Aya İnsan gəlir... - Amerikalılar həqiqətənmi Ayda olublar?

Aya İnsan gəlir... - Amerikalılar həqiqətənmi Ayda olublar?
4 aprel 2026
# 12:00

Kulis.az Vüsal Bağırlının "Aya İnsan gəlir..." yazısını təqdim edir.

Yanımdan adamlar keçir,
Ay işığı nə vecinə?
Burax məni, Ay işığı,
Gedim işimə-gücümə.

Ramiz Rövşən


Proloq

Kosmonavtika günü ərəfəsində, “Axmaqlar Günü”ndə yəni, aprel ayının 1-i Kennedi Kosmik Mərkəzində bəşəriyyət üçün əlamətdar hadisə baş verdi. “Apollon 17”-nin 1972-ci ildəki son səyahətindən sonra 4 astronavt “Artemis II” Yerin təbii peykinə sarı uçdular. Bu inanılmaz missiya yeni nəsil SLS raketləri ilə həyata keçirilir və insanların Yer orbitindən kənara ilk pilotlu səyahəti kimi tarixi əhəmiyyət daşıyır. Nəhəng 98 metrlik raket üç amerikalı və bir kanadalı astronavtı Ay orbitinə daşıyır. Ekipaj arasında Aya gedən ilk qadın astronavt, ilk qaradərili astronavt və ilk kanadalı astronavt da yer alır ki, bu da bir neçə tarixi ilkliyi qeyd edir.
“Artemis II” həmçinin bəşəriyyətin indiyədək həyata keçirdiyi ən uzaq kosmik səyahət kimi tarixə düşəcək. Ekipaj Ay ətrafında hərəkət edərkən Yerdən təxminən 406 min kilometr məsafə qət edəcək. Bu uçuş bəşəriyyət üçün yeni bir kosmik dövrün başlanğıcı kimi qiymətləndirilir.

***
Buludsuz aydın səmalı gecələrdə aşağı, önə və üfüqə yönəlməkdən yorulmuş nəzərlərimizi biz qəflətən yuxarı qaldırır, qaranlıq göyə baxırıq. Bu zaman biz səmaya səpələnmiş qəribə, parlaq şeylər müşahidə edirik və nə qədər möhtəşəm, əsrarəngiz, sirli bir aləmdə yaşadığımızı anlayırıq.

Göy cisimləri, böyük planetlər. Süd Yolu. Kəhkəşan. Kainat. Amma onlar bizdən çox uzaqdadırlar. Lap çox. Hətta Günəşdən dəfələrlə böyük nəhəng ulduzlar belə işığın min, milyon ilə qət edə biləcəyi məsafədə yerləşirlər. Onlar bizə sadəcə sayrışan kiçik işıq zərrəcikləri şəklində görünürlər.
Amma bir göy cismi də var ki, həmin planetlərlə, ulduzlarla müqayisədə hədsiz kiçik olsa da bizə həm məsafə üzrə, həm də mənəvi cəhətdən olduqca yaxındır, doğmadır. Hətta, o dərəcədə doğmadır ki, Yer kürəsini onsuz, onu da Yersiz təsəvvür etmək mümkün deyil.

Ümumdünya cazibə qanununa görə o, bizə yaşadığımız planetlə birlikdə təsir göstərir. Həmçinin Yer planeti də ona qarşı biganə deyil. O, da səma cismini öz əsarətinə alıb, başına fırlanmağa vadar edir. Həmin göy cismi Yerə o qədər yaxında yerləşir ki, diqqətlə baxdıqda hətta üzərindəki relyefi, dağ və hündürlükləri cizgili ləkə şəklində müşahidə edə bilirik. Bu mistik, azca qorxulu, sirli və olduqca maraqlı səma obyekti Aydır.

Ay niyə bu qədər cazibədardır? Axı o niyə bizi bu dərəcədə heyran edir? Nəyə görə Aya vurğunuq, onu şeir və mahnılarla vəsf edirik?
Fikir vermisiniz? Ay səmada necə görünür? Ağ şəffaf ləkə kimi, ilğım kimi, röya kimi. Öz guşəsinə çəkilmiş, qalasına sığınmış, yaxud cəzalanaraq küncə qoyulmuş tənha bulud kimi. Elə bil xal olub göy üzünə yapışıb, qaşısan qopacaq. Ay sanki ildən ilə daha da gözəlləşir, daha parlaq olur, daha çox işıq saçır.

Gecələr Ay nə qədər parlaq və əzəmətlidirsə, gündüzlər bir o qədər solğun və kədərli görümür. Adama elə gəlir, onu Poseydon kimi zəncirləyiblər, orda zorla saxlayırlar və “tərpənmə ha, mütləq burda durmalısan!” deyiblər.
Eyvandan baxıram.

Hardasa uzaqlarda təxminən Koroğlu metrosu tərəfdə göydən asılmış bədirlənmiş Ay sabahın istisindən, hər kəsi yandırıb-yaxan hərarətdən soraq verir. Ay elə işıq saçır, şöləsini ətrafa elə qabardır ki, adama elə gəlir əlini uzatsan dilimindən tuta bilərsən.

Uşaq vaxtı Aya baxanda kədərlənirdim. Onun içindəki qara ləkələr mənə çirkli görünürdü. Düşünürdüm ki, Aya nərdivan söykəyib yuxarı qalxsam, onun üzərindəki o ləkələri əski ilə silsəm görəsən o tərtəmiz olarmı, Günəş kimi işıq saçarmı? Gecə dönüb gündüz olarmı?
Məktəb dövründə sinfimizdə sorğu keçirilirdi: “Böyüyəndə hansı peşəni seçəcəksən?”. Sinfin bir yarısı “icra başçısı”, digər yarısı isə “prokuror olacam” dedi. Növbə gəlib mənə çatdıqda düşünmədən “kosmonavt olmaq istəyirəm” söylədim və cavabım ətrafdakıların sürəkli gülüşünə səbəb oldu.

Kosmonavt ola bilmədim fəqət, astronavtlar, qalaktikalar, kosmik ənginliklərlə bağlı filmlər, mütaliə süzgəcindən keçirdiyim yazılar, məqalələr məndə həmişə kosmik aləmə ölçüyəgəlməz maraq hissi yaratdı.

***
Mövzu ilə əlaqədar son dövrlərdə oxuduğum yazıları (Herbert Uells, Ayzek Əzimov, Rey Bredberi), baxmaq imkanı əldə etdiyim bəzi kinofilmləri xatırladım: “İntersellar”, “Marslı”, “Qravitasiya”, “Oblivion”.

O gün bu mövzuda daha bir filmə baxdım. Baş rolunda Rayan Qoslinqin çəkildiyi, rejissor Demyen Şazelin “İlk İnsan” filmi. Film əfsanəvi astronavt Nil Armstronqun həyatından, onun Aya qeyri-adi səyahətindən bəhs edirdi.
Filmdəki epizodlardan, süjet xəttindən, obrazlardan ətraflı bəhs edib marağınızı azaltmaq fikrim yoxdur. Özünüz baxsanız hər şeyi anlayacaqsınız. Yalnız mövzu ilə əlaqədar bəzi əlavələrim var.

Bildiyiniz kimi, kosmik fəzanı ilk dəfə Sovetlər Birliyi fəth etdi. Yuri Qaqarin fantastik ideyaların, ağlasığmaz xəyalların gerçəkləşmə simvoluna çevrildi. O dövrdə dünya intizar içərisində idi. SSRİ-nin əsas rəqibi ABŞ görəsən buna nəylə cavab verəcək?!

Ayın Yerlə etdiyi gizli söhbətlər, onun qabarma-çəkilmələri, uzunsov bananvari yarımdairəsi həmişə qəribə, sirli təsəvvürlər yaradıb. Təbii peykin yuyucu toza oxşayan narın qumu, suçiçəyindən yenicə qurtulmuş bənizi xatırladan çopur, kələ-kötür səthi, cansız boz relyefi insanlarda hədsiz maraq doğurub.

Beləcə, Ayı fəth etmək istəyən NASA yerinə yetirilməsi ilk baxışda mümkünsüz görünən işə girişdi. Milyardlarla dollar xərcləndi, Alimlər, mühəndislər, astronavtlar qol çırmayıb işə girişdilər və düz əlli iki bundan əvvəl, yəni 1969-cu ilin 20 iyulunda insan oğlu, bəni-Adəm övladı nəhayət ki, başqa bir fəza cisminin üzərinə eniş etdi. “Apollon 11” kosmik gəmisinin ekipaj komandiri Nil Armstronq, digər astronavtlar Bazz Oldrin və Maykl Kolinzlə birgə Ayın səthinə ayaq basdılar.

Bəs amerikalılar həqiqətənmi Ayda olublar? Bu indi də bir çox mübahisələr doğurur. Əvvəla, Aydakı ağırlıq qüvvəsi yerdən altı dəfə azdır. İkincisi Ay orbitinə iki astronavt endirmək, sonra onları gəmiyə, ən sonda isə Yerə qaytarmaq o dövr üçün olduqca çətin iş sayılırdı. Bu isə istər-istəməz bəzi şübhələrə yol açır.

Missiyanı baş tutmuş hesab edənlərin, yəni amerikalılraın dəlilləri belədir:

- Bu cür nəhəng saxtakarlığın gizli saxlanılması mümkünsüzdür.
- Saxtakarlığın aşkar olunması, ABŞ-ın nüfuzuna ciddi zərbə endirə bilərdi.
- Ay səthinə edilən səfərlərin izləri atmosferin olmaması səbəbindən indiyədək silinməyib və hələ də peykin səthi üzərində qalmaqdadır.
- Ən ciddi rəqib, Sovet İttifaqı belə, bu enişin baş tutması faktını qəbul edib.

Amma əks arqumentlər də kifayət qədər tutarlı görünür:

- Kardlarda ABŞ bayrağını külək sanki dalğalandırır, amma fiziki amilləri və atmosferin yoxluğunu nəzərə alsaq, əslində belə olmamalıdır.
- Bəzi fotoşəkillərdə şübhəli kölgələr müşahidə olunur. Bunun süni olaraq yaradılması, montaj edilməsi təəssüratı yaranır.
- Ay missiyası zamanı gətirilmiş qrunt nümunələri sonradan sirli şəkildə yoxa çıxıb.

Əlbəttə, hər iki tərəfin dəlillərini bir xeyli artırmaq, mövzunu saqqız kimi dartıb uzatmaq da olar. Amma mən bu yazıda mübahisələri və şübhələri bir kənara qoyuram. Çünki, özüm səfərin baş tutmasına, amerikalıların möhtəşəm uğuruna inanıram.

Beləcə, mürəkkəb təkamül prosesinin bəlli həddinə çatmış, şüur, təfəkkür əldə etmiş, ətdən, qandan, toxumadan ibarət ikiayaqlı canlı varlığın başqa bir göy cismində addımlaması, insanda həyəcan, ruh yüksəkliyi və ümid yaratdı. Skafandr geyinmiş astronavtlar kraterli boz düzənlikdə kenquru kimi atılıb-düşürdülər. Bu həqiqətən də bəşəriyyət üçün inanılmaz uğur sayılırdı.

Burada, mövzunu yuxarıda bəhs etdiyim “İlk İnsan” filminə yönəldirəm. Filmin ən təsirli anlarından biri Ay səthində dayanmış Nil Armstronqun balaca xəstə qızını qucağında tutaraq ona səmadakı təbii peyki göstərməsi epizodudur. Sonradan o, Aya uçarkən artıq dünyadan köçmüş qızının kiçik qolbağını əbədi xatirə olaraq peykin səthinə buraxır. Qolbaq indi də oradadır.

Nil Armstronq 2012-ci ildə vəfat edir. Onun ailəsi tərəfindən nekroloq kimi dərc edilmiş bəyanatda deyilir:
“Armstronq öz ölkəsinə qürur və vicdanla xidmət etmiş, tədqiqatçı, qırıcı-təyyarəçi və astronavtdır. O, bir qəhrəmandır. Axşamlar küçəyə çıxıb gülümsəyən Ayı seyr edərkən, siz həm də Nil Armstronqu düşünür və ona göz vurursunuz”.

Yazımı Armstronqun aforizm kimi yaddaşlara həkk olunmuş bir sözü ilə bitirirəm: “Bizim Aya uçuşumuz ola bilsin insan üçün kiçik addım sayıla bilər, sivilizasiya üçün isə nəhəng sıçrayışdır”.

# 124 dəfə oxunub

Oxşar xəbərlər

Mətbuat Şurası "Kulis"i təbrik etdi

Mətbuat Şurası "Kulis"i təbrik etdi

12:36 4 aprel 2026
Sürrealizmin rəmzi - Andre Jid niyə onun yaradıcılığını oxuyanda utanmışdı?

Sürrealizmin rəmzi - Andre Jid niyə onun yaradıcılığını oxuyanda utanmışdı?

12:19 4 aprel 2026
Tələbəsi ilə ailə quran, iki ayağı kəsilən Muxtar Maniyev kimdir?

Tələbəsi ilə ailə quran, iki ayağı kəsilən Muxtar Maniyev kimdir?

10:20 4 aprel 2026
Kulis.az 15 yaşını qeyd edir

Kulis.az 15 yaşını qeyd edir

10:00 4 aprel 2026
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum oldu

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum oldu

18:07 3 aprel 2026
"Bu, birbaşa vandallıqdır!" - Nizami Kino Mərkəzinin divarlarına çəkilən cızma-qaraların məqsədi nə idi?

"Bu, birbaşa vandallıqdır!" - Nizami Kino Mərkəzinin divarlarına çəkilən cızma-qaraların məqsədi nə idi?

15:48 3 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər