"Həm qəribə zövq aldım, həm də əsəbiləşdim..." - Hekayə müzakirəsi

"Həm qəribə zövq aldım, həm də əsəbiləşdim..." - Hekayə müzakirəsi
20 noyabr 2025
# 15:15

Kulis.az Orxan Cuvarlının "Musson küləkləri" hekayəsi haqqında qələm adamlarının fikirlərini təqdim edir.





Mübariz Örən :

"Orxan Cuvarlının "Musson küləkləri" hekayəsi əsl arı məhsuludu, - xalis bal pətəyi! - qüsursuz quruluşda dopdolu məlhəm".



İlham Əziz :


"Orxanın hekayəsi işarələrin rəqsidir. Onun mətndəki rahatlığı və səliqəsi məni heyran edir. Orxan hər keçən gün inkişafdadır.

“Musson küləkləri” realist mətn olmaqla bərabər sehrdən də xali deyil. Nübar dadında, hər oxuyanda bədii, estetik gözəlliklər ehtiva edən hekayədir. Orxana yeni-yeni uğurlar diləyirəm".




Samirə Əşrəf :

"Hekayənin dili və təsvirlər xoşuma gəldi. İnsanın tənhalığını qadın gözündən verməsi maraqlı idi. Son vaxtlar elə mənim özümün də hekayələrimdən ancaq kişi nəqlçilər boylanırlar. Ancaq bu dəfə qadın səsi eşitdim. Xüsusən, məişət, mətbəx detalları maraqlı idi. Hiss olunur ki, müəllif ciddi müşahidəçidir. Biz 60-cıların nəsrində kənd və şəhər arasında qalan insanlar barədə çox oxumuşuq. Burada həmin atmosferi hiss etdim.

Bir az da özümü, Qarabağ insanlarını xatırladım. İndi işğaldan azad olunmuş torpaqlara getmək istəyib də gedə bilməyən, orda yaşaya bilməyən nə qədər nisgilli insanlar var. Əvvəl getmək olmurdu, indi isə həyatında qurulumuş şəbəkəni dağıdıb, hardansa söküb gedə bilmirsən. Orxanın bu hekayəsi də məhz insan həyatının, taleyinin doğulduğu yerə məxsus olması haqqındadır. İndiki dinamik həyatımızda vaxt tapıb belə bir hekayə yazdığına görə təbrik edirəm. Davamı olsun!".




Cavid Ramazanov :


"Orxan Cuvarlı ip üstündə gəzib bu hekayədə. Necə xəfif, incə!

Hekayənin adı belə o incəlikdən xəbər verir.

"Qardaşımın atası" hekayəsini bu yaxınlarda oxumuş, çox bəyənmişdim. Bu hekayə haqqındakı qənaətimi möhkəmləndirdi".



Xəyyam Rəfili :


"Uşaq vaxtı nənəm mənə hər səhər bir xörək qaşığı bəhməzi zorla içirdərdi. Boğazımı yandırmağından, ağzımda saxlayıb, uda bilməməyimdən bəhməzə nifrət edərdim. Biraz böyüyəndən sonra başa düşdüm ki, bəhməzin içinə azca ərimiş sarı yağ qatıb, təzə təndir çörəyi ilə yeyəndə çox ləzzətli olur. Orxanın hekayəsi də içinə sarı yağ qatılmış bəhməz kimi ləzzət elədi. Hərdən boğazımı göynətdi, hərdən burnuma xoş ətri dəydi, hərdən də yağ kimi getdi. Hekayəni oxuduqca düşünürsən ki, bu dəqiqə bir şey olacaq. Ya kimsə uzaq bir yerdən gələcək, ya hekayənin qəhrəmanı atasına gözlənilməyən xəbər verəcək, ya da atası ona nəsə gizli bir sirr açacaq. Adamı intizarda saxlamağı bacaran (özü də şirin dillə) hekayələri sevməmək olmur.

Dil, üslub, təhkiyə kimi mövzulardan danışmaq istəmirəm, çünki bu iş tənqidçilərin öhdəsinə düşür. Mənə görə hər şey əladı. Təcrübəli bir qələmin redaktəsini hiss elədiyimi sevinərək demək istəyirəm. Yanıla da bilərəm. Amma kim redaktə edibsə, qələminə qüvvət, çox yaxşı edib. Orxanı da bağrıma basıb, təbrik edirəm".



Sara İbrahim :


"Bəlkə, təsadüf idi, bəlkə də yox. Mən bu hekayəni kəndimizdə, yiyəsiz, yaşlı anamın ümidinə qalmış ata yurdumda oxudum və mənə elə gəldi, hekayəni mən özüm danışıram. Hər detal, hər bir cümlə mənə tanış gəldi. Bizim də bağımızın meyvələri çürüyüb torpağa qarışır, quşlara, qarışqalara yem olur.

Hekayə xoşuma gəldi, birnəfəsə oxudum. Hekayədə ola bilsin, çatışmazlıq, qüsurlar var, amma mən onları görmək iqtidarında olmadım. Məni o qədər duyğulandırdı ki, xaraba yurddakı tənha atadan başqa heç nəyi görə bilmədim.

Orxan Cuvarlıya yeni, mükəmməl hekayələr yazmağı arzulayıram".



Vüqar Van :


"Nə yalan deyim, "Musson küləkləri" hekayəsini birinci dəfə oxuyanda yaxşı başa düşmədim, başa düşmədiyim üçün həm qəribə zövq aldım, həm də əsəbiləşdim. İkinci dəfə oxudum. İkinci dəfə başa düşdüm.

Ədəbi qiymətləndirmələrin gəlib-keçici, ötəri olduğunu bilirəm, amma mütləq demək lazımdır ki, Orxanın "Musson küləkləri" hekayəsi son dövlər yazılmış ən yaxşı hekayələrdəndir.

Mənim çox xoşuma gəldi.

Orxanı təbrik edirəm, daha çox yazmağını arzulayıram və kitabını maraqla gözləyirəm".



Nadir Yalçın :


"Orxan Cuvarlının hər yeni mətni əvvəlkini üstələyir. Bu hekayədə ekspozisiya ilə mətləb arasında mübarizə gedir. Belə mətnlərə ip üstündə təkayaq dayanan hekayə də deyə bilərik. Təhlükəlidir. Bir ötəri ehtiyatsızlıqla mətləb, hekayə janr kimi ekspozisiyaya, mənzərəyə uduza bilər burda. Ona görə rəylərin hamısı birmənalı olmaya bilər. Bu mənada belə mətnlər müəllifdən cəsarət istəyir. Cuvarlı cəsarət göstərib. Uğurlar".



Rəvan Cavid :


"Çox bəyəndim. Hekayə adama yazmaq üçün motivasiya verir. Dostlarım bilmirəm necə dəyərləndirəcək, amma bu hekayədə dəhşətli bir yalqızlıq var. Ağrılı, ağır. Və bu həngaməni belə sadəliklə təqdim eləmək uğurdur. Hekayə insanın ekzistensial yalqızlığını gündəlik rutinlər, yırtıq kreslo, rütubətli pəncərə və sakit pişik kimi detallarla daxili boşluğa, tənhalığa fokuslanaraq göstərir. Mətnin fəlsəfi qatı var. Yarandığı yerin sosial istismarı var. Obrazların iki nəfərlik təkliyi var. Çox şey var, əslində. Ayrıca bir yazı yazmaq lazımdır. Sadə təsvirlər o qədər dəqiqdir ki, ağır psixoloji yükü daha kəskin şəkildə çatdırır, melanxoliyanın gündəlik həyatla necə qarışdığını göstərir. Obrazın keçmiş xatirələri, xüsusilə ailəsi və babası ilə bağlı yaddaş epizodları, kədərin zamanla necə qarışmasının şəklidir. Bu da melanxoliyanın sadəcə anlıq deyil, davamlı bir təcrübə kimi, periodik “yaşadığının” ifadəsidir. Çox qəliz danışmaq istəmirəm, dediyim kimi, hekayə haqqında mütləq yazmaq lazımdır. Ümid edirəm, buna fürsətim olacaq.

Orxanı cani-könüldən təbrik edirəm".



# 338 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər