Alçala-alçala ucalmaq olmur

Alçala-alçala ucalmaq olmur
30 noyabr 2012
# 11:13

Sənsiz taleyimdən acığım gəlir

Sənin yoxluğundan əzab çəkirəm,

Mən ki xəzan vurmuş yarpaq kimiyəm.

Sən mənim nəfəsim, arzu, niyyətim,

Sənsiz suya həsrət torpaq kimiyəm.

Bitib tükənməyir qəm də, acı da,

Dərdə çarə etməz ana, bacı da.

Göz yaşı var imiş tale, yazıda,

Bu yaşımda kövrək uşaq kimiyəm.

Özümün özümə yazığım gəlir,

Sənsiz taleyimdən acığım gəlir.

Kədər yuvasından sorağım gəlir,

Yarpağı tökülmüş budaq kimiyəm.

Beş gün ömür sürüb, şən yaşamadım,

Bəlkə sən yaşadın, mən yaşamadım.

Məcnun tək əbədi qalacaq adım,

Dünyada beş günlük qonaq kimiyəm.

Alçala-alçala ucalmaq olmur

Çalış ki, həyatda alçalmayasan,

Alçala-alçala ucalmaq olmur.

Dünyada namusla, şərəflə yaşa,

Şərəfsiz ömürdən güc almaq olmur.

Haqqı heç unutma, sən haqqa tapın,

Haqq ilə açılar hər zaman qapın.

Bir gün vərəqləsən ömür kitabın,

Görərsən, şərəfsiz yaşamaq olmur.

Hər an dilində haqq deyənlər olur,

Dünyada haqlılar, ərənlər olur.

Şərəfsiz ömür də sürənlər olur;

Şərəfsizlik yükün daşımaq olmur.

Hər kəs bu dünyaya bir cürə baxdı,

Kimi kişiyəm deyib, sırğanı taxdı.

Anar, dünya özü şərəfdi, haqdı,

Haqsızlıq edənlə barışmaq olmur.

Gözlərindən öpərdim

Darıxmışam gəlişin üçün gülüm,

Sən gələn yollara çiçək səpərdim.

Darıxmışam mənalı baxışın üçün,

Mənə baxan gözlərindən öpərdim.

İndi o yolları duman, qar alıb

Sən gedəndən ömür, gün də daralıb.

Bəxtin üzü dönüb, həyat saralıb,

Qayıtsaydım daha mənim nə dərdim?

Gözləyirəm, gözlərimin qarası,

Sənsiz sağalmazdı ürək yarası.

Anar taleyindən olub narazı,

Bilməz idim belə dərdə düşərdim.

Belə gözəl olmaz

Nə mənalı gözlərin var gözəlim,

Belə gözlər, belə kirpik, qaş olmaz.

Sənin kimi gözəlin də əzizim,

O ürəyi, incə qəlbi daş olmaz.

Sən olasan kədər, qüssə yox olar,

Səni sevən bu ürəyim tox olar.

Yar həsrətin ürəyimə ox olar,

Sənsiz ömür, sənsiz həyat xoş olmaz.

Bu şairi ilhama gətirmisən,

Sevən qəlbdə səadət bitirmisən.

Könlümdəki qüssəni itirmisən,

Eşqin olan yerdə soyuq qış olmaz.

Məcnun eşqin aləmlərə car çəkər,

Yar cəfasını deyiblər ki, yar çəkər.

Nə dərdin var inan ki, Anar çəkər,

Mənimlə o gözlərində yaş olmaz.

# 1726 dəfə oxunub

Oxşar xəbərlər

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
# # #