Bu dünya belədir
İnanma dünyanın etibarına,
İndiyə dünyada etibar qalar?
Gah səni ağladıb, gah da güldürər,
Bu dünya hər gündə bir hava çalar.
Hərdən əlac edər ağrıya, dərdə,
Hərdən də sağalmaz dərdi, yarası.
Bilinmir İlahi, bilinmir Vallah,
Bu dünyanın nə ağı, nə qarası.
Acları çörəklə imtahan edər,
Çörəyi bol verər dünya toxuna.
Qurtulmaq olmayır heç əzabından,
O, dərdi, kədəri verər çoxuna.
İlahi, dünyanı yenidən yarat,
Yaxşılar yamana möhtac olmasın.
kainat bürünsün al şəfəqlərə,
Bu dünyanın bir gülü də solmasın.
İnadkar olma belə
Nəyə lazım bu inad?
İnadkar olma belə.
Biz ki qoşa bir qanad,
İnadkar olma belə.
Tök ətəyindən daşı,
Gözlərimdə gör yaşı
Yanır bağrımın başı,
İnadkar olma belə.
Gözəl, nazlı bir pəri,
Etmisən məni dəli.
Sən dilimin əzbəri,
İnadkar olma belə.
Bu canım sənə fəda,
Mənə gəlsin hər qada.
Məni salma fəryada,
İnadkar olma belə.
Gülüşünlə gül gülər,
Qədrini Anar bilər.
Göz yaşını kim silər?
İnadkar olma belə.
Səni itirdim
Mən səni ürəyimdə,
Çiçək kimi bitirdim.
Bəs neyçün bahar çağı,
Gülüm, səni itirdim?
Hardan gəldi ayrılıq?
Biz qoşa qanad idik.
Sevinirdik, sevirdik,
Dərdə, qəmə yad idik.
Biz gülüm, and içmişdik,
Heç zaman ayrılmayaq.
Saf eşqi yolumuzda,
Sandıq yanan bir mayaq.
Tale verib hökmünü,
Səni məndən ayırmış.
Dünya sevənlərə də,
Kədər-qüssə qıyırmış.
İndi gözüm yoldadır,
Sən də gözü yaşlısan.
Bəlkə sən də yoluma,
Gizli-gizli baxırsan.
Anar səni ürəkdə,
Çiçək kimi bitirdi.
Bəs neyçün bahar çağı,
Gülüm, səni itirdi?