Böyük yazıçımızın çadraya qarşı mübarizəsi

Böyük yazıçımızın çadraya qarşı mübarizəsi
27 may 2015
# 12:36

28 aprel 1920-ci il sonra sovet hakimiyyəti quruldu. Sovet hakimiyyəti elə ilk illərində çadraya qarşı mübarizə aparmağa başladı.

Bu məqsədlə 1928-ci ildə Cəfər Cabbarlı “Sevil” pyesini yazmağa başlayır. Cəfər Cabbarlı çadranın ləğvi barədə pyes yazsa da ailəsindəki qadınların heç biri çadranı atmamışdı. Yəqin bu məsələ böyük yazıçını narahat edirmiş.

Dramaturqun həyat yoldaşı Sona Cabbarlı “Onu kim unudar” (Gənclik. Bakı 1979) adlı kitabda o günləri belə xatırlayır:

““Sevil” pyesi tamaşaya qoyulanda çadra əleyhinə böyük kampaniya aparılırdı. Cəfər mənə deyirdi ki, çadranı atmaq lazımdır. Mən isə deyirdim ki, yox atmaram, məhəllədə hərə bir söz deyər.

- Əvvəl-axır çadranı atacaqsan. Ancaq sonradan atınca, məhəlləmizdə hamıdan əvvəl atsan yaxşıdır, - deyə hər gün mənimlə bu haqda mübahisə edərdi.

Bizə qəzet gətirən poçtalyon bir gün mənə dedi.

- Sona bacı, sənin şəklin qəzetdə çıxıb.

Mən bərk təəccübləndim:

- Ola bilməz!

- Ay Sona bacı, məgər mən səni tanımıram, nə düşüb mənə ki, yalan danışam?

Qıraqda duran Cəfər söhbətimizə qarışıb dedi:

- Balam, kişi düz deyir də. Çadranı atmısan bu haqda da qəzetdə yazın gedib. Hələ özündən başqa qonşu arvadları da çadralarını atmağa çağırmısan. Daha kişi ilə höcət niyə edirsən?

Əllərim əsə-əsə qəzeti açdım. Gördüm poçtalyon düz deyirmiş.

Kişi gedəndən sonra Cəfərlə davaya başladım ki, nə üçün mənim şəklimi qəzetə verib, adımdan məqalə yazıb. Axı mən nə vaxt çadramı atmışam? Hətta ağladım da.

Cəfər məni sakitləşdirib dedi:

- Sonası, çadranı atmırsan atma, daha ağlamaq nəyə lazım? Ancaq sənin üçün yaxşı deyil. Xalq deyər ki, özü məqalə yazıb, hay-küy qaldırıb ki, çadramı atıram; amma yenə də çadrada gəzir. Bir də mənim özüm üçün də yaxşı deyil. Axı başa düş ki, yaxşı olmaz, mən çadra əleyhinə əsər yazım, sən çadra örtəsən? Yaramaz, axı!

Beləliklə, mən və Cəfərin qardaşı qızları Mələk və Törə Dağlı məhəlləsində birinci olaraq çadranı atmalı olduq.”

Sona Cabbarlının da xatirələrindən gördüyümüz kimi Cəfər xanımının çadranı atması üçün kiçik bir “oyun”a əl atıbmış.

“Sevil” pyesinin səhnələşdirilməsindən sonra neçə-neçə qadınlar çadranı atacaqdı. Bu məsələ özünün pik nöqtəsinə isə 1933-cü ildə Əli Bayramov adına Qadın klubunun tikiş fabrikinin işçisi Səriyyə Xəlilovanın qətlə yetirilməsi ilə çatacaqdı. Onu idman kostyumu geyindiyinə görə atası və qardaşı qətlə yetirmişdi. Səriyyənin dəfni qadınların nəhəng nümayişinə çevrildi. Həmin gün şəhərdə fabrik və zavodlar işlərini dayandırdı. Səriyyənin dəfni zamanı neçə-neçə qadın çadradan imtina etdi.

# 436 dəfə oxunub

Müəllifin son yazıları

# # #