Almaniyada qızı tapılan Qərib kişi - Fərid Hüseyn yazır

Almaniyada qızı tapılan Qərib kişi - Fərid Hüseyn yazır
3 iyun 2020
# 16:22

Kulis.az Fərid Hüseynin yazıçı Mirmehdi Ağaoğlunun "Alman malı” hekayəsi haqqındakı məqaləsini təqdim edir.

Oskar Uayld Balzak haqqında yazır ki, onun romanlarına qədər XIX əsr mövcud deyildi, XIX əsri onun romanları yaratdı. XXI əsr Azərbaycanının mənzərəsini ədəbi baxımdan yaradan yazıçılarımızdan biri də Mirmehdi Ağaoğludur. O, zəmanəsini, yaşadığı dövrün problemlərini qələmə alan, ictimai dərd-səri gizlətməyən yazıçılarımızdan biridir.

Süjetin izi ilə



Qərib kişi Kənd Təsərrüfatı Nazirliyinin fərdi təsərrüfatın inkişafına ayırdığı kreditlə üç baş cins inək alıb.

Bir gün "Səni axtarıram” verilişinə baxan Qərib kişi ekranda cavanlıq şəklini görür. Məlum olur ki, o, 30 il əvvəl Almaniyada qulluqda olan vaxtı bir qadınla münasibət qurub və ondan qızı dünyaya gəlib. İndi həmin qız verilişdə atasını axtarır.

Anna verilişdə deyir ki, Azərbaycanı da Tayvan, Hindistan, Vyetnam kimi Şərq ölkəsi zənn edirmiş, amma vətənimizi görəndən sonra yanıldığını anlayıb. Müasirliyimiz onu mat qoyub.

Qərib kişi tez həmin verilişə zəng vurub əlaqə saxlayır, Annanı kəndə gətirirlər. Maşından düşən kimi azərbaycanlı arvadlar Annanı öpə-öpə heydən salırlar. Sonra bu vegetarian qızın ayağının altında qoç kəsirlər, alnına qan vururlar, o, insan izdihamından, bu vəhşət mənzərəsindən az qalır dəli ola və qurbanlıq qoyunun üstünə qusur.


Kimsə alman dilini bilmir ki, Annayla düz-əməlli nəsə danışsın. Axır Qəribin ingilis dilindən fərdi hazırlığa gedən qardaşı qızını tapıb gətirirlər ki, Anna ilə söhbət eləsin.

Qəribin azərbaycanlı arvadı bu alman qızı ilə yaxşı rəftar edir. Ümid eləyir ki, qız onlara Almaniyadan inək alıb göndərər, mal-qaranın artımı ilə kreditlərini verər və qızınz cehiz alarlar.

Hekayənin sonunda arvadı gəlib görür ki, Qərib tövlədəki xəstə inəyinin başını qucaqlayıb ağlayır: "Anna, bağışla məni, mən o vaxt nahaq ananı atdım. Bağışla məni, qızım, bağışla. Mən sizi atmasaydım, sən atasız böyüməzdin, bizim gözəl ailəmiz olardı. Mən də bu cəhənnəmə qayıtmazdım”. Qəribin arvadı bu mənzərəni görüb başını götürüb qaçır.

Nəhayət, üçüncü inək də ölmək üzrə olanda onu kəsirlər. Vegetarian Annanın bu dəfə də ürəyi gedir, Qərib də bütün olanlardan bezərək evdən küsüb getmiş arvadını gətirməyə yollanır.

Məna dağarcığı:

1. Biz vegetarianın (Qərb) ayağının altında "qurban kəsən”, (Şərq) iki dəyər arasında qalmışıq.

2. Bizim reallığımızda nəinki alman qızı, heç inəklər də yaşaya bilmir və ölürlər.

3. Anna bu mühiti görür və bu "dəli yığıncağı”nda onu çəkən bircə səbəb də olmur.

4. Biz nə alman, nə də Annanın "dili”ni bilirik, dolayısı ilə Avropanın dilini bilmirik.

5. Hekayənin sonunda çox ağrılı bir mənzərə nəzər çarpır: Qərib çarəsiz qalıb arvadının dalınca gedir. Bir sözlə, bizi bədbəxt və xilas edən də eyni adamlar və eyni gərçəklikdir.

6. Qəribin Almaniyada qızından başqa heç nəyinin olmaması onu göstərir ki, bizim dünyəviliyimiz, ancaq bioloji səviyyədədir.

# 2575 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #