"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?
1 may 2026
# 12:40

Kulis.az Sevil Hidayətin Xalq yazıçısı Kamal Abdullanın “Sevgili cin” hekayəsi haqqında yazısını təqdim edir.

Kamal Abdullanın “Sevgili cin” hekayəsi ilk baxışda kənd əfsanəsi təsiri bağışlasa da, əslində, onun qatları çox dərindir. Mətnin əsas gücü ondadır ki, müəllif folklor elementlərindən istifadə edərək insan yaddaşı, qorxu, erotizm, mif və şeir arasındakı gizli əlaqələri bizə göstərir.

Şəxsən bu mətni oxuyandan sonra gəldiyim qənaət o oldu ki, danışılan hadisələrdən daha vacib olan onların yaratdığı ovqatdır. Hekayəni bitirəndən sonra süjeti addım-addım xatırlamadım. Fərqinə vardım ki, yaddaşımda mamır basmış daş, köhnə quyu, gecənin göyümtül rəngi, havaya qalxan ağ siluet və “pırr” səsi qalıb. Bu isə artıq sırf böyük ədəbiyyatın yaratdığı təsirdir.

Hekayənin poetik başlanğıcı, həyətin “göylərə uçmaq istəyən ağ quşa” bənzədilməsi təsviri sadəcə gözəl metafora deyil, bununla müəllif ilk abzaslardan oxucunu adi məişət məkanından çıxarıb simvolik bir dünyanın içinə salır.

Bu quş obrazı sonadək mətnin içində yaşayır: Həmidənin quşa çevrilməsi, quyudan uçan quşcuğaz, uçmaq arzusu, göyə yüksəlmək hissi, hamısı bir mərkəzdə birləşir. Hekayədəki bütün personajlar yer üzündə yaşasalar da, ruhən başqa aləmə keçmək istəyirlər.

Bu baxımdan mətnin ab-havası dünya ədəbiyyatındakı mistik və magik realist əsərləri xatırladır. Məsələn, Franz Kafkanın əsərlərində insan gündəlik həyatın içində qəfil anlaşılmaz və qorxulu bir gerçəkliklə qarşılaşır. Kafka qəhrəmanları kimi Miras müəllim də baş verənləri tam anlaya bilmir, amma onların təsirindən qopa da bilmir. Quyunun özü isə sanki Kafkanın qapalı, izahsız dünyalarının kənd variantına çevrilir.

Digər tərəfdən, hekayədə Markezin magik realizmini xatırladan güclü bir damar var. Xüsusilə kənd adamlarının qeyri-adi hadisələri adi bir şey kimi qəbul etməsi mənə “Tənhalığın yüz ili” romanında insanların göyə qalxan qadını, yuxusuzluq xəstəliyini və ya ruhların dolaşmasını gündəlik həyatın bir hissəsi kimi qəbul etməyini xatırlatdı. Burada da kənd camaatı quyuda yaşayan cinlə, quşa çevrilən qızla yanaşı yaşamağı normal qarşılayır. Ən maraqlısı budur ki, müəllif heç yerdə oxucunu “inandırmağa” çalışmır. Hekayənin sirri də elə buradadır: mif özünü sübut etməyə ehtiyac duymur.

Mətnin bir başqa güclü tərəfi kollektiv yaddaş anlayışıdır. Burada kəndin özü ayrıca bir obraz kimi yaşayır. Həmidə yoxa çıxır, amma insanlar onu yavaş-yavaş unudurlar, hətta valideynləri belə onun mövcudluğunu xatırlamırlar. Bu motiv mistik olmaqla yanaşı həm də fəlsəfidir. İnsan yaddaşı gerçəyi deyil, ona sərf edən versiyanı saxlayır.

Həmidənin unudulması sanki ölümün ikinci mərhələsidir. Fiziki yoxluqdan sonra yaddaşdan da silinmək…
Borxes də əsərlərində tez-tez yaddaş, sonsuzluq, gerçəklik və illüziya arasındakı sərhədləri pozurdu. Bu hekayədə də oxucu sona qədər əmin ola bilmir: doğrudanmı cin var idi, yoxsa bütün bunlar kənd təxəyyülünün yaratdığı böyük bir mif idi? Amma maraqlısı budur ki, cavabın özü artıq əhəmiyyətini itirir. Çünki əfsanə həqiqətdən daha güclü yaşayır.

Hekayənin erotik qatının işlənməsi də çox incə və estetikdir. Burada erotizm açıq təsvirlərlə yox, gözləmə və təsəvvürlə qurulur. Gecə vaxtı kənd cavanlarının quyunun yanında dayanıb Həmidənin “buxarlanmış” bədənini gözləməsi, əslində, insan təxəyyülünün erotik gücünü göstərir. Müəllif çox yaxşı anlayır ki, insanı ən çox həyəcanlandıran şey tam görünən yox, yarımçıq görünəndir. Həmidənin özü getdikcə real qadından daha çox mifə çevrilir. O, artıq kənd qızı deyil, arzu obrazıdır.

“Sevgili cin” hekayəsində Cin sadəcə qorxulu məxluq deyil, o həm də arzunun, cazibənin, qadağan olunmuş istəyin simvoludur.
Miras müəllim obrazı isə hekayənin ən canlı tərəflərindən biridir. O, yaşlandıqca keçmişi hadisə kimi yox, poeziya kimi xatırlayır. Ən təsirli məqamlardan biri onun belə düşünməsidir ki, “bütün bunlar uzun bir şeir idi”. Bu cümlə, əslində, hekayənin açarıdır. Müəllif burada açıq şəkildə göstərir ki, miflə poeziya arasında gizli qohumluq var. İnsan bəzi hadisələri ona görə unutmur ki, onlar doğrudur, ona görə unutmur ki, onlar gözəldir.

Hekayənin dili də ayrıca qeyd olunmalıdır. Mətnin dili klassik Azərbaycan kənd danışığı ilə yüksək poetik üslub arasında qəribə bir tarazlıq yaradır. Xalq danışıq tərzi, “a gədə”, “cındırış”, “qulaq ver” kimi ifadələr mətni torpağa bağlayır, amma eyni zamanda uzun ritmik cümlələr onu poetik yüksəkliyə qaldırır. Elə buna görə hekayə həm xalq rəvayəti kimi oxunur, həm də modern ədəbi mətn kimi.

Sonluq isə xüsusilə uğurludur. Miras müəllimin quyunun ağzını örtməsi sadəcə fiziki hərəkət deyil. O, öz keçmişini, gəncliyini, ehtiraslarını və qorxularını örtür. Amma son anda alça budağının quş dimdiyi kimi tərpənməsi göstərir ki, mif heç vaxt tam yox olmur. İnsan onu basdırmağa çalışsa da, əfsanə həmişə hardansa geri qayıdır.

# 89 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər