Kulis.Az Ruzbeh Məmmədin şeirlərini təqdim edir.
Aqşin Yeniseyə üçün.
hamı bir-birinə yaxındı uzaqdan baxanda.
yaxşı günün ömrü az olur, şair..
mən indidən bezmişəm özümdən
gələcəyi bilmirəm.
inanmadığın hər şey haqqı,
ölməyə özümü tapmıram
sən də hamı kimi soruşma.
ayaqlarından asılanların günahı nədi deyə?
sadəcə həyata
başı aşağı baxmaqdan ötəridi.
çıxıb getməyə hamı var,
qayıtmağa kimsə tapılmır
gördüyün yerdəyəm,
ikicə addım özümdən uzaq
əcəba kim yaşamaq istəyir görüm,
əlin aşağı salsın...
and içirəm o göy haqqı,
kimsə unudulur elə bu dəqiqə
bütün canlı məxluqların yerinə
əvəzində yada düşür, tanrı, protomey...
hə, az qalır, şair, əvvəlki vaxta.
indicə saatlar iyirmi üç saat qabağa çəkiləcək.
hamı sevinə-sevinə darıxacaq saat hesabı.
belə olmaz ,şair, and olsun darıxıram
bir az təsəlli ver, insafsız şerlərinlə.
oktyabr şer – 1991.10.26
ən çox günəşin batmasına,
ildırımın ehtiraslı çaxmasına üzülürəm.
o yağış haqqı,
o bulud haqqı
yerdən-göyə qədər darıxıram.
qayıtmaq istəyirəm getmədiyim yerə
uzaqdan baxdığım özümə yazığım gəlir.
bu gün yenə pis iş tutmuşam,
dünyaya yenidən doğulub,
yenidən unudulmuşam.
bir də mənim özümə gəlməyim çətin olar
bəlkə sənə gəlim, ayaq üstü qarşıla
uzaqlıq, daha çox xatırlamaqdısa,
yaxından unutmaq da var insafsızca
mən də ,özüm kimi
sonrakı yalqızlığıma bağışlanmışam,
indi heç nə əvəz edə bilməz təkliyimi,
heç sən də.
qocaman olduğumu üzümə vuranda,
əllərim də gözümdə böyük görsənir
mən ən yaxşı şeyi tək qalanda düşünürəm.
unutduqlarımı yada salıram,
yada saldıqlarımı unuda-unuda.
bir sən qədər darıxmaq.
ayrılığın hər yerində qadın var ,
hər yerində darıxmaq.
həm də insafsızca...
əvvəl bütün bədəninlə,
sonra mesajlarda.
bir də var ölmək gözdən iraq.
hamı gedirdi, gərək sən qalaydın
sonsuza kimi öldürmək üçün.
unutmaq həm də sevməkdi insafsızca.
hardasa sən varsan bədənimdə ,
bir sən qədər unutmaqlıq.
demək ki, hələ ağrı var,
demək ki, hələ uşağam, sadəlövhəm.
getməyinlə işim yox, unudulmaq istəyirəm
sənəcən unudulmaq.
mən səni unuda bilmirəmsə
and içirəm
yoxluğundan çox varlığın qalıb
demək ki, tanıdığımız küçələr var
haradasa kimsə bizi görəcəyindən
qorxduğumuz olmazlar var.
bir küçə unuda bilsəm
bir şəhər ağlaya bilsəm
bir gecə heç kim olsam.
yoxluğuna bağışlansam.
sən, üzüldüyümə baxma
sonradan bir sən qədər sevərəm
bir sən qədər...
yenə də aldanmaq istəyirəm,
yenə unudulmaq istəyirəm sənəcən
bir sən qədər köhnəlikdi hər şey,
tutunmağa yer yoxdu
ayrılmaq üçün ən yaxşı yer idin.
sənə oxşarı yoxdu, unutmaqlıqda
tövbə, bir də sən qədər
sevmərəm sonra da, ikiəlli unutmaq üçün.
ümidlər də yox oldu,
bircə bu şəhərdə adamlar xoşbəxtdi
uçulmuş evlərin damına nisbətdə
bağışlanmış tanrılar günah axtarır
unutmaq,
sevmək...
və sevmək
heç də xoşbəxtlik deyil.
bir sən qədər köhnəlikdi hər şey,
tutunmağa yer yoxdu
ayrılmaq üçün ən yaxşı yer idin.