Knut Hamsun, Con Fant və Çarls Bukovskinin təhkiyə üslubu bir-biri ilə səsləşdiyi üçün bunlar haqda qısa bir yazı yazmaq qərarına gəldim. Bu cür yazıları oxumaqdan zövq alan və faydalanan biri olduğum üçün belə bir yazı yazmağı özümə borc bilirəm.
Yazıda yumordan istifadə etmək asan bir iş deyil. Səs tonunuz, mimikalarınız və qarşı tərəfi gülməyə sövq edən baxışlarınızdan məhrum olduğunuz üçün şansınız xeyli azdır.
Orhan Pamuk “Qara kitab” əsərində insanın gündəlik yaşayışında “özü ola bilməməyindən” danışarkən, “
Elə bu aspektdən yanaşsaq, “Tozdan soruş” adlı əsəri ilə tanıdığım Con Fante (bu əsəri artıq dilimizə tərcümə etmişəm) bu vaxta qədər oxuduğum yazıçılar arasında yumor zəkası ən yüksək yazıçılardandır. Yumor qabiliyyətinə xüsusi bir simpatiyam olan Fante, Bukovskinin tərif etməkdən doymadığı bir yazıçı olub, zəmanəmizdə layiq olduğu şöhrətə kitablarının nəşrində böyük pay sahibi olan Bukovskinin vasitəsilə çatmışdır. Yaradıcılığa yeni başlamış Bukovski, Fantenin “Tozdan soruş” adlı kitabı ilə tanış olur və “Bir kitab oxudum, həyatım dəyişdi.” deyib o kitabı göylərə qaldırır. Halbuki Bukovski, bir çox sevilən yazıçılar haqda “biədəb” ifadələr deməkdən çəkinməyib.
Misal üçün, bir hekayəsinin sonunda belə deyir: “Bir dəfə bir nəfər mənə nifrət dolu məktub yazıb bildirmişdi ki, Şekspiri sevməyə bilmərəm. Gənclər mənə inanıb, Şekspiri oxumayacaqlar belə getsə. Belə mövqeyə sahib olmağa haqqım yox imiş. Cavab vermədim. Amma burada cavab verəcəyəm. S....r başımdan. Mən Tolstoyu da sevmirəm..”
Fantenin şah əsəri olan “Tozdan soruş” kitabının məndə yaratdığı təəssüratı bilmək istəyirsinizsə, deyim: gözəl bir şam yeməyindən sonra elit bir yerdə kokteyl kimi bir şey. Əgər acmısınızsa, yəni axtardığınız şey sizi təsiri altına alıb, bir müddət düşünməyinizə səbəb olacaq müşahidələrdirsə, o kitabı oxumayın. Sadə təhkiyə üslubu var. Feysbukda yazılacaq bir dənə də bəzəkli sözü yoxdur. Sadə cümlələrlə dəyərli bir şeyi izah etməyin çətin olduğunu xeyli vaxt keçdikdən sonra başa düşmək olur. Həmişə ağır əsərlər oxuyub, uzun müddət düşünməyə “məhkum”
Knut Hamsuna gəldikdə isə, “Aclıq” əsərindən yola çıxaraq deyə bilərəm ki, təhkiyə üslubu Con Fante ilə bənzərdir (Con Fantedən əvvəl yaşayıb). Yaşadığı həyatın çətinliyindən savayı qəribəliyi, Hamsunun qələminə yaxşı mənada təsir edib. Amerikada “2 aylıq ömrün qalıb” diaqnozu ilə gəmiyə minib vətəninə – Norveçə qayıdan Hamsun, gəmidən enərkən artıq möcüzə nəticəsində sağalmış halda olur. Anormal bir yoxsulluq bürüyür onu.
“Aclıq” əsəri elə aclıqdan bəhs edir. Gün ərzində olmasa da, həftə içi bir neçə tikə bir şey yeyərək həyatda qalmaq üçün mübarizə aparan bir insandan danışır. Amma bu faciəni, mümkün olduqca, yumor qataraq nəql etməyi, zənnimcə, Hamsuna Nobel mükafatını qazandıran vacib amillərdəndir. Səhvə yola verdikdə təngnəfəs qalana qədər amansızca küçələrdə qaçaraq özünü cəzalandıran bir adam yaradıb Hamsun.
“Kitabınız düşdü, xanım” – deyərək qarşısında gedən qadının təəccüb dolu baxışlarını özünə çəkən bir obraz. Çünki, kitab zad düşməyib yerə. Heç kitab da yoxdur.
Bukovski isə dəyərli bir yazıçıdır mənim üçün, ona görə ki, emosionallıqdan uzaq melanxoliyaya sahibdir. Öz başına gələn bir bəlanın hər kəsin başına gələ biləcək bir bəla olduğunu qəbul etməyi və “Həyatlarımız çox fərqli deyildi bir-birindən, biz elə olduğunu düşünməyi xoşlasaq da..” deməyi məni daha çox cəlb edir. “Nəsə əleyhimə yarandıqda iyrənib geri çəkilirəm sadəcə” tipli yanaşmağı da ayrı bir gözəllikdir. Təhkiyə üslubuna gəldikdə isə, Con Fantedən kifayət qədər təsirləndiyini demək yerinə düşər. “Henri Çinaski” obrazını Arturo Bandinidən (“Tozdan soruş” əsərinin baş qəhrəmanı) təsirlənərək yaratdığını asanlıqla görə bilərsiz.