“Sevdim, Allaha bənzədim” - Bəsti Əlibəyli

“Sevdim, Allaha bənzədim” - Bəsti Əlibəyli
2 oktyabr 2023
# 17:00

Kulis.az Bəsti Əlibəylinin Vaqif Bayatlı haqqında yazdığı “Canla aranmayan sevgilər” adlı yeni yazısını təqdim edir.

“Şairliyin ilkin işi Tanrının ona hədiyyə verdiyi dildəki sözlərdən könlünə ən yaxın olanları götürmək və Tanrının yanından insanın yanına enmiş Sözü təzədən Tanrı yanına qaytarmaqdı…”

Ucalıqdan enəni öz mərtəbəsinə qaldırmaq inqilab tələb edir. Vaqif Bayatlı Odər XX əsr poeziyamıza daim “cezv” məqamında olan inqilabçı şair kimi gəldi. Canına ən yaxın olan sözləri seçib ilk işini bitirəndən sonra növbəti həmləyə keçdi: tarixi təşəkkül prosesində stereotipləşmiş şeir formalarını “üzüdivara” çevirərək vurğunu məzmuna yönəltdi.
Bu, əsrin 50-ci illərindən etibarən mövqeyi möhkəmlənib axın şəkli alan sərbəst şeirin, sadəcə, davamı deyildi. Yazarın hərəkət və nəfəs imkanlarını genişləndirən sərbəst şeir Vaqif Bayatlının təqdimində sözün hərəkət və nəfəs imkanlarını genişləndirmək məqamına yüksəldi.

O sözə atomar və molekulyar düzüm verdi. Bu o deməkdir ki, sözlərin bir-birinə zahirən yaraşmasından çox, sözlərin bir-birinin yanında rahat nəfəs alması onun üçün daha önəmli idi. Bəzən struktur anaxronizmi kimi görünsə də, bu düzüm sayəsində sözlər arasında enerjinin sərbəst paylanması və daxili harmoniya təmin edilmiş oldu.

Poetik ənənələr bolluğu və XX əsrin xaotik rəngarəngliyi içində fərqli bir konsepsiya yaradan şair sözün azadlığını şairin azadlığından önə çəkdi. Vaqif Bayatlı sözə tam muxtariyyət verən yeganə şairdi ki, onun üslubunu da məhz sözlərin muxtariyyəti diqtə eləyir.
Yerdə özünü qərib hiss edən bu qəribə şair sözü cəmiyyət, millət, dövlət səviyyəsindən İnsan səviyyəsinə qaldırdı. Sonra materiyadan, zaman, məkan məfhumundan təmizləyib qanad verdi ki, Tanrının yanına qalxmaq asan olsun.

Qanadlı, zamansız və laməkan kainat şərqiləridi Vaqif Bayatlının şeirləri. Şairə görə, söz kimi, insan da göyüzündən göndərilmiş sakral bir varlıqdır. Ruh Tanrı şəklində bütöv bir sistem, ayrı-ayrı insan ruhları isə bu sistemin zərrələridir. Bəzi araşdırıcılar bunu türkün əski Göy Tanrı inancı ilə bağlayıb ideoloji rəng versələr də, bu qurama bir rəngdir. Vaqif Bayatlının poeziyasında ideoloji motivlər məqsəd rolu oynamır. Şeirə ilahi nur kimi yanaşdığı üçün şeiri vasitəyə çevirmir və şeir onun üçün məqsəddir, müqəddəs anddır:

“Şeir – anddı mənimçün.
Şeir yazmaq–and içmək.
And içib göydə ulduzuna
yerdə şeirinə çəkilir hər şair
yurdunu qoruyan əsgər
qılıncına and içib
ölümünə çəkiləntək”.

Qeyd etdiyimiz kimi, Vaqif Bayatlı Odər XX əsr Azərbaycan poeziyasında özünəməxsus poetik konsepsiyası olan nadir şairlərdəndi. Onun konsepsiyasının müddəalarını mövcud ədəbi və elmi-nəzəri şərhlərlə tam incələmək mümkün deyil. Bu, İlahi həqiqətlər və sufizmdəki Mərifət elmi ilə izah oluna bilən bir konsepsiyadır ki, ana xətlərini, təxminən aşağıdakı kimi təsnifatlandırmaq olar:

Sevmək və sevdirmək

Müqəddəs kitabda Allahın insana özünə aid sifətlər verdiyi bildirilir. Həmin sifətlərdən birincisi məhəbbətdir. Bu mənada, “sevdim, Allaha bənzədim” - demək Allahlıq iddiası deyil, insanda Allahın sifətlərindən birinin – ilahi həqiqətin təsdiqlənməsidir. Məhəbbət həm də Mərifət meyvəsidir, ruhi həqiqətdir. Ruhi həqiqət insanın düşüncə və anlayışından ali, qutsal bir hissdir. İlahi həqiqət kimi, ruhi həqiqət də əbədidir. Əbədi olan üçün bu dünya, o dünya səddi, cism anlayışı və zaman məfhumu yoxdur. İlahi lütf olan məhəbbət insani gözəlliyin ilk xassəsidir, bu xassədən məhrum insan Allah sevgisindən məhrumdur və yaranmamış kimidir:

“Sevdim, Allaha bənzədim,
Öldüm, sevgimi bəzədim.
Mən səni min il gözlədim,
Sevdim, keçdim təzə minə.
Kim sevmirsə, demək, gülmür,
Sevib gül olmayıb hələ.
Bəlkə, Allah görmür onu,
Bəlkə, doğulmayıb hələ”.

“Eşqin yetmiş iki divanəliyi var”- demiş əfəndilər. Yetmiş iki divanəlik yetmiş iki sifət, yetmiş iki xassə anlamına gələr ki, bu xassələrdən biri başqalarını da eşqə yoluxdurmaqdı. Vaqif Bayatlının poetik konsepsiyasında bu xassə “hamını hamıya sevdirmək” adlanır:

“Tanrım, bütün kainatda
hamını hamıya sevdir,
həm də hamı hamını sevdirsin,
hamı bu dünyaya
sevgi yuvasına girəntək girsin.
...Sən də sev, Tanrım,
dünya yaranandan
göyüzündə tək-tənhasan.
Sən də sev, Tanrım,
lap tanrılıqdan
qurtarmaq olsa da
sev, qurtar tənhalıqdan!”

Mərifət

Mərifət Allaha yaxınlığın ikinci xassəsi, görülməyənlərin, duyulmayanların görülüb duyulmasıdır:

“Dünyada elə şeylər var,
gözlərini yumub görə bilərsən
onları ancaq.
Dünyada elə səslər var,
qulaqlarını yumub eşidə bilərsən
onları ancaq.
Dünyada elə sevgilər var,
səninlə nəfəs alar,
sənin deyil ancaq.
Onlar bir zamanlar
sən bu dünyada olmayanda da
səninlə bu dünyada yaşayacaq”.

O şeyləri ki gözüyumulu görmək olar, onlar könlün və ruhun həqiqətləridir. Könül – ruh həqiqətləri ətraf aləmə beş duyğu yolunu qapadaraq qəlb, hikmət yollarını açınca görünər. İman, mərifət, şövq, məhəbbət və mərhəmətdir bu həqiqətlər. Qəlbin bu gözəl huylarının mənbəyi batində parlayan günəşdir, irfan işığıdır. Haqqın yolunu və candan cana gizli yolları da yalnız bu batini işıqda görmək mümkündür.
O səsləri ki, qulaqları yumub eşitmək olar, o səs zikrdir.
Tur dağında eşidilən vəhydir. Qəlbin təcəllasıdır.
İnsani kamillik mərtəbəsində layiq bilindiyin üns və hüzur məclisidir. Həzrəti Davudun mübarək səsidir.

Səninlə nəfəs alan, ancaq sənin olmayan sevgilər şikarsız, sərmayəsiz sevgilərdi ki, şövq, eşq və vəcd nuruyla yoğrular. Bu, can ilə aranmayan, vücud ilə bənd-bərəsi olmayan ilahi sevgidir. Xilqətin varlığa, bütün yaradılışa məhəbbətidir və bəşərin mövcudluğu da yalnız bu sevginin hesabına qorunub saxlanar.

Ağrı

Məhəbbətin bir xassəsi də ağrıdı, iztirabdı. Vaqif Bayatlı ağrı, iztirab şairidi və onun poeziyası iztirab poeziyasıdı. Bu ağrı məkanını doğru bulduğundan çəkisizdi; “çay canında daştək, göy canında quştək ağrı”dı.
Artıq yük deyil, doğal yükdü. Qəlb yuvasına yaraşıqdı. Bir-birinə yaraşmaq Tanrı ehsanıdı, əbədi hüzurdu. Bir-birində tapışmaqsa vüsal sərxoşluğu doğuran ikiqat lütfdü:

“Kim eşqlə dolu bədəndən sərxoş olur,
kim ayrılıqlarla dolu badədən,
mən hər an yenidən yıxılırkən
göyüzünü saxlayan bir dirəkdən,
hər an qalxıb onu
yenidən yürüməkdən sərxoş oluram.
Kim quş olmaqdan sərxoş olur,
Kim quşa atılan daş olmaqdan,
Mən göyə atılan o daşa sarılmaqdan,
Sarılıb göydə o quşu da,
Yerə düşən anda yeri də, daşı da
Ağrıdan qorumaqdan sərxoş oluram”.

Ölüm

Mərifət elminə görə, insan, sadəcə, torpaq kütləsindən ibarət deyil. İnsan əbədiyyətin nüvəsini təşkil edən yaşarı ruhdur. Yəni ölüm yox olmaq deyildir, lətif cövhərin kəsif cövhərdən ayrılmasıdır. Lətif cövhər ruh, kəsif cövhər bədəndir. Lətif cövhər bədənlə bağlılığını kəsincə uçub bədənə gəldiyi əvvəlki məqamına ucalar. Ölüm ruhun qabıqdan xilası üçün bir vəsilədir.
Kamal dərəcələrinə görə ruhların məqamları doqquz mərtəbə olar. Tanrıya ən yaxın olan ruhlar doqquzuncu mərtəbədə qərar tutar və əbədi sevgiylə mükafatlandırılar.
Bu həqiqətə inananda ölüm qorxulu olmur, əksinə, fəzilət kimi qarşılanır. Vaqif Bayatlı da ölümü fəzilət və əbədi sevgi vəsiləsi kimi qəbul edərək onu bu dünyadan daha eşqli bir dünyaya keçid aktıtək vəcdlə uğurlayır:

“Ay ürək, a baş, a bədən,
əl çəkin, əl çəkin məndən.
Ancaq canım açanda,
canım uçanda bilirəm
siz varsınız.

Bu göy, göyüzü deyilən
qəfəs sizdən yaxşıdı,
siz göydən də,
göyüzündən də darsınız.
Çıxıb gedirəm, gedirəm
bu göyüzünün altında
sevmədiyim bir tikan,
bir gül qoymaya-qoymaya.

Gedirəm, Tanrım, gedirəm
daha eşqli bir dünyaya
eşqdən doymaya-doymaya”.

***

Biri vardı, biri yoxdu... Tərifə nərdivantək baxılan bir ölkə vardı. Bu ölkənin çörəklərinə yalan yaxan, kağızdan tərif heykəllər yapan yazarları ən çıxılmaz hökmdarlara da təriflə çıxırdılar...

Belə-belə “ucalırdılar”. Onların arasında:

“Ən ağrılı, ən ağır
çıxılmazdan da çıxmağa
hər an üzü Allaha
tək bir yol olar ancaq”
- deyibən özünə təsəlli verən bir qərib şair də vardı... Kainatın filan işıq ilinin filanıncı günündə yerdə sükut idi. Amma yerdən ucalarda o şairin hər doğum günü sevgiylə qutlanırdı...

# 2036 dəfə oxunub

Müəllifin son yazıları

# # #