“Vətən də sevdiyimdir”

“Vətən də sevdiyimdir”
11 iyul 2013
# 11:41

Vafiq Xəlilov

Salam, ana! Salam, ata!

Bayaqdan bəri yuxuya gedə bilmirəm. Ürəyim dolub elə bil. Qələm-kağız götürüb sizə məktub yazmaq istədim-özü də ay işığında... Bilirəm indi sən də yatmayıbsan, ana. Hər gecə olduğu kimi yumşaq yataqda uyumağı özünə haram bilə-bilə yenə də məni düşünürsən. Suallar səni dinc buraxmır. Görəsən, balama soyuq deyil ki? Görəsən, yorğanı sürüşüb kənara düşməyib ki? Bilirəm hər gecə xəyalən neçə dəfə gəlib üstümü örtürsən, saçlarımdan öpüb gedirsən. Sənin üçün hələ də körpə uşağam, bilirəm.

Uşaqlar nədənsə həmişə tez böyümək istəyir. Mən də uşaq olanda sehrli çubuğumun olmasını istəyirdim. Ona toxunan kimi böyümək istəyirdim. Yadındadır, ata, bu barədə sənə deyəndə dedin ki, nəyinə lazımdır belə tez böyümək. Onda sənə cavab verdim ki, böyüyüb ƏSGƏR olmaq istəyirəm. Onda niyə köksünü ötürmüşdün ata?... Elə zaman özü sehrli çubuq imiş-elə tez böyüdüm ki! İndi əsgərəm. Mənə özümü tanıdan əsgəri xidmətdəyəm.

Siz məni yola salanda niyə elə kədərlə baxırdı gözləriniz? Kənardan çətin görünür hər şey. Nizam-intizam, qeyd-şərtsiz tabe olduğun qayda-qanunlar. Əvvəllər mənim üçün də hərbinin görünən tərəfi bu idi. Amma belə deyilmiş. Bəlkə də ömrüm boyu heç yerdə öyrənə bilmədiyim bir şeyi öyrəndim burda-bayrağa toxunanda titrədiyimi. İndiyə kimi bayrağımızı binaların üstündə, müxtəlif tədbirlərdə, televizorda çox görmüşdüm. O zaman məndən bayraq haqqında soruşsaydılar, onun sadəcə dövlətçiliyimizin rəmzi olduğunu deyərdim, rənglərinin mənasını deyərdim. Bəs, sonra? Yəqin ki, elə bu qədər. Bəs indi? Məktəbdə yaşlı bir müəllimim vardı. Deyirdi ki, sevmək-sevdiyin şeyi görəndə qəlbinin riqqətə gəlməsidir, Toxunanda barmaqların ucundan qəlbinə ilıq bir giziltinin axmasıdır. Uğrunda hər şeyi etməyə hazır olmaq deməkdir. Ona qulaq asanda düşünürdüm ki, nə qədər haqlıdır. Elə mən də qonşu partada oturan Sona üçün bunları hiss edirəm. Amma o yaşlı müəllimim sözünü belə tamamlayırdı: belə sevgi ilə hər şeyi, hamını sevmək olar. Razılaşmamışdım onda o müəllimimlə. Amma bayrağı qorumaq üçün postda durduğum o gündən bəri bir həqiqəti anladım: mən vətəni sevirəm, özü də müəllimin dediyi, əsl sevgi ilə. Sevdiyinin telinə zərər gəlməsini istəməzsən axı. “Vətən də sevdiyimdir” - qarış torpağına birinin yan gözlə baxmasına indi əsgər Xəlilov başqa cür cavab verər.

Ata, düzünü de, mənimlə fəxr edirsən? İstəyirəm fəxr edəsən. Oğlun ordu sıralarındadır! Əynimdəki hərbi geyimi necə qürurla daşıdığımı bir bilsən! Ordu sıralarında olmasaydım mən əsl MƏNimi tanımayacaqdım. Burda mənə çox şey öyrətdilər: dözümü, intizamı, qorumağı, məsuliyyət daşımağı və daha neçə-neçə vacib şeyləri. Bir də özümün öyrəndiyim bir şey var: səni qucaqlayanda saçlarından gələn təndir tüstüsünün qoxusunu necə sevirmişəm, ANA! Sərt baxışlarının, zəhmli görkəminin, soyuq səsinin altında necə kövrək biri varmış, ATA! Bunu da orduda öyrəndim. Dizinin üstündə oturmaq, boynuna sarılmaq mənə əlçatmaz gəlirdi həmişə. Az qala məni sevmədiyini düşünürdüm hərdən.. Çünki çox ciddi idin həmişə. Bir dəfə yanıma gəldiyini xəbər verdilər. Çölə çıxdım. Bir də gördüm uzaqdan qaça-qaça bir kişi mənə tərəf gəlir. Özü də ağlaya-ağlaya bu sözləri deyir:

- Bala, başına dönüm! Boğazım qurudu həmin an! Bu, sən idin, ata!? Mənə necə sarıldın! Kürəyimə yüngülcə vurdun. Bu, “halal olsun, oğul” demək idi. Nə ali məktəbə girəndə, nə də başqa uğurlarımda bunu etməmişdin. Əsgər olduğum, qorumağı öyrəndiyim üçün fəxr edirəm.

Salamat qal, ana, sağ ol, ata. Görüşəcəyik, inşallah!

# 1913 dəfə oxunub

Oxşar xəbərlər

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
# # #