Bir ovuc cevizlə 5 ton kömürü necə almalı?

Bir ovuc cevizlə 5 ton kömürü necə almalı?
12 dekabr 2013
# 14:10

Çingiz Özgür

Katib qəfil tapdığı çıxış yoluna görə, az qaldı ki, Arximedsayaq “Evrika !” çığırsın. Özünün - özündən xoşu gəldi sanki, ürəyində -“bax belə, bircə sualnan bitirirəm”- düşüncəsiylə kreslosunu bir azca qabağa eləyib, əlini Vəli müəllimə tərəf uzatdı: - Vəli müəllim, mənə ikicə parça sucuq ver !

Kişi arif adam idi, sözü göydəcənə tutdu, eyni anda da məsələnin bitdiyini, bu uzun-uzadı mübahisədə özünün qalib olduğuna tam əmin oldu. Amma tələsmədi, ürəyində təbəssüm qarışıq sevinc hissi keçirsə də, büruzə verməməyə çalışdı. Bir də, qardaşlığı Zeynal kişinin sözü yadına düşdü: “Uşaq da bu işi tutmazdı ki, sən tutdun.”

Zeynal kişi bu sözü, ağaclarda məhsulların, torpaqda əkinin ələ gələn vaxtında, qəfil düşən şaxtanın, lopa –lopa yağan qarın altında, üzünü göyə tutub demişdi. O gündən də, əhalisinin hamısı dindar olmasına baxmayaraq , kənddə zərbi məsələ çevrilmişdi bu söz. İndi də, Vəli müəllim özündən asılı olmayaraq bu sözü xatırladı, çünki onun nəzərində katib elədiyi səhvi onların kəndində heç uşaq da eləməzdi...

- Mən gedib kömürü gətirərəm, onda siz görərsiz. – Bu sözü Vəli müəllim hələ keçən həftə, məktəbdə yanacaq məsələsi müzakirə olunanda demişdi. Məsələ də bu idi ki, sərt qış nəinki qapının ağzını kəsməsinə, hətta içəriyə də keçməsinə baxmayaraq məktəbə sinifləri qızdırmaq üçün daş kömür verilməmişdi.

Keçən illərdən qalan kömür ehtiyatı isə demək olar ki, yox idi. Qış gəlməmişdən azca qabaq isə, kömür dalınca rayona gedən direktor müavini nəinki kömürsüz qayıtmışdı, üstəlik sonralar lətifəyə çevrilib dillərə düşəcək, xəbərlə qayıtmışdı: “Maarif müdiri dedi ki, bu il qış olmayacaq !”

Maarif müdiri kömürün bu qıt vaxtında hər kənddən gələn nümayəndəni bir dillə yola salırdı, Vəli müəllimgilin “zuvuçunun” da kifayət qədər sadəlövh adam olduğunu bildiyindən demişdi ki, müəllim, narahat olma, get kəndə. Yuxarıdan məktub gəlib, yazıblar ki, bu il qış olmayacaq. Kömürə zada da ehtiyac yoxdur.

Direktor müavininin, bu sözlərlə sanki çiynindən yük götürülmüşdü. Ordan bir başa avtobus dayanacağına gəlmişdi ki, qayıdıb bu xəbəri məktəbdə müəllimlərə çatdırsın. Direktor müavininin “qış olmayacaq” xəbərinə o vaxt gülüşən müəllimlər, bir –iki həftə sonra havalar soyumağa başlayanda ciddi düşünməyə vadar olmuşdular. Çıxış yolu tapmaq üçün iclas da çağırmışdılar və elə həmin iclasda Vəli müəllim ayağa qalxıb yuxarıdakı sözləri həmişəki uca danışıq tərziylə demişdi.

Kişinin xasiyyətinə bələd olan müəllimlər məsələni bitmiş saydılar. Vəli müəllim dedisə, eləyəcəkdi... Maarif müdirindən bir şey çıxmayacağını yaxşı bildiyindən birbaşa raykoma, katibin yanına gəlmişdi. İndi də hardasa 40 dəqiqəyə yaxın idi ki, Vəli müəllim katibin yanında oturmuşdu, həmişəki ötkəm və uca səsi və dəmir məntiqiylə məktəbə kömür lazım olduğunu izah edirdi. Katib bu kişini bir az tanıyırdı, bilirdi ki, tutduğunu qoparan adamdır. Amma məsələ budur ki, doğrudan da, rayonda kömür qıtlığı vardı.

Katib də , öz növbəsində bunu izah etməyə çalışırdı, di gəl ki, hər bir sözünün qarşısında Vəli müəllimin iki sözü dayanırdı. “İlk növbədə şəhər məktəblərini düşünməliyik” deyəndə, müəllim əməllicə hirslənmişdi.“

- Sizin şəhər məktəblərinin şagirdləri, dərsdən sonra evinə gedəndə, heç olmasa istilik tapır. Burda heç o qədər şaxta da olmur. Amma dağların qoynunda, sazağın qılınc olub camaatı kəsdiyi kəndlərdəki şagirdlər evlərində də yarım -yamalaq, odun qırıntısı hesabına isinirlər, hələ bir gəlib məktəbdə də donsunlar? Yoldaş katib, bizim məktəbə kömür ver!

Bax bu sonuncu cümləni Vəli müəllim içəri girəndən bəlkə də 6-7 dəfə, hər dəfə də eyni vurğu və intonasiyayla deyirdi. Katibin bütün “yoxumdur”ları, Vəli müəllimin göy gözlərinin iti və məzəmmətli baxışlarına dəyib geri qayıdırdı. Katib o baxışlardan bircə kəlmə oxuyurdu; “istəsən, verərsən.”

Büruzə vermək istəməsə də lap dərində haqq qazandırırdı. İstəsə 3-5 ton kömür vermək olardı, amma axı, hələ qarşıda kəskin soyuqlar, şaxtalar vardı. Nə bilmək olar, bəlkə heç rayona kömür gəlmədi. Anbarda qalan da bəs eləmirdi axı... Kəndin ilk müəllimlərindən idi Vəli müəllim. Mehriban, üzügülər. Maraqlı insan idi, həm də. Zəhmətkeş kişiydi. Əla da yumor hissi vardı. Hər kəslə öz dilində danışmağı bacarırdı. Kimə necə müraciət edəcəyini də, özü seçirdi. Bəzi xasiyyətlərini bütün kənd əzbər bilirdi. Bir ucadan səbir gətirməyi vardı ki, elə bilirdin ya göy guruldadı, ya da hardasa dağ uçdu. Bir də ki, sərin suya qarşı həssaslığı vardı. Harda bulaq görsə, içməliydi. Fəslin fərqi yox idi, yay, yoxsa qış olsun. Qışda buz bağlamış bulağın buzunu sındırıb su içdiyini deyirdilər. Cibləri heç vax boş olmazdı. Ürəyi istəyən adamçün, əsas da uşaqlarçün həmişə pay vardı cibində. Əlbəttə ki, əsas da, özü üçün .Bir də görürdün tələsik getdiyi yerdə dayandı, divardakı hamar daşlardan bir balacasını götürdü, cibindən çıxardığı qozu, ya fındığı daşın üstünə qoyub əlindəki daşla arasında sındırıb ağzına atdı. Sonra yenə yeyin addımlarına davam elədi.

Tanımayan adam fikirləşirdi ki, bu kişi tələsirsə, dayanıb fındıq sındırmaq nəyə lazımdı, yox dayanıb qoz -fındıq sındıracaq qədər rahatdırsa, addımlarını niyə elə yeyin atır? Amma kəndin kiçiyindən böyüyünə heç kəs təəccüblənməzdi. Vəli müəllimi belə görüb, belə də qəbul eləmişdilər, öyrəşmişdilər. Katibin maraqlı istəyindən iki-üç dəqiqə keçmişdi. Hər ikisi sakitcə dayanmışdı. İkisi də, elə bil bu anların dadını çıxarmaq istəyirdi. Katib öz aləmində məsələni bitirmişdi, qalırdı ağsaqqalın sakitcə durub çıxıb getməyi.

Çox az ehtimal vardı ki, müəllim katibin istəyinin arxasındakı mənanı anlamaya. “Nə sucuq? Mən indi burda hardan sucuq tapım ?“ Bax, onda katib tam qələbə əhvalı ilə, “Bəs mən hardan kömür tapım, Vəli müəllim?“ deyib, hörmətlə kişini yola salacaqdı.

Vəli müəllimsə başqa şey düşünürdü, bir an sonra olanları hesablayırdı və fikirləşirdi ki, görəsən katib onun düşündüyündən fərqli hərəkət eləməz ki? Sakitcə ayağa qalxdı, katibin stoluna tərəf bir addım atıb, əlini cibinə saldı. Ovuc dolusu sucuğu çıxardıb katibin qabağına qoydu. Katib hələ özünə gəlməmiş, əlini o biri cibinə atıb bir ovuc da fındıq ləpəsi ilə qoz ləpəsinin qarışığını çıxarıb, sucuq parçalarının yanına qoydu.

- Əla sucuqdu, öz evimizdə hazırlıyıblar. Cəviz bağımızdandı, fındığı da oğlum pay göndərib. Halal xoşun olsun!!!

Çevrilib qapıya tərəf getdi. Onun hesabıyla dönən kimi çağırmalıydı katib, amma bir az çox çəkdi. Otağın bu başından o başına gedib tam qapıya çatanda katibin “Vəli müəllim, dayan!” sözləri saxladı onu. Arxaya çevriləndə, əlində kağız otağın o başından az qala qaça-qaça gəldiyini gördü. Sakitcənə kağızı Vəli müəllimə tərəf uzatdı.

- Sən canın heç kəs bilməsin, axşamtərəfi həll edərsən, görən olsa hamı töküləcək üstümə.

Kağıza rəqəmi bilmək üçün baxdı , əvvəldən 5 ton davası eləsə də, sonlarda 3 tona yenmişdi, 2 tona da razıydı hətta, ürəyində. Açan kimi də gözü bircə cümləlik yazıdakı 5 rəqəmini gördü.

Anbar müdirinə yazmışdı, aşağıdan ta tarixin qoyub qol çəkmişdi, vəssalam: “ Maqsud kişi, 5 ton kömür verin, maşın da təşkil edin!”

# 2441 dəfə oxunub

Oxşar xəbərlər

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
# # #