Vüsal Hacıyev
Səni düşünməyimə peşmanam. Ona görə yox ki, pəncərəsini skoç əvəzləyən avtobusla gedirəm, ayağımı tapdalayan insanların üzrlərini sayıram. Gediş haqqımı ödəyəcəyini əvvəlcədən bildiyim halda dostumun yanında iki on qəpiyi bir-birinə vuraraq ritm tuturam. Pulu ödəyəndə üzümün yalançı etiraz mimikalarını selfie edib facebookda paylaşmaq, belə, ürəyimdən keçir.
İçəri nə qədər basabas olsa da, sürücülər nədənsə avtobusun mərkəzində həmişə boş yer olduğuna inanırlar. Mən isə səni düşünə-düşünə avtobus qapıları arasında güclə özümə yer tapdığıma sevinir, həm də bir iki dayanacaqda konduktorluq da edirəm.
Səni düşünməyimə peşmanam. Ona görə yox ki, yeraltı keçiddən istifadə etməmişəm. Buna görə 20 manat cərimə olunmağım bir yana, həm də bir müxbirin reportajı üçün göydən düşmə “şans” olmuşam. Üstəlik müxbir mənə “Niyə keçiddən istifadə etmirsiniz?” sualını verdikdə bir anlıq elə bildim bütün keçiddən istifadə etməyən insanların adından cavab verməli olacam. Çünki, bilirdim, qarşıma çıxan bu nagahan müxbir səbir edib məndən sonra başqa insanları çəkməyə cəhd etməyəcək.
Səni düşünməyimə peşmanam. Ona görə yox ki, yeni müdirimiz tez-tez iclas keçirməyi sevir. Mən isə ona müraciət edəndə əvvəlki müdirin adını çəkirəm. Hər dəfədə buna görə acıqlanır və köməkçisinə tapşırır ki, kabinetin üstündəki yazını çıxartsınlar.
Səni düşünməyimə peşmanam. Ona görə yox ki, masa arxasında ayaqlarını yellədən insanların sayına mən də daxil olmuşam.
Səni düşünməyimə peşmanam. Ona görə yox ki, bu gün mühasib məni maaşımı almağa çağırdı və çox sevincli idi, çünki bir sürü cərimələrim olduğundan xəbəri vardı. Üstəlik yeni müdirin məni televiziyada qaydalar pozan sakin kimi təqdim edilməyimi görmüşdü. Düzdü mən orada kameranı və müxbiri görəndə qeyri-iradi olaraq keçidlərin və körpülərin çoxalmasının müsbət tərəfləri haqqında xeyli ağıllı-ağıllı danışmışdım deyəsən müxbir mənim dediklərimi kadr arxası mətn etmişdi. Nə isə bu ay bir neçə səbəbdən maaşımdan tutdular. Həm də müdirimiz facebookdakı statusumu da bəyənməmişdi. bunun da təsiri var idi, deyəsən. Bilirəm, siz də həmin statusla maraqlandınız. Sizə deyəcəm, amma paylaşmayın düşər-düşməzi olar J
“Demokratiya –yalnız hər kəsin günahkar olduğu vaxt mümkündü”
Səni düşünməyimə peşmanam. Ona görə yox ki, evdə səni xatırladacaq heç nə olmadığı halda həmişə saçlarından ətri gələn şampunu televiziya reklamlarında aktrisalar arxalarında gizlədirlər.
Səni düşünməyimə peşmanam. Ona görə yox ki, yuxusuz gecələrimin sırasına bu günü də əlavə edirəm, baxmayaraq ki, tv-də aparıcıların ağız dolusu təriflədiyi yuxugətirici dərmanlardan qəbul etmişəm.
Səni düşünməyimə peşmanam. Ona görə yox ki, Rene Dekart deyir ki, düşünürəmsə demək yaşayıram. Ona görə ki, səni düşündükcə yaşadığımı hiss etmirəm...