Yad qadının öpüşü

Yad qadının öpüşü
16 noyabr 2017
# 12:15

Orxan Adıgözəl

Yalçın Aşıqlının soyadı onun zövqü ilə üst-üstə düşmürdü. (Aşıqlı Beyləqan rayonun kəndidir) Onun aşıqlardan zəhləsi gedirdi. Aşıq havaları, musiqiləri heç vaxt Yalçının xoşuna gəlməmişdi. Aşıqların səsini eşidəndə səbəbi qeyri-müəyyən olan bir qıcıq yaranardı. Sazın ifası ikrah hissi ilə bərabər, yüksək əsəb gətirirdi Yalçına.

Onun zövqünü klassik və lirik musiqilər oxşayırdı. Telefondakı musiqi siyahısında onlarla klassik musiqi ənənələrini özündə birləşdirən məşhur bəstəkarların şedevr əsərləri vardı. Həmin musiqiləri dinləyərkən, qayğılarını, problemlərini bir anlıq da olsa unudur və qəlbini sevinc hissi bürüyürdü. Belə musiqilər ona hədsiz xoşbəxtlik gətirirdi. Yalçının çox vaxt qulaqlıqlarla gəzərdi. Musiqi, bu ucaboy və canlı bədənə sahib adamı elə yumşaldırdı ki, onun gözlərindəki kədər və qəzəb, parıltı ilə əvəz olunurdu. Yalçın bəzən musiqiyə elə köklənirdi ki, sanki, dinlədiyi musiqinin notları ən cazibədar qadına çevrilərək onunla sevişirdi. Elə anlar olurdu ki, musiqi təranələri ürəyindəki gözəgörünməz simlərə toxunur və ruhunda simfoniya orkestrinin möhtəşəm konserti baş tuturdu.

Doğurdan da musiqi ruhun qidasıdır. O, elə sərt qəlbləri yumşalda bilir ki, adam lap mat qalır.

Yalçın 12 il öncə Qarabağda əlillik qazanmışdı. Gecə yarısı posta olarkən, düşmən gülləsinə tuş gəlmiş və aldığı travma ilə yerişində axsaqlıq qalmışdı. O vaxtdan, sağ əlinə dayadığı bir çəliklə yeriyən Yalçın çox məğrur, ehtiraslı və əsəbi təbiətə malik biri idi.

36 yaşı olmasına baxmayaraq hələ də subay idi. Onu bəyənib, ailə həyatı qurmaq istəyənlər az deyildi. Öz zəkası və mədəniyyəti ilə çox vaxt qadınları özünə cəlb edə bilirdi. Bunu bilərəkdən, ya hansısa manipulyasiya vasitəsi kimi etmirdi, yox. Bu sadəcə Yalçının öz daxili təbiəti və xarakteri idi. Ancaq Yalçın qadınlardan ehtiyat edirdi. Nə qədər sərt adam olsa da onlarla bacara bilməyəcəyini düşünürdü. Əslində, qadınları da cəlb edən onun sərt təbiəti və müəyyən əlçatmazlığı idi. Əlçatmaz şeylər insanları həmişə cəlb edir. Sərtliyi onu qaraqabaq etməmişdi. Heç əlilliyi də onu bədbinləşdirməmişdi. Yalçın sadəcə ciddi adam idi.

O, əksər qadınları tələyə bənzədirdi. Hesab edirdi ki, münasibətə can atarkən qadınların emosiyaları o qədər çox olur ki, onlar məntiqli davranmağı unudurlar. Doğurdan da öz təcrübəsində bu kimi halları yaşayan Yalçın münasibətdə olduğu qadınların ancaq bu tərəflərini görə bilmişdi. Hətta, Yalçından xoşu gələn qadınlar onun əlilliyinə də fikir vermirdilər. Ancaq yenə də Yalçın köhnə təcrübələrinə bel bağlayaraq, ürəyinə gedən yolu da bağlamışdı. Sərt görünüşün alt qatında isə bir zəriflik, incəlik yatırdı. Bunu isə yüksək hissiyyata malik həssas qadınlar görə bildiyi üçün Yalçına meyl edirdilər. O, isə qərarında qəti idi. “Heç kimi ürəyimə yaxın buraxmayacam, bura ancaq ən gözəli və ağıllısı layiq ola bilər, o da hələ ki, yoxdur!”

İldə iki dəfə əlilliyi olan insanlar üçün nəzərdə tutulan reabilitasiya mərkəzində müalicə və fizioterapiya alan Yalçın bir həftədən çox idi ki, burda idi. Aldığı müalicə az da olsa onun sağlamlığına kömək edirdi.

O, digər pasiyentlərdən fərqli olaraq gündəlik müalicə kursundan sonra palataya çəkilib, dincəlmirdi. Adətən, pasiyentlərin 90 faizi fizioterapiyaların təsirindən yorğun düşdükləri üçün günortalar yatır ya da sadəcə uzanıb dincəlirdilər. Axşam yeməyindən sonra isə demək olar hamı ya mərkəzin geniş bağçalı həyətinə yığılır ya da dəhlizdə televizora baxıb, söhbətləşirdilər. Yalçının uzanmaqla, yatmaqla arası yox idi. Günorta vaxtı, o, mərkəzin həyətindəki kölgəliyə çəkilir və musiqiyə qulaq asa-asa fikirə dalardı. Belə anlarda canlı təbiətdən də zövq alan Yalçın maraqla mavi səmanı, mərkəzin həyətindəki böyük ağacları, ətrafdakı gülləri və bitkiləri seyr edər və xəyallara dalardı. Xəyalları dinlədiyi musiqiyə görə dəyişərdi. Hər musiqi onu fərqli məkana aparardı. Xəyallarının əsas motivi məhəbbət idi. Bəli, nə qədər ki, sözdə və əməldə məhəbbət oyunlarından qaçsa da onun ən çox düşündürən məsələ elə məhəbbət idi.

Sərt təbiəti ilə xəyalları arasında böyük məsafə var idi. Əslində, Yalçının məhəbbət oyunlarından qaçmaq səbəbi və qəlbinə gedən yolu bağlamağı onun düşüncə tərzinə görə idi. O, düşünürdü ki, qadın-kişi münasibətlərində ən az istifadə olunan ünsür məntiqdir. Məhz məntiqin çatışmazlığı insanları sağlam düşünməyə və münasibətlərini formalaşdırmağa imkan vermir. Onsuz da eşqə düşən insanın görmə orqanı ilə bərabər, düşüncələri də dumanlanır. Bu hal aşırı sərxoşluq halına bənzəyir. Hətta bəzilərində vəziyyət lap ağır olur. Sanki bir-birini sevən adamlar narkotik vasitələrin təsirində olur və münasibətlərinə heç bir məntiq qatmırlar. Belə olan halda da sevginin məstliyi və başgicəlləndirici təsiri aradan qalxan kimi qadınla-kişi reallıqlarla üz-üzə qalırlar. Həmin reallıqları, isə təəssüf ki, heç biri normal həzm edə bilmir və nəticədə qırğınlar başlayır.

Yalçının xəyalındakı məhəbbətin içində məntiq, qarşılıqlı anlaşma, hörmət, sədaqət və böyük enerji dalğası yer tapmaqda idi. Bu xəyalın real olması nədənsə Yalçına inandırıcı gəlmirdi. Ona görə də xəyalındakı bu şirin təsəvvürləri beynindən qovur və mənəvi sakitliyə qovuşmaq naminə dinlədiyi musiqilərlə harmonik əlaqə qururdu.

Bir gün axşam yeməyindən sonra Yalçın hərdən üz tutduğu köhnə tikiş fabrikinin arxasındakı kiçik gölməçə olan yerə gəldi. Gölməçə, reabilitasiya mərkəzindən təxminən 500 metr kənarda yerləşirdi. O, adətən, nəyəsə möhkəm əsəbiləşəndə bura gəlirdi. Bu gün də reabilitasiya mərkəzinin həyətində həmsöhbət olmağa çalışdığı onunla həmyaşıd əlilliyi olan kişilərin bayağı fikirləri əsəbiləşməyinə səbəb olmuşdu.

Gölməçənin kənarı ilə o tərəf, bu tərəfə yeriyə-yeriyə dodağının altında özünü danlayırdı ki, bəs, nə üçün və niyə axı, xarakterlərinə bələd olduğun halda, onlarla ünsiyyətə girirsən?

“Nə üçünlər və niyələrdən” və onu narahat edən fikirlərdən qurtulmaq üçün bu məkan Yalçına həmişə kömək olurdu. Burda bir başqa əhvala köklənə bilən Yalçın geniş ərazi boyu yeriyir və bir müddət sonra sakitlik tapırdı. Bir tərəfi yaş, digər tərəfi quru olan torpağı olan bu ərazidə çox az adama rast gəlmək olardı. Orda olduğu müddət ərzində Yalçın cəmi 2-3 adamdan artığı ilə rastlaşmamışdı.

Qurumağa meylli balaca gölməçənin sahili boyunca bir-birindən aralı məsafədə küknar ağacları düzülmüşdü. Ətrafda torpaqdan və orta və iri ölçülü daşlardan başqa heç nə yox idi. Uzaqda, gölməçənin o tərəfində yanbayan düzülmüş alçaqmərtəbəli evləri görmək olurdu. Uzaqdan xarabaxanaya bənzəyən həmin evlər və digər tərəfi də fəaliyyətsiz ölü fabrik binası ilə əhatəli bu məkan qəribə də olsa Yalçına rahatlıq gətirirdi. Buranın nəsə qeyri-adi sakit enerjisi var idi. Torpaqmı, daşlarmı ya xarabaxanaya bənzər tikililərmi ya da bəlkə də qurumaqda olan dayaz gölməçəmi, hər nə idisə Yalçın onların gözəgörünməz enerjisisinə köklənib, harmoniya tapırdı.

Artıq bir saatdan çox idi ki, burda gəzişən Yalçının bayaqkı əsəbindən əsər-əlamət qalmamışdı. Qulaqcıq vasitəsi ilə ruhunu qidalandıran musiqiləri dinlədikcə, üzündə güclə sezilən təbəssümü də görmək mümkün idi. Gün boyu isti keçən hava sərinləmişdi. Yalçın nazik paltarda olduğu üçün dayanan kimi üşüməyini hiss edirdi. Mərkəzə dönüb, əyninə qalın geyim götürməyə də həvəsi yox idi. “Kim idi bir də bu qədər yolu gedib-qayıdan?!” deyə fikirləşdi. Üzünə dəyən ilıq, nəmli meh ona ləzzət eləyirdi.

Əhvalı yüksək olan Yalçın bu bir saat, yarım ərzində heç kiminlə rastlaşmamışdı. Elə bu haqda düşünərkən birdən gəzişdiyi yolun o biri üzündə kiminsə peyda olduğunu gördü. Hava tutqun olduğu üçün gələn adamın görünüşünü uzaqdan yaxşı seçilmirdi. Gəzdiyi müddətdə kiminləsə rastlaşmamağı və bu fikirləri beynindən keçirərkən birdən kiminsə üzə çıxması Yalçının həmin adama marağını artırmışdı. Yalçın asta sürətlə dayanmadan həmin istiqamətə yönəlməkdə idi. Onsuz da burda başqa istiqamət yox idi. Piyadalar üçün bir dənə müyəssər yol var idisə o da ki, Yalçının gəzdiyi yol idi.

Qısa bir an sonra Yalçın qarşıdan gələnin gənc qadın olduğunu sezdi. Burdan çox az hallarda tək qadın keçərdi.

Qulağında İtaliyalı məşhur bəstəkar Ennio Moriconenin “Chi mai” musiqisini eşidən Yalçın qadını görüb, bir anlıq təəccübləndi ancaq üzünə o ifadəni vermədi.

Artıq, yaxınlaşmaqda olan qadının görünüşünü aydın görmək olurdu. Bu 30-32 yaşlarında xoşagələn üzə və bədənə sahib açıq qəhvəyi libasda olan gözəl qadın idi.

Yalçın bu gözəlliyi aydın görməyə başlayan kimi özünü itirdi. Bayaq gizlətməyə çalışdığı təəccüblə bərabər üzündə müəyyən heyrət də yarandı.

Yalçının önündə yepyeni mənzərə açılmışdı. Bu mənzərə gələn qadının varlığı ilə yaranmışdı. O, heç vaxt belə füsunkar qadınla rastlaşmamışdı. Düzdür, Yalçın, bir xeyli gözəl qadınlar tanımış, onlarla vaxt keçirmişdi ancaq onu belə cəlb edən qadın olmamışdı.

Yalçın həyəcanlanmağa başlamışdı. Bunu hiss etdikcə vəziyyəti daha da pisləşirdi. Çünki, özünü ələ ala bilmirdi. O, qadına məftun olmuşdu.

Heç də balaca boyu olmayan qadının dodaqlarındakı təbəssüm Yalçının aşkar həyəcanı ilə daha da genişlənirdi. Həmin təbəssüm, onun sadə geyimi ilə yaxşı uyğunluq tapmışdı. Qadının günəş şüalarını xatırladan saçları yeridikcə dalğalanır və əsən mehin saçları tərpətməyi gözəllik mənzərəsini genişləndirirdi. Onun bəyaz dərisi də qüsursuz uşaq dərisi kimi zərif təəssürat yaradırdı.

Dili-dodağı quruyan Yalçın öz-özünə “bu necə gözəllikdir, İlahi?!” dedi.

Qadının Yalçına tuşlanan oğrun baxışlarında aşkar maraq var idi. Onun xumar gözlərindən sanki elektrik enerjisi yayılırdı. Həmin, elektrik də, yüksək cərəyanla Yalçına tuşlanır və onun bədəninə elə tok ötürürdü ki, yazıq, az qalırdı yıxılsın. Doğurdan da elə bil Yalçın tilsimlənmişdi. O, artıq yerişini də zəiflətmişdi. Addımlarını güclə atırdı.

Üzündəki çaşqınlıq qadını daha da şövqlə gülümsətdi. Bu şəkildə gülümsəməklə, o, təxminən belə bir mesaj verirdi: “Mənim gözəlliyim sənin qamətini əyər, üzünə qızartı verər, hətta, səni, yerə də yıxa bilər, hə, o, belə qüdrətə malikdir.” Gözəllik həqiqətən də çox yüksək məqamlardan biridir. Bu məqama hamı layiq görülmür. Onu ancaq dayaz adamlar dərk etməzlər. İndi, Yalçın dinlədiyi musiqinin göylərdən gələn musiqi olduğunu təsəvvür edirdi. “Chi mai” heç vaxt belə gözəl və təbii təəssürat yaratmamışdı. Göylərdən təkcə musiqi yox, həm də bir mələk enmişdi və o, indi gülümsəyərək Yalçınə doğru gəlməkdə idi.

Öz-özünə düşünməyə başladı, “görəsən, bu mənim intizarında olduğum könül yoldaşım, xəyallarımdakı qadındır?!”

Qadın Yalçına yaxınlaşdı, onun gözlərinə diqqətlə baxdı. Yalçın nə baş verdiyini anlamırdı. Gözəlliyi ilə onu məftun edən yad qadın niyə və nə üçün yolunu saxlayıb, ona diqqətlə baxırdı görəsən?!

Birdən qadın gözlənilmədən ona tərəf əyildi və gül qönçəsinə bənzəyən dodaqları ilə Yalçının yanağından öpdü. Qadının dodaqları o qədər zərif və incə idi ki, elə bil Yalçın yanaqlarında qızılgülün yumşaqlığını duymuşdu. Gözlənilməz öpüşdən sonra, qadın, nüfuzedici baxışla Yalçını bir də süzdü və heç nə olmamış kimi öz yoluna davam etdi. Sonra da getdiyi istiqamətdə geriyə çönüb, son dəfə Yalçına gülümsədi və bina tərəfə burulub, gözdən itdi.

Yalçın şoka düşmüşdü. Baş verən məsələni dərk edə bilmirdi. Başı üzərindəki səma fırlanmağa başlamışdı. Səndələdi, az qaldı yıxılsın. Özünü güc-bəla ilə tutdu. Kənara çəkilib, yolun kənarındakı böyük daşın üzərində oturdu. Əlini atıb qulağındakı qulaqcıqları dartıb, çıxartdı. Qulaqlarında aşırı bir sakitliyi hiss etdi. Bayaqdan dinlədikləri musiqilər onu yormuşdu. Bunu yalnız indi hiss edə bilmişdi. Gözlərini qadının çıxıb getdiyi istiqamətə zilləyib, baş verən hadisənin nə məsələ olduğu barədə düşünməyə başladı.

“İlahi, görəsən bu nə oyun idi, belə?” “O qadın kim idi?” “Məni tanıyırdımı, tanıyıb-tanımasa belə məni nə üçün öpdü, axı?” Bu tip suallar onun beynini işğala məruz qoymuşdu. Ancaq, bu şəkildə həmin yerdə yarım saat otursa da, sualların heç birinə cavab tapa bilmədi. Yadına düşdü ki, qadın ona yaxınlaşdığı müddətdə ağlına da gəlmədi ki, qulaqlığı çıxartsın, ya da mahnını söndürsün. Ən dəhşətlisi də o idi ki, qadın onu öpəndən sonra elə bil nitqi bir az da qurudu. Ağzını açıb, bir kəlmə də olsun qadınla danışa bilməmişdi...

Hava artıq qaralmışdı. Özündə güc tapıb ayağa durdu və qadının çıxıb getdiyi istiqamətə doğru irəlilədi. Əlbəttə qadın çoxdan getmişdi. Beynində qarmaqarışıq suallar və fikirlərlə reabilitasiya mərkəzinə geri döndü. Həmin gecə çox gec yatdı. Yatağında tez-tez o tərəf, bu tərəfə çevrilir, bu narahatlıqdan qurtulmaq istəyirdi. Beləcə, gec də olsa yuxuya gedə bildi. Yuxuda həmin yad qadını gördü. Səhər yeməyinə gedə bilmədi, çünki gec oyanmışdı.

Gün boyu nə qədər cəhd etsə də onu yuxuda necə gördüyünü xatırlaya bilmədi. Yadına heç nə düşmədi. Nahardan sonra mərkəzdən çıxdı və birbaşa həmin əraziyə getdi. Bura yenə də səssiz məzarlığı xatırladırdı.

Ürəyində təlatüm yaradan qadını bir daha görmək arzusu ilə bir saat o başa, bu başa gəzdi. Heç kimi görmədi... “Görəsən, o, bu evlərdən birindəmi yaşayır yoxsa, sadəcə, təsadüfən, burdan yolu düşübmüş?!” ürəyində söyləndi. Dünən qadının gəldiyi istiqamətə doğru getdi. Yosunlarla dolu, dar labirinti xatırladan əraziyə girdi. Bura çox sərin və kölgəli yer idi. Ayağının altında adda-budda kolları nəzərə almasaq, yerdəki şüşə qırıqları və daş-torpaq, gölməçənin ətrafından fərqlənmirdi...

Bir az gedəndən sonra geniş bağçası olan dəmir barmaqlıqlarla əhatə olunmuş həyətində iki mərtəbəli binası olan əraziyə rast gəldi. Binanın həyətində və ətrafında heç kim yox idi. Bura adama sivilizasiyadan kənar yerləri xatırladırdı. Darvaza qıfıllanmışdı. Ətrafda qəribə səssizlik var idi. Bu səssizliyi arada cikkildəşən quşlar pozurdu. Binanın həyəti sıx ağacla örtülmüşdü. Həyətə, ağaclara və binaya baxdıqca nədənsə adamı vahimə basırdı. Bura daha çox keşmiş müalicə ocaqlarını xatırladırdı. Yalçın diqqətlə binanı və ətrafı süzdü. “Qadın, yəni, dünən burdan gəlmişdi?!” Yalçın fikrindən keçirtdi. Burdan o tərəfə artıq yol böyük qayalıqlarla örtülü idi. O, heç cür dərk edə bilmədi ki, qadının belə, yaşayış olmayan ərazidə nə işi ola bilərdi...

Aciz şəkildə geri dönən Yalçın reabilitasiya mərkəzində qaldığı bir həftə boyunca hər gün gölməçə ətrafında əvvəlkindən də çox vaxt keçirtsə də həmin qadını daha görə bilmədi. Yalçının sakit həyatına daxil olub, onu bir öpüşlə lərzəyə gətirən qadın daha gözə dəymədi.

Yalçın arada düşünürdü ki, bəlkə həmin qadın, həmin hadisə, sadəcə, onun gözünə görünübmüş. Bəlkə, elə bu hal musiqinin yaratdığı güclü xəyalların ortaya çıxartdığı ruhi-psixoloji hallüsinasiya imiş. Amma yox, bu hadisə doğurdan da baş vermişdi və hər şey, həmin qadın da, baxışlar da, eləcə də o zərif öpüş də həqiqət idi. Bu həqiqət hələ uzun müddət Yalçınə əziyyət verdi.

O, reabilitasiya mərkəzindən öz evinə dönəndən sonra da qadını uzun müddət xatırladı. Onu necə unuda bilərdi, axı?! Ömründə heç bir qadın Yalçına bu şəkildə təsir etməmişdi. Küçədə, orda-burda gəzdiyi vaxt gözü daim o qadını axtarırdı. Bəzən kiməsə onu oxşadırdı, sonra təəssüf içində görürdü ki, yanılıb.

Beləcə, bir il keçdi. Yalçın çoxdan özünə gəlmişdi. Artıq həmin qadını əvvəlki kimi iztirabla xatırlamırdı. Baharın ilk çağları idi. Hava elə gözəl idi ki, adam yaşamaq istəyirdi. Bir bazar gününün səhəri tezdən oyanan Yalçın yanlarındakı parkda gəzişməyə çıxmışdı. İstirahət günü olduğu üçün səhər saatlarında demək olar parkda heç kim yox. Adamların çoxu bu vaxt yuxuda idi.

Park müxtəlif ağaclarla, bitki və güllərlə əhatələnmişdi və bura Yalçın üçün təbiətdən az da olsa zövq almaq üçün ideal məkan idi. Adətən, səhər saatlarında bura gələrkən, Yalçın, qulaqcıqlarını götürmür və quşların canlı nəğməsindən zövq almağı üstün tuturdu. Parkda gəzişdiyi vaxt, təmiz havanı acgözlüklə içinə çəkən Yalçın, ağaclara baxdıqca, quşların səsini eşitdikcə özünü xoşbəxt və qayğısız hiss edirdi.

Bu şəkildə təbiətdən harmoniya alaraq irəliləyən Yalçın birdən parkın o biri başından iki nəfərin gəldiyini gördü. Aradakı məsafə yaxınlaşdıqca bu iki nəfərin qadın və kişi olduğu bilindi. Qadın kişinin qoluna girmişdi və onların heç biri danışmırdı. Bir az da yaxınlaşandan sonra Yalçın qadını tanıdı. Bu o idi, Yalçını öpən, yad qadın!

Yalçın özünü itirdi, ancaq qadının başqa bir kişinin qoluna girdiyini gördüyü üçün özünü məcburən ələ aldı və həmin templə irəliləməyə davam etdi. Qoluna girdiyi kişinin təxminən 50 yaşı olardı. Zövqlə geyinmiş və idmançı bədəni olan kişi aristokrat adamlara bənzəyirdi. Qadın da onu tanımışdı və dodaqları ilə bərabər gözlərində də təbəssüm yaranmışdı.

Yanından keçərkən Yalçın diqqətlə qadının üzünə baxdı. Utandığından qadının üzü qızardı və bu onu daha da cazibədar göstərdi. Qadın öz baxışları ilə Yalçına ötəri işarə elədi. O işarənin mənası belə idi: ''Məni tanımırsan.'' Onlar ötüb keçdilər. Bir az sonra Yalçın çönüb bir-birinə yapışmış həmin cütlüyün arxasıyca baxdı. Az qalırdı əsəbindən qışqırsın. Skamyaya yaxınlaşıb oturdu, dərindən nəfəs almağa başladı. Bir az sonra özünə gəldi və bərkdən gülməyə başladı. Qadınla-kişi artıq görünmürdü. Gülə-gülə öz-özünə dedi, görəsən bu yaşadıqlarım nə idi belə?!

# 2763 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #