Qan Turalının meyxana iddialarına cavab

Qan Turalının meyxana iddialarına cavab
26 may 2022
# 15:00

Kulis.az tədqiqatçı Şirvani Ədillinin “Qan Turalının meyxana haqqında fikirlərinə cavab” adlı yazısını təqdim edir.

Yazıçı-publisist Qan Turalı meyxananın Azərbaycan xalqına və ümumiyyətlə türk kültürünə yad bir sənət olduğunu iddia edir və bunu müxtəlif arqumentlərlə əsaslandırmağa çalışır. Həmin arqumentlərin nə qədər keçərli olduğuna nəzər salaq.

Qan Turalının iddiasına görə meyxana əruzdur, əruz da bizə yad vəzn olduğundan meyxana da bizə yaddır. Yazar bu fikrində ikiqat xətaya yol verir. Birincisi, meyxana əruz deyil, ikincisi, əruz özü də dilimizə yad vəzn deyil. Əruzun dilimizə uyğun vəzn olduğunu məlum araşdırma kitablarımda incəliklərinə kimi izah etdiyimə görə həmin fikirləri burda təkrarlamağa ehtiyac görmürəm. Qan Turalı əruzun dilimizə uyğun vəzn olmadığını əsaslandırmaq üçün M.Ə.Sabirin fikirlərindən misal gətirir. Əslində isə əruzun dilimizə uyğun olub-olmaması məsələsinə nəzəri cəhətdən yanaşmaq lazımdır, kiminsə fikirləri əsas ola bilməz. Fikirlər özü də əsaslandırılmalıdır. Dilimiz məlum, əruz məlum. Onlar arasında konkret bir ziddiyyətin və ya ziddiyyətlərin nədən ibarət olduğunu göstərmək lazımdır. Bunu heç kim göstərə bilməz. Sabirin özünün yaradıcılığının böyük əksəriyyəti əruzdadır, özü də burada əruzun daha çox sayda qəliblərindən istifadə edib. Həm də Sabirin yaradıcılığı daha təmiz türkcədədir və xalq dilinə daha yaxındır. Bununla da Sabir bəlkə də özü də bilmədən təmiz türkcədə də əruz şeiri yaratmağın mümkünlüyünü və əruzun dilimizə uyğun vəzn olduğunu göstərmiş və özü əleyhinə olduğu halda əruzun ədəbiyyatımızda yaşamasına rəvac vermişdir. Böyük ədibin məlum müsahibədə əruz və muğam haqqında dediyi fikirlərin özünü doğrultmadığını bu gün görə bilərik. Sabir həmin müsahibəsində də bildirdiyi kimi, müasirlərindən onun bu fikirləri ilə razılaşmayanlar da olub.

Onu da qeyd edək ki, bu gün “əruz dilimizə uyğun vəzn deyil” deyənlərin çoxu heç əruzu bilmir, öyrənmək də istəmir, yaxud öyrənə bilmir, canını qurtarmaq üçün əruz dilimizə yaddır, bizə lazım deyil deyir.

Meyxananın əruz olmadığı isə o qədər aydındır ki, bu yanlış fikri deyənlər həqiqətən insanı təəccübləndirir. Klassik meyxananın şeir vəzni 4-4-3 bölgülü heca vəzni, şeir şəkli isə qoşmadır. Yəni klassik meyxana eynən aşıq şeiri formasında deyilir. Məşhur “Bizim Cəbiş müəllim” filmində deyilən meyxananın bir bəndinə baxsaq bunu əyani şəkildə görə bilərik:

Durna kimi/4 qatarından/4 qalmısan/3,

Qərib-qərib/4 min xəyala/4 dalmısan/3,

Makedonu/4 dərdə-qəmə/4 salmısan/3 (2),

Çağırdı el/4lər, gedərəm/4 davaya/3,

Ol mənə dil/4bər, gedərəm/4 davaya/3.

Şirvan aşıq havası üstündə oxunan məşhur mahnıdan aşağıdakı parçanın nəinki ritmi, hətta musiqisi də yuxarıdakı meyxananın son iki misrasının musiqisi ilə eynidir:

Qardaş bu cey/4ranı hardan/4 almısan/3,

Aldadıb, al/4dadıb tora/4 salmısan/3...

Şirvan aşıq havaları üstündə oxunan digər mahnılara da baxaq:

Bilirsənmi/4 səndən niyə/4 küsmüşəm/3,

Baxmadın ü/4zümə sizə/4 gələndə/3...

Dil aç telli/4 sazım Şirva/4nelində/3,

Gəl gedək Qa/4zağa bir sa/4lam verək/3...

Cilvlənib/4 nə qarşımda/4 durmusan/3,

Anam sənə/4 qurban ay Sa/4rıköynək/3...

Qərb bölgəsinin aşıq havaları üstündə oxunan mahnılardan da misallara baxaq (“Cəlili” və “Şərili” aşıq havaları üstündə):

Dəli könül/4 nə divanə/4 gəzirsən/3,

...Düz çıxmaz il/4qarı, əhdi/4-peymanı/3...

Uca dağlar/4, qarlı dağlar/4 başında/3,

Bir yar sevdim/4 tirmə şal var/4 başında/3...

Hər şey göz önündədir. Əgər bu mahnılar Azərbaycan xalqına, türk kültürünə yaddırsa, onda meyxana da yaddır.

Meyxana bəzən 8, 14, 15 və 16 hecalı şeir ölçülərində də deyilir. 11 hecalı meyxanalar kimi 8 hecalı meyxanalar da bu ölçü üzərində olan aşıq havalarına ritm və hətta musiqi cəhətdən yaxınlığı ilə seçilir. Bildiyimiz kimi ritmik aşıq havalarının böyük əksəriyyəti 8 və 11 hecalı şeir üzərində oxunur. Təsadüfi deyil ki, aşıqlarla meyxanaçıların 8 və 11 hecalı ölçüyə əsaslanan ritmik aşıq havaları üzərində bədahətən deyişmələrinin də şahidi olmuşuq. Belə olan halda bu iki sənətin biri-birinə bağlılığını necə inkar etmək olar?

Qan Turalı meyxananın folklorumuza yad olduğunu göstərmək üçün Qurbaninin qoşmasından bir bəndi və Füzulinin qəzəlindən bir beyti misal gətirir:

Qurbani der, könlüm bundan sayrıdı,

Nә etmişәm, yarım mәndәn ayrıdı?!

Ayrılıqmı çәkib boynu әyridi?!

Heç yerdә görmәdim düz bәnövşәni.

Qurbani

Eylərəm bixud fəqan, gördükcə kuyin itlərin,

Aşina razi-nihanın aşinadən saxlamaz.

M.Füzuli

Məqalə müəllifi heç özü də bilmədən bu misallarla öz iddiasının tam əksini sübut edir. Baxaq görək, meyxana bu iki şeir nümunəsindən hansına daha yaxındır? Qurbaninin şeiri misraları 4-4-3 bögüsündə olan qoşmadır. Yuxarıda qeyd etdiyimiz kimi meyxana da tam eyni forma üstündə deyilir. Qəzəl şeir şəklinin isə meyxana ilə heç bir yaxınlığı yoxdur. Dilin təmizliyi baxımından da, meyxana məhz Qurbanidən gətirililən nümunəyə yaxındır. Çünki, meyxana təmiz xalq dilində deyilir. Hətta demək olar ki, meyxana qədər xalqın danışıq dilinə yaxın olan ikinci bir sənət nümunəsi yoxdur. Yəni həm forma, həm də dil baxımından meyxana Qurbanidən gətirilən misala yaxındır.

Onu da qeyd edək ki, meyxanaçılar meyxananı bəzi əruz qəlibləri üstündə də deyirlər. Lakin onlar əruz qəlibinin yalnız bölgülərini götürüb ondan heca vəzni kimi istifadə edirlər. Yəni əruz qəlibinin tələb etdiyi uzun və qısa hecaların dəyişməz ardıcıllığını gözləmirlər. Çünki, əruz şifahi yaradıcılığa xas vəzn deyil. Başqa sözlə, şifahi və bədahətən deyilən sözdə bu tələbləri gözləmək mümkün deyil və ya çox çətindir. Əslində buna heç ehtiyac da yoxdur. Meyxanada əsasən əruzun rəməl-6 qəlibindən istifadə olunur. Bu qəlibin bölgüsü 3-4-4-4 şəklindədir. Meyxanaçılar bu əruz qəlibindən əruz kimi yox, eyni bölgülü heca vəzni kimi istifadə edirlər. Heca vəznli yazılı ədəbiyyatda 15-hecalı şeirlərdə əsasən 4-4-4-3 bölgüsündən istifadə olunur. 3-4-4-4 bölgülü heca vəzni nümunələrinə isə az hallarda əsasən aşıq yaradıcılığında rast gəlinir. Bir misala baxaq:

Ay qonaq/3, bir bəri bax/4, gör necə dil/4/bər oynayır/4.

Gül zərif/3 dəstə dərib/4 dəstində gül/4/lər oynayır/4.

Naz ilə/3 ağ üzünə/4 düzübdür tel/4/lər oynayır/4,

Səsinə/3 həvəsinə/4, car çəkib el/4/lər oynayır/4.

Aşıq Xəyyat Mirzə

Göründüyü kimi, 3-4-4-4 bölgülü heca vəznindən istifadədə də meyxana məhz aşıq sənəti ilə kəsişir.

Qan Turalı meyxananın bizə məxsus olmadığını bu sənətin yaşının bir əsrdən artıq olmaması və digər türk xalqlarının heç birində rast gəlinməməsi ilə əsaslandırmağa çalışır. Öncə onu deyək ki, meyxananın tarixi hələ köklü araşdırılmayıb, ona görə də bu sənətin tarixinin bir əsrdən öncəyə getmədiyini qəti söyləmək olmaz. Amma hətta bir əsr öncə yaranmış olması belə meyxananın bizə yad olmasını deməyə əsas vermir. Hər bir dövrdə yeni sənət növləri yarana bilər. Bəyəm dünyaca məşhur rep sənəti cəmi 50 il öncə yaranmayıbmı? Əksinə, meyxananın bir əsr öncə məhz Abşeronda, türkcə danışan insanlar arasında yaranması məhz türk kültürünə aid olmasını deməyə əsas verir. Qan Turalının iddia etdiyi kimi, meyxana farslara məxsusdursa, niyə bu gün farslarda meyxana və ya ona bənzər bir sənət növü yoxdur? Meyxananın digər türk xalqlarında olmamasında da qeyri-adi heç nə yoxdur. Türk xalqlarının ortaq kültür nümunələri ilə yanaşı, ayrı-ayrı türk xalqlarının sırf özünəməxsus sənət örnəkləri də ola bilər.

Meyxananın kökünü araşdırdıqda aşıq sənətinə baş vurmamaq mümkün deyil. Çünki, yuxarıda da sadaladığımız kimi, meyxana ilə aşıq sənətinin bir çox ortaq cəhətləri (şeir forması, ritm, musiqi, bədahətən deyişmə) var və bu da həmin sənətlər arasında bağlılığı danılmaz edir. Meyxananın qədim və ya yeni sənət olmasından, digər türk xalqlarında olub-olmamasından asılı olmayaraq, bu sənətin aşıq sənəti ilə bağlılığı faktı onun məhz türk kültürünə aid olduğunu deməyə tam əsas verir.

Qan Turalının dediyinə görə, guya Azərbaycan Respublikasının əhalisinin əksər hissəsi meyxananın varlığından ancaq son illərdə xəbər tutub. Mən özüm Bakıdan xeyli aralı bölgədə doğulmuşam. Gözümü açandan da ətrafımda uşaqdan böyüyə hamı tərəfindən hələ efirlərə çıxmayan meyxana tanınıb, sevilib, dillər əzbəri olub. Hətta el arasında bədahətən söz qoşanlara da rast gəlmişəm. Meyxana bu xalqın ruhuna yad sənət idisə bəs necə oldu ki, bu sənət efirlərə çıxan kimi sürətlə populyarlaşmağa başladı, Azərbaycanın bütün bölgələrindən meyxanaçılar yetişdi?

Meyxanada mövzu məhdudiyyəti yoxdur, əyləncə, satira, tərif, vətənpərvərlik, əxlaq, gözəlliklərin tərənnümü və s. istənilən mövzuda meyxana deyilə bilər, eyni zamanda meyxana demək üçün heç bir musiqi aləti vacib deyil. Məhz bu cəhətləri də meyxananın inkişafı üçün geniş imkanlar açır. Hesab edirəm ki, meyxananın xalq sənəti növü kimi bundan sonra da yaşaması və inkişafı labüddür və buna qarşı çıxmağın heç bir əsası yoxdur.

# 2883 dəfə oxunub

Müəllifin son yazıları

# # #