Həyatın qaracası – Yeni hekayə

Həyatın qaracası – Yeni hekayə
11 mart 2022
# 17:40

Kulis.az Anar Şamilin “Həyatın qaracası” hekayəsini təqdim edir

Boz asfaltın sinəsinə sığınan gölməçələr və onların əksində özünü tapan şəhər işıqları qaranlığın səssiz sakinləri idi. Yenicə dayanmış yağışın damcıları ağacın budaqlarından gölməçəyə düşdükcə onlarla eyni küçədə gecələyən köpək qulaqlarını tərpədirdi. Üşüdüyünə və tükləri bədəninə yapışdığına görə yağışı sevməsə də, onun qoxusunu xoşlayırdı. Sanki şəhərin boz örtüyü gül açırdı. Lakin örtük düzgün şəkildə salınmadığına görə yağışın izləri gölməçələr şəklində qalırdı. Bu izlər köpəyin işinə yardımçı olurdu. Küçənin əvvəlində hər hansı hərəkət olduqda, gölməçələrin köməyi ilə səsləri köpək daha aydın şəkildə duya və sahibini xəbərdar edə bilirdi. Tapdalanan gölməçələrin döyülmüş, iztirab içində qışqırıqları gecənin səssizliyinə fəryad salırdı. Yağışdan bir müddət sonra hiss edilən axşam mehi sanki yağışın öz işini necə icra etdiyinə nəzarət etməyə gəlmişdi. Qaraca küləyin gəlişindən bədənində üşütmə hiss etdi. Qalxaraq özünü onun qollarının altına sıxışdırdı. İlk tanışlıqda olduğu kimi indi də sahibinin qollarında özünü güvənli hiss edirdi. Baxmayaraq ki, sahibinin belə rahat yatması Qaracaya olan güvənindən irəli gəlirdi. Əvvəllər nadir hallarda olan hadisələr son ayda intensivləşmişdi. Demək olar ki, hər gecə o və sahibi yatdıqları yerdən qaçmalı olurlar. Onun həyatı köpəyin nə dərəcədə ayıq olmasından asılı idi. Çünki ayaqlarından başqa aləti, qaçmaqdan başqa üsulu yox idi. Eyni qaydada Qaraca da onun sevgisindən asılı idi. Qaraca sevgisinə əmin olduğu birinin qollarında gözlərini yumdu. Gözləri xəyalən onu hər şeyin baş verdiyi ana, məkana apardı.

Şəhər mərkəzindən kənarda meşəlik ərazidə yerləşən zibil yeşiklərinə artıq dördüncü dəfə idi ki, baş çəkirdi. Yeşiklərin qarşısında keçən yolun bir tərəfi şəhərin mərkəzinə, digər tərəfi isə yeni məskunlaşmış ərazilərə aparırdı. Bu yoldan çoxlu insan istifadə etdiyinə görə zibil yeşikləri adətən dolu olurdu. Lakin son vaxtlar yeyintiyə yararlı zibil tapmaq çətinləşirdi. Bugünkü aclıq hissi Qaracanı yormuşdu. Səhərdən şəhər mərkəzini fırlanırdı, yemək üçün bir şeylər axtarırdı. Lakin şəhərin hər qəssabının öz iti, hər yeşiyin öz sahibi vardı. Yemək axtararkən onlarla qarşılaşsaydı, nə ilə nəticələnəcəyini yaxşı bilirdi, lakin aclıq cəsarət üçün ən böyük səbəbdi. O vaxtlar gündüzləri yemək axtarışındə keçirsə də, gecəni yolun əks tərəfində yeni məskunlaşmış ərazidə köhnə tikili olan anbarda qalırdı. Nədənsə, özünü orada daha güvəndə hiss edirdi. Şahidi olduğu son hadisələrdən sonra isə oranın etibarlı olduğuna daha da əmin olur, lakin bu hadisələr onun həyatında dəyişikliyə səbəb olur. Bir çox hallarda artıq qərarları özü təkbaşına verə bilmirdi. Günortaya qədər üç dəfə bu əraziyə gələn Qaraca artıq bu dəfə nəsə tapacağına əmin idi. Yeşiklərlə bərabər ərtafını da tam şəkildə axtarmağa başladı. Arxa tərəfə keçdikdə burnuna gələn iy onu qıcıqlandırmağa başladı. Birazda irəli getdikdən sonra dayandı. Sönmüş ocağın ətrafında dörd nəfər əyləşmişdi. İti görən insanlar onu işarə edərək güldülər. Qaraca diqqətlə onlara baxdı. Ocağın ətrafında yerə atılan dərini gördükdə iyin onu niyə qıcıqlandırdığını indi anladı. Hürməyə başladı, lakin onların qalxaraq üstünə gəldiyini gördükdə şəhərə doğru qaçdı. Yolu keçərkən həmişə hürərək ağaca dırmaşdırdığı pişiyin dərisinin belə qoxusunun onda qıcıq oyatdığını fikirləşdi. Oturanları tanıdı. Bir müddət əvvəl burada məskunaşan evsizlər idi. Onun bu ərazidəki zibilliyinə şərik çıxmışdılar. Lakin son günlər yemək tapmaq onlar üçün də çətin idi. Axşama kimi günü şəhərin sıx məskunlaşan yerində itlərdən qorunaraq keçirdi. Axşamı isə anbara qayıtmalı idi. Yenə həmin insanların yanından keçəcəkdi, onlara qarşı hiss etdiyi qorxunu dəf edərək quyruğunu büküb həmin ərazini səssiz keçib anbara çatdı. Köhnə Qaz 31-in altına girib uzandı.Yuxuya getdi. Burada yatanda heç vaxt gecələr oyanmazdı. Nə səs, nə təhlükə olardı. Yatarkən ətrafı dinləməmək vərdişi Qaracada bu vaxtlardan formlaşır. Səhər tezdən oyandıqda ilk işi zibillik tərəfə baş çəkmək idi. Lakin sübh tezdən ora getməyə dəyməzdi, insanlar hələ bir müddət sonra işə gedəcəkdilər. Oyanaraq bir az ətrafı gəzdi. Köhnə vaxtlar üzərində ağır yük maşınlarını saxlayan tərəzilər bu gün bekar qalmışdılar. Ərazinin asfalt olan hissəsini artıq ot basmışdı. Anbarlardan birinin qapısı önünə yaxınlaşıb dayandı. Yerə diqqətlə baxıb, bir neçə dəfə uladı. Bu yerlə bağlı xoş olmayan xatirələri vardı. Sonra isə tələsmədən şəhər mərkəzinə doğru qaçdı. Artıq ikinci gün idi ki, ac idi, ilk əvvəl yolüstü zibilliyi axtardı. Yaxınlaşdıqda ətrafı diqqətlə nəzərdən keçirdi, lakin axşam qarşılaşdığı insanları görmədi. Zibilliyi axtardı və küncdə bir topaya yığılmış çörək qırıntılarını gördü. Sevindiyindən quyruğunu bulayıb yeməyə yaxınlaşdı. Bir anlıq başına atılan toru gördü, tez qaçmağa çalışdı, lakin gec idi . Həmin dörd nəfər onu yaxalamışdı. Dünənki pişiyin dərisi yadına düşdü. Niyə tutulduğunu anlamışdı. Dişlərini qıcıdıb hürməyə başladı. Aralarında ən yekəpəri onu yerə sıxdı. Quru torpaqdan tozu udaraq nəfəs alırdı. Çapalayan Qaracanın işini tez bitirmək üçün yekəpər cibindən bıçağı çıxardı. Lakin bu anda uzaqdan bir səs gəldi. Qaraca üçün bu it tanrısının səsi idi. Gələnin kimliyini çevrilib izləyə bilmirdi. İnsan tam yaxınlaşdıqda səs küy artdı. Əlbəyaxa mübahisənin düşdüyü hiss olunurdu. Bir müddət mübahisənin sonluğunu izləyən yekəpər son anda ayağa qalxdı. İti buraxıb səs gələn tərəfə yeridi. Qaraca bu anda üstünə atılan tordan qurtulub əli bıçaqlı adamın üzərinə şığıdı və ayağından dişlədi. Bu anda köməyə gələn insan zərbə ilə onu yerə sərdi və bıçağı əlindən aldı. Yerdə yıxılan adamlar qorxularından qaçdılar. Tanrı, əlindəki bıçağı yerə ataraq Qaracanın qarşısında əyildi. Əlini asta-asta boynuna çəkdi. Sonra isə oxşayaraq sığalladı. Qaraca qarşısındakı gözlərdə və bədənindəki əllərdə uşaqlıq illərindən xatırladığı güvəni hiss etdi.

İndi yağışlı havada, küləyin onu üşütdüyü bu gecədə Qaraca onun qollarında istilik tapmışdı. Xoş xatirələrin içində ikən anidən bir səs gəldi. Uzandığı yerdən astaca qalxaraq dar küçənin sonuna doğru getdi , lakin hər hansı hərəkət, nə də kimsəni müşahidə etmədi. Geri döndü, yanıldığını fikirləşib yerinə qayıtdı. Lakin yenidən, ardıcıl səslər gəldi. Qaraca hürərək oyandı və sahibini oyatdı. Sahibi ilə cəld sürətdə küçənin əks istiqamətinə qaçdılar. Qaraca hərdən dayanıb hürür, sonra isə sahibinin ardınca qaçırdı. Artıq arxadan gələn səslər yaxınlaşır və daha səlis eşdilirdi.

“Nə qədər müddətdir bu cındırın ardınca düşmüşük tuta bilmirik. Sifarişləri çatdıra bilməsək, bizdən hazırlayıb göndərəcəklər.“

Küçənin sonunda böyük hasar vardı, lakin hasarın küncündə onların bildikləri bir dəlik vardı. Ordan dərhal keçib dəliyi bağladılar. Artıq təhlükəsizlikdə idilər. Dayanmadan istiqamətlərini şəhər kənarına-meşə zolağına tutdular. Qaraca taxıl anbarını sahibinə çoxdan göstərmişdi. O üzdən onlar taxıl anbarına doğru getdilər. Hər dəfə olduğu kimi zibilliyin yanından keçdikdə Qaracanın canına bir üşütmə gəlir və bədənində o dörd nəfərə yenidən rast gəlmə qorxusu yaranırdı.

Səhər oyandıqda sahibi hələ də qaz 31-in içində yatmışdı. Qaraca yenidən ətrafı gəzdi, anbarın yanına yaxınlaşıb iki dəfə uladı. Səsini eşidən sahibi oyandı . Qaracaya yaxınlaşıb onun yanında dizini yerə qoyaraq əyləşdi. Əlini boynuna qoyaraq: “Qaraca nə baş verib, neçənci dəfədi biz burda gecələyəndə sən bu anbarın qarşısında belə dayanırsan?”

Qaraca gözlərini asfalta zilləyərək dayanmışdı. Cırılmış ağ rəngli payız kurtkası, əslində qadın kurtkası idi, lakin bu təbəqənin insanları üçün bunun önəmi yox idi. İsti və uzun ömürlü olması daha önəmli idi. Çirkli əlləri, uzun dırnaqları, saqqallı üzü, bir birini bərk qucaqlamış saçları sahibinin yaşayış tərzini təsvir edirdi. Ürəyindən başqa bütün bədəni çirkli olan bu insan Qaracanın boynunu qucaqlayaraq sualını verdikdən sonra sakit dayanmışdı. Sanki Qaracadan cavab gözləyirdi. Qaraca beynində canlanan xatirələrini hürərək sahibinə izah edə bilməzdi. Amma hər dəfə hər şey gözünün önündən keçərək canlanırdı.

Şəhərin şimal küçələrindən birində köhnə taxıl anbarı vardı. Gözünü açdıqda gördüyü ilk şey içi buğda ilə dolu böyük maşınlar oldu. Anası anbarda tərk edilmiş köhnə qaz 31-in atlında dünyaya gətirmişdi onu. Hərdən onun altından çıxıb, səsli-küylü, tüstüləyən maşınlara baxar və öz aləmində qorxutmaq üçün otluqdan birdən çıxıb hürərdi. Balaca olduğundan onun səsini kimsə duymazdı. Amma bir gün bir yeniliklə qarşılaşdı. Otların arasından çıxıb hürmək istədikdə özünü göydə hiss etdi. Qarşısındakı insanın sifəti gülümsəyərək ona baxırdı. Sonra onun gözləri aşağı endi və yanındakına: “erkəkdi,”-deyə qışqırdı. Yerə qoyaraq oynadıb qarnını qaşıdılar. Qaraca üçün bu həm qorxulu, həm də əyləncəli və xoş idi. Uzun müddət idi ki, günlər Qaraca üçün belə keçdi. Anası və qardaşları onları tərk etdikdən sonra belə Qaraca taxıl anbarının həyətində qalmağa üstünlük verdi. Çünki həmin adamla dost olmuşdu. Adam da taxıl anbarında olurdu, gündüz maşınlardan taxılı boşaldır, axşamlar isə gözətçi kimi qalırdı. Gündüzlər Qaraca ilə oynayar, axşamlar isə ulduzlu gecələrdə söhbətləşərdi. İndiki sahibi kimi o da öz həyatından danışar və gileylənərdi. Həmişə övladı olmadığını bildirər, kövrəlib Qaracanı qucaqlayırdı. Belə gecələrdən biri onun son gecəsi oldu. Gündüz maşından yük daşıyarkən, ayağı sürüşüb hərəkətdə olan maşının təkərləri altında qalır. Yiyəsi ilə indi dayandığı yer əvvəlki sahibini sonuncu gördüyü yer idi. O üzdən bu yer Qaraca üçün bir növ müqəddəsdi.

Dəri çatların arasında məskunlaşan torpaqdan qaralmış əllər Qaracanın boynunda hərəkət edirdi. Sahibi onu qucaqlayıb qulağına pıçıldadı ,sanki yaxın biri bildiyi birinə sevgisini pıçıldayırdı. “gedək şəhərə,qarnımızı doyuzdurmalıyıq.” Yolun yarısında öyrəşdikləri işi görməli idilər. Sahibi zibil qablarının içini, Qaraca isə ətrafını axtarırdı. Burada qarınlarını doyuzdurub şəhərə daha enerjili getmək istəyirdilər. Başları qarışıq ikən birdən yaxındakı kolluqdan səs gəldi. Qaraca qorxdu, bədəninə həmin soyuq gəldi və dişlərini qıcıdı.. Bir müddət sonra qaratoyuq kolluğun arasından uçub getdi. Sahibi Qaracaya baxıb gülümsəyirdi. Əlində göy, lakin deşikli bir papaq vardı. Onu cibinə qoyub Qaracaya yaxınlaşdı.

“Eyni bu sifətdə idin, mən səninlə tanış olanda. Yadındadı, o dörd nəfər (Qaraca cavab olaraq hürdü) onlar artıq buralarda yoxdular. Xeyli müddət əvvəl bu ərazinin dərinliklərində onların cəsədləri tapılıb. Tanıdıqlarımdan biri danışırdı. Bədənlərinin müxtəlif hissələrində dəliklər vardı. Dediyinə görə cəsədin ətrafına yığılan polislər orqan alverindən danışırdılar. Yadındadır, səhər bizim ardımızca qaçdılar, sənin sayəndə hər dəfəsində onlar bizi tutmamışdan qabaq oyanıb qaça bilirik, bax o dörd nəfəri öldürən adamlardı. Gəl yavaş -yavaş şəhərə doğru gedək . Son vaxtlar insanların stolunda artıq yemək qalmır”.

Asta- asta şəhərə doğru addımladılar. Qaraca üçün sahibinin dedikləri xoş gəldi, lakin içində başqa bir qorxu yarandı. Bu hadisə onun sahibinin də başına gələ bilərdi.

“Axşamlar diqqətli olmasan, Qaraca, oların gəlişini hiss edib məni vaxtında oyatmazsan , səni bütövlükdə Çinə, məni isə hissə-hissə kim bilir hara göndərəcəklər. Sən mənim bərk yatdığımı bilirsən. Görürsən, bir çox hallarda yerimizi dəyişsək belə gəlib tapırlar. Gündüz yaxalana bilərlər deyə, axşamlar gəlirlər ki, heç kimə görünməsinlər. Amma fikirləşirəm, hissə-hissə harasa göndərsələr, bəlkədə daha yaxşı olar. Fikirləş, ürəyim Avropada özünü tanıtmaq uğrunda mübarizə aparan bir yazıçının döş qəfəsindədir. Sən təsəvvür edirsən, həmin yazar bir neçə müddət sonra necə məşhurlaşır. Bilirsən, nələr yazacaq? Romanın son hissəsində isə səndən yazacaq. Ekşin bir roman olacaq. Çünki həyatım bu gecə olduğu kimi qaçışlarda keçib. Hər şeyin başlanğıc nöqtəsi isə Universitetin üçüncü kursundan paytaxtdan qaçmağımla başladı. O qədər sürətlə qaçdım ki, diplomum mənə gəlib çata bilmədi. Mən isə tək qalan anama gəlib çata bildim. Onun xəstəliyini ona untdurmaq üçün yanında qaldım, amma ölüm mələyinin əlindən qaçıra bilmədim. Sonra isə atam peyda oldu. “Ev mənimdi,”-dedi. Mən isə evdən qaçdım. Sonra torpağında insan kimi yaşaya bilmədiyim dövlətimin sərhəddində əsgər kimi xidmət etdim. Hələ bu romanın sonunda sevgi hissəsi də vardı. Elə sakit tərzdə keçdi ki, sevginin şirinliyini dadmadan real -hissəsinə keçdim. Qarşı tərəfin səndən-sevgidən daha böyük şeylər gözlədiyi bir mərhələdə hekayəm yekunlaşdı. Çünki onun gözlədiyini mən verə bilmirdim. Biraz sükut oldu. Səssizlik ,sadəcə torpağın tapdalanmasının səsi gəlirdi. Bilirsən, indi fikirləşirəm, mənim atam sənin atan kimi davranıb. O da ananın içinə səni qoyub və sonra nəticəsilə maraqlanmadan çıxıb gedib. Atam da həmin gün mənimlə eynisini etdi.. Amma işin yaxşı tərəfi odur ki, sən ən azından atanı tanımırsan, nəyin hesabını kimdən alacağını da bilmirsən. Mən isə bilirdim harda və necə . Yaxınları tərəfindən basdırılan atamın ölüm səbəbi evin yanması zamanı dəri örtüyünün yüz faiz yanması qeyd edilmişdi. Həyatımda ən üzün ömürlü qaçış isə bu idi. Kimi, niyə və necəni unutmaq olmur, hara qaçırsan qaç. Sonra isə paytaxa geri dönüş, iş yerləri məndən qaçdı mən isə iradəmdən. Anamın ölümünə çarəsizliyimi görmək, atamın ölümünün çarəsi olmaq, universitetdən son illərdə qovulmaq bütün bunlar mənim enişimə səbəb oldu. Hər kəsi də düşmən gördüm. Salam verənlərin belə məni vuracağından qorxub qaçdım. Amma iradəm olub bağlanan qapıdan sakitcə geri dönüb növbəti qapını döysəydim, indi səninlə tanış deyildik. Bu üzdən enişim yeraltı keçidlərdə başı aşağı əlimi açıb dayanana qədər dərin oldu. Romanın yeganə müsbət halı sən olacaqdın. Mənim ilk görüşdən ardımca gələn yeganə varlıqsan. Nə yaxşı ki varsan.”

Əli ilə qulaqlarına sığal çəkdi. Sahibi danışandan sonra Qaracada haqlı bir sual yarandı. Görəsən, onun atası kim idi?! Xatırlamağa çalışırdı, amma qərar verə bilmirdi. Anası ilə uzaqda tez- tez oynayan quyruğu kəsik it, yoxsa həmişə dalaşdığı alnında ağ xalı olan it idimi. Bir anlıq sahibindəki kimi onda da bir hiss oyandı qarşısına çıxsaydı, onu möhkəm dişləyərdi. Başını qaldırıb sahibinə baxdı. Boyunun balaca olmasına baxmayaraq iki təzadlı xarakterin onun daxilində necə sığışdığını anlaya bilmirdi. Atasını öz evində yandıran və öləcəyini bilərək kimsəsiz iti dörd nəfərin zülmündən xilas etmək istəyən adam. Uzanan çirkli saqqalı sanki çənəsindən tutaraq yerə düşməkdən qorxurdu. Əlləri, qaməti ,başı-bədənində hər üzvü yerə doğru sallanmışdı. Gözləri ancaq yerə baxırdı, günəşə baxmaqdan çəkinirdi sanki. İnsan etdiklərinin cəzasını, edə bilmədiklərinin peşmançılığını çəkir. İnsan etdiklərinin bəhrəsini dərir, etmədiyinə görə şükür edir. Görən tanrının dünyanı bu qədər təzadlı yaratmaqda məqsədi nə idi.

Artıq şəhərə çatmışdılar. Sahibi bir daha başını sığallayaraq:

-Həmişəki keçiddə olacağam, qarnını doydur, sonra gələrsən, gecələməyə yerimizi onda qərar verərik.

Qaraca döngədən dönüb gözdən itdi. Gün boyu qəssab dükanlarını gəzib itlərin əlindən nə qoparda bildisə, onunla qarnını doyuzdurdu. Hava qaralmağa başladıqda isə keçidə doğru getdi. Yol getdikcə həyətlərdən birində oynayan itləri gördü və bir anlıq onlara qoşulmalı olduğunu anladı. Neçə müddətdi vaxtını bütünlüklə sahibinə ayırıb. Bir anlıq it olduğunu xatırladı. Sarışın və gözəl quyruqlu itdən gələn qoxu onun bütün erkək instinqlərini oyatdı. Qaçaraq onlara qoşuldu. Axşama yaxın sarı hürərək bütün itləri qovmuşdu, qaraca ilə isə aqressiv deyildi. Qaracanın erkəklik instinqi sonda nəticəsini verdi və bəhrəsinidə verəcəkdi. Özünün belə sahibinin atası kimi tanımayacağı balaca qaracalar bu ərazidə gəzəcəkdi. Hava qaraldıqda gecəni otluğun üzərində-işığın altında qaranlığa qovuşub günəşi gözlədilər. Səhər tezdən yaşlı qadının süpürgəsinin zərbəsindən oyanan Qaraca onunla qadından qaçan sarışın itə baxdı . Lakin indi sarışın maraq oyatmırdı. Onu narahat edən ilk şey sahibi idi. Tez bir zamanda sahibinin parkın yanından keçən yolun əks tərəfindəki-dünən dayandığı keçidə getdi. Lakin orda yerdə qalan kağız qutudan başqa heçnə görmədi. Cəld dünən getdikləri yerə qaçdı. Amma orda olmayacağını yol boyu anlamışdı. Çünki sahibi yeri məlum olduqda ikinci dəfə eyni yerdə gecələmirdi. Sadəcə ümidi vardı. Çatdıqda ümüdinin puç olduğunu anladı. Harda axtaracağını bilmirdi. Yenidən keçidə qayıtdı. Qarşısında uzanaraq gələcəyini gözlədi, lakin növbəti qaranlığa qədər heç kim gəlmədi. Gecəni şəhərdə qalmadı. Anbara doğru getdi. Zibil yeşiklərinin yanından keçərkən əvvəlki qorxu yox idi sanki, sadəcə sahibini xatırladı. Burda başlayan bir hadisənin bu gün bitəcəyinə inanmırdı. Bu üzdən hər gün keçidin qarşısında gecələyəcəyini Qaz 31-in altına uzanarkən özü üçün qət etdi.

Nahar fasiləsinə fikirlərinin toparlanması üçün parka çıxan polis əməliyyatçısı diqqətlə əlindəki şəklə baxırdı. Ardıcıl davam edən eyni görünüşlü cinayətlərin açılması üçün nələrsə etməli olduğunu anlayırdı. Hərəkətsiz qalsa, hər zaman kəsiyində kimlərsə öləcəkdi. Əlindəki sonuncu hadisənin şəkli idi. Yerdə uzanmış adamın ətrafı qan laxtası ilə dolu idi. Cəsədi sonradan ora atdıqlarını bilirdi. Digərləri kimi bədənində kəsiklər edilib orqanlar götürülmüşdü . Bu cəsəddən böyrəyi və ürəyi götürmüşdülər. Lakin şəkildə əməliyyatçı üçün əhəmiyyətli olmayan bir fakt vardı. Cəsədin əynindəki ağ kurtkanın cibindən başı deşikli göy papaq sallanmışdı. Parkın yanından keçən yolun qarşısındakı keçid tərəfədən gələn it səsi onu fikirlərindən oyatdı. Səs gələn tərəfə baxdı, qara iti kimsə təpiklə vurub qovmaq istəyirdi. İt isə təkidlə yenidən həmin yerə qayıdırdı, döyülməsinə rəğmən. İtin mübarizliyini izlədi, özü üçün dərs götürdü, gülümsədi və getdi.Lakin yaxınlaşıb heyvanlara qarşı aqressiv münasibətin düz olmadığını bildirmədi.

PS.Hekayə Halil Sezainin “Ayyaş”musiqisinin notları üzərində yazılıb.

# 2145 dəfə oxunub

Müəllifin son yazıları

# # #