Bunu hansı peyğəmbər deyir?

Bunu hansı peyğəmbər deyir?
6 iyun 2014
# 08:00

Görkəmli yazıçı Məmməd Oruc 20 ildən üzərində işlədiyi “Tülkü kölgəsi” povestini 2014-cü ilin may ayında tamamlayıb.

Yazıçının Kulis.Az-a təqdim etdiyi povesti iki hissədə çap edirik.

Əvvəli burda

- Onu indidən bilmək olmaz, - yazıçı əlini ehmalca itin başına çəkəndən sonra dedi və qara it həqiqətən də getmədi və bir neçə günün içində bu çölü - biyabandakı anbarın əsil qoruqçusuna çevrildi.

Ağ xallı quyruğunu yalnız üç adama yavuq düşəndə bulayırdı. Yazıçıya, Eldara və bir də hər gecə Eldara bir banka qatıq gətirən qaçqın gəlinə.

Eldarla araları nə qədər açılsa da, o gəlinin haqqında Eldardan heç nə soruşmurdu, amma hiss eləyirdi ki, onların arasında mərhəm bir əlaqə var və gecələr o qatıq gətirəndə hərdən anbardan aralanırdı. Çöldə-bayırda dolanırdı ki, heç olmasa bu dünyanın iki adamı bəxtiyar ola bilsin.

Bir həftənin tamamında Eyvazxan yazıçıya icazə verdi ki, ailəsinə baş çəksin, hamamlanıb əynini-başını dəyişsin, maaşını evə versin. Amma maaşından əlavə Eyvazxan ona üç yeşik də ərzaq malları -ət konservləri, düyü, yağ, vermeşil, çay, qənd vermişdi ki, ailəsinə aparsın. Arvadı ərinin evə gətirdiyi yağ şüşələrinə, düyü, qənd, vermeşil kisələrinə baxırdı və deyəsən gözlərinə inanmırdı, axı, o bir topa pulu da çıxardıb qoymuşdu ortalığa…

Arvadı elə bil bir anda cavanlaşmışdı, fırfıra idi, dolanırdı onun başına. Tez-tələsik bişirdiyi kükünün də çoxunu onun boşqabına şəkdi, sonra da danışa-gülə yemək yeməyinə tamaşa etlədi. Birdən yerindən qalxıb soruşdu:

- Çay içəcəksən, yoxsa kofe dəmləyim?

Yazıçı beş-altı il idi ki, arvadından belə qayğı, nəvaziş görmürdü. Amma bütün bu nəvazişlər, bu qılıq ona tanış idi və baş aça bilmirdi ki, nədən bu nəvazişin, bu qılığın əvəzini qaytara, arvadının üzünə gülümsəyə bilmir?

Hamamda isti duşun altına girəndə arvadının qəfildən qapını açıb içəri keçməsi və başına, belinə sabun çəkməsi onu lap kövrəltdi. Bəlkə də heç bu sabun ətirli deyildi, amma burnuna arvadının ilk dəfə onu çimdirdiyi «Yasəmən» sabununun qoxusunu gətirdi. Amma elə bil daha arvadı o qadın deyildi…

...Əslində son vaxtlar başqa qadın görməmişdi, di gəl gün-güzəranın ağırlığından dolayı arvadından elə üzlər görmüşdü, üzlər…

Elə bil aylarla onun qarşısına bir stəkan çay qoymayan, əyni-başı ilə maraqlanmayan qadın deyildi…

Baş aça bilmirdi ki, bu boyda nəvazişin, qılığın qabağında niyə arvadını bağışlaya bilmir...

Elə bil arvadı heç nəyin fərqində deyildi, sanki başa düşürdü ki, onun vəzifəsi nəvaziş göstərməkdi, nəvaziş ummaq yox…

- Allah özü səbəbkarın canını sağ eləsin, bu atəşkəs elan olunandan ürəyim bir az toxtayıb, amma yenə arada icazə al, gedək gədənin yanına, pulumuz da, Allaha şükür, var.

Arvadı bu sözləri ona, hamamdan çıxıb yatağa uzanandan bir xeyli sonra dedi. Yazıçı onu xəyalən də olsa, xoş, unudulmaz günlərə qaytaran o yaz gecəsini beləcə yaşatmaq, ömrünü uzatmaq üçün etirazını bildirmədi, yaranmış mehribançılığı bir qədər uzatmaq üçün, - gedərik, - dedi, niyə getmirik ki, amma hələ bu mümkün deyil, gözətçi təkdi, anbara da cavabdeh mənəm, etibarı itirmək olmaz.

- Allah Eyvazxanın canını sağ eləsin, - arvadı dedi, - dili də var dilçəyi də, gərək çoxdan onun yanına gedəydin, vaxtında getsəydin, indi özümüzə bir gün ağlamışdıq.

Arvadı onun dinmədiyini görüb canıyananlıqla soruşdu:

-İşin ağır olur yəqin...

- Yox, işim ağır deyil, - yazıçı dedi, - məsuliyyətlidi.

- Olsun, olsun, - arvadı dedi, - sən məsuliyyətli adamsan.

Düzü də anbardakı işi çətin deyildi, sadəcə gün ərzində anbara girən-çıxan malların hesabını aparırdı və bu hesabı telefonla baş ofisə - Gülarə xanıma çatdırırdı. Əsasən, o özü zəng vururdu, amma hərdən Gülarə xanım özü də zəng vurub hesabatla maraqlanırdı. Mükalimələri rəsmi çərçivəni aşmasa da, hərdən ona elə gəlirdi ki, Gülarə xanımın səsi günbəgün onu bu həyata başlayan daha bir telə çevrilir və o, bu qəribə səsin sehrinə düşür…

Hətta bu səslə bağlı nə isə yazmaq istəyirdi, amma hiss eləyirdi ki, bu yeni işi onu yazı-pozudan tamam soyudub.

Gecədən xeyli keçdiyini bir gecəquşunun qərib, tənha səsindən bildi, amma bu səs də get-gedə daha uzaqlardan eşidilirdi və bu səs elə bil baş alıb harasa gedirdi. Elə bil o özü də bu dünyadan harasa getmişdi, amma soyunub böyründə uzanmış arvadına baxdıqca elə bil bu dünyaya yenidən qayıdırdı. Nə qədər qəribə də olsa, sanki böyründə uzanmış arvadına əli çatmırdı, elə bil onların arasında uzaq bir məsafə varıydı. O məsafəni arvadının pıçıltısı bir anda aşdı:

- İndi sən nə düşünürsən?

- Düzünü deyim?

- Əlbəttə, düzünü, sən birdən-ikiyə mənə yalan demisən ki?

- Yox deməmişəm…

- Onda düzünü de.

- Orda, anbarda bir qara itimiz var, onu düşünürəm…

Arvadı bir xeyli güləndən sonra:

-Zarafatına quzu kəsərəm, - dedi və bir xeyli sağ əlini onun tük basmış sinəsində gəzdirdi.

***

Arvadı yazıçını yuxudan lap nağıllarda olduğu kimi, öpə-öpə oyatdı.

-Dur, - dedi, - işə gecikərsən…

Mətbəxdə bişən düyü sıyığının ətri evi bürümüşdü. Bu da ömründə, taleyində iz qoyan tanış qoxulardan idi. Bir zaman bu birotaqlı mənzildə arvadı hər səhər ona düyü sıyığı bişirərdi və sonra da həvəslə ərinin bu düyü sıyığını qaşıqlayıb yeməsinə tamaşa eləyərdi. Mətbəxdən eşidilən mahnı da yazıçıya tanış gəldi. Mahnıda deyilirdi ki, elə demə zalım yar, qadan-balan alım yar, sən ki, belə deyildin, səni bir öyrədən var…

Elə bil bu yaz səhərində arvadı qırx il qabaq baş vermiş hadisələri səhnəyə qoymaq istəyirdi: qırx il qabaq bu cavan ər-arvadın ən sevimli mahnısı idi. Elə bil pəncərəni yaz yağışı yox, bu mahnı isladırdı.

Yatağından qalxıb elə qırx ildən qalma «Serenada» radiolasının üstündə fırlanan vala baxanda və tam inananda ki, bu həmin valdı, məəttəl qaldı: görəsən arvadı nə məqsədlə bu valı qoruyub saxlamışdı, axı, bir zamanlar tez-tez mənzil dəyişmək məcburiyyətində qalanda, arvadı çox şeyləri, əsasən də valları və kitabları yeni mənzilə aparmırdı.

Əl-üzünü yuyub geyinəndən sonra dərin boşqaba çəkilmiş, üstünə ərimiş kərə yağı əndərilmiş sıyığı qaşıqlayanda arvadı bir də dilləndi:

-Bir az tez ol, işə gecikərsən.

Arvadının nigarançılığının səbəbini anlayırdı, bu səbəbdən də onu arxayınlaşdırmaq qərarına gəldi:

- Eyvazxan arxamca maşın göndərəcək, - dedi, narahat olma.

Bu xəbər də arvadını sevindirdi və o:

- Sağ olsun Eyvazxan, - dedi, - halaldı, ona kim nə deyir desin, vallah dili də var, dilçəyi də, sən gərək onu özün axtarıb tapaydın. Özgəsi deyil ki, Bağdagül nənəmin bibisi nəvəsinin yeznəsidi.

Birdən-birə iş adamına, sahibkara çevrilən Eyvazxana da uzaq qohumluğu çatdığını yazıçı bilirdi, amma ona ağız açmağı özünə sığışdırmamışdı. Üstəlik, yazıçıya elə gəlirdi ki, yazmaqdan başqa heç nəyi bacarmaz, yazmaqdan başqa heç nə ilə çörək qazana bilməz.

…Anbardakı vəzifəsinə bəlkə də tam alışacaqdı, ürəyincə olmasa da taleyi ilə barışacaqdı.. Qara it olmasaydı…

***

Gündüzlər özünü bir tərəfə verib mürgüləsə də, gecələr yuxu nə olduğunu bilməyən, anbarın həyətindən çəkilməyən, hər səsə, şıqqıltıya hürən qara itin qəribə işdəkləri vardı. Bütün günü anbara mal gətirən, mal aparan adamlara, maşınlara gözünün ucuyla da baxmazdı, yalnız sahibkar gələndən-gələnə dönərdi yaralı aslana, şirə. Səsini başına atardı və girəvə axtarardı ki, Sahibkara dişini batırsın…

Deyəsən, Eyvazxan özü də bunu hiss etdiyindən anbara gələndə yazıçıdan aralanmır, bir gözünü isə qara itdən ayırmırdı.

Axırı ki, sahibkar etirazını aşkarca bildirdi:

- Bilirəm bu itin gözü niyə məni götürmür, - dedi, - yəni onu da bilmir ki, mənim çörəyimi yeyir?

Yarızarafat, yarıgerçək deyilmiş bu sözü elə bil qara it də başa düşdü və o gün gözə görünmədi.

O yaz günlərinin birində Eyvazxan anbara özündən xeyli cavan bir kişi ilə gəldi. Uca boyu, şıq geyimi ilə diqqət çəkən bu adamın döşündə deputat nişanı vardı.

Sahibkar bir qayda olaraq bütün tanışlarına onu ədəb-ərkanla nişan versə də, deputata təqdim etmədi və o aradakı mükalimələrdən hiss elədi ki, bu anbarda bu deputatın da payı var.

Qara itin deputata soxulması isə onu vadar elədi ki, araya girsin və bir növ onları müşayiət eləsin.

Anbarı, anbarın ətrafındakı ərazini gəzəndə deputatın balaca, qara çantasını Eyvazxan özü götürmüşdü və onunla yanaşı yox, bir addım arxada gedirdi və daima gülümsəyirdi. Ən maraqlı məqam isə təsadüfən deputatın qara, lak tuflisi təzə it nəcisinə bulaşanda baş verdi və nə qədər qəribə olsa da, Eyvazxan cibindən çıxartdığı dəsmalla, əyilib onun ayaqqabısını həvəslə təmizlədi və bunu yazıçının gördüyünü hiss eləyəndə də pərtliyini biruzə vermədi, gülümsədi və bununla da o sanki bir neçə gün qabaq Eyvazxanın onu siqaret almağa göndərməsinin səbəbini özlüyündə kəşf elədi.

Adətən anbara gündüzlər baş çəkən, bəzi yüklərin boşaldılmasına özü nəzarət eləyən sahibkar bir dəfə necə oldusa, anbara hava tamam qaralandan sonra gəldi. Tək deyildi. Yazıçı bunun fərqinə varmadı, amma anladı ki, sahibkar bu cavan qızı anbarla tanış etməyə gətirməyib. Qara it yenə də boz üzünü göstərdi və yalnız yazıçı araya girib ona təpinəndən sonra geri çəkildi.

Sahibkarın anbarda da hər cür şəraiti olan iş otağı var idi və o gecə sahibkar öz iş otağında iki saata qədər ləngidi və bu iki saatın da ərzində qara it anbardan aralanmadı, arada bir qəribə səslər çıxardaraq zingildədi: kim bilir bu zavallı itin xoşuna gəlməyən nə idi? Bəlkə o qızla Qurd qapısına gələn ətir qoxusu? Kim bilir…

Sahibkar qızın qoluna girib ayaqyoluna səmt aparanda qara it hardansa çıxıb Eyvazxanın üstünə elə cumdu ki, o qızdan qabaq özünü ayaqyoluna saldı və bu anda bağırtısı bütün Qurd qapısını titrədən qız qara itin caynağında qaldı. Amma nə qədər qəribə olsa da, qara it qıza dişini batırmadı, ondan aralandı və pəncələrini ayaqyolunun qapısına dayayıb qapının taxtasını çeynəməyə başladı. Yəqin ki, Eldar itin xaltasından yapışıb kənara dartmasaydı, tualetin qapısını dağıdacaqdı və kim bilir nələr baş verəcəkdi? Amma Eldar itin xaltasından yapışandan sonra da anbardan xeyli araladı və bu məkanı çoxdan tərk eləmiş ağ itin zəncirinə bağladı.

Sahibkar ayaqyolundan çıxandan sonra da qız ayaqyoluna girmədi: deyəsən daha buna ehtiyac yox idi, sidik qoxusu gəlirdi.

Eyvazxan qara itə görə qızdan üzr istəyəndən sonra sözünü qəti şəkildə ona da dedi, Eldara da:

- Bu iti rədd eləyin burdan!

Yazıçı Eldarın üzünə baxdı, Eldar yazıçının, amma heç biri dinmədi və Eyvazxan qızı «CİP»in arxa oturacağına oturdub maşını işə salandan sonra bir də dilləndi:

- Eşitdiz də nə dedim? Bu iti rədd eləyin burdan!

Yazıçı dillənməsə də, Eldar etirazını bildirdi:

- Necə rədd eləyək?

Sahibkar səsini bir qədər qaldırdı:

- Necə yəni necə rədd eləyək? Bilmirsən iti qapıdan necə rədd eləyirlər? Özün də tərəkəmə balasısan. Bir-iki gün çörək verməyin özü çıxıb gedəcək də! İtin etibarı çörəyə görədi...

Gözlənilmədən qızın da səsi eşidildi:

- Elə insanlar da belədi…

…Qara itə nəinki üç gün, düz bir həftə çörək vermədilər, amma heç yana getmədi, gündüzlər arabir gözdən itsə də axşamlar qayıdıb gəlirdi və gecə səhərəcən də yatmaq bilmirdi. Elə bil özünü necə etibarlı bir it olduğünü sübut etmək istəyirdi.

Bir həftədən sonra Eyvazxan yenə də anbara şər qarışandan sonra gəldi və o maşından düşməmiş yazıçı qara iti aparıb anbarın arxasında zəncirlədi ki, artıq-əskik söhbətə səbəb olmasın.

O gecə Eyvazxanın anbardakı kabinetində, vergi nazirliyinin nümayəndəsi kimi nişan verdiyi o qızla ləngiməsi iki saat yox, düz altı saat çəkdi. O arada heç kimin ağlına da gəlmədi ki, qara it dartına-dartına, nəhayət, zənciri qırmaq üçün qüvvə tapıb və yenə də ayaqyolunun yaxınlığında marığa yatıb - özünün necə ayıq bir it olduğunu sübut eləsin deyə.

Bu dəfə sahibkar qızı itin caynağına verib ayaqyoluna girə bilmədi, ancaq döş cibindən tapança çıxartmağa macal tapdı. Nədənsə qara itə tuşlanmış güllə açılmadı. Ya güllə köhnə idi, ya da sadəcə Eyvazxan güllələri darağa verə bilməmişdi. Bu arada itlə onların arasına girən yazıçı da bu odlu silahı nişan verib sözünü dedi:

- Elə bu iti sənnən qannıbıçaq eləyən də bu imiş, - dedi, - mən də deyirəm bu itə nə olub?

Yazıçı bütün canavarların, itlərin barıt iyinə həssas olduğunu bir amerikalı yazıçısının əsərində oxumuşdu. Oxumuşdu ki, barıt qoxusu alan canavar uzaqlaşmağa, bəzi itlər isə yaxınlaşmağa can atır.

Yazıçı bütün bunları qəzəblənmiş, qorxusundan ağappaq ağarmış Eyvazxana anlatmaqda bir məna görmədi, amma söz verdi ki, sahibkarın tapşırığını yadından çıxartmayacaq və günü sabah qara iti aparıb azdıracaq.

Qara itin azdırılması ilə bağlı son tövsiyəni də sahibkar özü maşına minəndən sonra verdi:

- Bir taksi tutursan, şair, denən hə, aparırsan düz Hövsana, - düzdür, bu o qədər də uzaq məsafə deyil, amma o, ordan bura sağ-salamat qayıda bilməz…

Bu tapşırıq birbaşa yazıçıya ünvanlansa da, Eldar səsini çıxartdı:

- Bu iti günü sabah azdırmaq mənim boynuma, Eyvazxan qağa, -dedi, - amma siz də mənim pravamı bir az tezləşdirin.

Eyvazxanın Eldara sürücülük vəsiqəsi alacağını vəd etdiyini yazıçı bilirdi, amma ağlına da gəlmirdi ki, sahibkar bu anbarda gizlənmiş fərariyə sürücülük vəsiqəsi ala bilər. Bu səbəbdən Eldara da eşitdirmişdi ki, hər deyilən sözə, hər verilən vədə inanmasın.

Amma sahibkar Eldarın adına yazılmış sürücülük vəsiqəsini cibindən çıxardanda və onların gözü qabağında açanda heyrətə gəldi.

- Bu da sənin “prava”n, - Eyvazxan dedi, - amma indi sənin nəyinə lazımdı bu? Allah qoysa, atəşkəsin axırı çatar, barışıq olar. Sən də işini bilərsən, mən də o zaman bu “prava”nı verərəm sənə, ağa durur, ağacan durur. - üzünü yazıçıya çevirdi, - necə sözdü?

Yazıçı dinmədi və sahibkar yenə üzünü Eldara tutdu:

- Amma iti qoy şair özü azdırsın, - dedi, - Hövsan tərəflərdə sən özün də aza bilərsən!

Ertəsi gün yazıçı qara iti azdırmaq üçün taksi tutub gətirsə də, məsələdən halı olan sürücü qara iti görən kimi:

- Daha bunu niyə azdırmaq istəyirsən ki? Ver mən aparıb saxlayım da, mənə elə belə bir it lazımdır, mal-heyvanım var.

Bu təklif yazıçının ürəyindən olsa da, dərhal razılıq vermədi:

- Hövsanacan aparaq, - dedi, - sonrasını özün bilərsən!

Taksi sürücüsü:

- Mən elə Hövsanda yaşayıram, - dedi, - gedirsən, gedək, amma bir halda ki, bu iti mən öz qapıma aparacam, sənin ora getməyinin nə mənası?

Əlbəttə, ağlabatan sözdü, amma yazıçı dünyagörmüşdü, qorxdu ki, sürücü onu aldada, bir az aralanan kimi iti açıb buraxa.

Eldar da yazıçını dəstəklədi və üzünü sürücüyə tutub:

- Hövsanacan aparın, - dedi, - sonrasını özün bilərsən.

Taksi sürücüsü Hövsana çatanacan bircə kəlmə söz işlətdi. O da Eldarın qarasınca:

- O gədə yerin altını da bilir, üstünü də, - dedi, - amma mən onu da qınamıram, o niyə mənə inanmalıdı ki? Peyğəmbər özü də deyir ki, məndən başqa heç kimə inanmayın.

Yazıçı heyrətlə soruşdu:

-Bunu hansı peəğəmbər deyir?

Taksi sürücüsü handan-hana dilləndi:

- İsa peyğəmbər.

Yazıçı:

- Deyirəm, axı, - dedi, - Məhəmməd peyğəmbər belə söz deməyib.

Hövsanda sürücünün həyətində maşından düşəndə və sürücü itin boynuna xalta keçirəndə və xaltanı da dərhal zəncirə ilişdirəndə yazıçı ürəyində sevindi: o qara itə bir də ona görə yazığı gəlirdi ki, ikicanlı idi, yəqin, tezliklə küçükləyəcəkdi.

Qara it Hövsanda «azdırılandan sonra» sahibkar anbara daha tez-tez gəlib-getməyə başladı. Hətta bir dəfə bütün gecəni kabinetində qaldı. Əlbəttə, tək yox…

Bir yay gecəsində gördüyü qarışıq yuxular çin oldu. Səhər ayılanda gördü ki, qara it gəlib çıxıb, boynunda da ağappaq xalta. Hələ yataqdan qalxmamış Eldarı bu məsələdən halı eləyəndə gözləri doldu: itin də gözləri yaş içində idi, amma təbii ki, bu göz yaşı deyildi, son günlər çəkdiyi acıların nəticəsi idi, kim bilir Hövsandan Qurd qapısına neçə günə gəlmişdi?

Eldar dünəndən qalan çörəyin tən yarısını kəsib qara itə atandan sonra:

- Amma Eyvazxan müəllim gəlib bunu yenə burda görsə, dilxor olacaq, - dedi, - neynəyək?

Əslində yazıçı da elə bu barədə düşünürdü. Birdən-birə:

- Bəlkə aparıb qaçqınlara verək? - dedi, - Sənə qatıq gətirənlərə?

Eldarın rəngi allandı, gülümsədi və:

- Yox, - dedi, - onlar özləri yeməyə çörək tapmır, bu iti necə saxlayacaqlar?

Yazıçı Eldarın Qurd qapısında məskunlaşmış Qarabağ qaçqınları ilə yaratdığı çeşidli əlaqələrdən kifayət qədər xəbərdar idi və şübhə eləmirdi ki, onu bu anbara bağlayan şeylərdən biri və bəlkə də birincisi elə onların arasında tapdığı gəlindi.

- Hər halda bir şey fikirləşmək lazımdır, - Eldar dedi, - Eyvazxan müəllim gəlib bu iti burda görsə, mərəkə qopardacaq.

Bütün günü çıxış yolu axtarsalar da, o gecə qara it özü qeyb oldu. Ertəsi gün də iti gördüm deyən olmadı. Amma üçüncü gün məlum oldu ki, qara it heç yana getməyib, özünü anbarın həyətinə atılmış dəmir parçasının altına verərək küçükləyib.

Səkkiz küçükdən yalnız biri anası kimi qara idi, qalanları ala-bula, qırmızı, sarı. Hələ heç birinin gözü açılmamışdı, amma görünür, qara it balalarının hamısını mayalamışdı. Səslərini çıxarda bilməsələr də tərpəşirdilər, analarının əmcəyindən gələn südün qoxusunu alırdılar və soxulcan kimi çabalayırdılar.

Və bu elə bir tamaşa idi ki, yazıçı bütün günü bu yerdən aralanmaq istəsə də bacarmadı.

Küçüklərin xətrinə yazıçı qara itə bir qazan yal bişirdi. Hətta yala bir qədər yağ atdı ki, it yesin və küçüklərini doyura bilsin. Eldar da küçükləri sayandan sonra:

- Bunların hamısı qırılacaq, - dedi, - üzü payıza gedir, soyuqdan öləcəklər. – Sonra dəxli olmayan bir misal çəkdi: “itdən çox küçükləyən heyvan yoxdur, amma it sürüsü yaranmır”.

Yazıçı qara itin qayıtmasından çox küçükləməsinə sevinirdi və ona elə gəlirdi ki, bu küçüklər daha onu burda darıxmağa qoymayacaq.

Gözləri açılandan sonra küçüklər gözəlləşdi və yazıçı ömründə ilk dəfə təəssüfləndi ki, kamerası yoxdur. O, ən çox bu küçüklərin analarını əmə-əmə yuxuya getmələrini lentə almaq istəyərdi. Hər halda bir yazıçı kimi bu mənzərəni yaddaşının lentinə köçürə bilirdi və küçüklər gecələr onun yuxusuna girirdi.

Hər gün anbara mal gətirən, anbardan mal aparan işçilər də qara itin küçükləməsini bilirdilər və onlar da vaxt tapan kimi bu itin küçüklərinə, itin küçükləri necə əmizdirməsinə tamaşa etmək istəyirdilər. Amma qara it hər adamı dəmir parçasının altında qurduğu yuvaya baxmağa qoymurdu, hətta hardan küçüklərə əl vurmaq istəyəndə boz üzünü yazıçıya da göstərib mırıldayırdı.

Qara itin küçükləməsindən Gülarə xanım da xəbər tutmuşdu və arada zəng vuranda küçükləri də soruşurdu.

Artıq qara itin bir-birindən gözəl küçüklərinə müştəri çıxanlar da vardı və onların hamısını Eldar zarafatla qarşılayırdı: küçüklər bəri başdan beh verənlərindi, deyirdi. Amma küçüklərin beşi qalmışdı, üçü heç gözlərini açmamış ölmüşdü, dünyaya gözyumulu gəlib, gözüyumulu da getmişdi.

Qara it nadir hallarda yuvasından aralanırdı, elə bil anlayırdı ki, ara-çörənin siçovulları bu məsumların qoxusunu alıblar. Hələ gözü tam açılmamış küçüklərin ikisini də bu siçovullar boğub aparmağa girəvə tapdılar. Amma qara it bunu anladımı, anlamadımı, bilinmədi. Hələ, sən demə, Qurd qapısının quzğunlarından biri də qara itin küçükləməsindən və balalarını harda gizləməsindən xəbər tutubmuş. Elə buna görə bütün günü göy üzündə süzürmüş. Bir günəşli yay günündə o quzğun qəfildən şığıyıb öz şikarını aparan gün Eyvazxan da anbara gəlib çıxdı. Bu dəfə «CİP»indəki başqa qızdı. Qara it hürməyə başlamamış, Eyvazxan maşından düşməmiş etirazını bildirdi:

- Şair, mən sənə deməmişdim ki, apar o iti azdır?

Yazıçı bir xeyli kəsdirə bilmədi ki, nə desin? Çünki sahibkar heç vaxt onunla belə sərt tonda danışmamışdı, ona belə sərt tərzdə sual verməmişdi.

Yazıçı:

- Azdırmışdım, - dedi, - siz deyən yerdə, Hövsanda, amma qayıdıb gəldi, neynəyim?

- Qayıdıb gəldi, vurub öldürəydin, bunu da bacarmazdın?

Bu sual da yazıçının içindən ox olub keçdi, amma yenə dinə bilmədi.

Sahibkar özü maşından düşəndən sonra üzünü qıza tutdu:

-Düş də, kimi gözləyirsən?

Qız etirazını rus dilində bildirdi:

-Ni koem sluçie, ya boyus!

Amma sahibkar qızın yox, itin üstünə yeridi və yazıçı onun əlindəki tapançanı görəndə araya girmək istədi, amma tapançanı onun əlindən almağa gücü çatmadı. Atəş səsi ilə eyni anda it elə bir səs çıxartdı ki, yazıçı it səsindən heç zaman belə diksinməmişdi. Elə bil qışqıran it deyildi, nədənsə bərk qorxmuş insan idi. Al qana qərq olmuş qara itin gözləri sürünə-sürünə yuvasına çathaçatda yumuldu.

Küçüklər nə isə anlamışdılar, nədi, yuvadan çıxıb analarının əmcəklərini sortuqlamağa başlamışdılar. Qara itin qanı ağ əmcəklərini qızardırdı, məmələrin arasından axa-axa yerə süzülürdü. Küçüklər isə hələ heç nəyin fərqində deyildilər, qarınlarını doyurmaq istəyirdilər.

Birdən-birə Eyvazxanın hələ şövqünü itirməyən gözlərinin yaşla dolması isə yazıçını təəccübləndirdi. O ,yumruqlarını düyünləyib:

- Məni günaha batırdın, şair,- dedi, - bilsəydim balaları var, atmazdım.

Bəlkə də harasa tələsən polis maşını səmtini dəyişməyə qara itin eynilə insan qışqırtısına bənzəyən səsi vadar eləmişdi, amma damındakı işıqları yanıb-sönməkdə olan bu maşından düşənlər sahibkara qorxa-qorxa yanaşdılar. Rütbəcə böyük olanı bir qədər ətrafa göz gəzdirəndən sonra soruşdu:

- Bir problemmi var, Eyvazxan müəllim?

Sahibkarın tapançası əlində idi. Və o silahına baxa-baxa:

- İt öldürmüşəm, - dedi, - amma bilsəydim balaları var, qıymazdım.

Bu polis maşınını da, bu maşınla gələn rütbəli polis zabitini də, yazıçı artıq tanıyırdı; bilirdi ki, onun ayda bir kərə gəlib sahibkara salam verməsinə, əlini-ayağını öpməsinə səbəb nədir.

Zabit əlini sahibkarın çiyninə qoydu:

- Sən öldürməyində ol, Eyvazxan müəllim, - dedi, - basdırmağı bizdən, aparaq basdıraqmı?

Sahibkar dilucu cavab verdi:

- Pis olmaz.

Polislər itin leşini yuvadan sürüyə-sürüyə aparsalar da, küçüklərdən biri anasının əmcəyini hələ də ağzından buraxmaq istəmirdi, sanki hiss eləyirdi ki, bir daha belə şirin süd əmməyəcək.

Bu arada polislərdən biri sahibkara zarafat etmək qərarına gəldi:

- Rəis, amma Hollandiyada olsaydı, bu işin altından belə çıxa bilməzdiz ha! Verərdilər məhkəməyə, ən azı beş min dollar cərimə eləyərdilər.

Sahibkar ucadan güldü:

- Əlli dollar bəsinizdir, - dedi, - əlini cibinə salandan sonra sözünün ardını gətirdi, - gedin abed eləyin, amma iti basdırandan sonra.

Yazıçı fikirləşirdi ki, bütün bu görüntüləri haçansa yazıya alacaq, ən azı maraqlı bir hekayə yaradacaq. Elə bu səbəbdən də ömrünün bir ayını burda, bu anbarda siçovulların, siçanların arasında yaşadığına görə heç zaman peşimançılıq çəkməyəcək…

Polis maşını gözdən itəndən sonra daha sahibkar da anbarda əylənmədi, Eldarın qulağına nə isə deyib, maşınına mindi.

Yazıçı gözətçi yoldaşı ilə axşamdan bir xeyli keçəndən sonra vidalaşdı:

- Mən burdan həmişəlik gedirəm,- dedi, - sən özün bilərsən, ölç, biç, amma bir şeyi unutma ki, bu atəşkəs yüz il də çəkə bilər, sən yüz il burda qalmayacaqsan ki?

Eldar heyrətlə dilləndi:

- Necə, yüz il də çəkə bilər?

- Hə, yüz il də çəkə bilər, - yazıçı dedi, - çünki bu atəşkəs hamıya sərf eləyir.

- Mən sizə inanıram, -Eldar dedi, -amma belə qanıram ki, ortaya çıxsam, məni tutacaqlar, hər halda bura “zon”nan yaxşıdı.

…Yuvalarından çıxıb onlara yanaşan küçüklər zingildəməyə başlamışdı, elə bil anbaan anlayırdılar ki, daha analarının şipşirin südünü yalnız yuxularında görəcəklər.

Yazıçı əlini bu küçüklərdən birinin başına çəkəndən sonra:

- Bunlardan birini mən gəlib aparacam, - dedi, - birini də özün saxlayarsan.

Eldar bu sözdən sonra dillənməsə də, yaxınlıqdan eşidilən tanış qadın səsinə səs verdi:

- Gəl içəri, özgə adam yoxdur!

Hər gecə bir banka qatıqla anbara gələn qadın daha yazıçıdan utanmırdı. Amma başıaşağı gəldiyi kimi, başıaşağı da qayıdırdı.

***

Arvadı yazıçının qəfil gəlişinə təəccüblənsə də, üstünü vurmadı və yenə onu gülərüzlə qarşıladı, amma şam yeməyindən sonra məsələdən halı olanda və anlayanda ki, əri daha o anbara qayıtmayacaq etirazını gözlənilən bir sualla dilinə gətirdi:

- Bəs indi neynəyəcəksən?

Yazıçı kəsə cavab verdi:

- Mən tülkü kölgəsində yata bilmirəm!

Arvadı da səsini qaldırdı:

- Sən tülkü kölgəsində yatanların hansından artıqsan?

O, dinmədi və arvadı gileyinə davam elədi:

- Tülkü kölgəsində yatmaq istəməyən gərək özü tülkü ola… Axı, sən bunu da bacarmırsan!

- Biçin vaxtıdı, kəndə ot biçməyə gedəcəm, -dedi, - orda iş həmişə var.

Arvadı rişxəndlə gülümsədi:

- Özün bilən məsləhətdi, - dedi, sakitcə yataq otağına keçdi və elə bil daha ərinə deməyə söz tapa bilmədiyi üçün qapını var gücü ilə çırpdı.

Ertəsi gün yazıçı axşamacan az-çox gümanı gələn yerlərdə iş axtardı. Hətta rəisini yaxından tanıdığı bir qaraja da baş çəkdi və evə qayıdanda bəlli oldu ki, bütün günü onu telefonla bir qadın axtarıb. Amma həmin qadın sarıdan nigarançılığı çox çəkmədi. Qəfil zəngdən sonra məlum oldu ki, onu axtaran ofisin hesabdarı Gülarə xanımdır.

İliyinə, sümüyünə işləyən səs dərhal onun eynini açdı.

- Eyvazxan müəllim sizi görmək istəyir, - Gülarə dedi, -xahiş edirəm sabah ofisə gəlin.

Amma bu təklifdən ürəyi sıxıldı və ötkəm səslə:

- Yox, Gülarə xanım, daha mən o idarəyə gəlməyəcəyəm,- dedi, - Eyvazxan müəllimə də deyin ki, məndən nigaran olmasın, özümə iş tapmışam.

Ən gözlənilməz hadisə isə ertəsi gün baş verdi. Axşamdan xeyli keçəndən sonra evinə gələn sahibkar özü idi.

Sahibkar nə qədər üzrxahlıq, dil-ağız eləsə də, uşaqlıq xatirələrini, komsomola qəbulu, qohumluğu yada salsa da, yazıçı sözünü qəti şəkildə dedi:

- Üz vurma, Eyvazxan, mən o idarəyə gəlməyəcəyəm!

- Gəlmirsən, gəlmə, mənim səninlə başqa işim var…

Yazıçı marağını gizlədə bilmədi:

- Nə iş?

Sahibkar suala cavab verməsə də, qara diplomat çantasının qapağını açdı və içindən çıxartdığı audio kasetləri tökdü ortalığa.

- Burda on kasetdi, - sahibkar dedi, - mən bütün həyatımı bu kasetlərə diktə eləmişəm, hətta o komsomola qəbulu da, ilk məhəbbətimi də… Uşaq vaxtı mənə verdiyiniz ayamanı da.

Uşaqlıq illərində Eyvazxana verilmiş ayamanı yazıçı birdən-birə xatırladı: ona Tülkü Eyvazxan deyirdilər… Amma üzünə yox, qarasınca. Görünür, Eyvazxan bunu da bilirmiş.

Yazıçı sahibkarı təxmini də olsa başa düşdü, amma yenə də soruşdu:

- Bəs məqsədin nədir?

- Məqsədim budur ki, sən bu kasetlərdə söylənənləri kağıza köçürəsən, sanballı bir romana çevirəsən.

- Bunu başqaları da eləyə bilər…

Eyvazxan başını buladı.

- Mən hara gəldiyimi bilirəm, şair, mənə sənin qələmindən çıxan yazı lazımdı.

Yazıçı etirazını bir qədər mədəni şəkildə bildirmək üçün yollar axtaranda, söz fikirləşəndə söhbətə arvadı da müdaxilə elədi:

- Əlyazmasını makinada yazmaq mənim boynuma!

Arvadının müdaxiləsi yazıçının xoşuna gəlməsə də, dillənmədi. Son sözü isə Eyvazxan ortalığa min dollar qoyandan sonra dedi:

- Bu behdi, iki min dollarını da yavaş-yavaş verəcəm, sonra yeni layihələrimiz olacaq!

Sovetlər dağılandan sonra Yazıçının heç vaxt bu qədər pulu olmamışdı: amma bu para elə bil ilan idi, əl atsa, onu çalacaqdı.

Arvadı isə sahibkar evdən çıxan kimi hələ də ortalıqda qalmış pula yer tapdı:

- Qızı ər evinə əliboş yola salmışıq, qaynana, qaynata yanında üzüqaradı, birinci ona mebel alarıq… Sonra da gedərik gədənin yanına.

Ona elə gəlirdi ki, atəşkəsdən sonra üç, dörd, beş il milli orduda xidmət edənlərin hamısını, o cümlədən onun oğlunu evə buraxacaqlar, amma hələ ki, bu barədə söhbət yoxdu, döyüş bölgələrindən isə yenə də şəhid gətirirdilər.

Hiss elədi ki, evdə özünə yer tapa bilmir. Bayırın sərin yaz gecəsi də könlünü oxşamadı, bir qədər həyətdə böyütdüyü, talvara çıxartdığı üzüm tənəyinə tamaşa eləyəndən sonra evə qayıtdı. Kasetlər stolun üstündə olsa da, min dollar gözünə dəymədi.

Qəzəblə soruşdu:

- Hanı pul?

Arvadı titrək səslə cavab verdi:

- Götürdüm.

- Nahaq yerə. Gətir görüm!

- Neynirsən gecənin bu vaxtı?

Sərt cavab verdi:

- Onu özüm bilərəm! – Arvadının doluxsunduğunu görəndən sonra sözünün ardını astadan gətirdi:

- Aparıram qaytaram!

Arvadı heyrətlə dilləndi:

- Sən dəli olmusan?

Təmkinini pozmadan cavab verdi:

- Dəli olmuşam!

…Cibində pul evdən çıxandan, “Əhmədli” metrosuna gedən 44 saylı avtobusa minəndən sonra yadına düşdü ki, nə Eyvazxanın evini tanıyır, nə də telefonunu bilir.

Guman Gülarə xanıma gəldi. Yeni iş yoldaşlarından yalnız onun ev telefonunu bilirdi.

...Dəstəkdən eşidilən səs elə bil bir anda bütün hirsini, hikkəsini soyutdu və ona görə də dərhal mətləb üstə gəlmədi, hal-əhval tutdu.

Gülarə xanım ona Eyvazxanın ev telefonun verəndən sonra:

- Siz bu gecə məni xoşbəxt elədiz,- dedi, - arada vaxtınız olanda zəng eləyin…

Ona elə gəlirdi ki, bu tənha qadın onun Eyvazxanın telefonununu axtarması ilə də maraqlanacaq. Amma Gülarə xanım heç nə soruşmadı. Və nə yaxşı ki, soruşmadı!

Eyvazxanla görüşüb evə qayıdanda metroda da, avtobusda da günü sabahdan yazmağa başlayacağı hekayəti düşünürdü. Adını tapmışdı: «Atəşkəs yallısı». Ancaq ağlına da gəlmirdi ki, hekayəni bitirəndən sonra bu adı dəyişəcək. Və fikirləşirdi ki, əlyazmasını redaksiyalardan öncə Gülarə xanıma verəcək…

Və nəhayət ki, qələmi əlinə alanda ona elə gəldi ki, üzünü ona tutub yazır.

1994 may-2014 may.

# 3556 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #