Mənim kimi yalnız, sənin kimi səssiz...

Mənim kimi yalnız, sənin kimi səssiz...
6 aprel 2017
# 13:32

Mətanət Qüdsi

Sevgi məhbusu

Yenə biganəlik alıb məni ağuşuna

Yenə sənsizəm...

Yatıb məni dinləyəcək bütün insanlar

Batıb məni eşidəcək bütün qulaqlar...

Səni anlatdığım, səni danışdığım bütün adamlar...

İndi mənim kimi yalnız, sənin kimi səssiz...

əşyalara danışıram, ağ vərəqlərə qaraldıram səni,

Sonda bir sətir yazıram.

Darıxıram...

Sobanın işığına böyüyən kölgəm

Onu əhatə edən düşüncələrim,

cavabsız suallarım növbə çəkir,

kabus kimi, otağın dörd tərəfindən.

Edama hazırlanmış məhkum kimi üzümə oxuyur "günahlarımı"

Hər gecə sənə görə darıxdığımı,

icazəsiz səni sevdiyimi, sənə gəldiyimi.

İndi məni incidən getməyinə tapılmayan bəhanələrin,

ömrümdən apardığın aylarım,

sinəmə çəkdiyin dağlarındır.

Məni incidən sənə gələn bağlı yollarım,

mənim olmayan qollarındır.

Sənin korluğun...

Karlığın....

Qəddarlığın...

Yadlığın...

Soyuqluğun...

Və bütün bunlara rəğmən

Yenə səni sevməyim.

Sənə Qaçmağım,

Gəlməyim, arzulamağım,

İstəyim.

Lənətə gəlsin bir də sənsizlikdə dayanmadan darıxmağım...

Sənin əsərin

Bu gecə bir əsərdə yaşatdım ikimizi...

Bir sən idin, bir də mən, bir də sevda dənizi

Həddimizi aşmadan yaşanılan günləri,

Qələmə dedim bir-bir.

O yazdı, mən danışdım, sənlə belə tanışdım...

Gizli görüşümüzdən söyləmədim söz belə,

Sənsiz keçən günləri, sabahları, dünləri söyləmədim qələmə.

Qoy car çəkməsin dedim sevgimizi aləmə...

Verdiyin ümidləri pıçıldadım xəyalən ....

Bir o bildi, bir də mən.

Bu gecə əsər yazdım, sənə əsər etdimi söylə bu yazdıqlarım?

Haqlısan, yalan, desən,

Həmçinin haqlıyam mən...

Özün yoxdun, xəyalın mənimləydi o gecə.

Xəyalınla de əsər yazılmazmıydı səncə?

Hiss oldumu, de, burda sənsizliyimin izi...

Bu cür yaranır demə əsl eşq mənzərəsi adı...

Sənsiz səninəm

Sonda imzamı qoydum əsəri yazan, sənəm....

***

Bu gecə,

Ona ehtiyacımı duyub,

daha qara, daha uzun,

kömək üçün, yetirdi özünü...

Dərdlərimi, bölüb, soyub şərikim oldu, bu gecə.

Təbiət susdu, məni dinləyirmiş kimi.

Ağladı, duyub ağlamaq səsimi,

daha da coşdurdu məni,

boğaraq hıçqırıqlarıma...

Hayqırmaq istədim sevgimi cahana,

duymasın deyə, susdum, bu gecə.

Bir az daha qaranlığa qarışmaq istədim dəli sevgimlə...

Bu gecə,

Rəssam olmaq istədim,

Həyat tablomu çəkib,

insanlara anlayış qarşılığında satmaq istədim...

Bəstəkar olmaq istədim. həm də...

Bu gecə, qəlb sızıntılarımın səsini, sinəmdə yanan

Günəşlə göz yaşlarımın təmasından

yaranan musiqini nota köçürmək istədim.

Dəzgah qurub, əlvan saplarla

toxumaq istədim həyatımı.

İsti rənglərlə xoşbəxtlik

naxışları vurmaq istədim.

İlmələri sevinc, ölçüləri hüzur,

Çərçivəsini, sağlamlıq rəngində istədim.

Bəndləri güvən olsun.

Bu gecə,

Ay da,

Günəş də parlasın səmada,

nur çiləsin, çəkdiyim tablodan,

şəfqət saçsın bəstəmdən,

toxuduğum xalıda,

rənglərin hərarəti,

hər sevənə,

bəxş etsin təravəti...

İstədim,

QƏLBİMİN TƏSVİRİNDƏN

xəbərdar olsun hər kəs.

# 2272 dəfə oxunub

Oxşar xəbərlər

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
#
#
# # #