Baba Yaşaroğlu
biz eyni küləkli şəhərdə
eyni ulduzların altında yaşayırıq
mən yağışlı axşamları sevirəm
sən yağışdan sonra əsən səhər mehini
birimiz mavi dənizi,
birimiz o dənizə doymayan dolu buludları
hərdən kölgə salan isti qala divarları
hərdən dumanlı kirpikləri oxşamağı sevirik
birimiz həzin-həzin oxumağı,
birimiz yorulmadan sabahlara qədər oxunmağı sevirik
elə bil sən məni yaşayır, məni danışırsan
mən səndən yazıram
axtar məni
bizi susduğun yerdə
oxunmuş bir gözəlliyin var sanki
neçə türbələrdə adını əzbərlədim
sonra da qalın-qalın kitab səhifələrinə
dondurulmuş izahlar yazdım
...gül qurusu
sən yazılacaq eşq hekayələrimin ilk sətri
sevgili, gülərüz baş qəhrəmanı
kükrəyən dənizlərin eşqinə
hərdən gözlərinin qəhvə rənginə
bərk-bərk bürünmək istəyirəm
bu donduran dəli fırtınalar arasında
elə bil ki, büründükcə sağ qalacam
bəlkə də mən öz nəfəsimin çiskinli soyuğundan
birdəfəlik qorunacam
sığınacağım kimi (sən)
mənə qayğıyla qucaq açan
lap saçlarını oxşamaq istədim
sanki, sahildən görünən dəniz fənərləridir
daha çox aydınlanmaqdan belə qorxmuram
axtar məni
bizi susduğun yerdə
yaşılı söyüd bağçalı dünyamı
rəngləndirən qadın
mənə nə vaxtsa unuda bilməyəcəyim
dalğalı xatirələrimi yaşat
arabir də həyəcan dolu nəfəsinin titrəyişlərini
bəyaz köynəyinin ən üst düyməsinə gizlə
gəl, mənə aylı gecələrini danış
pərdə-pərdə, nağıl kimi
sabahları Günəş deyə isti şəfəqlərinə
bir başqa cür oyanmağı istəyirəm
nə olar ki, bir gün bizi canlandır
tut ürəyimin çağıran əllərindən
sonra da islaq dodaqlarından oxu
danışa bildiyin qədər ucadan danış adımı
gecələrlə, hecalarla
axtar məni
bizi susduğun yerdə