Hüseyn Cavid milyonlara layiq deyil?

Hüseyn Cavid milyonlara layiq deyil?
16 sentyabr 2013
# 09:28

"Azadlıq" radiosunun saytında Monteneqronun paytaxtı Podqoritsada dahi Hüseyn Cavidin büstünün qoyulacağı haqqında xəbər verilib. (Onu da qeyd edim ki, artıq sentyabrın 12-də büstün açılışı oldu). Çox sevindirici xəbərdir. Təəssüf ki, "Azadlıq" bu xəbəri heç də milləti sevindirmək üçün deyil, bu xoş hadisənin üstünə kölgə salmaq, nə isə qaranlıq məqamlar axtarmaq üçün verib. Bu radionun missiyası məlumdur, Azərbaycanı və Azərbaycanda hər şeyi qara rəngdə göstərmək.

Ona görə də möhtərəm prezidentimiz İlham Əliyevin təşəbbüsü ilə Hüseyn Cavidin Podqoritsada qoyulmuş büstü ilə bağlı, ümumiyyətlə, Azərbaycanın Monteneqrodakı yeri ilə bağlı bir neçə məqama qısaca toxunmaq istədim.

Əvvəla Hüseyn Cavidin büstü barədə. Radio qeyd edir ki, şairin büstü qoyulacaq (yuxarıda qeyd etdim ki, artıq qoyulub) parkın abadlaşmasına Azərbaycan hökuməti milyonlarla dollar xərcləyib.

Mən bu günlərdə Monteneqroda olmuşam. Öyrəndim ki, Podqoritsada Cavidin büstü qoyulacaq, sevindim və həmin Kral parkını görmək üçün Podqoritsaya getdim.

Şəhərin mərkəzində gözəl bir parkdı. Abadlıq işləri ilə tanış odum, orda çalışan insanlarla görüşdüm. Bu insanların Azərbaycana necə sevgi bəslədiklərinin şahidi oldum.

Birincisi, bu parka heç də "Azadlığ"ın yazdığı kimi milyonlarla xərc çəkilməyib, heç milyon da xərclənməyib. Şəhərin memarlığına uyğun və büstləri qoyulacaq şairlərin adlarına layiq abadlıq işləri aparılıb.

Qeyd edim ki, əvvəllər parkda Monteneqronun görkəmli şairi Bojidar Vukoviç Podqaritsanın büstü olub. Və həmin büst də yenidən bərpa edilib. Azərbaycan bu büstün bərpasını öz üzərinə götürmək istəsə də, təşəkkür ediblər və bildiriblər ki, heykəltəraşın xətrinə dəyə bilər və özləri bərpa ediblər.

İkincisi, Cavid milyonlara layiq deyil ki?! Və buna niyə dilxor olursuz?

İndi Avropanın və dünyanın müxtəlif şəhərlərində Dədə Qorqudun, Nizaminin, Üzeyir Hacıbəyovun, Cavidin, Müslümün və digər görkəmli şəxsiyyətlərimizin abidələri ucaldılır. Bu abidələr, açılan mədəniyyət mərkəzləri həmin ölkələrdə Azərbaycanın imzasıdı, möhürüdü!

"Azadlıq" öz xəbərində eyhamla vurğulayır ki, Serbiyada, Xorvatiyada, Bosniyada Heydər Əliyevin heykəlləri qoyulur. Heydər Əliyev XX əsrdə Azərbaycan xalqının yetişdirdiyi ən qüdrətli dövlət xadimi və dünyanın qəbul etdiyi böyük siyasətçidir. Siz sevsəz də, sevməsəz də bu belədir. Niyə daralırsız?! Erməni lobbisinin güclü təzyiqi nəticəsində Meksikada Ulu Öndərin heykəlinin yeri dəyişəndə Azərbaycanda bəzi qüvvələr buna ermənilərdən daha çox sevinirdi. Ağlınıza dua yazsınlar. Əslində Meksikada erməniləri partladan təkcə Ulu Öndərin heykəli deyildi, həm də heykəlin arxasında ucaldılmış Azərbaycanın əsrarəngiz xəritəsi idi və o xəritədə Azərbaycanın ürəyi olan Qarabağ idi.

Monteneqroda Azərbaycanı tanıyırlar və sevirlər. Gidlər də gələn turistlərə Azərbaycanın bu ölkəyə göstərdiyi diqqət barədə, bu ölkədə gördüyü xeyirxah işlər barədə məlumatlar verirlər.

Ölkənin əhalisinin 20 faizi müsəlmanlardır və Monteneqroda 137 məscid fəaliyyət göstərir. Bu məscidlərdən ən möhtəşəmini Azərbaycan hökuməti yüksək səviyyədə təmir və bərpa edərək din qardaşlarımıza hədiyyə edib. Və hökumətimiz tolerantlığımızı burda da göstərib. Qədim bir kilsəni də çox yüksək səviyyədə təmir və bərpa edib. Ölkəmizin birinci xanımı hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu əlil uşaqların oxuduğu bir məktəbi dünya standartları səviyyəsində təmir edib, maddi-texniki bazasını yaradıb, yüzlərlə şagirdi və valideyni sevindirib.

Bir məsələni də qeyd edim. Podqoritsada evimizə də getdim. Şəhərin ən gözəl və mənzərəli bir guşəsində, evimizin bir tərəfində həyətimizdə ağacların altında oturub çay içdim, bağımızdan üzüm dərib yedim. Bəli, bəli, evimizdə, həyətimizdə, bağımızdag Dünyanın harasında hansı binanın üstə Azərbaycan bayrağı dalğalanırsa, oranı doğma evim-eşiyim bilirəm. Podqoritsada özündən razı bir çox dövlətlərin səfirlikləri hələ də kirayədə fəaliyyət göstərdikləri halda, bizim nümayəndəliyimizin özünün çox yaraşıqlı, diqqətçəkən binası var, həyət-bacası var. Və bu bina da, bu həyət-baca da biz azərbaycanlıların ev-eşiyidir.

Bilməyənlər üçün deyim ki, Serbiyanın Novi-Sad şəhərində də Üzeyir Hacıbəyova abidə ucaldılıb. Bundan başqa, həmin şəhərin İncəsənət Akademiyasında da dahi bəstəkarın adına təqaüd təsis edilib. Dilxor olmadınız ki?!

Nümayəndəliyə artıq 10 ildir ki, diplomatik fəaliyyət göstərən konsul Seyran Mirzəzadə rəhbərlik edir. Bir neçə dildə sərbəst danışan, dünya siyasətini dərindən bilən bu gənc az bir müddətdə

Monteneqroda həm özü hörmət və nüfuz qazanıb, həm də ölkəmizin nüfuzunu qaldırıb. Bunu onunla şəhərdə gəzərkən hiss elədim. Özü də Lerikdə sadə bir ziyalı ailəsində doğulub.

Və sonda. Slavyan Universitetinin rektoru, professor Kamal Abdullaya da ürəkaçan bir məlumat verim. Kamal müəllim, nümayəndəlikdə Xəqani Hacıyev adlı 23-24 yaşlarında bir diplomatımız da fəaliyyət göstərir. Sizin yetirmənizdir, universiteti 3 il əvvəl bitirib. Bir neçə dildə sərbəst danışan, savadlı və çox təvazökar bir gəncdir. Fəxr ediləsi bir gəncdir. Sağ olun belə tələbələr yetişdirdiyinizə görə.

Azərbaycanın uğurlarına dilxor olanlara isə demək istəyirəm ki, ürək bulandırmayın!

Aqil ABBAS
[email protected]
# 3153 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #