avürdə duayi-bərəkət küft və bəqüdrəti bari-təala əz on yek küsfənd həftad küsməndi digər mütəvəllid şüdənd”. İndi yenə qorxutmaq gərəkdir. Bu hissi beyinlərə, ürəklərə həmişəlik həkk etmək üçün. Yeni hipnotik, çılğın təkrirlər nidası səslənir: “Kimdir bunu danan? Qoy münkirlər gəlsinlər bərabərimə, bu kitab ilə onların cavabını verim”. Nəhayət, Şeyx mütilik instinktini alovlandırır. “Durun ayağa!”- deyə əmr edir. Dururlar. “Oturun!” – deyə qışqırır.

Otururlar. Səs gah ucalır, gah enir, gah zilə qalxır, gah bəmə düşür, gah sərtləşir, amiranələşir, gah yavaşıyır və “ölüləri” öz əsarətinəalır. Şeyxin böyük aktyor təzyiqini yalnız güclü ağıl dəf edə bilərdi. O da ki, yoxdur.

VI. Kütləvi Günah

Kütləvi özgələşən, kütləvi eyniləşən, Şeyxin kütləvi əsarətini qəbul
edən diri ölülər eyni zamanda kütləvi günahkarlardır. Onlar Şeyxin
yanında mütidirlər, öz aləmində qəddar. Onları bir-birilə həm də
azğınlıq birləşdirib.


Mütilərin dəhşətli despotçuluğu!


Qardaşının arvadını alıb, balasını naxıra göndərənlər!


Doqquz yaşlılara evlənənlər!


Arvadlarını yumruq altında öldürənlər!


Dostların, yetimlərin malını yeyənlər!


Biçarə Nazlıları əyyaş qocaların ağuşuna itələyənlər!


Mütilərin dəhşətli azğınlığı!


Eyniləşənlərin “mürəkkəbliyi”.


Mütiliyin arxasında gizlənmiş qəddarlıq!


Günahla birləşən, eyniləşən, günahsızlara, ləyaqətlilərə, İsgəndərlərə qarşı nifrətdə vahid olan, başqa məqamlarda bir-birini didib parçalamaqdan çəkinməyən “məzlumlar”.

Qorxun mütilərdən. Onların qəlbində ilan yatır!

VII. İsgəndər Təkliyi

İsgəndər təkdir. Çünki zəmanə onun zəmanəsi deyil. Çünki ondan başqa hamı eyniləşib. Çünki İsgəndərdə normativ cəhət yoxdur. Atası onu “incinar, həkim” olmaq üçün oxumağa göndərmişdi. O isə düşünən insan oldu.

İsgəndərin – meydanı yoxdur. Meydan Şeyxindir. Çünki İsgəndərin mənəvi dünyası kütləvi psixoz dünyasına düşməndir.

Ümumi axar İsgəndəri rədd edir.

“Allahın iti də onun sözünə baxmır”.

Ailəsi üçün o gözdağıdır. Çünki heç kəsə bənzəmir. Nəinki Hacı Həsənə, hətta, intelligent Heydər ağaya, Əli bəyə.

Eyniləşənlərlə təmasda İsgəndər heç vaxt özü olmur. Ona görə içir.

Sevdiyi bacısı Nazlı da eyniləşməyə doğru gedir. Qardaşı Cəlal “mara çe töhvə avərdi” - öyrənir. İsgəndən hər şeyi anlayır, duyur, lakin heç nə edə bilmir. Nəsrullah üçün də ciddi təhlükə törətmir. Çünki eyniləşənlər hamısı, bir nəfər kimi İsgəndərə qarşıdırlar. İsgəndər gülür, qəmlənir, düşünür, hiddətlənir, lakin mühit axarına təsir edə bilmir. İsgəndər öz daxili imkanlarına görə heç deyil. Lakin ölülər aləmində doğrudan da bir heç olur. Çünki bu aləm onun təsirindən çox uzaqdır.


Əsərin sonunda bir anlığa İsgəndərə meydan verilir. Lakin onu
həmişəlik meydan hesab etməyin. Hacı Həsənlərin başlarını aşağı
salmaları da sizi aldatmasın! Onlar əvvəlki adamlardı. Bəlkə daha ölü diriltməyə inanmasınlar, lakin başqa möcüzələrə yenə inanacaqlar, yenə Nazlılar ağlayacaq, yenə Hacılardan biri tövşüyə-tövşüyə təzə bir “qeyri-adi” xəbər gətirəcək, yenə başlar əyiləcək, ayaqlar titrəyəcək, gözlər dana heyrətilə “ali qüdrətə” dikiləcək.


İsgəndər ətrafdakılar üçün sirr də deyil, onu çoxdan “dərk
etmişdilər”. O, bəladır, yaradır, “heçlikdir”. Bədbəxtdir. Göz
lazımdır, ağlaya. Çünki İsgəndər normativ tələblərin heç birinə cavab vermir. Mənsəbi yox, dostu yox, möcüzələrə inamı yox! Nə Hacı, Həsəndir, nə Əli bəy! Kafirlər məktəbində dərs oxumaq olar, bir şərtlə ki, sonra gəlib Heydər ağa olasan! Lakin kafir məktəbini qurtarıb stereotipə qarşı çıxmaq cinayətdir! Onda “küp dibində yatmalı olursan”. Hamı necə, sən də elə! Hamı gözü qıpıqdır, sən də ol gözü qıpıq. Gözü qıpıq, deyilsən – deməli, heçsən! Budur stereotip normativliyin tələbi! İsgəndərin meydanı yoxdur. O, hər yerdə artıqdır! Evdə, Şeyx Nəsrullahın hüzurunda, camaat arasında, hər yerdə, hətta Nazlıyla söhbətində belə: “Bir bax, həyətdə gün çıxıb.


Sən ki, o günü görməyəcəksən, nəyə lazımdır onun işığı. Çöldə otlar göyərib, ağaclar çiçək açıb, amma nəyə lazımdır sənsiz o çiçəklər, o çəmənlər”.


Nazlı qardaşının sözlərinə maraqla qulaq asır, ancaq onların heç
birini həyata keçirməyəcək. Aktiv fəaliyyət üçün doğulan insan – qəm dəryasında üzür. Gözünün qabağında tifil qızlar İsfəhan lotusunun ağuşuna atılır, ölü diriltmək mərasimi həyasızcasına hayqırır, heç nə eləyə bilmirsən. Bir neçə dəqiqəlik mühitinə lazım olursan, üzünə tüpürmək üçün.


Dünyaya gərək olan adam – heç kəsə gərək olmur. İsgəndərin “yeganə silahdaşı” araq şüşəsidir!

İnsanların özlərini itirdikləri yerdə İsgəndər təkdir! Adamların özgələşdiyi yerdə İsgəndər təkdir.

Düşüncəni instinkt, həqiqəti stereotip, insani həyat tərzini – kütləvi psixoz əvəz etdiyi yerdə İsgəndər təkdir.

Mahiyyəti – zahiri əlamət, qabiliyyəti – dəbdəbə, idrakı – titul əvəz
etdiyi yerdə İsgəndər təkdir! Şeyx Nəsrullahın meydan oxuduğu yerdə - İsgəndərə meydan yoxdur! Heydər ağaların Şeyx hünərinə heyrəti coşan yerdə - İsgəndərin qəlbi yanar.

İsgəndər təkdir. Çünki diridir. Ölülər arasında.

VIII. Ölməzlik

Bəşəriyyət özünü tam dərk etməyincə, özünə tam inanmayınca, özünə tam qayıtmayınca Şeyx Nəsrullahlar ölməzdir!

# 3832 dəfə oxunub

Müəllifin son yazıları

# # #