Ömürlərə paylanan işıq...

Ömürlərə paylanan işıq...
2 iyul 2014
# 16:35

Aydın Səlimzadə - 60

(Aydın Səlimzadə haqqında düşüncələrim…)


Çiynində daşınmaz yük daşıdın ki.

Sənə çətin olsun,dostlara asan.

Nə deyim,bəlkə də az yaşadın ki,

Sonralar bu qədər çox yaşayasan

Hüseyn Arif

Bu misralar həyatda cəmi 27 illik sözə, sənətə bağlı yaşanmış ömür qoymuş böyük rus şairi M.Y.Lermontova həsr olunsa da, mənim aləmimdə bu Aydın Səlimzadənin boyuna biçilmiş, mənalı ömrünün açmasını verən misralardır. Cəmi 42 illik ömründə əsrlərə bərabər yol keçmiş, nəhəng işlər görmüş, minlərlə insanın qəlbində özünə əbədi heykəl ucaltmış Aydın Səlimzadə - nə qədər ki, həqiqət var, onun uğrunda mübarizə var, mənəviyyat var, insanlığa hörmət var – Yaşayacaqdır... Aydın Səlimzadə geniş diapazona malik erudisiyalı şəxsiyyət idi. O, bütün digər sahələrdə xüsusi istedada malik olmaqla yanaşı ədəbiyyatı da mükəmməl bilirdi, poetik çeşməsindən süzülüb gələn misralarıyla çox ürəkləri fəth edib, şair, yazıçı, tarixçi-alim, publisist, jurnalist kimi yaratdıqları, yazdıqları, dedikləri ilə tarixin yaddaşında iz qoyub. Tarix elmləri namizədi, Milli Yaradıcılıq Akademiyasının tarix doktoru, bir neçə bədii, tarixi-etnoqrafik kitabin müəllifi, “Elm”, ”Tarix” qəzetlərinin, sonralar “Elm və həyat” jurnalının baş redaktoru, Elmlər Akademiyasının mətbuat katibi işləmiş, milli demokratik mətbuatımızda ilk cəsarətli söz sahiblərindən biri olan Aydin Səlimzadə xatırlanmağa, yaddaşlarda yaşamağa haqqı çatan Şəxsiyyətdir.


Bəli, doğrudan da Aydın çiyninə ağır yük götürməyi ,onu daşımağı, tələb olunan nöqtəyədək aparmağı bacaran adam idi. Bu yüklərin ən ağırı ziyalı yüküdür ki, Aydın onu şərəflə daşıdı.( “Aydın” elə “ziyalı” deməkdir). Bu məqamda istedadlı sənətkar Orxan Fikrətoğlunun ssenarisi əsasında rejissor dostumuz Rövşən Almuradlının çəkdiyi “Yük” filminin əvvəlində söylənən belə bir fikir yada düşür: “İnsanın çiyninə götürdüyü yük nə qədər ağır olsa, torpaqda qoyduğu iz o qədər dərin olar”. A.Səlimzadə öz yaradıcılığı, elmi tədqiqatları, axtarışları, tapıntıları, cəsarətli sözü, dağ çayı kimi saf və duru poetik aləmi, obyektiv ziyalı mövqeyi, humanist və qayğıkeş xarakteri ilə torpağımızda, tariximizdə, yaddaşımızda silinməz iz qoydu, Alim, Tarixçi, Etnoqraf, Şair, Yazıçı, Publisist, Jurnalist, Ziyalı, Dost, Ünsiyyət və Birləşdirici missiyalı böyük Vətəndaş kimi...

Qədim tariximizə onda maraq haradan qaynaqlanırdı? Bu böyük yol, zənnimcə, ilk növbədə dünyaya göz açdığı, ilk addımlarını atdığı Vətən adlı qədim və maraqlı tarixi olan o ucqar dağ kəndindən başlanır! İsmayıllı rayonunun Hacıhətəmli kəndi-Aydın Səlimzadənin dünyaya göz açdığı, boya başa çatdığı kənd. Çox qədim yaşayış məskənlərinin mövcud olduğu ərazi, maraqlı tarixi və zəngin ənənələri olan kənd... Əvvəllər Hacıhapıtlı, Hacıtamlı, Hacatamlı, XX əsrin 50-60-cı illərindən isə Hacıhətəmli adlanan kəndin yerləşdiyi ərazi ulu Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olub öz qədimliyini tarixi abidələrində qoruyub saxlayıb.

Aydın da bax beləcə əsl, həqiqi tarixi öyrənir və sonralar özü də onu öyrədirdi. XX əsrin 80-ci illərində Qarabağ hadisələri zamanı ilk həqiqi tariximiz uğrunda döyüşə atılanlar sırasında təbii ki, Aydın da var idi. Onun redaktorluq etdiyi “Elm” qəzeti (sonradan “Tarix” əlavəsi də çıxmağa başladı ,yeri gəlmişkən qeyd edim ki, bu qəzetlərə olduqca böyük abunə vardı, bu oxucu marağının artması demək idi) az müddət içərisində populyarlaşdı, cəsarəti və yüksək vətəndaşlıq mövqeyi ilə seçilən mübariz ziyalıların söz tribunasına çevrildi. Aydını tez-tez cəbhə bölgələrində, əsgərlərimizin arasında, tarixi həqiqətləri söyləməklə onları erməni qəsbkarlarına qarşı döyüşə ruhlandıran görmək olardı. Böyük amallarla yaşayan Aydına belə məqamlarda qorxu hissi yad idi, çünki bütün bu hisslər onun içindən gəlirdi, o, C. Rumi demişkən, olduğu kimi görünən, göründüyü kimi olan adam idi. Olduqca sadə idi, elə onun böyüklüyü də, qeyri-adiliyi, sözün həqiqi mənasında dahiliyi də bunda idi, çünki dünyanın təzadlarından biri budur ki, hər şey sadədən mürəkkəbliyə doğru getdiyi halda, insan mürəkkəblikdən sadəliyə doğru ucalır. Aydın da bütün dahilər kimi Sadə idi...

Aydın çox istiqanlı, qayğıkeş, həddindən artıq ünsiyyətcil adam olması ilə fərqlənirdi. Onu bircə gün dostlarsız təsəvvür etmək olmazdı. O olan yerdə dostlar, ülfət, demək-gülmək, yeyib-içmək, maraqlı söhbətlər olardı. İsmayıllını və İsmayıllılıları hədsiz məhəbbətlə sevdiyindən Bakıda İsmayıllıları birləşdirən, bir yerə cəmləyən “beyin mərkəzi” kimi tanınır və qəbul edilirdi. (bu mənada onda ilahi güc vardı ). Harada işləməsindən asılı olmayaraq doğma rayonla, kəndlə çox sıx təmasda olurdu. Hətta bir neçə saatlığa İsmayıllıya gəlsəydi belə, bütün dostlar, ziyalılar biləcəydilər ki, Aydın rayondadır. Mən rayon partiya komitəsində işlədiyim vaxt onun ünsiyyətcilliyinin daha çox şahidi olmuşam. Hər dəfə rayona gələndə mütləq raykoma, redaksiyaya, təhsil şöbəsinə baş çəkərdi, dostları yoluxardı, hal-əhval tutardı, baş verən hadisələri, görülən işləri xəbər alardı. Həmişə Bakıda yaşayan bir çox ziyalı həmyerlilərimizə rayona, dostlara münasibətdə Aydından nümunə götürməyi məsləhət görmüşəm. Biz də bir çox həqiqətləri Aydından öyrənərdik. Doğma kəndə gəlişi də toy-bayrama çevrilərdi, sinif yoldaşlarını axtarıb tapardı, qocalarla saatlarla olub keçmişlərdən, keçmiş adət ənənələrdən söhbət edərdi. Təkcə öz kəndimizdə deyil, hara gedirdisə belə söhbətlərə hədsiz maraq göstərərdi. Elə mən Qubanın uca dağ kəndi Xınalıqda, Hapıt, Əlik, Qırız, Buduxda olanda da Aydını necə tanıdıqlarının, sevdiklərinin şahidi oldum, Gədəbəy, Daşkəsən, Kəlbəcərin də dağ kəndlərində onu bax beləcə qocaların dilindən hikməti, tarixi, adət-ənənələri öyrənən ürəyəyatımlı şirin insan kimi tanıyırdılar. Aydın,canlı Ensiklopediya kimi hansı mövzuya, məqama toxunurdusa, ətraflı, köklü-köməcli şərh edərdi.

Aydınla son görüşümüz bacımın hüzr məclisində oldu- 1995-ci il, martın 3-də. Kəndə bizə hüzr məclisinə gəlmişdi. Xeyli söhbət elədik, onu tanımaq olmurdu, dəyişmişdi, çox gözəlləşmişdi, nuraniləşmişdi, təzəcə Kərbəla, Məşhəd ziyarətlərindən gəlmişdi, oruc tutmuşdu... Və cəmi 6 gün sonra - martın 9-da onun rəhmətə getməsi xəbərini eşitdim.(Sən demə, o bir neçə gün rayonda qalıb, dostlarıyla birgə olub, halı pisləşib, Bakıya çatdırılanda isə artıq gec idi, onu xilas etmək mümkün olmamışdı...Onun qəfil, gözlənilməz, hamını şoka salan ölümü hətta bəzi şübhələr, versiyalar da yaratdı...).Nələr çəkdiyimi bir özüm bilirəm... Milyonların yaşadığı bu dünya mənə bomboş və mənasız göründü, elə bil dünyanın mənası elə Aydın imiş ki!!!... Dünyanın nə qədər ədalətsiz qanunları varmış, İlahi!!! ” Ölməli olanın yerinə bəzən, Ölməli olmayan ölür dünyada”. Doğrudan da Aydın kimi insanları hər il yox, hər gün, hər an xatırlamaq lazımdır, çünki onlar milli dəyərdir...

Sevinirəm ki, Aydınla eyni kənddə doğulmuşam, eyni məktəbi bitirmişəm, bu gün onun Məktəb hesab olunduğu jurnalistika sahəsində fəaliyyət göstərirəm...Aydına bənzərlik mənə xoşbəxtlik olduğundan daha çox məsuliyyətdir – Aydınlıq məsuliyyəti... Bizi birləşdirən dəyərlər çoxdur...Fikrimi Şatobrianın bir hikmətli sözü ilə yekunlaşdırmaq istəyirəm: “ Dirilər ölüləri heç nəyə öyrədə bilməzlər, ölülər isə diriləri çox şeyə öyrədə bilər”. Doğrudan da, Aydın Səlimzadə bu gün də bizim üçün İnsanlıq və Ünsiyyət, Kişilik və Cəsarət, Elm və Jurnalistika məktəbidir, yaşayır, fəaliyyət göstərir, biz ondan öyrənirik, daim öyrənəcəyik, və Aydın bizimlə birgə bizdə yaşayacaq!!!


Xeyrulla Ağayev, yazıçı – jurnalist, “Neft Daşları” qəzetinin baş redaktoru, “Qızıl Qələm”, H.B.Zərdabi mükafatları laureatı

# 2438 dəfə oxunub

Müəllifin son yazıları

# # #