İlqar Kamil
Səni elə sevəcəm ki
Səni elə sevəcəm ki
Həsrətimdən öləcəksən
Səni elə sevəcəm ki
Durmayacaq ayaqların başqa yerdə
Heç sonunu düşünmədən
ürəyimə gələcəksən
Səni elə sevəcəm ki...
səni elə sevəcəm ki
oğrun-oğrun
gizli-gizli
səssiz
sözlü...
Səni elə sevəcəm ki
Xumar gözlüm!
Həyat adlı kitabından
Keçmişini siləcəksən
Güləcəksən...
Səni elə sevəcəm ki
İnan mənə
Xoşbəxtlikdən qanad çalıb
Səmalarda süzəcəksən
Nazlı-nazlı gəzəcəksən həyatımın bağçasında...
Səni elə sevəcəm ki
Həsrətimin saçaqların hörmək üçün,
Səni elə sevəcəm ki
sevgimizin hüdudların görmək üçün
Addım başı ürəyimi üzəcəksən...
Əzəcəksən...
Səni elə sevəcəm ki
Sevdiyimi biləcəksən
Güləcəksən...
Güləcəksən...
Səni elə sevəcəm ki
O incəcik zərif qəlbin dözməyəcək bu sevgiyə
Səni elə sevəcəm ki
Sevincindən öləcəksən...
Unuda bilmədim
Son baxışını heç unuda bilmədim ki
Gözlərin bir az islaq idi
Qan da qoymuşdu azacıq...
Baxışların çox aciz idi inan
Çox məcbur
elə baxırdı ki yazıq-yazıq...
Son baxışını heç unuda bilmədim ki
Çöhrəndə qap-qara bulud
Kirpiklərində damcı-damcı nəm var idi
Üzündə yalançı bir şadyanalıq,
İçində vaxtsız ölümçün qurulmuş matəm var idi
Son gedişini heç unuda bilmədim ki, mələyim!
Eyni ilə canlı efirin lent yazısı kimidi
hər dəfə - efirimizə siz də bağlanın
- deyə səslənəndə aparıcı
Ürəyim dəstəyə doğru atılsa da
Ağlım donuq-donuq geri qayıdır
Axı bu
Bir lent yazısıdır...
Yadındamı
sən səhər-səhər
sabah-sabah tərk etmişdin məni
şübhə-şübhə, sual-sual
Mənsə daha çox gecələr izləyirəm o son gedişi
Kadr- kadr, Detal-detal...
Ən çox diqqətim 43 –cü dəqiqədə
Son kəs əlini yellədiyin anda olur
Və qəzavətim budur ki:
Tərk edən, mələk kimi məsumdu
Günah həmişə qalanda olur...
Son gedişini heç unuda bilmədim ki
Dəli şeytan bir bıçaq götürüb
Yolunu kəsim zorla
mane olum deyirdi
Səninsə -iki parçaya bölünmüşdü varlığın
Ağlın gedim
Ürəyin qalım deyirdi...
Və sən ağlın deyəni tərcih etdin
Getdin
Və mən
son baxışını heç unuda bilmədim ki...