Məhbus Münzəvi
Kirpiklərində yellənən uşaq
"Mən kiməm?" Sualı qədər
müəmmalıdır
səni sevmə səbəbim
nə olur olsun yaşamaq
- budur həyatın tələbi
səni sevməyin də tələbləri var
necə olursansa ol sevməliyəm
uşaq yellənir kirpiklərinə qurduğu yelləncəkdə
mən uşağa "sevirəm" deyirəm
amma sənin cavabın
"əl çək də"
mən o uşağı qucağıma almaq istəyirəm
amma sən qucaqlardan düşmürsən
azad et içindəki uşağı
hoppana-hoppana qaçsın mənə tərəf
bir səhv və minlərlə kişi
hər kişi bir səhv
qoyma səhvlərin tək doğru olan o uşağı da aparsın
indi mənim bütün relslərim qatarsız
qapılarım qıfıllı, qıfıllar açarsız
"xanım, mənimlə də yatarsız?"
cümlələri bıçaqlayır məni də uşağı da
Pifaqor yandırır teoremini yazdığı vərəqləri
belə sevgi üçbucağı qarşısında
Sən başqa qollarda qızınırsan nə zaman üşüsən
Nyutonun cazibə qanununa əsasən gözümdən düşürsən
Sən getdiyin yolu Dao tanımır
Sənə baxanda Lolita da utanır
Mən utanıram Lolitadan...
Həvva Adəmə alma uzatmır
Eynşteyn gecələr yatmır
belə mütləqliyə hələ də anlam verə bilmir
Hər şey girdi sənə
bircə Erotun oxlarından başqa
Bir fahişəni sevmək çətin imiş
Dünən yaşlı murdar bir kişi daha sənə toxundu,
səni öpdü
Və yelləncəyin ipləri qopdu...