Katyanın Moskva həsrəti

Katyanın Moskva həsrəti
6 may 2013
# 09:16

Kulis.Az gənc şairə Könül Həsənqulunun “Dəmir fincanda süd və Moskva” şeirini təqdim edir.


Günəş batdı
Səma gözlərini yumdu
Qapqara göz qapaqları
Gecəyə bürüdü Moskvanı.

Günorta yelləncəkdə yellənən körpələr
Axşam hündür bina mətbəxlərində süd içirdilər

Və yelləncək...
Yelləncək o an məxbəxlərdə
Pəncərə çərçivəsində qərar tapdırdı.
Yelləncək həmişə onu sevən uşaqlarladı –
Gah pəncələrdə
Gah rəsm dəftərinin vərəqlərində
Gah da inşalardadı...

Həyat iyirmi bir il addımladı...

Günəş batdı
Qaranlıq
Bağrına basdı Bakını

Katya yatağına uzanıb gözlərini yumdu
Bu an
Uzaqda bir yelləncək yellənməyə başladı...

Katya ayağa qalxdı
Mətbəxə keçib dəmir fincanı südlə doldurdu
Fincanı
Odun üstünə qoydu
Və mətbəx pəncərəsinə yaxınlaşdı

Pəncərədən çöldə
Yelləncəkdən başqa hər şey vardı –
Şaxta vurmuş paltarlar və zivə
Yasamal dağları
Bomboz duman
Dumanın içində
Bir it də hürdü uzaqdan

Neçə mürgülü pişik səksəndirdi
Bir ağızlıq it nisgili...

İt bəlkə də yuxudaydı
İt bəlkə də sayıqlayırdı
Sevdiyi sahibinin adını

Sayıqlama
Pişiklərin vücudunu titrədib keçdi Yasamal dağlarına
...əks-sədayla.

Və ordan da Moskvaya
Katyanın uşaqlıq oylağına...
Çilik-çilik etdi ordakı mətbəx pəncərəsini
Bir it həsrətinin cingiltisi...

İtin ağrısına Katyanın gözləri qızartdı
İtin ağrısı
Katyaya tanışıydı...
Başını qaldırıb səmaya baxdı
(Əlbət it də səmaya baxırdı)

Ay isə bu pəncərədə işıq saçmırdı
Ay yataq otağının eyvanına baxırdı

(Ay çox yaxındadı
Mətbəxdən aya cəmisi on beş addımdı
Bircə Moskva uzaqdadı...)

Eyvana çıxdı Katya
Dirsəklənib bir xeyli aya baxdı
Və sonra aya uzun bir kəndir atdı
Kəndir aya dolandı
Bu an Bakıda
Bir neçə küçə qaranlığa boyandı

Kəndirin bir ucunu zərif biləklərinə doladı Katya
Və eyvandan tullandı havaya – birbaşa Moskvaya
Metro “Voykovskaya” yaxınlığına...

Moskva

Qırmızı beşmərtəbəli bina
Necə də qərib görünürdü
2013-cü il Moskvasında...

Və yelləncək...
Yelləncək paslanmışdı şimalın rütubətli havasında

Bəyaz gecəliyi əynində ürkək körpə addımlarıyla
Yellənçəyinə yaxınlaşdı Katya

Buz kimi dəmirlərindən yapışıb yellənməyə başladı uşaqlığına –
Qalxdıqca yalın ayaqlar havada
Saçları Moskva torpağını sığallayırdı...

Öz körpə gülüşünün uca səsinə ayıldı Katya...

Və bu an qəfil
Mətbəxdə süd daşdı...

OxuZalı.az

# 2212 dəfə oxunub

Müəllifin son yazıları

# # #