Kulis.az AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Azərbaycan fəlsəfə tarixi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Arzu Əşrəf Hacıyevanın “Heydər Hüseynov və Tarix qarşısında məsuliyyətimiz” məqaləsini təqdim edir.
Tarixə, keçmişdə baş vermiş hadisələrə, keçmişdə yaşamış şəxsiyyətlərin taleyinə böyük maraq çoxlarına xasdır. Biz dəfələrlə əcdadların uzaq və yaxın zamanlarda başına gələn əhvalatlardan, görkəmli simalardan, qəhrəmanlardan, sərkərdələrdən, dövlət rəhbərlərindən, müdriklərdən söhbət açan, onları həvəslə dinləyən, eşitdiklərinə emosional çılğınlıqla münasibət bildirən insanların qızğın müzakirələrinin şahidi olmuşuq. Əslində, tarix elm kimi bütün bu məqamları daha yüksək peşəkar səviyyədə özündə ehtiva edir. O, mənbələri, yazılı sənədləri, arxeoloji tapıntıları, rəvayətləri, bədii əsərləri və i.a. öyrənməyimizə və təfsir etməyimizə, keçmiş haqqında bilik və anlayışlarımızı sistemli şəklə salmağa kömək edir. Aydın məsələdir ki, tarixin əsas məqsədi keçmiş hadisələri sadəcə qeyd etməklə bitməyib həm də onları izah, təfsir etməkdir. Tarix ötüb keçənlərin müasirliyə təsirini öyrənir və gələcək üçün proqnozlar verir. Xalqların, təhlil və tənqidi sərf-nəzər vasitəsilə öz identikliyini formalaşdırmasına, milli və mədəni özəlliyini anlamasına kömək edən yol da, hər şeydən əvvəl, tarixdən keçir.
Lakin Tarixin müxtəlif dövrləri, mərhələləri bir-birini əvəz etdikcə, cəmiyyətdə siyasətin, ideologiyaların dəyişməsi eyni tarixi hadisələrə, tarixi şəxsiyyətlərə, onların dəyərləndirilməsinə də təsir edir. Bu, özünü hər şeydən əvvəl, təfsirdə, təfsir üçün mənbələrin seçimində göstərir. Məlum olduğu kimi, xatirələr, tarixi hadisələrin şahidlərinin qeydləri, memuarlar mənbə kimi mühüm əhəmiyyətə malikdir. Bununla belə, bu qəbildən olan mənbələrə ehtiyatla yanaşılmalıdır. Çünki bu xatirələr müəlliflərinin bəzən qəsdən, məqsədli şəkildə, bir çox hallarda isə təsvir etdikləri hadisələrin üstündən xeyli vaxt keçməsi, dəqiq tarixlərin, ardıcıllığın, ayrı-ayrı vacib nüansların unudulması ucbatından oxucuları çaşdırır, səhv məlumatlar yayır, hadisələri təhrif edərək onların obyektiv adekvat mənzərəsini yaratmağa mane olur. Bu, xüsusilə hadisənin bilavasitə şahidinin deyil, onun ağzından-ağıza yayılan variantlarına aiddir. Məhz bu məsələyə mən akademik Heydər Hüseynovun 115 illiyinə həsr etdiyim “Filosof və dövrü. Konseptual yanaşmalar” (2023) adlı yeni kitabımda (3) (onun haqqında “Akademik Heydər Hüseynov” adlanan birinci monoqrafiyam (2) 2015-ci ildə işıq üzü görmüşdür) xüsusi olaraq toxunmuşam.
Məsələ burasındadır ki, professor Vilayət Quliyevin “Alimin faciəsi: Akademik Heydər Hüseynov” adlı məqaləsinin (4) 2021-ci ildə 525-ci qəzetdə dərc edilib internet məkanına çıxmasından sonra Mircəfər Bağırovun H.Hüseynovun Stalin mükafatı almış kitabını onun başına, özü də iki dəfə çırpması və tək qalanda alimin damarını kəsib intihar etmək istəməsi haqqında “maraqlı” əhvalat geniş yayılmışdır. V.Quliyev məqaləsində bu əhvalatı ona H.Hüseynovla birlikdə çalışmış İmran Seyidovun danışdığını qeyd edir. Halbuki İmran Seyidovun (1922-2001) öz sağlığında akademikin yubiley və anım günü ilə əlaqədar yazıb mətbuatda dərc etdirdiyi xatirə-məqalələrində (7, 12) belə bir hadisəyə eyham belə yoxdur.
Ən pisi odur ki, bu guya baş vermiş olayda əzabkeş akademik Heydər Hüseynovu zəif, qorxaq bir adam kimi səciyyələndirən aşağılama məqamı vardır. Yaxınlarda bu barədə söhbət düşmüşkən, həmkarlarımdan biri başa kitab çırpmanın gerçək fakt kimi İctimai Televiziyanın “XX yüzillik: Faktlar, hadisələr, insanlar” proqramında da səsləndiyini söylədi və telefonunda verilişin müəllif və aparıcısı Müsəllim Həsənovun bu “sensasion olayı” heyrətlə xəbər verdiyi hissəni internetdən tapıb mənə göstərdi.
1950-ci ilə həsr edilən həmin verilişə daha əvvəl baxmadığıma təəssüf etdim. Amma gec də olsa, onun internetdə yerləşdirilmiş videosunu izlədim. Aparıcı elə başlanğıcdan verilişin başlıca qayəsini bildirir: “Deyirlər keçmişi öyrənmədən bu gün baş verənləri anlamaq, dərk etmək mümkünsüzdür. Ona görə də biz XX əsrdə ölkəmizin ərazisində olub keçənlərin ən maraqlı səhifələrini vərəqləyirik. Ötən əsrin qısa xronikası. XX yüzillik. Faktlar, hadisələr və insanlar. O faktlar, o hadisələr, o insanlar XX əsrdə bu və digər dərəcədə iz qoyublar. Biz həmin izləri sizin və bizim eşitdiyimiz şayiələr və əfsanələr əsasında yox, o dövrün qəzetləri, eləcə də arxiv sənədləri əsasında bərpa eləyirik”. Artıq bu sözlər tamaşaçıda bir çox şayiələrdən qurtulacağına, yalnız doğru xəbərlər, həqiqi faktlar eşidəcəyinə inam yaradır. Lakin, əfsuslar olsun ki, iddiaya rəğmən, verilişin nəinki şayiə və əfsanələri aradan qaldırmadığının, əksinə, yanlış informasiyalarla onların sayını artırdığının şahidi oluruq. Burada mənim qeydlərim sözü gedən verilişin yalnız Azərbaycan fəlsəfə tarixinin bir elm sahəsi kimi təməlini qoyan Heydər Hüseynovla bağlı hissələrinə aid olacaq. Başdan başlayaq.
Məlumat xatirinə deyim ki, 1949-cu il üçün görkəmli əsərlərinə görə Stalin mükafatı alan laureatların siyahısı mərkəzdə, müttəfiq respublikalarda əsas qəzetlərin, o cümlədən Azərbaycanda “Kommunist”, “Bakinskiy raboçiy” qəzetlərinin 8 mart 1950-ci il tarixli nömrəsində dərc edilmişdi. Və bu siyahıda ədəbi tənqid və sənətşünaslıq sahəsi üzrə “XIX əsrdə Azərbaycanda ictimai və fəlsəfi fikir tarixindən” kitabına görə akademik Heydər Hüseynovun da adı vardı. Aparıcı isə bu siyahının “Kommunist” qəzetinin 5 mart 1950-ci il tarixli nömrəsində dərc edildiyini xəbər verir.
Daha sonra ekranda Heydər Hüseynov haqqında kompüter çapında qısa məlumat görünür. Həmin mətni aparıcı sözbəsöz oxuyur. Burada ömrünün son illərində alimin işlədiyi idarələr, vəzifələri sadalanır, amma nədənsə, onun Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti olması ilə yanaşı, Akademiyanın həm də İctimai elmlər bölməsinin sədri vəzifəsini daşıması qeyd edilmir. Bu mətndə səhv də vardır. Heydər Hüseynovun guya hansısa “Müxtəsər Azərbaycan tarixi” kitabının redaktoru olduğu bəyan edilir. Halbuki müharibə illərində Məmməd Arif və Heydər Hüseynovun redaktorluğu altında nəşr edilən ikicildlik “Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi” (5) adlanır. O zaman “Ədəbiyyatımızın tarixini yaratmaq işində ilk təşəbbüs” kimi səciyyələndirilən həmin fundamental monoqrafik əsər indinin özündə də bir çox cəhətdən öz əhəmiyyətini itirməmişdir. Bu nadir kitabın müqəddiməsini də Heydər Hüseynov yazmışdı. Yeri gəlmişkən, qeyd edim ki, o, birinci dəfə 1947-ci ildə baş redaktoru olduğu dördcildlik “Rusca-azərbaycanca lüğət”ə görə ikinci dərəcəli Stalin mükafatı ilə təltif edilmişdi.
Aparıcı Heydər Hüseynovun “XIX əsrdə Azərbaycanda ictimai və fəlsəfi fikir tarixindən” əsərinə görə Stalin mükafatı alması tarixçəsinə toxunur. O deyir: “Lakin Heydər Hüseynov bir səhvə yol vermişdi. Əsərinin Stalin mükafatına təqdim olunduğunu Bağırova deməmişdi. Bəs respublika rəhbərindən xəbərsiz bu kitab necə mükafat alıb? ... Fadeyev kitabı bəyənir və Stalin mükafatına təqdim edir. Və ona mükafat verilir. Bağırovdan xəbərsiz”.
Dediklərindən görünür ki, Müsəllim müəllimin özü Heydər Hüseynovun əsərinin mükafata təqdim edilməsi barədə M.C.Bağırovun xeyli əvvəldən xəbəri olmasını təsdiq edən sənədlərdən xəbərsizdi. Ən qəribəsi isə bundan sonra başlayır. Şayiə və əfsanələrə qarşı çıxan aparıcı-müəllif, Bağırovla Hüseynov arasında tet-a-tet keçən, barəsində dövrün qəzetlərində yazılmayan, arxivlərdə bir sənədin olmadığı görüşü sanki özü orada iştirak edibmiş kimi, hər şeyi öz gözləri ilə görübmüş kimi, detalları ilə təsvir etməyə başlayır:
“Bağırov Heydər Hüseynovun necə deyərlər bu özfəaliyyətini həzm edə bilmir. Qəzetdə xəbəri oxuyan kimi onu kabinetinə çağırır. Təbrik etmək üçün yox, cəzalandırnaq üçün. Heydər Hüseynov Bağırovun kabinetinə girir. Birinci katib əsəbi oturub və ilk sualını verir. “Mükafatı necə almısan?! Kim təqdim edib? Heydər Hüseynov olanları nəql etməyə çalışır. Kitabı Fadeyevə göndərdiyini, mükafata da onun təqdim etdiyini bildirir. Bağırov Heydər Hüseynovun 733 səhifəlik qalın cildli kitabını götürərək sözün əsl mənasında iki dəfə onun başına vurur. Və onu otaqdan qovur. İsterik vəziyyətdə Akademiyaya gələn akademik Hüseynov bu təhqirə dözməyərək damarını kəsməklə intihara cəhd edir”.
İndi isə aparıcının bu rəvayətindəki yanlışlıqlara nəzər salaq. Əvvəla, artıq qeyd etdiyim kimi, Bağırovun Heydər Hüseynovun kitabının Stalin mükafatına təqdim olunmasından xəbəri vardı, bu barədə hələ 49-cu ilin noyabrında ona məlumat vermişdilər, o da etiraz etməmişdi. Sonradan üzü dönməsinin səbəbi isə sovet tarixşünaslığında Qafqazşünaslıq konsepsiyasının dəyişməsi, “yuxarıdan” ona edilən təpki ilə bağlı idi. (Bu barədə sonuncu monoqrafiyamda ətraflı bəhs etmişəm. Bax: 3, s.125-129).
İkincisi, Bağırov akademiki kabinetinə Stalin mükafatı laureatlarının siyahısının çap olunduğu gün, martın 8-də, yəni “qəzetdə xəbəri oxuduğu” gün çağırmamışdı. Bu məşum görüş daha əvvəl, fevralın 14-dən 15-ə keçən gecə (bu dəqiq tarixi alimin qızı Sara xanım bir neçə məqaləsində göstərmişdir) baş tutmuşdu. Təbiidir ki, iki nəfər arasında olan söhbətin məzmunundan yalnız ya onların öz xatirələrindən (tərəflərdən heç birinin isə belə bir xatirəsi bizə məlum deyil), ya da ki, yaxınları ilə bölüşdüklərindən xəbər tutmaq mümkündür. Odur ki, əgər televiziya verilişinin aparıcısı məşum görüşün məzmunu haqqında mütləq məlumat vermək fikrinə düşmüşdüsə, xatirələrə müraciət etməli idi. Məsələn, akademikin böyük qızı Sara xanımın sözlərinə görə, həmin gecə Bağırov atasından Şamilin Türkiyə və İngiltərə casusu olduğunu etiraf etməsini tələb etmiş, alim isə bununla razılaşmayıb, cəsarətlə: “Hirsli başda ağıl olmaz” deyə cavab vermişdir (10). H.Hüseynovun ortancıl qızı Leyla xanımın bir müsahibəsindən isə xəbər tuturuq ki, Bağırov alimi çox ağır, kobud sözlərlə təhdid etmişdi: “Mən səni milçək kimi əzəcəyəm. Milçəkdən iz qalır, səndən isə iz də qalmayacaq”. İmran Seyidov isə 1998-ci ildə yazdığı məqaləsində həmin hadisə haqqında akademiklə söhbətini belə xatırlayır: “...mən MK-da kitabının necə qarsalandığını ehtiyatla ondan (H.Hüseynovdan) soruşdum. O, bir qədər ara verib dedi: — O, (Bağırovu nəzərdə tuturdu), bu sözləri mənim üzümə vurdu. Alnıma qoşa güllə çaxsaydı, bundan yaxşı olardı”. Mən Bağırovun ona nə dediyini soruşmağa cürət etmədim...” (6, s. 85). Yəni xatirələrin heç birində “başa kitab çırpmaq” əhvalatına rast gəlmirik.
Göründüyü kimi, akademikin damarlarını kəsməsinin Bağırovun “təhqirinə dözməməsi” ilə əlaqəsi yox idi, dəli olmamışdı ki, ailəsini, az yaşlı övladlarını (o zaman qızlarından böyüyünyn 15, kiçiklərin 11 və 9 yaşları vardı) düşünmədən, bir xoşagəlməz görüşə, nə qədər dəhşətli olmuş olsa belə, bir hədəyə görə, gənc yaşında özünə qəsd edəydi. Lakin partiyadan xaric edilmək, bax bu, həqiqətən Stalin dövrünün ölümə bərabər fəlakətlərindəndi. Çünki belə insana “xalq düşməni” damğası vurulur və o, bunun bütün faciəvi nəticələrini (özü və ailəsinin təqib olunması, həbsxana, işgəncələrlə müşayiət edilən dindirilmələr, sürgün ya edam) gözünün altına almalı idi. Üzərində qara buludların getdikcə qatılaşdığı H.Hüseynov məhz martın 17-də onun “antipartiya fəaliyyəti” haqqında məsələsinin MK-nın büro iclasına çıxarıldığını biləndə bu addımı atmışdı (8, s. 284).
Müsəllim müəllim, canına qıymaq istəyən alimin halını “isterik vəziyyət” kimi səciyyələndirir. Görünür, belə bir səhv qənaətə gəlməsinin səbəbi bəhrələndiyi (həm də bütün səhvləri ilə birlikdə) və təsiri altında olduğu məqalə ilə bağlıdır. V.Quliyev həmin məqaləsində yuxarıda sözü gedən görüşü Bağırovun “isterik monoloqu” kimi təsvir edir. Jurnalist M.Həsənov bu görüşə dialoq elemenləri qatsa da, professorun Bağırova aid etdiyi isterikliyi qeyri-şüuri H.Hüseynovun üzərinə keçirmişdir. Əslində isə isterika teatrdakı kimi müxtəlif hərəkətlərlə – əl-qol oynatma, hıçqırıqlar, göz yaşları, qəhqəhə, qışqırıqlarla müşayiət olunan emosional halı göstərir. H.Hüseynov isə sakitcə heç kəsə bir söz demədən Akademiyanın RH-dəki kabinetinə çəkilib, qapını içəridən bağlamışdı. Duyuq düşən həmkarları onu otaqda iki biləyini də kəsərək kresloya yıxılmış halda tapmışdılar. Artıq xəstəxanada həkimlər ona reaktiv depressiya diaqnozu qoymuşdular.
Martın 18-də keçirilən büro iclasının qərarına gəlincə, onun sonuncu səhifəsində, Müsəllim müəllimin dediyi kimi, heç də “tutduğu bütün vəzifələrdən azad olunsun” yazılmamışdı, o, iki əsas, yəni ÜİK(b)P MK yanında Marks-Engels-Lenin İnstitutu Azərbaycan filialının direktoru və Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti vəzifələrindən azad edilirdi.
Jurnalist-aparıcı H.Hüseynova qarşı təqiblərin başlanması, partiyadan və işdən çıxarılmasını nəzərdə tutaraq sözünə davam edir: “Amma bütün bu proseslər martın 12-də keçirilən SSRİ Ali Sovetinə seçkilərinin gedişinə mane ola bilmir”. Qəribə məntiqdir, deyilmi?! Dünyanın harasında görünüb ki, kiminsə, lap elə görkəmli alim olsun, incidilməsi ya işdən çıxarılması dövlətin ali hakimiyyət orqanına seçkinin gedişinə mane ola bilsin. Yenə əgər bu yerdə SSRİ Ali Sovetinə seçkiləri yada salmaq zəruri idisə, H.Hüseynovun Azərbaycan SSR Ali Sovetinin deputatı olmasından, “bu proseslər”in onun SSRİ Ali Sovetinə deputat seçilməsinə mane olması haqqında danışmaq olardı.
Daha bir mif H.Hüseynovun kitabından Stalin mükafatının geri alınması ilə bağlıdır. Aparıcı qəti əminliklə “SSRİ tarixində belə hadisə olmamışdır” deyə növbəti səhvə yol verir. Əslində H.Hüseynovdan əvvəl də, sonra da mükafatın geri alınması faktları mövcuddur. SSRİ EA Fəlsəfə İnstitutunun hazırladığı çoxcildlik ümumdünya “Fəlsəfə tarixi”nin (1940-1942-cü illər) 1943-cü ildə işıq üzü görən üç cildi (11) (redaktorlar: G.F.Aleksandrov, B.E.Bıxovski, M.A.Dınnik, M.B.Mitin, P.F.Yudin və b.) birinci dərəcəli Stalin mükafatı ilə təltif edilmiş, 1944-cü ilin mayında isə MK-nın qərarı ilə, mükafat kitabın III cildindən (alman fəlsəfəsinə həsr edilən hissəyə görə) geri alınmışdı. G.F.Aleksandrovun ikinci dərəcəli Stalin Mükafatına layiq görülən “Qərbi Avropa fəlsəfəsinin tarixi” kitabı (1946) (9) 1947-ci il fəlsəfi diskussiyalarının səbəbi və əsas tənqid obyekti olmuşdur. Aleksandrov həmin kitabına görə, cəzalandırılaraq, MK katibi postundan çıxarılmış, vəzifəsi aşağı salınmışdı. H.Hüseynovun ardından Ukrayna bəstəkarı G.L.Jukovski “Səmimi qəlbdən” operasına görə təltif edildiyi III dərəcəli Stalin mükafatından 1951-ci ildə məhrum edilmişdi. Memarlar A.B.Boretski və L.M.Polyakovun “Leninqrad” mehmanxanasının layihəsinə görə 1949-cu ildə aldıqları II dərəcəli Stalin mükafatı 1955-ci ildə ləğv edilmişdir. Başqa faktlar da var. Hətta 1980-cı ildə, yəni üstündən uzun illər keçdikdən sonra, akademik A.D.Saxarov SSRİ Ali Sovetinin Rəyasət Heyətinin fərmanı ilə bütün mükafatlarından, o cümlədən hidrogen bombasının ixtirasına görə 1953-cü ildə təltif edildiyi I dərəcəli Stalin mükafatından məhrum edilmişdi...
H.Hüseynov haqqında qəmli hekayənin sonunda Müsəllim müəllimin fantaziyaları absurdluq həddinə çatır. O deyir:
“Bağırov ziyalıların toplantısında bir fikir də səsləndirmişdi: Hüseynov damarını kəsərək intihar səhnəsi qurdu. Bizi qorxutmaq istədi. Onun haqqında deyilənləri eşidən Heydər Hüseynov bu dəfə intihar səhnəsi qurmur. Bağ evinə çəkilir, qoca anası ilə Mərdəkandakı kasıbyana bağında yaşayır. Bundan sonra yaşamağım mənasız olduğunu düşünür. Münasib vaxt və yer axtarır. Və həmin yeri və vaxtı tapa bilir. Onun az qala hər addımını izləyən anasının diqqətini yayındırır və avqustun 15-də ikinci dəfə intihar edir damarlarını kəsməklə və bu dəfə onun həyatını xilas etmək mümkün olmur”.
Düzü, bunları eşidəndə, “Əhməd haradadır” filmindən Zülümovla ahıl usta Əhməd arasındakı epizod yadıma düşdü. “Zülümov: “Ata-anan gəlib səni görmək istəyirlər. Hhhh, ha”. “Nə boş-boş danışırsan, mənim ata-anam 40 il bundan əvvəl rəhmətə gedib yetim qalmışam”. “Sənə yanlış məlumat veriblər”... Aparıcı bilmir ki, H. Hüseynov bağ evində həyat yoldaşı və azyaşlı qızları ilə qalırdı. Alimin guya “hər addımını izləyən” “qoca anası” isə həmin hadisədən 24 il əvvəl, 1926-cı ildə rəhmətə getmişdi. O zaman onun 18 yaşı, anasının isə rəsmi sənədə görə 60 yaşı (razılaşaq ki, bu günümüzün meyarları ilə yanaşsaq, o qədər də qoca yaş deyil) vardı.
Yuxarıda gətirdiyim kiçik mətndə üstəlik “bədiilik” naminə fikrin düzgün ifadə edilməməsi yanlış anlaşılmaya rəvac verir. Aparıcının “Heydər Hüseynov bu dəfə intihar səhnəsi qurmur” sözləri Bağırovun sözlərinin təsdiqi kimi səslənir, yəni sanki o özü də birinci intihar cəhdinin qurama, tamaşa olduğunu boynuna alır. Qaldı akademikin bağının “kasıbyana” olub-olmadığına, bunu yalnız o bağda olmuş adam deyə bilər. Bizsə bilirik ki, əhalinin əksəriyyətinin, xüsusilə də həmin illərdə, həqiqətən sadə və kasıb yaşadığı sovetlər ölkəsində bağ və bağ evi tək-tək insanlarda, sovet elitasının nümayəndələrində olurdu və dəbdəbə nişanəsi sayılırdı.
Nəhayət, M.Həsənovun — “H.Hüseynov “avqustun 15-də ikinci dəfə intihar edir damarlarını kəsməklə” cümləsinə nəzər yetirək. Əvvəla, intihar, hamının bildiyi kimi, özünü öz əllərinlə öldürmək anlamına gəlir və əgər insan bir dəfə özünü öldürübsə, aydındır ki, ikinci dəfəyə ehtiyac qalmır. Aparıcının akademikin damarlarını kəsməklə yox, özünü asmaqla həyatına son qoyduğundan da xəbəri olmaması daha bir təhrifə yol açır.
Yeri gəlmişkən, veriliş boyu mətnin məzmunu animasiya elementli şəkillərlə müşayiət olunur. Danışdığım hissəyə dair şəkillər mətndə deyilənlərin “həqiqətini” möhkəmləndirir. Məsələn, şəkillərdən birində alim “kasıbyanə” bağ evində qoca anası ilə oturub söhbət edir, o birində alim əllərini irəli uzadıb yerə yıxılmışdır, köynəyinin yaxalığı isə nədənsə tərpənir, yerdəki xətlər də, görünür, qan izləridir. Bir başqa şəkildə anası tabuta oxşar şeyin qarşısında durub ağlayır.
Düşünürəm, bəlkə də yaxşı ki, alimin özünü asdığını bilməyiblər. Yoxsa daha bir şəkildə tavandan ya ağacdan asılmış ip... təsvirini görərdik. Bu isə alimin xatirəsinə böyük hörmətsizlik olardı. Bu məqamın həssaslığını, ağırlığını Sara xanımın yazılarından aydın hiss etmək olur. O, 134 nömrəli məktəbin yeddinci sinfində oxuyurdu. Heydər Hüseynovun intiharından sonra qızcığaz dünənə kimi dost, yaxınlarının onların ailəsindən necə üz döndərdiklərini, salamlarını belə almadıqlarını, məktəbdə müəllimlərin, yoldaşlarının münasibətinin dəyişdiyini dəhşətlə izləyir, sarsılırdı. Müəllimlər qiymətini kəsir, atasını tənqid edirdilər. Hətta rus dili müəlliməsinin zalımlığı, mənəviyyatsızlığı o dərəcəyə çatmışdı ki, övladının önündə uzun-uzadı danışdıqdan sonra havada əliylə atasının “boğazına necə ip keçirdiyini təsvir edirdi”. “Bütün bunlara dözmək mümkün deyildi. Heç bilmirəm, necə tab gətirmişəm” deyən Sara xanım keçirdiyi acıları hər dəfə yenidən yaşayırdı...
Verilişdə səhvləri əyaniləşdirən başqa şəkillər də gözlərimiz önündən keçir. Onlar belə yanlış təsəvvür oyadır ki, guya Heydər Hüseynov Moskvada Stalin mükafatının təqdim edilmə mərasimində iştirak edib. Halbuki təqdimat mərasimi adətən mükafat elan ediləndən bir-iki ay sonra keçirilirdi. Fevraldan başı bəlada olan, partiyadan, bütün vəzifələrindən çıxarılmış, intihara cəhd etmiş, vəziyyəti düzəltmək üçün üzrhaqlıq məktubları ilə Bağırovun ürəyini yumşaltmağa çalışan, həyatla ölüm arasında çırpınan insan o mərasimə necə gedə bilərdi? Getmək istəsəydi belə, onu kim buraxardı. Şəkildə isə o (yəni rəssamın oxşatdığı H.Hüseynov) səhnədə dayanıb razı halda gülümsəyir, Stalin mükafatı döş nişanını isə onun yaxasına, Sov.İKP MK-nın baş katibi kimi tanıdığımız L.İ.Brejnevə bənzəyən bir kişi sancır...
Verilişdə H.Hüseynovun, necə deyərlər, kitabını bağlayan Bakı ziyalılarının yığıncağını əks etdirən şəkillərin konkret tarixi hadisənin mənzərəsini necə saxtalaşdırdığını təsəvvür etmək üçün dövrün xronikasına müraciət edək. “Kommunist” qəzetinin 16 iyul 1950-ci il tarixli (№ 142) sayında Azərbaycan teleqraf agentliyinin “Bakı ziyalılarının yığıncağı” başlıqlı xəbərində deyilirdi:
“M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilən Bakı ziyalılarının yığıncağı iki gün, iyulun 14-də və 15-də davam etmişdir. Filarmoniyanın yay meydançasına Azərbaycan paytaxtı ziyalılarının 2000-dən artıq nümayəndəsi —respublika Elmlər akademiyasının həqiqi üzvləri, elm doktorları və namizədləri, ali məktəblərin professor və müəllimləri, neftçi mühəndislər, geoloqlar, konstruktorlar, inşaatçılar, müəllimlər, həkimlər, kənd təsərrüfatı mütəxəssisləri, yazıçılar, bəstəkarlar, artistlər, memarlar, rəssamlar, sovet idarələrinin qulluqçuları, Sovet ordusunun və Hərbi-Dəniz Donanmasının general və zabitləri, rəhbər partiya, sovet, həmkarlar ittifaqı və komsomol işçiləri və başqaları yığışmışdılar. Yığıncağın rəyasət heyətində M.C.Bağırov, T.Quliyev, N.H.Heydərov yoldaşlar, rəhbər partiya və sovet işçiləri, alimlər, ədəbiyyat və incəsənət xadimləri və başqaları əyləşmişdilər” (1). Daha sonra qəzet yığıncaqda “Azərbaycan K(b)P Mərkəzi və Bakı Komitələrinin katibi M.C. Bağırov yoldaş”ın respublika ziyalılarının növbəti vəzifələri haqqında böyük məruzə etdiyi və məruzə ətrafında çıxış edənlərin adları qeyd edilir. Xatırladım ki, bu məruzədə H.Hüseynovun kitabı burjua millətçiliyinin təzahürü, nöqsanlı və zərərli kitab kimi səciyyələndirildikdən sonra, o, keçmiş dost, həmkarlarının amansız tənqidinə tuş gəlmişdi.
Şəkillərdə isə ziyalılar toplantısı bir otaqda 7-8 nəfərin iştirakı ilə keçirilir. Onlardan birində uzun masa arxasında Bağırov başda olmaqla 7 nəfər kostyumlu kişi – ziyalı əyləşib, o birində də həmin masanın ətrafında yeddi nəfər kişi oturub diqqətlə natiqə qulaq asırlar. Stolun üstündə səliqəsiz şəkildə səpələnmiş vərəqlər, bloknotlar, içərisində su olan stəkanlar, hətta külqabı var. Animasiya onlardan birinin sanki siqaret çəkdiyi təəssüratı yaradır. Maraqlıdır, görəsən o hansı ziyalı imiş ki, Bağırovun hüzurunda siqaret çəkməyə cəsarət edib...
Beləliklə, bir tərəfdə, Filarmoniyada 2000-dən artıq ziyalının iştirak etdiyi izdihamlı yığıncaq, digər tərəfdə, 7-8 nəfərin yığışdığı bir otaqda keçirilən toplantı. Acınacaqlı olan odur ki, tədbirin məkan və ölçülərini saxtalaşdıran şəkillər tamaşaçıların H.Hüseynovun faciəsinin miqyasını, onun totalitar cəmiyyətdə necə təkləndiyini, haradasa, intiharının səbəbini anlamasına mane olur.
Qeyd etmək lazımdır ki, keçmiş haqqında yanlış məlumatlara, kobud səhvlərə, uydurmalara başqa verilişlərdə, filmlərdə də, kitablarda, məqalələrdə də az rast gəlmirik. Görünür, bunları görüb də, tarixi “hamının qəbul etdiyi təmsilə” bənzədiblər, onu “barəsində hamının razılığa gəldiyi yalan” hesab edib, “şayiələrin mahiyyəti” adlandırıblar. Lakin gəlin unutmayaq ki, biz təkrarolunmaz tariximiz qarşısında, haqq dünyasında olan, bizə cavab verə, etiraz edə bilməyən tarixi şəxsiyyətlərimiz qarşısında məsuliyyət daşıyırıq.
Açar sözlər: tarix, Heydər Hüseynov, “XX yüzillik: Faktlar, hadisələr, insanlar”, televiziya, şayiələr, əfsanələr, həqiqət, məsuliyyət
Ədəbiyyat
- Bakı ziyalılarının yığıncağı // “Kommunist” qəzetinin 16 iyul 1950-ci il tarixli (№ 142).
- Hacıyeva A.Ə. Akademik Heydər Hüseynov. Bakı: Elm, 2015.
- Hacıyeva A.Ə . Filosof və dövrü. Konseptual yanaşmalar. Bakı: Zərdabi, 2015.
- Quliyev V. Alimin faciəsi. 525-ci qəzet, 28 avqust 2021-ci il.
- Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi. 2 cilddə. Red. Məmməd Arif və Heydər Hüseynov. Bakı: EAAzF nəşr., 1943-1944.
- Seyidov İ. Akademik Heydər Hüseynovun ömrünün son ili haqqında. / Sabir Əsədov. Heydər Hüseynov. Bakı: “Azərbaycan” nəşriyyatı, 1998, s. 83-90.
- Seyidov İ. “Akademik Heydər Hüseynovun ömrünün son ili haqqında”, “Panorama”, 16 iyul 1998-ci il.
- Teyyub Qurban. Düşmənlərindən güclü şəxsiyyət. 3-cü kitab, Bakı: “OL” MMC, 2015.
- Александров Г.Ф. История западноевропейской философии. Москва; Ленинград: Издательство Академии наук СССР, 1946.
- ГРАЖДАНСКАЯ КАЗНЬ ГЕЙДАРА ГУСЕЙНОВА. Беседа с дочерью Г.Гусейнова Сарой Гусейновой. 22 мар, 2007 https://murtazali.livejournal.com/7731.html
- История философии. Т.1, 2, 3. М.: Политиздат при ЦКВКП(б), 1941/1943.
- Сеидов И. Жизнь прерванная на излете // «Бакинский рабочий», 15 августа 2000 г.