Müharibə sevgiyə toxuna bilmir – POVEST

Müharibə sevgiyə toxuna bilmir – <span style="color:red;">POVEST
20 yanvar 2016
# 12:00

Kulıis Səidə Haqverdiyevanın “Müharibə” povestini təqdim edir.

Auditoriyanın qapısı cırıltı ilə yavaş-yavaş açıldı. Yarımaçılmış qapıdan başını azacıq içəri salan qız hürkək-hürkək otaqdakılara boylandı. Cavan müəllim üzünü qıza tutub:

- Hansı qrupu axtarırsınız? – deyə mülayim səslə soruşdu. Qız sanki bir az ürəklənib:

- Hüquq fakültəsidi?.. –deyə qapını bir az da araladı. Bu zaman bir cüt uzun qara hörükləri də “içəri daxil oldu”.

- Bəli, sizinki hansı qrupdu?

Müəllim sualını başqa tərzdə yenə təkrar etdi:

- 628...

- Odur, odur... – tələbələr bu dəfə müəllimə macal vermədən birağızdan dilləndilər. İçəri bəstəboy, ağbəniz bir qız girdi. Onun qara badamı gözləri, çatma qaşları, alma kimi boyasız yanaqları vardı. Axıra qədər hörmədiyi uzun qara hörüklərinin ucunu qəhvəyi rəngdə bantla bağlamış və dağınıq qoymuşdu. Əynindəki dəniz mavisi əlbisə ilə, ayağındakı bəyaz ayaqqabı ona çox yaraşırdı. Cavan müəllim qapıya yaxınlaşıb:

-Siz kimsiniz? - deyə soruşdu.

-Mənim adım Leyladır, bu qrupun tələbəsiyəm, bağışlayın, gecikmişəm...

Müəllim gülümsünüb:

-Tanış olmağımıza şadam, Leyla, keç əyləş? – dedi.

Leyla fərqinə varmadan keçib boş yerlərin birində oturdu. Dərindən nəfəs aldı, çantasını açıb içərisindən bir dəftər və qələm çıxardı. Dönüb yanında oturduğu oğlandan pıçıltı ilə soruşdu:

- Nə dərsidi?

- Hələ bilinmir...

Leyla təəccüblə öğlanı süzdü. Bu, hündürboy, alagöz bir oğlan idi. Oğlan onun təəccübünü sezib:

- Narahat olma, gecikən tək sən deyilsən, təzə başlamışıq. Tanış olaq: Ömər.

- Mən də Leyla, - gülümsədilər.

- Leyla qəşəng addır.

- Bilirəm, - bu dəfə bir az bərkdən gülüşdülər. Bu, müəllimin gözündən yayınmadı. -Bir halda ki, hamı gəldi, o cümlədən Leyla da... onda gəlin yaxından tanış olaq. Tələbələr gülüşdülər.

- Mənim adım Ömərdir, mən sizə mülki hüquqdan dərs deyəcəm.

Leyla və yanındakı oğlan bərkdən güldülər. Ömər müəllim pərt halda dönüb Leylaya baxdı.

- Leyla, gülüşünüzün səbəbini izah edə bilərsinizmi?

- Müəllim... – gülməkdən yenə özünü saxlaya bilmədi. Bu dəfə bütün auditoriya ona qoşulub güldü. Ömər müəllim lap pərt oldu.

- Səbəbini deyin, mən də gülüm...

Ön cərgədə oturan bir oğlanın qolundan tutub:

- Nəyə gülürsən?.. – deyə, əsəbi halda soruşdu.

- Müəllim, hamı gülür... mən də gülürəm...

Tələbələrin gülüş sədaları bu dəfə pəncərələrin şüşələrini silkələdi.

- Susun!!! - Ömər müəllimin səsi tələbələrin səsini üstələdi.

- Bu nə hərəkətdi? Özünüzü nə sayırsız? Məktəbin axmaq vərdişlərini hələ tərgidə bilməmisiz deyəsən?! Dur ayağa! Sizinləyəm, bəli, Leyla xanım! Nəyə gülürsüz?

- Müəllim... heç nəyə...

- Necə yəni, heç nəyə? Leyla ağzını əlilə tutub gülüşünü boğdu və ciddi bir görkəm aldı. Səsinə bir az toxdaqlıq verib:

- Müəllim... bunun da adı Ömərdir...

Bu dəfə tələbələri heç nəylə sakitləşdirmək mümkün olmadı. Özünü saxlaya bilməyib partanın üstünə yıxılan kim, qarnını tutub gözündən yaş axan kim, gülməkdən boğulan kim... Ömər müəllim tutulub qalmışdı. Bilmirdi qışqırsın, bilmirdi kitab-dəftərini götürüb auditoriyanı tərk eləsin... Birdən o da özünü saxlaya bilmədi, uşaqlara qoşulub şaqqanaq çəkdi... Qabaqda oturan tələbə:

- Müəllim, Siz nəyə gülürsüz?.. – deyəndə, auditoriyadakı gülüşün yeni dalğası artıq dəhlizlərə üz tutdu.

- Mən də sizə gülürəm... – deyə, Ömər müəllim özünü ələ alıb sakitləşdi. Auditoriyaya qəfil sükut çökdü. Ömər müəllim keçib yerində əyləşdi. Kitab-dəftərini qovluğuna qoya-qoya:

- Gülmək də bir hüquqdur, - deyə astadan danışmağa başladı. – Bu da bəşər övladının min illər boyu qazandığı azadlıqlardan biridir. Heç kəs sənə deyə bilməz ki, niyə gülürsən. Ancaq gülüşlə insan ətrafındakılara təkcə xoş ovqat vermir, eyni zamanda hər hansı bir olaya münasibət də bildirir. Gülüşlə insanı tərif də etmək olar, tənqid də. El arasında məhz bu ifadələrin yaranması da təsadüfi deyil: şirin gülüş, acı gülüş... Sizinki bunların heç birinə bənzəmir... Buna yeganə bir ad daha çox yaraşır: lağlağı. Sizin bu tip gülüşləriniz qaldı orta məktəbdə. Artıq siz ali məktəb tələbəsisiniz, hər parıltıya qızıl deməyin, hər hadisəyə gülməyin. Güləndə fikirləşin ki, bu, kiminsə xətrinə dəyə bilər, ya yox. Əlbəttə, bütün bunları həyat sizə öyrədəcək, ancaq bəribaşdan mənim də deməyim pis olmaz, çünki həmin vəziyyətlərə hazır olarsınız. Gülmək də nisbidir, yəni o da insanın ovqatı ilə bağlı bir şeydir. Sənə gülməli gələn bir şey başqasına hüzn gətirə bilər. Gülüş ən kəsərli silahdır, bunun üstündə səni heç kəs cinayət məsuliyyətinə cəlb edə bilməz, lakin onu harda gəldi qınından çıxarmaq da olmaz! Ömər müəllim ayağa durub üzünü Leyla səmtə tutdu:

- Yaxşı, hesab edək ki, məktəb illərinin sonuncu akkordunu bu gün vurdunuz: əlvida məktəb, xoş gördük universitet! Hesab edirəm, bu günkü dərsimiz universitet divarları arasında keçəcəyiniz bütün fənlərə bir giriş oldu... Gülüş xanımın sayəsində.

***

Sovet dönəmində Azərbaycan ali məktəbləri əsasən verdikləri ixtisaslara görə deyil, əmək fəaliyyətinə başlayandan sonra aldıqları rüşvətə görə təsnifatlanırdı. Məsələn, Xalq Təsərrüfatı İnstitutuna adətən kolxoz sədrlərinin, sovxoz direktorlarının uşaqları daxil olardı, milis, prokurorluq, məhkəmə orqanlarında işləyənlərin balaları ən çox hüquq fakültəsini seçərdi, Tibb İnstitutuna düşmək isə lap müşkül iş idi. 25-50 nəfərlik qrupda əlbəttə ki, bir-iki nəfər təsadüfən yer alırdı. Leylagilin qrupu da bu mənada istisna deyildi. Tələbələrin əksəriyyəti zəngin, vəzifəli adamların uşaqları idi. Yeganə hüquq ixtisası verən Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə düşən tək-tük kasıb uşaqlarından biri də Leyla idi. Onun atası sürücü, anası isə fabrikdə fəhlə işləyirdi. Sentyabr ayı olmasına baxmayaraq, hava çox isti idi. Mehriban, ünsiyyətcil oğlan olan Ömər hər kəslə münasibət qurur, qaynayıb qarışırdı. O, dərsin sonunda üzünü qrup yoldaşlarına tutub dedi:

- Uşaqlar, deyirəm, bəlkə evə getməyə tələsməyək. Gedib bir yerdə oturaq, tələbə olmağımızın ilk gününü qeyd edək? Hə, necə təklifdi?

Leyladan başqa hamı bir ağızdan “əla təklifdi” dedi.

- Ancaq harda?

- Əgər etiraz etmirsinizsə, mən təklif edirəm ki, gedək bizim bağa. Hava çox istidir, ordan da düşərik dənizə.

- Bəlkə Ömər müəllimi də dəvət edək?..

Leylanın bu təklifi uşaqların bəzisində gülüş doğursa da, bəzisində ironik bir təəccüb yaratdı.

Yəni ki:

- Həəə?! Ömər də bu qəbil təəccüb sahiblərinin cərgəsində yer aldı.

O:

- Uşaqlar onun yanında sıxılacaqlar, - dedi və dərhal da əlavə etdi. - Sağlıq olsun, sənin xeyir işində dəvət edərik...

Ancaq bu yerinə düşməyən zarafat Leyla tərəfindən cavabsız qalmadı:

- Biləsiniz ki, kimi dəvət edəcəyimi mən sizinlə məsləhətləşməyəcəm! Bir-birini “dişinə vuran” Leyla və Ömər susdular. Ortaya düşmüş bu gərginliyi Bəxtiyar aradan götürmək istədi:

- Hə, nə deyirsiz, getdik? Üç maşınımız var, mənə elə gəlir, yerləşərik...

***

Ömərin atası Bəkir müəllim zavod direktoru, anası Qəribə xanım isə xəstəxanada baş həkim işləyirdi. Hər ikisi məzuniyyətdə olduğundan uşaqları bağda özləri qarşıladılar və onları heç bir xərcə düşməyə qoymadılar. Ömərin ailəsi ilə Leylanın ilk tanışlığı da elə həmin gün oldu. Uşaqlar yedilər, içdilər, əyləndilər, dəniz sahilində oynadılar, gəzişdilər və axşam hərə öz evinə getdi. Açığı, Leylagilin qrupunda təhsil alan bütün uşaqlar, çox qəribə olsa da, valideynlərindən fərqli olaraq, sadə, mehriban, səmimi və xeyirxah idilər. Bircə Bərdənin prokurorunun qızından başqa. O, təkəbbürlü və adamayovuşmaz idi, hər kəsə yuxarıdan aşağı baxırdı. Heç kimin geyimini bəyənmirdi. Bircə Ömərə qarşı biganə deyildi. Onun diqqətini cəlb etmək üçün əlindən gələni əsirgəmirdi. Ömər isə bütün günü Leylanın ətrafında dolaşır, hər bir işdə ona yardımçı olurdu. Bu, bütün qrupun, eləcə də Ömər müəllimin... gözündən yayınmırdı. Seminarlarda tez-tez Leyladan dərs soruşan Ömər müəllim özü keçib lap arxada dayanar və oradan uşaqların nəzərlərindən yayınıb gözdolusu Leylanı süzərdi. Əvvəllər bir az sıxılsa da sonralar buna alışan və hətta bu baxışlardan xoşhallanan Leyla, müəlliminin məhəbbət dolu baxışlarına cavab olaraq, hətta bir isti və xoş təbəssüm də sərgiləyərdi... Leylanın Ömərdən də xoşu gəlirdi, onunla daha çox ünsiyyətdə olurdu. Bir neçə dəfə hətta teatra və kinoya da getməyə imkan tapmışdılar. O, Ömərin ona qarşı olan münasibətini də duyurdu. Lakin hələ heç kim özündə cəsarət tapıb qarşı tərəfə məhəbbətini açıq etiraf edə bilməmişdi... Hələ ki, gecələr yatmamışdan əvvəl əllərini başının altında çarpazlayıb saatlarla fikrə dalan və “bu Ömərlər üzəcəklər məni” deyə gülümsünən Leylanın xoş bir duyğu ilə yuxuya getməsindən Ömərlər xəbərsiz idi...

***

Leylanın qeyri-müəyyənlik içərisində çapaladığı belə günlərin birində ölkədə çaxnaşmalar baş verməyə başladı. Xalq daha əvvəlki qaydalarla yaşamaq istəmir, ədalətsizliyə, rüşvətin, korrupsiyanın tüğyan etməsinə, mili və mənəvi azadlıqlarının pozulmasına qarşı etiraz etmək üçün meydanlara axışırdı. Bu məqsədlə qeyri-leqal təşkilatlar yaranmağa başlamışdı. Belə təşkilatlar əsasən Azərbaycan Dövlət Universitetində formalaşırdı. Ömər müəllim də bu təşkilatların birinin yaradıcısı idi. Öz kəskin çıxışları ilə millətçi müəllim və tələbələrin rəğbətini qazanan gənc müəllim dəfələrlə təhlükəsizlik orqanlarına dəvət olunmuş və ona xəbərdarlıq edilmişdi. Belə “dəvətlərin” birindən sonra isə Ömər müəllimi görən olmadı... Nəhayət, ermənilər Bakıda erməni-müsəlman davası törətdikdən, dinc, sakit əhalini qırğına verdikdən sonra Azərbaycanla Ermənistan arasında elan olunmamış müharibə başlandı. Xalqımızın gənc oğul və qızları könüllü olaraq cəbhəyə yollanırdılar. Cəbhəboyu rayonlarda özünümüdafiə batalyonları yaradılırdı. Bərəkətli torpaqlarımıza göz dikən və onu nəyin bahasına olursa olsun, işğal etməyə, ələ keçirməyə çalışan, buna nail olmadıqda isə talayan, yandıran daşnaklar əliyalın əhaliyə qarşı misilsiz vəhşiliklər törədirdilər. Bu müharibədə hər gün yüzlərlə insan həlak olurdu. Ömər kimi millətini, xalqını, torpağını hər şeydən uca tutan bir gənc vətənin bu ağır günlərində, hadisələrə biganə qalıb, valideynlərinin var-dövlətini sağa-sola xərcləyərək naz-nemət içərisində kef çəkə bilməzdi. Yüzlərlə həmyaşıdı kimi o da könüllü olaraq cəbhəyə yollandı. Valideynləri onu fikrindən daşındırıb müharibəyə getməsinin qarşısını nə qədər almağa cəhd etsələr də Ömər dediyindən dönmədi. Atasının “Oğlum, sən elə bir peşənin sahibi olacaqsan ki, öz işinlə burada da, arxa cəbhədə də vətənə xidmət edə bilərsən” deməsinə məhəl qoymayan Ömər gizlicə Qarabağ cəbhəsinə yola düşdü.

***

...Artıq bir ay olardı ki, Ömər döyüş bölgəsində idi. Bir gün komandir onu yanına çağırdı. Ömər içəri daxil oldu, gözləmə otağında bacısını və ata-anasını görəndə gözlərinə inanmadı. İllər həsrətlisi kimi onlarla görüşüb qucaqlaşdı.

- Ata, axı burda döyüş gedir, niyə gəlmisiniz bura? Yaxşı gəlirdinsə, heç olmasa tək gələydin. Bunları niyə gətirmisən? Atası komandirə minnətdarlıq edib oğlu ilə bir az tək qalmaq istədiyini bildirdi. Komandir gedən kimi, kişi yaxınlaşıb Ömərə bir sillə vurmaq üçün əlini havaya qaldırdı. Gözləri yaşla dolmuş anası dərhal araya girdi. Kişi oğlunu başdan ayağa süzüb bu bir ayın içində onun necə də böyüdüyünü, kişiləşdiyini sezdi, əli havada qaldı, onu bir də qucaqlayıb:

- Ə qırışmaq, özünə yazığın gəlmir, heç olmazsa, sən gedəli gözünün yaşı qurumayan bu anana yazığın gəlsin, bacına yazığın gəlsın! Axtarmadığımız yer qalmadı, bilmədik ölülərin siyahısında axtaraq, ya dirilərin... Az qala başımıza hava gələcəkdi, mən şəkər, o təzyiqli adamıq, fikirləşmədinmi ki, axırımıza çıxa bilərsən?! Hə?

Kişi doluxsunub üzünü çevirdi. Ömər arxadan atasını qucaqlayıb:

- Ata, qurban olum, bağışla, ata! Mən bilirəm, belə etməli deyildim, amma məcbur idim, çünki sən buna razı deyildin. Əgər vaxtında icazə versəydin, qaçıb gəlməzdim...

Sonra sözünə bir az ara verib, davam etdi:

- Bir də ki, ay ata, özün gəlirdinsə, tək gələydin da, anamı, bacımı niyə gətirirdin? Ayıbdır axı, adama nə deyərlər, uşaq kimi...

- Kəs ə!.. Kişi olub mənimçün! Biz heç bilirdik ki, səni burda tapacağıq?..

- Oğlum, müharibədir, Allah göstərməsin, başına bir hadısə gələr, döyüşdə heç kəs heç nədən sığortalanmayıb, dilim-ağzım qurusun... vurarlar... şikəst olarsan, əsir düşərsən, yerini bilən də olmaz...

- Ömərin anası qəhər onu boğa-boğa birtəhər fikrini tamamlamağa çalışdı.

- Bilirsən bu ermənilər nə vəhşidir?! Əsirlərin başına nə oyunlar açırlar!..

- Bilirəm, ana, bilirəm, donuza kiş-kiş deməklə darıdan çıxan deyil, elə ona görə də döyüşmək lazımdır. Allahın köməkliyilə bu vəhşilərin torpağımızdan birdəfəlik ayağını kəsəcəyik!

- Ay bala, nə döyüşdün döyüşdün, daha bəsdir, səni heç kəs məcburi gətirməyib ki, institutun yarımçıq qalıb, dərslərinə davam etməlisən, bir ağlın olsun, daşı tök ətəyindən, gedək evimizə...

- Sən nə danışırsan, ay ana, evə gedim?! Bacımın paltarlarından birini də geyinim, oturum evdə, hə? Sən bunu mənə necə rəva görürsən, ana? Dostlarımın, yaşıdlarımın hamısı burda ikən mən evdə necə otura bilərəm?!

- Ay arvad, xeyiri yoxdu, ağzını yorma, Allah xeyirə calasın!.. -- Nə isə, ata, bura təhlükəlidir, tez getsəniz yaxşıdır. Mən də gedim, özüm əlaqə saxlayacam. Ana, bəsdir ağladın, sən sevinməkdənsə, “oğlum böyüyüb, məni qoruyur” deyib öyünməkdənsə, əksinə, göz yaşı tökürsən. Məndən nigaran qalmayın. Yaxınlaşıb anasının yanağından öpdü:

- Anacan, ağlama, gələn ay gələcəm evə.

Sonra astaca qulağına pıçıldayıb:

- Sən burda qalmaqdansa, get Leylanın barmağına üzük seç, - deyib, burnuna yüngülcə çırtma vurdu.

- Nə üzük?

- Nişan üzüyü...

Anasının gözləri güldü:

- Düz sözündü? - Əlbəttə, düz sözümdü. Belə işin zarafatı olar?! - Leyla ilə danışmısan, yoxsa anası ilə mən danışım?

- Sənin danışmağın daha məsləhətdi. Yaxşı, mən getdim...

- Oğlum, anan qurban boyuna, al bu zənbili, içində sən sevdiyin yeməklərdən var. Özün də ye, yoldaşlarına da verərsən.

- Sağ ol, ay ana, əllərinə sağlıq. Mən qaçım.... Ömər əsgər çadırına çatar-çatmaz bağlamaları dostu Namiqə uzadıb:

- Al, Namiq, bilmirəm içində nə var, amma onu bilirəm ki, anamın yeməklərinə söz ol bilməz.

Çağır əsgərləri, hərəsi bir tikə də olsa dadsınlar.

- Bəs sən? Özün hara gedirsən? Bizimlə bir süfrədə oturmursan?

- Mən içəridə yedim...

Əslində Ömər dilinə bir loxma da vurmamışdı, istəyirdi əsgər dostları yesin. Kənara çəkilib papirosunu yandırdı. Bayaq anasına dediyi sözün utancını indi hiss etməyə başladı. Öz-özünü qınadı: “Nə abırsızam e... İndi heç özüm də bilmirəm anama necə dedim o sözləri. Yəqin ki, Leyla məndən də çox utanacaq. Yaman darıxmışam onun üçün... Görəsən, uşaqlar nə edirlər, Ömər müəllim hardadır? Heç bir xəbər-ətər yoxdur ondan. Heyf ona, yaxşı insan idi. Mən bilirdim o da Leylaya biganə deyildi, ancaq mədəni insan idi, alicənab idi, hisslərini heç vaxt büruzə vermirdi.” Papirosunu yarıya çatdırmamışdı ki, birdən komandirin gur səsi eşidildi: -Hamı öz mövqeyinə! Sol cinahdan düşmən hücuma keçib, silahlarınızı yoxlayın! Bir addım da dala çəkilməyin! Sağ cinahda Qaranın uşaqlarıdı, ayıq olun! Ömər öz mövqeyini tutdu. Tabeçiliyində olan dəstənin hər bir üzvünün yerlərində olub-olmamasına fikir verdi, kimin hansı istiqaməti atəş altında saxlayacağını tapşırdı. İki dəqiqə keçməmiş gərğın döyüş başladı. Düşmən mərmiləri dolu kimi başlarına yağdırırdı. Ancaq onların hər bir həmləsi böyük itkilərlə dəf edilirdi. Piyadaların döyüş maşınının mövqeyə girməsinin qarşısını almaq üçün Ömər qumbaraatan Qoşqarı Quru Qobuya göndərdi. Qoşqar sərrast atəşlə düşmənin zirehli maşınını məhv elədi. Cəbhənin bu istiqamətindən müdafiəni yara bilməyəcəklərini görən daşnaklar sağ cinahdan hücumu davam etdirmək qərarına gəldilər. Bunu hiss edən Ömər komandirdən icazə alıb, öz dəstəsini də götürərək sağ qonşularına köməyə tələsdi. Çox ağır bir vəziyyətə düşən qonşu bölüyün döyüşçüləri üçün bu, olduqca vacib bir kömək idi. Mühasirəyə düşmək təhlükəsi qarşısında qalan “sağçılar” mühasirəni yarıb nəinki təhlükədən qurtara bildilər, eyni zamanda özləri düşmənin böyük bir dəstəsini mühasirəyə saldılar. Tərksilah olunan düşmən əsgərlərinə baxış keçirən “sağçıların” komandiri Qara deyilən adam onlara köməyə gələn dəstəyə də minnətdarlıq etməyi unutmadı. Hamısı ilə bir-bir əllə görüşən komandir Ömərə çatanda dayandı, üz-gözü hisə-pasa batmış Ömərə diqqətlə baxdı və birdən:

- Ömər, bu sənsən?! – dedi.

- Müəllim... bağışlayın, komandir, bəli, mənəm... Axı siz... Bəs siz?..

- Yəni mən ölmüşdüm, hə?.. Xortdamışam da...

- Hamı elə bilirdi ki, siz...

- Ömər... Mən çox sevindim səni görməyimə!.. Sən bizə böyük köməklik göstərdin, çox sağ ol!

Sonra əlini onun çiyninə qoyub:

- Gəl bir papiros çəkək, çək, çək... burda olar, burda biz müəllim-tələbə deyilik, hamımız əsgərik, indi bizim bir adımız var – döyüşçü! De görüm, uşaqlar necədir? Ömər ürəyində müəlliminin dediklərini belə yozdu: “De görüm, Leyla necədir?”

- Hamısı yaxşıdır... Sizi çox aradıq, gördüm deyən olmadı.

- Əşi, mənim başıma çox işlər gəldi... Əsirlikdə oldum, oradan qaçdım, sağ olsun yerli camaatı, onların köməkliyi ilə təzədən Vətənə qayıtdım. Nə isə... Qoy işləri yerbəyer edim, sən buralarda ol, dincəl, doyunca söhbət edərik.

Ömər müəllim tələbəsini bir daha qucaqlayıb bağrına basdı və birdən əlləri boşaldı, ayaqları taqətdən düşdü, yüngülcə “Ah!” deyib yerə çökdü. Ömər:

- Müəllim, Sizə nə oldu? – deyib, kürəyindən yapışaraq onu ehmalca yerə uzatdı. Bu zaman əlləri isti qanla doldu. Kimsə əsirlərin birinin üstünə şığıdı. Əlindəki bıcağı onun ürəyinə yeritdi. Tapançasını əlindən alıb bir kənara atdı. Sol kürəyindən girib sinəsindən çıxmış güllə Ömər müəllimin ürəyini parçalamışdı. Ömər onun başını qolları üstə tutub qışqırırdı:

- Həkim, həkim!..

Çətinliklə nəfəs alan Ömər müəllim:

- Dayan... lazım deyil... mənimki daha həkimlik deyil... - Ömərin əlini sıxıb, xırıltı ilə dedi:

- Yadındadır... birinci gün, necə gülmüşdük... Hamısı da Leylanın, Gülüş xanımın işləri idi... O səni sevir, xoşbəxt olun... sən də, o da buna layiqsiz... Əlvi...

- Müəllim, müəllim... komandır!.. Həkim!

Sanitarlar Ömərin qoluna girib kənara çəkdilər. Komandirin cənazəsini xərəyə qoyub, üstünə ağ örtdülər. Ömər özünü saxlaya bilmədi. İlk dəfə idi ki, belə ürəkdən ağlayırdı...

***

Şər qovuşurdu. Yaralılar hospitala daşınırdı. Ömər və dostları heyrət içində can verən yaralı dostlarına baxır və onları inandırmağa çalışırdılar ki, hər şey yaxşı olacaq, onlar sağalacaq, yenidən çiyin-çiyinə bu torpaq uğrunda döyüşəcəklər. Ömər boğazından yaralanan əsgər yoldaşı Cəmilin başını sinəsinə sıxıb özünü soyuqqanlı göstərərək: “Qardaş, bir az səbirli ol, yaxşılaşacaqsan, indi həkimlər əməliyyat edib yaranı bağlayacaqlar. İki-üç günə yenə də döyüşəcəksən...” deyə onu sakitləşdirirdi. Lakin bir neçə dəqiqədən sonra əsgər Ömərin qucağında şəhid oldu. Bir gün əvvəl Cəmilin qızı dünyaya gəlmişdi. O, Ömərə arada fürsət tapıb bircə həftəlik də olsa, Bakıya birlikdə getməyi təklif etmişdi. Demişdi ki, atam yaxşı kabab çəkir. Özü də kababçı olub... Həmin gün bütün günü qızından danışdı. “Deyirlər, sarışındır, mənə oxşayır. Anam deyir ki, çox sevinmə, uşaq qırxı çıxana qədər dəyişir... Mən də deyirəm, hə, nə olsun, qoy lap bir-iki günlük də olsa mənə oxşasın... Bilirsən, mən ali təhsil almamışam, amma istəyirəm qızım təhsil alsın, xalqına faydalı insan olsun...” Lakin Cəmil balasının üzünü belə görmədən şəhid oldu. Ömər onun gözünə əl çəkib sanki son nəfəsini verirmiş kimi onun boynuna sarıldı. Cəmili tağımın yerləşdiyi ərazidə dəfn etdilər. O özü xahiş etmişdi ki, ölsəm, məni Bakıda deyil, bu torpaqda dəfn edin. Əgər mən ölənə qədər Qarabağı ala bilməsək, heç olmasa ruhum vuruşar, bu torpaqda olduğumu hiss edərəm. Dostlarımın qanı ilə suvarılan bu torpaqdan uzaqlara aparmayın məni. İstərəm hər zaman onlarla olum.

***

Ömər ömründə ilk dəfə idi ki, ən çətin bir tapşırığa yollanırdı. Hərçənd ki, o, bütün nifrəti ilə düşmənlə üz-üzə, göz-gözə də qalmışdı, düşmən arxasına da yollanmışdı, onun hərbi sursat bazasını da partlatmışdı, “dil” də gətirmişdi... ancaq indiki kimi tapşırığa həvəssiz, könülsüz getdiyi olmamışdı. Bu tapşırığın o birilərdən fərqi onda idi ki, Ömər düşmən arxasına yox, dost evinə göndərilirdi - həlak olan əsgərlərin ailəsinə qara xəbəri Ömər çatdırmalı idi! Bakıya yetişəndə gün günortadan keçirdi. “Azneft” meydanında avtobusdan düşüb, üzüyuxarı “Baksovet” metrosu istiqamətinə tərəf yoxuşu qalxmağa başladı. Ömər sanki qəribə bir dünyaya düşmüşdü. Hələ də qulaqlarından getməyən “Qrad” mərmilərinin qulaqbatırıcı partlayışı, pulemyot gülləsinin baş üstdən uçarkən tükürpədici vıyıltısı, döyüş vaxtı yaralıların ahı-naləsi müqabilində... şəhərdə gördüyü mənzərələr onu şoka salmışdı. Filarmoniya bağındakı skamyalarda yayxanıb tum çırtlayan və haragəldi tüpürən cavanlar, az qala ilan kimi qıza dolaşan yeniyetmələr, bərkdən şaqqıldayıb gülən oğlanlar, qızlar ona o qədər yabançı gəldi ki, bir anlığa müharibə gedən Azərbaycana düşdüyünə inanmadı. Heyrətlə fikirləşdi: “İlahi, yəni mən də belə olmuşam?! Mənə də belə ikrah hissi ilə baxıblar?!” Ömər bütün bu biabırçılıqları görməmək üçün papağını gözünün üstünə basıb addımlarını yeyinlətdi. Bu bağın içindən gəldiyinə özü də xəcalət çəkdi. Qorxdu ki, onu görüb-tanıyan olar. Ancaq çətin ki tanıyan olsun. Çünki üz-gözü tük içində idi, qırxmağa macal tapmamışdı. Əslində heç üzünü qırxmağa həvəsi də yox idi. Dostlarının sifətini qan içində görüb üz-gözünə necə bəzək-düzək verə bilərdi!.. “20 Yanvar” metrostansiyasında çıxıb birinci Ömər müəllimgilə getməyi qərara aldı. Cəmilin ailəsi Xırdalanda yaşayırdı, ora sonra gedəcəkdi. Ömər müəllimin beşmərtəbəli evin ikinci mərtəbəsində olan mənzilini tapmaq o qədər də çətin olmadı. Qapını döydü. İçəridən yaşlı bir adamın səsi gəldi:

- Elçin, qapı döyülür, tez ol get aç, bala...

Qapını 20-25 yaşında bir genc oğlan açdı.

- Salam! Sən kimsən?

- Elçin, Ömərin qardaşı...

- Tanış olaq, mənim də adım Ömərdir, Ömər müəllimin tələbəsi olmuşam.

- Gəlin içəri.

- Kim var evdə?

- Anam... Ömər içəri daxil oldu.

- Ay bala, kimdi?

- Ömərdi, ana...

- Nə?!

Divardan tuta-tuta yaşlı bir qadın özünü toparaq dəhlizə atdı.

- Oğlum! Ananı niyə öldürürsən, ay bala!.. Gözümün nuru balam, dizimin taqəti oğlum! Gəl bir anan səni bağrına bassın, gəl bir anan səni qoxulasın...

Ana əlini havada oynada-oynada Öməri tapdı, onun paltarını, paqonlarını sığalladı.

- Bıy, başıma xeyir, əsgər olmuş balam, döyüşçü olmuş körpəm!.. Sonra əllərini Ömərin başına tərəf apardı, barmaqlarını sifətində gəzdirdi, sanki ağzını-burnunu yoxladı və:

- Sən... sən Ömər deyilsən!

- Ömərin tələbəsidi, ay ana, cəbhədən gəlib, Ömərin yanından...

Elçin anasını qucaqlayıb, sakitləşdirdi.

- Hə... Nə yaxşı, nə yaxşı! Xoş gəlib, səfa gətirib! Noolar, gəl bir səni bağrıma basım, elə bilərəm oğlumsan, balamın ətrini səndən duyum...

Ana Ömərin başını əlləri arasına alıb alnından öpdü.

- Səndən barıt iyi gəlir, can bala, yəqin Ömərimdən də bu ətir gəlir...

Ana üzünü Elçinə tutub:

- Qaqaşını otağa apar, bala, mən də bir çay qoyum, - dedi və divardan tuta-tuta mətbəxə tərəf getməyə başladı. Onlar otağa keçdilər. Bayaqdan bəd xəbəri bu ailəyə necə çatdıracağını fikirləşən Ömər fürsətdən istifadə edib xəbəri Elçinə deməyi qərara aldı.

- Bilirsən, Elçin, sən artıq böyümüsən, yekə kişisən... evin bütün ağırlığı sənin üzərindədir... sən həm qardaş əvəzi... həm də ata əvəzi olmalısan bu evdə. Ömər müəllim... kişi kimi yaşadı ona verilən həyatı... Qəhrəmancasına vuruşdu!..

Elçin dizləri qatlandı, özünü saxlaya bilmədi, divana çökdü. Ömər onun yanında əyləşib əlini kürəyinə qoydu və:

- Biz tələbələri, dostları... onu heç vaxt unutmayacağıq! – deyə, Elçin ovundurmağa çalışdı.

- Anana bu xəbəri deməyə dilim gəlmir... Elçin bir az özünə gəlib:

- Anama demək lazım deyil... Onsuz da onun ağlamaqdan gözləri tutulub... Bu xəbər onun axırına çıxar... Ömər ayağa durub Elçinin əlini bərk-bərk sıxdı və:

- Başın sağ olsun, Allah rəhmət eləsin! Dəfnin bütün məsələlərini nazirlik özü həll edəcək. Şəhidlər Xiyabanında yer ayrılıb... – deyərək dəhlizə çıxdı.

Onu dəhlizdə qarşılayan ana:

- Ay bala, hara gedirsən, qəşəng çay dəmləmişəm, mixəknən, Ömər də çox sevirdi onu... – deyib qolundan tutdu.

- Bağışla, ay ana, o birisi əsgər ailələrinə də dəyməliyəm, ikicə günlüyə gəlmişəm...

- Yaxşı, qadan ürəyimə, di gəl səni öpüm... sən də mənim ağzımnan Ömərimi öpərsən... İmkanın olsa, qayıdanda burdan gələrdin, bircə balon dovğa, bircə balon da yarpaq dolması verərdim aparardın... Bir dənə də isti köynəyi var, onu verərdim...

- Ana, heç narahat olma, yeməyimiz də yaxşıdır, geyinməyimiz də, bir də ki, bilmək olmaz, bir də gördün, axşam qayıtdım... - Allah üstünnən getsin, ay bala, dostlarına, Ömərimə çoxlu-çoxlu salam de! Denen, ay insafsız, adam bu qədər daşürəkli olmaz axı, bircə dəfə zəng elə, səsini eşidim... ...Ömər özünü blokdan bayıra necə atdısa, az qala içəri girən bir kişini tapdalayacaqdı.

Kişi hirslə:

- Ə, bir ayağının altına baxsan ə... – deyib, əlini havada yellətdi. Ömər:

- Bağışlayin, bağışlayın, - deyib, dayanmadan avtobus dayanacağına tərəf qaçdı.

***

Soraqlaşa-soraqlaşa gəlib Cəmilgilin evini tapdı. Yerdən balaca bir daş götürüb yavaş-yavaş darvazanı taqqıldatdı. Bir xeyli döyəndən sonra həyətdən yaşlı qadın səsi eşidildi:

- Gəldim, a bala, gəldim. Darvaza açıldı. Bir az dolu, ağsaç, başı kəlağayılı nurani bir qadın qapının ağzında dayanmış əsgəri görəndə bilmədi sevinsin, ya...

- Bağışlayın, bura Cəmilgilin evidir?

-Hə... qurban olum, onun evidir. Noolub ki?..

- Heç... Cəmilin yanından gəlmişəm...

- Bıy, xoş gəlmisən, xoş gəlmisən! Keç içəri. Mən də onun anasıyam, başına dönüm. Qapının ağzında dayanma, gəl içəri, səni qəfil görəndə ayaqlarım yerdən üzüldü... Keç, keç içəri.

- Cəmil Sizdən o qədər danışmışdı ki... elə belə də təsəvvür edirdim...

Ananın qaşları çatıldı, zəndlə Ömərə baxdı, qapını örtmək üçün uzanan əli titrədi... Bu da Ömərin gözündən yayınmadı. Ürəyində özünü qınadı: “Bu nə söz idi mən dedim...” -Əsgər geyimini görəndə elə bildim Cəmilsən... O gün danışmışıq. Dedi, bir aya gələcək... Dedi ki, dostlarımdan biri Bakıdandı, xahiş etmişəm bir sizə dəysin. Yəqin elə o dostu sizsiniz... Ömər cavab vermədi. İçəri keçib zaldakı divanda əyləşdi. Divardan asılan Cəmilin toy şəklinə baxdı - ikisi də çox xoşbəxt və qayğısız görünürdü. Şəkilə baxdıqca Ömərin qulaqlarına musiqi sədaları gəlirdi. Təsəvvür edirdi ki, Cəmil öz nişanlısı ilə necə oynayır, dostları onun başına necə pul səpir, ana balasının boyuna baxıb necə sevinir!.. Getdikcə musiqi lap güclənir, onun səsi qulaqları deşirdi. Qoşa nağaranın, klarnetin, sintizatorun gurultusu... az qala masanın üzərindəki meyvələri titrədirdi!.. Ömər qulaqlarını tutdu, səslər qəfil kəsildi, oxuyanların ancaq ağızları açılıb-yumulur, çalanların barmaqıları səssizcə enib-qalxırdı... Ömərə bir anlığa elə gəldi ki, klarnet çalanın əlindəki qumbaraatandı, gitara çalanın əlindəki pulemyotdu, qoşa nağara “Qrad”dı!.. Bir haray-həşir, bir gurultu qopdu, bir nalə, bir qışqırıq ucaldı ki, təpənə tökülən torpaqdan, üst-başına sıçrayan qandan, az qala başına çırpılan kəsilmiş əsgər ayağından... başqa heç nəyi görmür, heç nə eşitmirdin! Ana öz işində idi – elə hey Cəmildən danışır, Öməri söhbətə tutmağa çalışırdı ki, bəlkə ürəyinə dammış xəbərin yanlış olduğuna əmin olsun. Ömər isə beynindəki uğultudan bunların heç birini eşitmirdi. Bu zaman içəri əlində çay olan bir gəlin daxil oldu. Otağa sanki bir sakitlik çökdü. Ömər şəkildən gözlərini çəkdi, əllərini qulaqlarından götürdü və nəzərlərini qadına yönəltdi. Bu, şəkildəki həmin qayğısız qız idi... Ana:

- Cəmilin yoldaşıdır, - dedi. Ömərin ağzından özündən asılı olmadan bu sözlər çıxdı:

–Bəs uşaq?.. -Hə, qurban olum, deyəsən, anası ölməmiş sevindiyindən hamıya danışıb. Yatmışdı, indi gətirərlər.

Üzünü gəlinə tutub tez də əlavə etdi:

- Qızım, durubsa, uşağı gətir, əmisi görsün...

Gəlinlə bir yerdə ana da otaqdan çıxdı. Ömər dərin fikrə getdi: “Mən niyə bu işi boynuma götürdüm axı?! Mən ananın gözünün içinə baxıb necə deyim ki, balanız balasını görməmiş dünyasını dəyişdi... Mən o nakam qıza necə deyim ki, “xoşbəxt günlərimiz hələ qabaqdadır” deyən Cəmilin sənə ancaq bədbəxt günlər qoyub getdi!.. Mən hələ qırxı çıxmamış bu körpəyə necə deyim ki, ay torpağı sanı yaşamış, elə bil Cəmilin özüsən! ” Bu üzüntülü fikirlərdən Öməri körpənin qığıltısı ayırdı. Ana sevincək uşağı Ömərə göstərib: -Bax, oğlum, gör Cəmilə necə oxşayır? Telefonda Cəmilə deyəndə elə sevindi ki, dedi, ana, adını qoymayın, çox qəşəng bir ad fikiləşmişəm, gəlib özüm qoyacam, amma demədi. Ömər xırıltılı səslə:

- Tomris... - dedi.

Ana:

- Kim?

Ömər bir az özünü ələ alıb:

- Cəmil uşağa Tomris adını qoyacaqdı... – özü də hiss etmədən yenə də keçmiş zamanda danışdı.

- Tomris?! Bu nə addır?

- Tomris Azərbaycanın ilk qadın hökmdarı olub.

Ana gülümsünüb:

- Hə, yəqin, Cəmil istəyir ki, qızı da gələcəkdə hərbçi olsun, yoxsa bu adı fikirləşməzdi, - dedi və sözünə davam etdi: - Cəmil müharibəyə gedəndən sonra çox dəyişdi, əvvəllər çox qısqanc idi. Bir az köhnə fikirli idi, düşünürdü ki, qadın evdən bayıra çıxmamalıdır, onun işi, rəhmətlik Sabir demiş, “ev işi, paltar tikişi, köhnə yamaq, yun daramaq... bir də bozbaş” bişirməkdir. Ancaq müharibəyə gedəndən sonra tamam dəyişdi. Hətta bir dəfə üçgünlük evə gəlmişdi, onda dedi ki, bizim içimizdə elə qadınlar var ki, min dəfə bəzi kişilərdən qeyrətlidir. İstəyirəm ilk övladım qız olsun. Elə bil Allah da ağzından eşitdi... Ana bir az sözünə ara verib:

- Oğlum, elə hey mən danışıram, bir de görüm, cəbhədə vəziyyət necədir? – deyə divanın bir küncünə qısılıb oturdu. Ömər qısaca:

- Pis deyil, - dedi. -Keçən dəfə Cəmil şəkil göndərmişdi, yamanca arıqlayıb, indi necədir?

Ömər gözlərini ananın gözlərinə dikdi. Özündən asılı olmadan göz yaşlarını saxlaya bilmədi. Ana durub otağın qapısını örtdü. Ömərin əllərindən yapışıb:

- Oğlum, mən iki oğul itirmişəm, mənə düzünü de: Cəmil yaralanıb?

Bu dəfə Ömər başını aşağı salıb hönkürdü... Ana ağır-ağır divandan durdu, başındakı yaylığı açıb masanın üzərinə sərdi, həzin-həzin ağı deməyə başladı!..

- Analar yanar ağlar,

Dərdini sanar ağlar,

Dönər göy göyərçinə

Yollara qonar ağlar!..

Ömər anaya təskinlik vermək istəsə də onun çiyinlərini qucaqlayıb daha da bərkdən hönkürdü. Ana lap göynədi... başını qaldırıb yazıq-yazıq Ömərə baxdı:

- Hamının balası gəldi, Bəs mənim balam hanı?!

Ömər qeyri-ixtiyari olaraq ayaqlarını cütləydi, qamətini dikəltdi və anaya hərbi təzim etdi:

- Vətən və dostları Cəmili heç vaxt unutmayacaq! Onun adı dövlət mükafatına təqdim olunub... Başınız sağ olsun... ana!

O, sanki “Azad!” komandası alıb, qapının cırıltısına boylandı. Qapının arasından ona tuşlanan hədəqəsindən çıxmış, dəryalara qərq olmuş, suallar və heyrətlə dolu iki göz baxırdı!.. Bu, Cəmilin həyat yoldaşı idi. Ana da onu gördü və daha özünü saxlaya bılmədi, İlahi, necə sızladı!

- Gəl, gəl, mənim qəm yoldaşım!!! Gəl, dözəmmirəm, gəl! Kömək elə... bu qəm yükünü birgə çəkək... gəl!

Gəlinin ayaqüstə durmağa taqəti olmadı, yerə çökdü, ananın oğlunun cənazəsi sandığı kəlağayıya tərəf süründü və bədahətən sürünə-sürünə bu mərsiyəni söylədi:

- A yollar, apar məni...

Özümdən qopar məni!

Gözüm ondan doymaydı

Gözümdən qopar məni!..

Ömər də bax beləcə, sürünə-sürünə bayıra çıxmaq istəyirdi ki, qonşu qadın səsə içəri girdi.

- Noolub, ay bala?! – deyə, ağlayanları görəndə... hər şey ona aydın oldu.

***

Ömər oradan necə çıxdığını heç özü də bilmədi, qulaqlarını tutub qaça bildiyi qədər qaçırdı. Ancaq özünü qınayırdı. “Nə üçün bu xəbəri mən deməliydim?!” Şər qarışmışdı. Yol kənarındakı bir daşın üstündə oturdu. Bir az özünə gəlib toxdadı. Ürəyi bərk çırpınırdı. Əlini ürəyinin üstünə qoyub bərkdən və bir az da əsəbi halda: “Kimsə deməliydi də bunu...” Dönüb ətrafına baxdı, yaxşı ki heç kəs yox idi... Ömər ac-susuz xeyli daşın üstündə oturdu. Ona elə gəlirdi ki, durub getsə, yenə də kiməsə qara xəbər aparacaq. Bir inni-cinni yox idi. Nəhayət, uzaqdan böyük yük maşınının işıqları görsəndi. Maşın Ömərə çatanda dayandı.

- Atam, burda nöşün oturmusan? Getməyə yerin yoxdusa, dur gedək bizə. Ömər yerindən durub:

- Yox, sağ olun, evə getməliyəm, Montinə...

- Bu vaxt ora çətin maşın olar, bir azdan komendant saatı başlayacaq... Dur gedək bizə, yuyun, özünə gəl, səhər yola salaram.

Ömərin razılaşmaqdan başqa çarəsi qalmadı. Bu evdə onu elə qarşıladılar ki, sanki ən əziz qonaqları gəlib. Masanın üzərinə cürəbəcürə yeməklər düzdülər. Sürücü Ağaəli kişi Ömərin qarşısındakı boşqabı götürüb:

- Ürəyin hansı yeməkdən istəyir ondan çəkim, - deyə, dolma boşqabındakı qaşığı götürdü. Ömər başının işarəsi ilə “fərqi yoxdur, hansından olsa, qəbuldur” deyə minnətdarlıq bildirdi. -Mənim də oğlum müharibədədir, döyüşür. Qardaşım da ordadır. Əmi-bala torpağımızı qoruyurlar. Mən də getmək istəyirdim. Külfət qoymur, onlar boynumda olmasa, heç durmaram, bu dəqiqə gedərəm.

Ömər:

- Müharibə dəhşətdir... Ölüm var, itim var, qara xəbəri xoşbəxt bir ailəyə çatdırmaq var, onların arzularını gözündə qoymaq var... – dedi və gözləri dolub yol çəkdi.

- Oğlum, sən döyüşçüsən, bunların hamısına hazır olmalısan. Torpaq qanla suvarılmasa, onun qədri bilinməz! Onu işğal edənlər olub ki, azad edənlər də var! Əlbəttə, ölüm-itim də olacaq, qan da töküləcək. Nəticədə qanımız bahasına azad etdiyimiz torpaqların qədrini daha çox biləcəyik. Bizim əvəzimizə kimsə gəlib vuruşmayacaq, kimsə o torpaqları nimçədə gətirib verməyəcək! Bunları düşünsək, ölümə də, itimə də göz yumacağıq. ...

Dan yeri sökülürdü. Ömər yerinin içində uzansa da səhərə qədər gözlərini qırpmamışdı. Ayağa durub həyətə çıxdı. Tələm-tələsik yuyunub, yol aldı evlərinə. Qapının zəngini basdı. Həmişə erkən duran atası bu dəfə də tez durmuşdu. Öməri görüb sevincini saxlaya bilmədi:

- Ay həmişə sən gələsən, oğlum! Heç olmasa xəbər verəydin gəlməyini, qarşılayardıq...

Ömər yuxulu halda:

- Ata, camaatı oyatma, yorğunam, yatmaq istəyirəm, - dedi və öz otağına keçmək istədi.

- Qoy anamgil yatsınlar.

- Nə yatmaq, ay bala, artıq oyanıblar!..

Elə bu sözdən dərhal sonra səsə içəri girən anası ilə bacısı Ömərin boynuna atıldılar. Ömər bacısının qollarını güclə boynundan açıb, üzünü anasına tutdu:

- Ana, mən yatdım, üstümü bərk-bərk basdır. Bacı, səninlə də duranda çoxlu-çoxlu söhbətləşərik.

- Oğlum, bu isti havada yorğan nədir... tərləyib xəstələnərsən. Ömər yorğanı başına çəkib:

- Yox, mənə soyuqdur, yatmaq, tərləmək istəyirəm... – deyib, elə o dəqiqə də yuxuya getdi. ...

Ömər yuxudan günorta düz saat 12-də oyandı. Qohum-əqrəba hamısı Ömərgilə axışmışdı. O yuyunub özünü bir az qaydaya saldı və qonaqlarla bir-bir görüşməyə başladı. Hamını ən çox cəbhədəki vəziyyət və əsgərlərin döyüş ruhu maraqlandırırdı. Ömər döyüş səhnələrini elə maraqla danışırdı ki, nisbətən cavanlar və yeniyetmələr məzəmmətlə ata-analarına baxırdılar. Yəni ki, “bax, siz qoymursunuz bizi getməyə”... Ömər isə arada zarafatla atasına da söz atdı:

-Bir-iki aya atamı da aparacam özümlə. Qoy görsün ki, işçinin üstünə qışqırmaq qəhrəmanlıq deyil... Mən bilirəm ki, o, zəhmiylə düşmənin də bağrını yaracaq!

-Ay bala, mən zəhmli adam olsaydım, sən mənimlə belə danışmazdın... Hamı gülüşdü.

***

Ömərin ezamiyyətinin bitməsinə bir gün qalırdı. O hələ də sevgilisini görə bilməmişdi. Qiyabi şəkildə nişanlandıqlarından Leylanın valideynləri Öməri yaxından tanımırdılar. Axşam valideynləri Öməri də götürüb Leylagilə getdilər. Ömərin ciddiliyi və ədəb-ərkanı Leylanın valideynlərinin çox xoşuna gəldi. Arada fürsət düşən kimi cavanlar sakit bir guşəyə çəkildilər. Ömərin içində sonsuz bir narahatlıq vardı. Leylanın aramsız və tələbkar sualları qarşısında çətinlik çəkirdi. Leyla durmadan xəyallara dalır, gələcək üçün biri-birindən maraqlı planlar qururdu. Ömər isə susurdu, Leylanın ona çox bağlanmasını istəmirdi. Bilirdi ki, bu, xoş günlər uzun sürməyə bilər. Haçansa dostlarından biri onun da ailəsinə qara xəbər gətirə bilər. Cəmilin başına gələnlərdən bir gün onun da başına gələcəyinə şübhəsi yox idi. ...Səhər alatoranda heç kəsi oyatmadan, heç kəsə demədən və heç kəslə sağollaşmadan Ömər durub yenidən cəbhəyə, Qarabağa yola düşdü.

***

1993-cü ilin əvvəlləri idi. Cəbhədə döyüşlər daha da qızışmışdı. Hər gün onlarca insan həlak olurdu, yaralıların sayı-hesabı yox idi. Ermənilər azərbaycanlılar yaşayan kəndlərə basqın edir, dinc əhalini amansızcasına qırır, çoxlu əsir götürürdülər. Rusların və muzdlu döyüşçülərin köməyi ilə bütöv rayonlar ələ keçirilirdi. İşğal olunmuş ərazilərdə əhali məhv edilir, yeraltı və yerüstü sərvətlərimiz vəhşicəsinə talan olunurdu. Arxa cəbhədə, Azərbaycanın siyasi mərkəzində də vəziyyət ürəkaçan deyildi. Sovet rejimi dağıldıqdan sonra hakimiyyətə gələn qüvvələr arasında birlik və koordinasiya zəif idi. İdarəetmədə təcrübəsizlik və səriştəsizlik ölkədə nəinki xaos yaratmışdı, eləcə də cəbhədə başıpozuqluq, hərcmərclik, tabesizlik, mənəm-mənəmlik, separatizm tüğyan edirdi. Ömər bütün bunları görür və cəbhədə vəziyyəti düzəltmək üçün Müdafiə Nazirliyinə mütəmadi teleqramlar, təkliflər göndərirdi. Lakin onun bu təşəbbüsü heç də nə yuxarıda, nə də aşağıda rəğbətlə qarşılanmır və bumeranq kimi zərbənin bir ucu qayıdıb özünə dəyirdi. Ömərin evlərinə gələrkən dediyinə görə, o, iki-üç aya qayıtmalıydı. Atası Bəkir müəllim də məhz buna görə xeyir işin vaxtını planlaşdırmışdı. Lakin vəziyyətin çətinləşdiyini görüb evdə artıq onun təxirə salınması barədə fikirləşirdilər. Hər səhər yuxudan duranda anası gecə gördüyü qarışıq yuxuları ərinə danışar, Bəkir müəllim isə ona ürək-dirək verər və sonda bu sözləri deyərdi: “Allah axırını xeyirə calasın!” Və nəhayət... Ömərin anasının gördüyü yuxular çin oldu!.. Ömərin də qara xəbəri gəldi! Dostları onun parçalanmış cəsədini həyətə gətirdilər. Meyit tanınmaz halda idi. Yalnız barmağındakı üzükdən onun Ömərə aid olduğu bilinirdi. Ananın ürəyinə dağ çəkildi. Atanın beli büküldü. Bacısının göz yaşları qurumadı. Sevgilisi fəqan eylədi, əli bu dünyadan üzüldü... Öməri Şəhidlər Xiyabanında qəhrəmanlara layiq şəkildə dəfn etdilər. Onu bir gün də olsun, tək buraxmadılar. Hər gün qəbrinin üstünə tər qərənfillər qoyulurdu.

Ömər Leylaya sağlığında qərənfil bağışlamağı xoşlayırdı. Özü də onun müxtəlif rənglərini. Gülsatan oğlan onun zövqünə bələd idi, Ömər ağzını açmamış o, qırmızı, ağ, çəhrayı, bənövşəyi qərənfillərdən bir buket düzəldirdi ki, deyərdin məşhur bir xalçaçı ustanın əlindən çıxıb! Lakin indi bu qərənfillər artıq öz məzmununu dəyişmişdi – onlar daha sevgililərə verilməyəcəkdi!.. Çünki qan rəngiylə boyanmış qərənfillər indi ancaq sevgililərin qəbirləri üzərinə qoyulurdu. Heyf qərənfildən, heyf ki, indi o ancaq ölülər üçün əkilir!.. Ömərin dəfnindən sonra Leyla o gün olmazdı ki, Şəhidlər Xiyabanına gəlməsin və Ömərin qəbrini qucaqlayıb saatlarla göz yaşı axıtmasın. Ailə üzvlərindən kimsə gəlib onu evə aparmasa, o, gecəni də burda qalardı. ...Beləcə ay yarım keçdi. Bəkir müəllimin evində qırxa hazırlıq görürdülər. Bir gün qapı döyüldü. Qonşulardan kiminsə gəldiyini zənn edib Qəribə xanımın yaxın rəfiqəsi Könül xanım qapını açdı və birdən... “Ömər!” deyib, qəşş elədi. Mətbəxdə iş görən ananın ürəyi düşdü, dili tutuldu, səsi batdı, ancaq xırıldadı!.. Divardan tuta-tuta birtəhər qapıdan boylandı. Könül xanımı yerə uzanmış görəndə qışqırdı: “Ay qız sənə nə oldu?! Su gətirin, tez olun!” Lakin əsgər geyimli bir adamın onu ayıltmağa çalışmasını görəndə təlaşla “Ey, sən kimsən?!” deyə dəli kimi bağırıb, o da Könül xanımın yanına yıxıldı... Əsgər: -Ana, ana, bu mənəm, ana! Bacı, su gətir, tez ol! Ancaq evdə daha heç kəs yox idi. Ömər mətbəxə qaçıb su gətirdi, gah anasının, gah da Könül xanımın üzünə su çiləməyə başladı. Birinci Könül xanım ayıldı. O, təəccüblə Ömərə baxıb, Qəribə xanımı ayıltmağa ona kömək etdi. Handan-hana özünə gələn ana onun başı üzərində dayanmış Ömərə baxıb, sanki onu hürküdəcəyindən ehtiyat edib, çox titrək bir səslə pıçıldadı:

- Sən yuxusanmı, ruhsanmı, bilmirəm... hər kimsənsə, getmə, yanımda çox qal... qoy sənə doyunca baxım... gözündən gözüm doysun... Ruhuna qurban olum, ay oğul!.. Yuxuma bir şirinlik qatdın, yuxun şirin olsun, ay oğul!.. Qoy bu şirin yuxuda çox yatım... bir az da sən mənim... keşiyimi çək...

Ana zarıya-zarıya əllərini Ömərin üz-gözündə gəzdirdi, paltarını sığalladı: “Elə bil dirisən!..”

Könül xanım astaca dilləndi:

- Ömər özüdü, ay Qəribə, gözün aydın olsun...

- Sus!!! Bərkdən danışma! Hürküdərsən...

- Qəribə xanım rəfiqəsinə baxmadan lap yavaşdan danışdı. Könül xanım nevropatoloq idi. O, yaxşı bilirdi ki, belə hallarda xəstənin vəziyyətinə uyğunlaşmaq lazımdır, əks təqdirdə xəstə havalana bilərdi. O, yenə də Qəribə xanıma müraciətlə:

- Gəl Öməri evə dəvət edək, yoldan gəlib, yəqin ac-susuz olar... -Hə... düz deyirsən... Kömək elə durum...

- Qəribə xanım Ömərin əlindən tutub durmağa cəhd göstərdi, - əlini mənə ver, oğlum...

Onlar hərəsi bir tərəfdən Qəribə xanımı durquzub divanda əyləşdirdilər. Könül xanım üzünü Ömərə tutub:

- Sən keç paltarını dəyiş, oğlum, mən də anana bir sakitləşdirici iynə vurum.

On dəqiqədən sonra bayaqdan gözünü Ömərin üzündən çəkməyən ananın qəfil gözlərindən sel kimi yaş axmağa başladı. Könül xanım:

- Şükür, təhlükə sovuşdu, - deyib, Qəribə xanımın qollarını ovuşdurmağa başladı. Qəribə xanım ağır-ağır divandan durub Ömərə yaxınlaşdı və onu duz kimi yalamağa başladı...

***

Onlar Ömərin qəbri önündə dayanmışdılar. Təzə-tər qərənfilləri məzarın üstünə düzdükdən sonra Ömər dedi:

- Ata, bu məzarda elə bilin ki, öz oğlunuz yatır. O mənim ən yaxın dostum idi. Mən hamama girib yuyunmamışdan əvvəl barmağımdakı üzüyü çıxardıb vannanın kənarına qoydum. Yadımdan çıxıb üzüyüm orda qalıb. Arxamca döyüş yoldaşım Rauf girib, üzük itməsin deyə barmağına taxıb ki, mənə versin. Elə həmin gecə ermənilərin hücumuna məruz qaldıq. Ağır döyüş idi. Çoxlu itkimiz oldu. Mən də ağır yaralandım. Ayılanda gördüm ki, hospitaldayam, başımın üstündə ağ xalatlı bir qadın dayanıb. Bir ay komada olmuşam. Huşum yerinə gələndən sonra istəmədim ki, bu vəziyyətdə məni görəsiniz. Düşündüm ki, sağalaram, özüm yanınıza gələrəm. Ömər gülləri düzəldə-düzəldə:

- Bəs Leyla necədir, məzarımın üstə heç gəlir? – deyə bir az narahatlıqla dilləndi.

- Əvvəllər hər gün gəlirdi... – bacısı astaca dedi.

- Bəs sonra?! – Ömər sərt şəkildə dönüb bacısına baxdı. Hamı susdu.

- Ana, mənə düzün deyin, Leyla ərə gedib?

- Yox, oğlum, ərə getməyib, amma sənin xəbərini eşidəndən sonra bərk xəstələnib...

- Hardadı indi? Hansı xəstəxanadadı? Nolub Leylaya? Atası Öməri sakitləşdirib:

- Özünü ələ al, oğlum, o Gəncədədir.

- Axı, orda nə işi var onun?! Ata, mənə düzünü deyin, xahiş edirəm!

- Oğlum, Leyla sənin möhnətinə dözməyib havalandı. Qardaşı onu Gəncədə özünün işlədiyi psixiatrik xəstəxanaya qoyub. Anan çox xahiş elədi ki, qoyun burda özüm baxım, razılaşmadılar...

***

Ömər Leylanın yerləşdirildiyi xəstəxananı çətinliklə tapdı. Qardaşı ilə görüşdü. Nə müalicə həkimi, nə də qardaşı Leyla ilə görüşməyi məsləhət bilmədi. Dedilər ki, qız indi-indi sakitləşib, səninlə gözlənilməz görüşü onu yenidən halından çıxaracaq. Allah kərimdir, qoy görək axırı necə olur... Lakin Ömər inad göstərdi:

- Mən ona görə Əzrayılı aldadıb xortdamamışam ki, mənim ucbatımdan əziyyət çəkənlərin qarşısında borclu qalım... Əlacsız qalan həkim fikirləşdi ki, bəlkə bu da bir xeyirliyədir... Qəfil görüşdən çox şey gözləmək olar! Görüşə razılıq verdi. ...Ömər başı daz qırxılmış, üst-başı pinti, bir küncdə ayaqlarını qucaqlayıb oturmuş, yerində yırğalana-yırğalana nənni oxuyan qadını görəndə bədənindən soyuq bir gizilti keçdi! Onun Leyla olduğuna inana bilmədi. Ona yaxınlaşıb reaksiyasını öyrənmək üçün salam verdi. Leyla başını yerdən qaldırmadan:

- Mən səni gördüm... Sən içəri girəndə mən səni tanıdım... Balama da dedim ki, bax, atan gəlir!.. İndi bizi aparacaq oppalara...

- Leyla!

- Yoox... mən Leyla deyiləm... mən Gülüşəm... Leyla ölüb... Sən öləndə o da öldü.

Ömər Leylaya yaxınlaşıb onu qucaqladı:

-Yaxşı, Gülüş, gəl balamızı birgə əzizləyək, - deyə onun əlindən tutdu, - öz evimizə gedək, mən daha ölməyəcəm, həmişə sizinlə birlikdə olacam!..

- Söz verirsən? Balama da söz ver!

- Söz verirəm!.. Leyla bir xeyli diqqətlə Ömərə baxdı və gözləri doldu.

- Sən yalan deyirsən, sən məni sevmirsən! Sən məni aldadıb atacaqsan! Balamı da əlimdən alacaqsan!

Həkim Ömərin qolundan tutub kənara çəkdi və:

- Özünüz gördünüz, - dedi, - əgər sizin də görüşünüz onun halını dəyişdirmədisə, deməli, buna hələ uzunmüddətli müalicə lazımdır.

- Siz inanırsınız ki, müalicənizin effekti olacaq?

- Allahın əlindədir... Ömər həkimlə birgə bayıra çıxdı. Xahiş etdi ki, bir neçə gün gəlib-getməyə ona icazə versin. Yenicə sağollaşıb ayrılırdılar ki, pəncərədən Leylanın dəli kimi qışqırığı eşidildi:

- Öməəər!!! Ömər elə sandı ki, Leyla özünü pəncərədən atır, dönüb baxanda bir də onun səsini eşitdi:

- Ömər, məni hara qoyub gedirsən, Ömər?! Ömər pillələri qaça-qaça necə dırmaşdısa, bir göz qırpımında özünü Leylaya yetirdi.

- Leyla, Leylam mənim, canım mənim!

- Ömər, Ömər...

Bir andaca Leylanın qardaşı, onun müalicə həkimi, digər tibb personalları onların başına yığışdılar. Baş verən möcüzə münasibətilə hamısı bir-birini qucaqlayıb təbrik edir, sevinirdilər.

Ömər Leylanı bağrına basıb:

- Leyla, bu dəhşətli bir yuxu idi! Yaxşı ki, bu yuxudan tez ayıldıq... Ağlama, canım, biz birlikdə Bakıya, öz evimizə qayıdacağıq. Daha heç zaman ayrılmayacağıq!

Epiloq

Bir ildən sonra körpə bir Cəmil dünyaya gəldi. Ömər Cəmilin balasını da unutmadı. Onun yaxşı təhsil alması üçün əlindən gələni əsirgəmədi. Bəli, müharibə əlimizdən çox şeyləri aldı, ancaq bircə şeyə - insanlığa, sevgiyə, sədaqətə toxuna bilmədi!..

# 2397 dəfə oxunub

Müəllifin son yazıları

# # #