Anama deyin... - Sara İbrahim

Sara İbrahim

Sara İbrahim

15 dekabr 2022
# 14:00

Kulis.az "İlin hekayəsi" müsabiqəsində iştirak edən Sara İbrahimin "Anama deyin..." hekayəsini təqdim edir.

“Anama deyin, balası gələr, dağlara deyin, dözmərəm dərdə”

Əjdər bu mahnını Allahın hər günü oxuyurdu. Ağappaq buludlara, sayrışan ulduzlara, uzanıb gedən yollara baxanda ürəyindən bu mahnını oxumaq keçirdi.

O, oxuyanda öz dünyasına baş vururdu.

Əjdərin bapbalaca bir dünyası vardı, bu bapbalaca dünyaya anasından və özündən başqa heç kimi buraxmamışdı.

Əjdər öz dünyasında cavan, incə, sarı saçlı, ağbənizli bir ana yaratmışdı. Anasından həmişə gözəl qoxular gəlirdi. Əjdər başını anasının sinəsində gizlədib ona qısılmağı sevirdi. Anası Əjdəri bağrına basıb ona gözəl sözlər deyir, saçını tumarlayıb üzündən öpürdü. Onun dünyasında özünün də saçları elə anasınınkı kimi sarışınıydı, ipək kimi yumşağıydı.

İllər keçir, Əjdər böyüyürdü, amma dünyasındakı ana dəyişmirdi, necə vardı eləcə də qalırdı.

Südəmər quzunu anasından necə ayırarlarsa, Əjdəri də anasının sinəsindən elə qoparmışdılar. Onu o gözəl qoxulu dünyasından oğurlayıb peyin qoxusu verən dünyaya atmışdılar.

Atası Saday, anası Lyubayla Sverdlovskda, əsgərlikdə olarkən tanış olmuşdu. Tanışlıq sevgiyə çevrilmiş və bu sevgidən Əjdər dünyaya gəlmişdi. Dünyaya Oleq kimi gəlib sonra olmuşdu Əjdər.

Saday əsgərlikdən kəndlərinə qayıdan kimi Lyubanı unutmuşdu. Heç bir il çəkməmiş kənddəki bişmiş, yetişmiş qızlardan sayılan Ayna adlı qızla evlənmişdi. Saday Lyubanı unutmuşdu, amma Oleqi, yəni Əjdəri unutmamışdı. Nə yolla olursa, olsun, oğlunu Lyubadan alıb özü böyütmək istəyirdi. Bilirdi ki çətin olacaq, çünki Lyuba uşağı heç vaxt öz xoşuyla ona verməzdi. Lyubaya onunla getməyi təklif edəndə razı olmamışdı. ”Yaxşısı budu, sən burda qal, oğlumuzu bir yerdə böyüdək” demişdi. Beləcə, yolları ayrılmışdı.
Aynadan üç oğlu olmuşdu. Ən kiçiyinin bir yaşı olanda Saday bir gün evdən çıxıb Sverdlovska getdi və ordan sarıtel, göygöz bir uşaqla, Əjdərlə qayıtdı.

Uşağı anasından hansı yolla alıb gətirməsini isə Sadaydan və Allahdan başqa heç kim bilmədi. Ondan bu barədə soruşanlara deyirdi ki, uşağını Rusiyanın düzündə qalmağa qoymazdı. Orda qalsa, özbaşına böyüyər, bəlkə də, avaranın biri olardı. Bir yol tapıb gətirdi, Lyuba onun heç tozunu da tapa bilməz.

Ayna ərinin ona etdiyi “sürpriz”i öz uşaqlarına qatıb böyüdürdü. İnsafən, onu özününkülərdən seçmirdi, onlara necə baxırdısa, Əjdərə də elə baxırdı. Əslində, o öz uşaqlarına qaz, ördək balasına necə baxırdısa, elə baxırdı. Yeməyini, suyunu ver, ötür çölə.

Əjdəri də qaz balası kimi uşaqların içinə atmışdılar. Bir fərqi vardı ki,qaz balalarının içinə yad düşəndə dimdikləyib qovur, öz aralarına buraxmır, amma Əjdərə belə ögeylik göstərməmişdilər.

Uşaqlarına xüsusi qayğı, nəvaziş göstərmirdi ki, onu Əjdərdən əsirgəsin. Ayna üçün sadəcə, evdə bir uşaq da artmışdı və o uşaq da o biriləri kimi bu evdə yaşamalı, böyüməliydi.

Aynanın işi başından yuxarıydı,səhər obaşdan gecənin yarısına kimi çalışırdı, amma yenə də çatdırmırdı. Saday çobançılıqla məşğul olurdu, yayı yaylaqda, qışı aranda keçirirdi.
Uşaqların ayağı yer tutub, ağılları kəsəndə onlara da iş tapşırılırdı; əvvəlcə hinduşka, qaz, ördək, böyüyəndən sonra qoyun - quzu, mal - heyvan otarmağa gedirdilər. Uşaqların hamısının oğlan doğulması Saday üçün əlavə işçi qüvvəsi demək idi. Uşaqlar kiçik olanda bilmirdi qoyun, mal otarmağa getsin, yoxsa əkin - biçin işinə.

Oğlanlar böyüyən kimi əllərinə çomaq verib hərəsinə bir iş tapşırdı.

Əjdərin payına quzuya getmək düşmüşdü. Səhər tezdən quzularıyla dağa qalxıb, bir də axşam qaş qaralanda kəndə enirdi.
Əjdər quzuları dağın döşünə ötürüb özü də yaşıl otların üstə uzanmışdı. Quzular yumşaq, təzə- tər otu qırpıb yeyir, doyandan sonra oynaqlaşırdılar.

Əjdər fikirləşirdi ki, onu da bu quzular kimi anasından ayırıblar. Bu quzuların ondan bir fərqi var: onlar axşam analarının yanına qayıdacaqlar, onları analarının isti qucağı gözləyir, o isə heç vaxt anasının üzünü görməyəcək.

Atası onu anasından üç yaşında ayırmışdı.Ona görə Əjdər anasını xatırlamırdı. Bir-iki dəfə toylarda içib evə qayıdanda Saday əsgərlikdən,Lyubadan danışmışdı.Onun danışdıqlarından anası haqda az- maz məlumat toplamışdı.

Anası hərbi qospitalda tibb bacısı işləyirmiş, atasıyla da orda tanış olublar. Saday möhkəm xəstələnib qospitalda müalicə olunurmuş, Lyubanı orda görüb.
Atası Lyubanı yalnız gözəlliyinə görə sevməyib; o,qayğıkeş, səmimi qadın olub. Saday deyirdi ki, Lyubanın təmizkarlığına, səliqəsinə söz ola bilməzdi. Heyf ki, onunla gəlməyə razı olmadı.

Atası o vaxt xəstələnməsəydi, qospitala getməsəydi, Lyubayla tanış olmayacaq, Oleq də doğulub, sonradan Əjdər olmayacaqdı. Ya da, atası Əjdərin dalınca getməsəydi, onu anasından oğurlayıb gətirməsəydi onda bu dağlar,bu kənd haqqında Əjdər heç vaxt heç nə bilməyəcəkdi. Bu kənd dünyada Əjdər adlı bir insan olduğundan xəbərsiz olacaqdı.Əjdər Oleqin həyatını yaşayacaq, analı olcaqdı.Ondan tər, peyin iyi yox, gözəl qoxular gələcəkdi. Əjdər oxuyub həkim, ya da mühəndis ola bilərdi. Oxusaydı, əlləri qabarlı, saçları kirli, pırtlaşıq olmazdı.
Atası kəndə gətirən vaxtlar saçları ipək kimi, sarışın, ağbəniz uşaq olub. Düşdüyü mühit bircə gözlərinin rəngini dəyişə bilməmişdi Əjdərin. Günəş, sazaq, çirk, pasaq saçlarını codlaşdırmış, üzünün rəngini dəyişib tündləşdirmişdi.

Hərdən fikirləşirdi ki,indi kimisə tapmaq çətin deyil, televiziyada yaxınlarını axtarıb tapan adamlar görürdü. O da anasını axtarıb tapa bilərdi, amma Əjdər buna heç vaxt ürək eləməzdi. Əjdər o balaca dünyasında yaratdığı anasını itirmək istəmirdi.
Anası başqasına ərə gedə bilər, özünə yeni uşaqlar doğa bilərdi. Bəlkə də, onu itirəndə bir müddət ağlayıb-sızlayıb, sonra bütün dərdlər unudulub köhnələn kimi, Əjdər də unudulub.

Bəlkə, heç o sarısaçlı, incə qadın da yoxdu. Kök, qırmızıya boyanmış saçları, kobudlaşmış sifət cizgiləri olan bir qadına çevrilib.
Əjdər hər şeyə dözərdi, bircə unudulduğunu, anası üçün yad birinə çevrildiyini görmək istəməzdi. İndi onlar başqa dillərdə danışır, fərqli mühitdə yaşayırlar. Düzdü, sevginin dili yoxdu, onlar sözsüz bir-birlərini anlayardılar.
Sevgidə də bəxti gətirməmişdi. Heç kimisə sevməyə, yan-yörəsindəki qızlara nəzər yetirməyə macal tapmamış atası başını palazlayıb evləndirdi.
“Evin böyük oğlusan, yaşın keçir, sən evlən, qardaşlarının da yolu açılsın”, dedi.

Aynanın uzaq qohumlarından bir qız tapıb onu ikicə ayın içində evləndirdilər.Sadayın ailəsində böyüklərin verdiyi qərara kiçiklərin etiraz etmək hüququ yoxuydu.Əjdərin də etirazı elə içində qaldı.

Arvadını evlənənə qədər bircə dəfə görmüşdü: kənd toyunda göstərmişdilər, bir də onu öz toyunda gəlinin duvağını qaldıranda gördü.
Bir suyu elə Aynaya oxşayırdı arvadının: qaranöyüs, yekəpər. Həmişə də tər iyi verirdi. Aylar keçdikcə tər iyinə başqa iylər də qarışıb Əjdərin burnunu qıcıqlandırırdı.

Arvadı, Ayna üçün ideal gəlin idi: qoçaq, diribaş, dilli-dilavər. Pəyə təmizləsin, qaz yolsun, təndirə çörək yapsın, qonşu gəlinlərə qoşulub bulaqdan su daşısın.
Arvadı hər iş bacarırdı, bircə onu başa düşməkdən savayı.Əjdər dağdan danışanda o, bağ başa düşürdü. Hələ bir dəfə arvadıyla ürəkdən, qarşı- qarşıya oturub söhbət eləməmişdilər. Onun üçün Əjdər də gündəlik gördüyü işlərdən biriydi: çöldən gələndə qabağına yemək qoysun, paltarını yuyub təmizləsin...

***

O gün hava həmişəkindən daha aydın, günəşliydi. Yayın orta ayları olduğuna görə gün bir az da uzanmışdı. Həmişə zəhləsini tökən cırcıramaların səsi də bu gün yamacda qoyun otaran Əjdəri bir o qədər narahat eləmirdi. Günəş də bu gün bir başqa cür parlayırdı. Otlar həmişəkindən daha yaşıl, daha təravətliydi.
Səhər yuxudan xoş əhvalla oyanmışdı. Quzuları tezdən qabağına qatıb örüşə qalxmışdı. Ürəyində heç vaxt yaşamadığı bir hiss vardı; sanki çoxdan gözlədiyi bir xəbər alacaq, ya da heç vaxt baş verməyən bir hadisəyə şahidlik edəcək. Bəlkə də,bu gecə gördüyü qəribə yuxunun təsirindəniydi. İndiyə qədər bir dəfə də olsun, anasını yuxusunda görməmişdi.
Yuxuda anasıyla özünü doğulduğu şəhərdə görmüşdü. Anası elə onun təsəvvür etdiyi kimiydi: sarı saçlı, ağbəniz,incə. Qapqara geyimdə olan anası elə o rəngdə olan maşının yanında dayanıb ona baxır, gülümsəyirdi. O, anasına tərəf getmək istəyir, amma nə illah edirdisə, ayağını yerindən tərpədib irəli gedə bilmirdi. Anası gülə-gülə uzaqdan onu çağırır, əlini yelləyirdi...
Oyananda yarımçıq qalmış yuxusuna görə heyfsiləndi. Bircə dəfə yuxuda görəsən, o da alayarımçıq.

Dağın dikində dayanıb aşağıda görünən kəndə,kəndin üstüylə başlayıb dağın dibinə qədər gələn yola baxırdı.

Yamacın aşağısında, yolda ağ “ Jeep” maşını göründü. Maşın yavaş- yavaş, ehtiyatla hərəkət edirdi, sürücünün yola nabələd olduğu hiss olunurdi. Maşın yolun sonuna çatıb dayandı. Maşının qapıları açıldı, əvvəl üç kişi, sonra bir qadın düşdü.

Əjdər dikdə dayanıb maşından düşənlərə baxırdı. Kənddə belə maşınlar nadirən göründüyündən, bir dəstə kənd uşağı maşının dalınca düşmüşdü. Maşın dayanandan beş dəqiqə sonra gəlib bir az aralıda dayanaraq maraqla ilk dəfə gördükləri adamlara baxmağa başladılar.
Əjdər yuxarıda olduğuna görə aşağıdakıları yaxşı görə bilirdi. Qadın mavi cins şalvardaydı. Qısa qollu, üstü çiçəkli köynək geyinən qadının çiynindən bir az aşağı düşən sarı saçları vardı. Uzaqdan elə Əjdər yaşda görsənirdi;arıq,incə bədənliydi.

Qadın uşaqlardan nəsə soruşdu, onlar da əllərini Əjdər dayanan tərəfə uzadıb onu göstərdilər. Bu vaxt maşının yanında daha bir adam göründü: Əjdər əlini qaşının üstə günlükləyib maraqla yeni gələn adama baxdı. O, yeni gələnin atası olduğunu görəndə nədənsə ürəyi yığılıb- açıldı,sanki gözlənilməz bir şey olacağını hiss edirdi.

Atası yaxınlaşıb salam verdi,qadınla,onunla gələnlərlə danışmağa başladı.Arada hamısı dönüb Əjdərə sarı boylanırdı.

Deyəsən, gələnlərin kimliyi, məqsədi hamıya məlum olmuşdu, kənarda dayanıb heyranlıqla maşına, sarısaçlı qadına tamaşa edən uşaqlara da.
Bir az sonra uşaqlar Əjdərə doğru istiqamət götürüb, cığırla yuxarı qalxa- qalxa onu çağırırdılar:

“Əjdər heyy, anan gəlib, Əjdər, anan gəlib...”

Səs dalğa-dalğa yayılıb aşağıdan yuxarı çatdı,sonra qayalarda əks- səda verib Əjdərin qulaqlarına doldu.
Əjdərin nitqi batmışdı, gözünü sarısaçlı qadından ayıra bilmirdi.
Bu qadın Əjdərin anasıydı. Onun dalınca min kilometrlərlə yol keçib gəlmişdi. Əjdərin arxasınca gəlmişdi. Onu unutmamışdı, illərlə Əjdəri düşünmüşdü.
Anası Əjdərin dünyasındakı kimiydi; üstündən sanki illər keçməmişdi.
O, Əjdəri görməyə, bəlkə, özüylə aparmağa gəlmişdi.
Əjdər ayağının birini yerdən qaldırdı, bu yalın aşağısında anası onu gözləyirdi. Öz sarıtelli, göygözlü körpəsinin qoxusunu almağa gəlmişdi. Onun yaddaşında oğlu süd qoxulu, ipək saçlı uşaq kimi qalmışdı.
Əjdər yerindən ləngərləmişdi, aşağı enməyə hazırlaşırdı. Bir addım atıb dayandı.
Anası o xoş qoxulu uşağın ardınca gəlmişdi, tər, peyin iyi verən Əjdərin yox. O, Oleqi axtarırdı, o nu görmək istəyirdi.

Anası onun dünyasını dağıtmadı; Əjdər anasını necə görmək istəyirdisə elə də gördü: cavan, qəşəng. O, bəlkə də, illərlə bu görüş üçün hazırlaşmış, bu gün üçün özünü qoruyub saxlamışdı.Oğlu onu görəndə tanısın, ondan utanmasın deyə.

Əjdər özünü qoruya bilməmişdi; istəməsə də, onu dəyişmişdilər, çiçək kimi təmiz,xoş qoxulu uşaq kir - pasaqlı, peyin iyi verən birinə çevrilmişdi.
Əllərinə baxdı. Gündən yanmış əlləri qapqara, dırnaqlarının altı çirkliydi. Əyninə geydiyi rəngi getmiş şalvarının balaqlarını corabının içinə soxmuşdu.

Valideynləri bir-birini sevib könül vermişdilər,bir yastığa baş qoyub uşaq dünyaya gətirmişdilər.İndi iki yad adam kimi üz-üzə dayanıblar. Anası bəlkə də indi ürəyində “belə birini necə sevə bilmişəm” sualına cavab axtarır. Əjdərin haqqında da belə düşünəcək. Onu görəndə “ Bu mənim oğlum ola bilməz, burda bir yanlışlıq var” deyəcək.

Yox,o,anasının dünyasını yıxmamalıdı. Onu gördüyünə peşman etməməlidi. Qoy, anasının xatirində o təmiz, çiçək qoxulu uşaq kimi qalsın. Uşaqlar onun yerindən tərpənmədiyini görüb çığırışa- çığırışa üzüyuxarı qalxırdı.

“Əjdər heyy,anan gəlib.”

Səslər yaxınlaşırdı.O aşağı,uşaqlara tərəf baxdı,dodaqları tərpəndi:

“Anama deyin...deyin ki...”

Sözünün gerisini gətirə bilmədi;yaş onu boğurdu.

Qəfil yerindən qopub yamac yuxarı götürüldü.Beş dəqiqəyə yalın o biri üzünə aşdı.Ayağının altından çıxan hellan üzüaşağı yuvarlandı.Yalı aşıb qaçdıqca qaçdı.Nəfəsi kəsiləndə dayandı,qulaqlarını tutub aşağı çökdü.

Yalın o biri üzündən hələ də Əjdəri axtaran uşaqların səsi eşidilirdi:

“Əjdər, heyy,anan gəlib”

# 2086 dəfə oxunub

Oxşar xəbərlər

Doğum evinin yanındakı morq - Əyyub Qiyasın hekayəsi

Doğum evinin yanındakı morq - Əyyub Qiyasın hekayəsi

15:00 14 dekabr 2024
İntihar üçün yer - Sabir Əhmədlinin hekayəsi

İntihar üçün yer - Sabir Əhmədlinin hekayəsi

10:00 14 dekabr 2024
Qarğaların xoru - Elçinin yeni hekayəsi

Qarğaların xoru - Elçinin yeni hekayəsi

09:00 13 dekabr 2024
Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

15:00 12 dekabr 2024
Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
#
#
# # #