Həyatı sev
Nə yazılıb, olacaqdır,
Bu taleyin yazanı var.
Ömür yolu – kəşməkəşli
Qış anı var, yaz anı var.
Dostum, əzəldən belədir,
Həyat sınaq, həyat çətin.
Çətin olsa da, həyata,
Tükənməsin məhəbbətin.
Günəş doğsun taleyinə,
Sev dünyanı, sev cahanı.
Xatirəyə dönəcəkdir,
Bu həyatın hər bir anı.
Gənclik gedir
Zaman gedir, çatmaq olmur,
Ömür keçir, yaş da artır.
Gənclik gedir, qocalıram.
Ağ saçlarım başda artır.
Ömür üzük, gənclik qaşı,
Ötüb keçir gənclik yaşı.
Atam subaylığın daşın,
Gənclik gedir, qocalıram.
Hər bir anın xoşluğu var,
Çətinliyi, boşluğu var.
Geri dönməz gedən qatar,
Gənclik gedir, qocalıram.
Qayıdan deyilsən bir daha geri
Əlimi əlimdən üzüb getmisən,
Bilirəm, sən məndən küsüb, getmisən.
Bəlkə də eşqimdən bezib, getmisən,
Qayıdan deyilsən bir daha geri.
Günəş də hər səhər çıxdı, gəlmədin,
Hicranın evimi yıxdı, gəlmədin.
Gözlərim yoluna baxdı, gəlmədin;
Qayıdan deyilsən bir daha geri.
Əsən yellər oldu, küləkmi oldu,
Bu eşqin yolunda kələkmi oldu?
Bilmədim sən xəyal, mələkmi oldun;
Qayıdan deyilsən bir daha geri.
Gedişin sakitcə oldu, bilmədim,
Çəmənim, çiçəyim soldu, bilmədim.
Bu bir gedər-gəlməz yoldu, bilmədim;
Qayıdan deyilsən bir daha yeri.
Sevgilim, nə deyim, nə deyim daha,
İndi hicran ucuz, vüsalsa baha.
Ümidim də yoxdur gələn sabaha;
Qayıdan deyilsən bir daha geri.