Hamının bildiyi dastanda heç kimin görmədiyi sirrlər - Dədə Qorqud əslində, kimdir?

Hamının bildiyi dastanda heç kimin görmədiyi sirrlər - Dədə Qorqud əslində, kimdir?
23 iyun 2026
# 15:00

Kulis.az akademik Möhsün Nağısoylunun "Ana kitabımız “Dədə Qorqud”da yeni mənalar haqqında sanballı və dəyərli araşdırma" yazısını təqdim edir.

Filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, Xalq yazıçısı Kamal Abdulla artıq neçə illərdir ki, Ana kitabımız, oğuz qəhrəmanlıq dastanı “Dədə Qorqud”da üzdə olmayan, dərin qatlarda – laylarda gizlənən ayrı-ayrı sirli mətləblərin, yeni mənaların üzə çıxarılması sahəsində ardıcıl və səmərəli elmi fəaliyyət göstərərək bir sıra dəyərli elmi araşdırmalarını oxuculara ərməğan etmişdir. Görkəmli dilçi, qorqudşünas alimin indiyədək bu yöndə apardığı elmi araşdırmalarının nəticəsi olaraq “Gizli Dədə Qorqud”, “Sirriçində dastan, yaxud Gizli Dədə Qorqud-2”, “Kitabi-Dədə Qorqud”da semantik sayrışmalar”, “Mifolinqvistika”, “Mifdən yazıya və yaxud Gizli Dədə Qorqud”, “Kitabi-Dədə Qorqud poetikasına giriş” kimi sanballı kitabları Azərbaycan, türk və rus dillərində nəşr olunmuşdur. Akademik Kamal Abdullanın bu yaxınlarda “Dədə Qorqud” eposunun gizli, sirli mətləblərinə, yeni mənalarına həsr etdiyi daha bir sanballı və dəyərli kitabı – monoqrafiyası işıq üzü görmüşdür: Gizli “Dədə Qorqud” – yeni mənalar axtarışında (Bakı, Sim-Sim, 2025, 584 səh.). Kitabın ilk səhifələrində qeyd olunduğu kimi, müəllif “Dədə Qorqud”dakı gizli qatların araşdırılmasına hələ otuz beş il bundan öncə başlamış və ilkin olaraq məsələ ilə bağlı fikir və mülahizələrini, düşüncə və yanaşmalarını məqalə şəklində qələmə almışdır: “Beyrəyin taleyi”, “Niyə Təpəgözün bir gözü var?” Kamal Abdulla bu məqalələri ilə qorqudşünaslıqda tamamilə yeni bir yanaşmanın əsasını qoymuş, yeni bir cığır açmışdır. Bu cığır uzaqlara, çox-çox uzaqlara – insanların hələ mağaralarda yaşadıqları dövrə gedib çıxır və ən qədim insanların inancları, dünyabaxışları ilə, yəni mifologiya ilə bağlıdır. Müəllifin bu çətin yoldakı axtarışları “Dədə Qorqud” dastanının mətnində dərin qatlarda gizlənmiş bir sıra incə mətləblərin, gizli məqamların aşkarlanması, üzə çıxarılması ilə sonuclanmışdır. Türkiyənin ayrı-ayrı nüfuzlu elm adamları, tanınmış dilçi alimləri akademik Kamal Abdullanı məhz bu yöndəki elmi araşdırmalarına görə “mifologiyanın elçisi” adlandırırlar. Qeyd edək ki, Kamal Abdullanın “Kitabi- Dədə Qorqud” dastanının mətninə yeni bir baxış bucağından yanaşmasının ilkin işartıları müəllifin özünün də vurğuladığı kimi, onun hələ 1977-ci ildə Moskvada müdafiə etdiyi namizədlik dissertasiyasında (“Sintaktik paralelizm – “Kitabi- Dədə Qorqud” dastanının dili üzrə”) və 1984-cü ildə Bakıda müdafiə etdiyi “Azərbaycan dili sintaksisinin nəzəri problemləri” mövzusunda doktorluq işində özünü göstərir.

Kamal Abdullanın sözügedən mövzuda apardığı əvvəlki elmi araşdırmalarının yekunu, daha mükəmməli olan “Gizli Dədə Qorqud” yeni mənalar axtarışında” adlı sanballı kitabı “Giriş”, beş fəsil və iki “Əlavə” şəklində qurulmuşdur.

Kamal Abdulla kitabın on iki səhifədən ibarət olan Giriş hissəsinə müəllif ikinci bir ad da vermişdir: Aşkar və gizli “Dədə Qorqud”. Burada müəllif çox yığcam bir biçimdə aşkar olan, üzdə görünən “Dədə Qorqud” dastanının daha çox bədii ədəbiyyat, folklor nümunəsi kimi oxucuya aşıladığı müsbət keyfiyyətlərini, dəyərli və faydalı məziyyətlərini açıqladıqdan sonra əsl mətləb üzərinə gəlir və diqqəti eposun çoxqatlı dərinliyinə baş vurmağa, üzdə olmayan gizli məqam və mətləblərin aşkarlanmasına yönəldir. Burada dastanın cəlbediciliyi ilə seçilən, daha çox diqqəti çəkən obrazlarından Beyrək və Basatla yunan mifoloji dünyasının əsas qəhrəmanlarından biri olan Odissey arasındakı oxşarlığa da ötəri nəzər salınır. Müəllif eyni zamanda Beyrəyin acı taleyinin də təsadüfi olmadığına müəyyən işarələr edir və sonda Dədə Qorqud dünyasının dərin qatlarında gizlənən incə mətləblərin dərk edilməsinin, açılmasının əhəmiyyətini vurğulayır. Burada həmçinin 19-cu əsrdən başlayaraq dastanın əlyazmalarının aşkarlanması, dünya elminə tanıdılması, nəşri və araşdırılmasında xidmətləri olmuş alman və italyan, türkiyəli və azərbaycanlı elm adamlarının adları da böyük minnətdarlıqla anılır.

Kitabın birinci fəsli “Mifdən yazıya və yaxud sirr içində dastan” adlanır və səkkiz başlığa bölünərək araşdırılır. Həcmcə kitabdakı digər fəsillərdən bir qədər böyük olan bu fəsil “Dədə Qorqud” dastanının bizə gəlib çatan Drezden əlyazması əsasında mif və yazı məsələsinin qarşılaşdırılmasına, müqayisəli təhlilinə həsr olunmuşdur. Burada “Dədə Qorqud” dastanının igidliyi və sədaqəti ilə seçilən qəhrəmanlarından olan Beyrəyin taleyinin – ölümünün bütövlükdə götürdükdə, qəhrəmanlıq dastanları üçün səciyyəvi olmadığı (axı eposlarda, bir qayda olaraq, əsas müsbət qəhrəmanlar ölmürlər!) diqqətə çatdırılır və bu hadisə məntiqsizliklərin məntiqinə bir bariz nümunə kimi təqdim olunur. Eləcə də müəllif belə bir suala cavab tapmağa çalışır: dastandakı Təpəgözün niyə bir gözü var? Müəllif suala cavab olaraq qeyd edir ki, bu və bu qəbildən olan digər sualların cavabını “Dədə Qorqud” dastanının dərin qatında gizlənmiş incə mətləblərin müqayisəli təhlili yolu ilə tapmaq mümkündür.

Kitabın birinci fəslində yer alan “Gizli Dədə Qorqud” bölümü də müəllifin orijinal fikri ilə yadda qalır. Müəllif digər bölümlərdə olduğu kimi, burada da onu düşündürən belə bir suala cavab axtarır: Oğuz icmasının başçısı Bayındır xan niyə dastanda az görünür? Müxtəlif müqayisələr apardıqdan, tarixi qaynaqlara baş vurduqdan sonra müəllif özünün “fantastik” adlandırdığı belə bir mülahizəsini irəli sürür. Dastanda hadisələrə fəal müdaxiləsi ilə seçilən “görümlü Dədə Qorqud”, Ozan Dədə Qorqud Oğuz aləminin ali başçısı Bayındır xanın niqabıdır. Müəllif bu mülahizəsini dastanın mətnindəki konkret faktların müqayisəli təhlili yolu ilə əsaslandırır. Burada yer alan müqayisələrdə yunan mifologiyasına müraciətlər də köməyə gəlir. Bu fəslin son bölümündə “Dədə Qorqud” dastanının dilində aşıq-aşkar və qabarıq şəkildə özünü göstərən sintaktik paralelizm ədəbi-bədii vasitəsi yığcam bir biçimdə, konkret nümunələrlə araşdırılır və onun özünəməxsus incəliklərinə aydınlıq gətirilir. Yuxarıda qeyd etdiyimiz kimi, akademik Kamal Abdulla hələ gəncliyində – 27 yaşına təzəcə qədəm doyduğu dönəmdə “Kitabi-Dədə Qorqud” üzrə sintaktik paralelizm” mövzusunda elmi araşdırmasını uğurla başa çatdırmışdır.

Kitabın birinci fəslindəki oçerk – bölümlərdən dördü “Dədə Qorqud” dastanının mətni əsasında mif və yazı məsələsinin araşdırılmasına həsr olunmuşdur: “Mif və yazı”; “Mifin gücü və yazının gücsüzlüyü; Mifin hüquqi və etik yasaqları”; “Mifin gücsüzlüyü və yazının gücü”. Kamal Abdulla bu bölümlərdə dastanın mətnində açıq və gizli şəkildə özünü göstərən mifoloji təsəvvürlə yazı mədəniyyətini müqayisəli şəkildə təhlil edərək bir sıra maraqlı nəticələri ortaya qoyur. Burada müəllifin özünəməxsusluğu və qeyri-adiliyi, orijinallığı və düşündürücülüyü ilə seçilən bir sıra fikir və mülahizələri yer almışdır.

Kamal Abdulla bütün bu oçerklərdə, dastanda üzdə olmasa da, dərin qatlarda gizlənən mif və yazı məsələsini eposun çeşidli dil materiallarına və ayrı-ayrı obrazların missiyası və davranışlarına söykənərək ortaya qoyur və fikrini konkret faktlarla, müddəalarla əsaslandıra bilir.

Kitabın həcmcə nisbətən yığcamlığı ilə seçilən ikinci fəsli “Anavariantlara doğru” adlanır və burada dastanın ayrı-ayrı qəhrəman və obrazları qədim yunan mifologiyasının analoji surətləri ilə qarşılaşdırılır, müqayisələr aparılır və bir sıra maraqlı nəticələr ortaya qoyulur. Fəslin “Oxşarlıqlar və fərqlər” başlıqlı kiçik bölümündə Kamal Abdulla qeyd edir ki, bu məsələyə ilk dəfə alman tədqiqatçısı fon Dits toxunmuş, görkəmli Azərbaycan alimi Əli Sultanlı isə mövzuya silsilə məqalələr həsr etmişdir. Kamal Abdullanın bu məsələ ilə bağlı müqayisə və qarşılaşdırmaları kitabdakı bir neçə oçerkdə öz əksini tapmışdır. Fikrimizcə, həmin oçerklərin elə təkcə başlıqları bir çox mətləblərdən xəbər verir: “Odissey , Basat və Beyrək”; “Polifem və Təpəgöz”; “Edip və Buğac”; “Admet, Herakl və Dəli Domrul”; “Sarı donlu Selcan Xatun və gözəl Yelena”; “Banuçiçək və Penepola”. Müəllif bu obrazları müqayisə etməzdən öncə qeyd edir ki, burada, təbii olaraq, həm oxşarlıqlar, həm də müəyyən dərəcədə fərqli cəhətlər özünü göstərir. Kamal Abdulla onu da diqqətə çatdırmağı lazım bilir ki, adıçəkilən obrazlar arasında oxşarlıqların çoxluğu bu xəttin daha qədim çağların ədəbi məhsulu olması ehtimalını artırır. Burada o da xüsusi olaraq vurğulanır ki, obrazlar arasındakı fərqli cəhətlər onların milli özünəməxsusluğundan irəli gəlir. Fəslin sonunda müəllif bütün bu müqayisələrin yekunu olaraq belə bir nəticəyə gəlir ki, bütün bu paralellər mövzu ilə bağlı gələcək elmi araşdırmalar üçün müsbət zəmin yaradır.

Kitabdakı “Mətnin semantik boşluqları” başlıqlı üçüncü fəsil ondan çox kiçikhəcmli yarımbölümü özündə cəmləşdirir. Burada yer alan bölümlər içərisində “Təpəgözün intihar arzusu”, “Qaraca Çoban və dünya ağacı”, “Baybura bəyin gözləri niyə açıldı” xüsusilə diqqətçəkicidir və Kamal Abdulla yeni yozumları, baxışları ilə seçilir. Müəllif dastandakı Təpəgözlə bağlı boyu birər-birər, dönə-dönə, cümlə-cümlə oxuyaraq mətnə əsaslanır və mətn deyir ki, Təpəgözü əslində Basat öldürmür, öz günahlarını dərindən dərk edən və buna görə də günahlar məngənəsində, peşmanlıqlar içində əzab çəkən, çabalayan bu bir gözlü məxluq, əslində əməllərinə görə özü-özünü öldürübmüş.

“Qaraca Çoban və dünya ağacı” başlığında isə müəllif öncə qeyd edir ki, mifoloji dünyada dağ, çay, ağac anlayışlarının ayrıca bir yeri, özəl çəkisi vardır və onlar içərisində Ağac arxetipi xüsusilə cəlbediciliyi ilə seçilir. Yada salmaq yerinə düşər ki, İsa peyğəmbər ağac altında dünyaya gəlir, Salur Qazanın oğlu gənc Uruz ölüm ayağında ağacı öyərək ondan imdad diləyir. Deməli, ağac anlayışının, ümumiyyətlə, dünyada və xüsusilə də bədii ədəbiyyatda möhtəşəm bir özəlliyi vardır. Yeri gəlmişkən qeyd edək ki, ağac kultu bu gün də öz varlığını qoruyub saxlayır. Bəzi bölgələrimizdə ağaclara pir kimi yanaşılması, onun budaqlarının rəngarəng parça tikələri ilə bəzədilməsi buna sübut ola bilər. Bu bölüm müəllifin içində dərin mənalar gizlənmiş aşağıdakı cümlələri ilə bitir: “Dünya Ağacı və insan. Sahmana can atan və bu sahmanı yaratmağa qadir olan insan...”

Baybura bəyin gözləri niyə açıldı? bölümünün təhlili də bütövlükdə “Dədə Qorqud” dastanında Miflə Yazının gizli mübarizəsini özündə əks etdirən incə mətləblərin yer almasını sübut edən möhkəm dəlillər və sübutlar sırasındadır. Bölümün sonunda müəllif yazır: “Bu cür sualların köməyilə məhz mətnin semantik boşluqları doldurulur və çox-çox aydın olmayan, qaranlıq mətləblərin üzərinə işıq düşür”.

Kitabın üçüncü fəslindəki “Utanc hissi və onun semantik derivatları”, “Salur Qazan və Aruz Qoca”, “Tənha Dədə Qorqud” bölümlərində müəllifin irəli sürdüyü fikir və mülahizələri, gəldiyi qənaət və nəticələri yeniliyi və orijinallığı ilə seçilməklə yanaşı, eyni zamanda gələcək araşdırmalara yol açır. Məsələn, dastanda müxtəlif məqamlarda özünü göstərən utanc hissini yığcam bir biçimdə – səkkiz kiçik bənddə təhlil edən Kamal Abdulla belə bir qənaətə gəlir ki, “bu maraqlı mövzunu (utanclıq məqamını – M.N.) təkcə dilçilər, türkoloqlar deyil, eyni zamanda psixoloqlar araşdırmalıdır. Ən vacib olan isə budur ki, araşdırmalar birgə şəkildə aparılmalıdır”. Müəllifin bu fikrinə qüvvət olaraq deyə bilərik ki, fikrimizcə, oğuz qəhrəmanlıq dastanı “Dədə Qorqud”la bağlı qardaş Türkiyə alimləri ilə birgə çox qısa bir zamanda ortaq layihələrin hazırlanması və həyata keçirilməsi, eposun ətraflı şəkildə araşdırılması da vacib və əhəmiyyətli məsələlər sırasındadır.

Kitabdakı dördüncü fəsil “Dədə Qorqud” dastanının mətninin və onun elementlərinin tədqiqinə həsr olunmuşdur. Cəmi iki bölümdən ibarət olan bu fəsildə öncə mətndə oyun və onun təzahürləri yığcam bir biçimdə araşdırılır. Kamal Abdulla burada dastanın mətnində Beyrəyin harada və nə şəkildə əsir alınaraq Bayburd qalasına düşməsini, Banuçiçəyin toyu zamanı onun Beyrəkdən gizlədilməsini, eposun bəzi obrazlarının niqabla gəzməsi (yəni üzünü gizlətməsi – başqalarına göstərməməsi) nümunə kimi təqdim olunur və bütün bu halların yığcam açıqlaması verilir.

Fəslin ikinci bölümü də dastanın mətnindəki oyunla bağlıdır. “Mətndə oyunun blef elementin başlıqlı bu bölümdə öncə blef anlayışının mahiyyəti idman növlərindən gətirilən nümunələrlə açıqlanır, sonra isə konkret olaraq mətndəki ayrı-ayrı məqamlara nəzər yetirilir. Burada “Qazan bəyin evinin yağmalanması” boyunda Salur Qazanın düşməndən anasını istəməsi, Beyrəyin Bayburd bəyinin qızının onun xilası üçün verdiyi vəd və s. dastanda özünü göstərən blef ünsürünə nümunə olaraq misal gətirilir.

Kitabın sonuncu – beşinci fəsli “Gizlindəki semantik sayrışmalar” adlanır. Çoxsaylı kiçik başlıqlardan ibarət olan bu fəslin girişində sayrışma sözünün işıqla qaranlığın bir-birini əvəzləməsi anlamında işlənməsi qeyd olunur, sonra isə bu leksik vahidin dastanda sözügedən anlayışın eposun mətndəki aşkar və gizli məqamların tənasübündən yaranması göstərilir. Bu fəsildə yer almış ilk başlıq dastanda qədim və gizli rituallardan biri olan adlandırma, ad qoyma mərasimi ilə bağlıdır. Dastanın məzmunundan bəlli olur ki, Oğuz cəmiyyətində gənclərin on altı yaşına çatana qədər adları olmazmış. Bu çağadək onlar ayamaları ilə tanınırmış. Yeniyetmə gənclərə adları isə el ağsaqqalı, Ozan Dədə Qorqud verərmiş. Məsələn, Dədə Qorqud Beyrəyə ad verərkən onun atasına deyir: “Sən oğlunu “Bamsım” deyə oxşayırsan, bunun adı boz ayğırlı Bamsı Beyrək olsun”.

Dastanda Dədə Qorqudun oğuz qəhrəmanlarından Buğaca, Basata da ad verməsi qeyd olunur. O zamanlar gənclər məhz bu mərasim mərhələsini keçdikdən sonra cəmiyyət üzvü, döyüşçü ola bilirmiş. Kamal Abdulla kitabın bu fəslində dastanda açıq və gizli şəkildə özünü göstərən anaxaqanlıq, avankulat (dayı kultu) anlayışlarına da aydınlıq gətirir. Fəsildəki “Aruzun gizli istəyi”, “Banuçiçəyin istəkliləri”, “Casus”, “Cəmiyyət”, “Cəza”, “Demokratiya”, “Şaman-Ozan-Şair” və s. kimi başlıqlar da böyük maraq doğurur və müəllifin dastanın incəliklərinə yetərincə bələdliyindən, eposun mətnindəki dərin qatlarda gizlənən məqamların ortaya qoyulmasında göstərdiyi böyük xidmətlərindən xəbər verir.

Kamal Abdullanın oğuz qəhrəmanlıq dastanı, Ana kitabımız “Dədə Qorqud”un müəllif yönlərdən geniş və ətraflı tədqiqindən bəhs edən bu yeni sanballı kitabında yer alan beş fəsildən sonra “Son söz və yaxud yenə də ilkin nəticələr” və “Yeni ilkin nəticələr – 2” başlıqlı kiçikhəcmli iki başlıq da vardır. Bu başlıqlardan birincisində müəllif kitabdakı beş fəslin cövhərinə baş vurur, bu bölümlərdə qoyulmuş məsələlərə qısa bir nəzər salır, onları müəyyən mənada dəyərləndirir və bu yöndəki müqayisəli araşdırmaların gələcəkdə yeni mənbələr, məxəzlər üzrə aparılmasının vacibliyini vurğulayır, bir növ yeni tədqiqatçıların araşdırma mövzularını müəyyənləşdirir. Bir mətnşünas, əlyazmaşünas kimi bizim diqqətimizi ayrıca olaraq çəkən belə bir məqam da var bu nəticədə:

“Bu Gizli Dədə Qorqud bir tərəfdən aşkarlandı, amma o biri tərəfdən yenə də tül pərdəyə büründü. Yeni oxumuşlar üçün”. Doğrudan da, “Kitabi-Dədə Qorqud”un (yeri gəlmişkən, fikrimizcə, burada “kitab” sözünü işlətmək düzgün deyil, çünki “Kitab”ı istənilən əsərin əvvəlinə qoşmaq olar: “Kitabi-Leyli və Məcnun”) təxminən XVI yüzillikdə köçürülmüş “Dədə Qorqud” dastanının Drezden və Vatikan əlyazmalarında, eləcə də bu yaxınlarda aşkarlanmış Günbəd əlyazmasında hələ də ayrı-ayrı sözlərin düzgün oxunuşu və yozumu problemi qalmaqdadır. Bundan əlavə bu üç əlyazma kitabının bir cilddə birləşdirilmiş şəkildə müəyyən müqayisəli araşdırmalarla nəşri də faydalı olardı.

Cəmi üç səhifəlik “Yeni ilkin nəticələr – 2” başlığının canı, cövhəri, fikrimizcə, bu cümlələrdə yer almışdır: “Kitabi-Dədə Qorqud” dastanı .... cismi ilə (ilk növbədə dili ilə) XVI əsrdədir, ruhu ilə daha qədim dövrlərdə. Bizim dastanın ruhu ilə cismi bir-biri ilə uyğunlaşmır. (İkinci cümlə kitabda fərqləndirilərək qara şriftlə verilmişdir).

Kitabda bütün bu fəsil və bölümlərdən sonra onun ingilis və rus dillərində xülasəsi verilmişdir.

Akademik Kamal Abdullanın bu sanballı kitabında daha sonra, ən sonda isə Əlavələr (Əlavələr – 1, Əlavələr – 2) başlıqları yer almışdır.

Əlavələr – 1-də Kamal Abdullanın birbaşa bu mövzu ilə bağlı 2016, 2017, 2020 və 2022-ci ildə çap olunmuş bir neçə ayrı-ayrı kitabından hissələr, parçalar verilmişdir. Bu əlavənin sonunda Kamal Abdullanın ölkəmizdə qeyri-səlis məntiq nəzəriyyəsinin görkəmli nümayəndəsi AMEA-nın müxbir üzvü professor Rafiq Əliyevlə birgə nəşr etdirdiyi iki yazısı yer almışdır.

Kitabdakı “Əlavələr – 2 başlıqlı bölümdə isə Kamal Abdullanın “Gizli Dədə Qorqud” əsərinin iki Türkiyə nəşrinə ayrı-ayrılıqda professorlar Kərimə Ustivova və Əli Duymazın yazdıqları Ön söz, Türkiyənin tanınmış dilçi alimi professor Əhməd Bican Ərcilasunun müəllifimizin 2022-ci ildə Bakıda işıq üzü görmüş “Kitabi-Dədə Qorqud”da semantik sayrışmalar” kitabına yazdığı ön sözü, eləcə də mövzu ilə bağlı Azərbaycan müəlliflərindən akademik Nizami Cəfərovun, professorlar Rəhman Bədəlov və Qorxmaz Quliyevin yazıları yer almışdır.

Yazımızın sonunda onun yekunu olaraq qeyd etmək istərdik ki, akademik, Xalq yazıçısı Kamal Abdullanın bu yaxınlarda nəşr olunmuş “Gizli Dədə Qorqud – yeni mənalar axtarışında” adlı dəyərli və sanballı kitabı-monoqrafiyası ölkəmizdə qorqudşünaslığa qiymətli və möhtəşəm bir töhfə olmaqla yanaşı, bu yöndə gələcəkdə aparılacaq araşdırmalara yol açan mötəbər bir mənbə, əvəzsiz məxəzdir.

# 144 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər