Vahid Aslanın şeiri
Uşaqları atmayın
Ey atalar, analar!
Uşaqları atmayın!
Atmayın uşaqları!
O, yaşıl pöhrələri
Vədəsiz qurutmayın,
O, körpə ürəkləri
Vədəsiz ağrıtmayın,
Qoymayın arxanızca,
Əli uzalı qalsın,
Qoymayın gözlərində
Təklik əzabı qalsın,
Arxanızca boylanan
Gözləri ağlatmayın!
Atmayın uşaqları!
Uşaqları atmayın!
O, bir körpədi hələ,
Günahsız, məsum körpə!
O, bir körpüdü hələ,
Bu günündən sabaha
Uzanan, uzun körpü!
O, sevgi körpüsünə
Dönmək istəyir axı,
Ona həyat bəxş edən
Atasının üzündən,
Anasının gözündən
Öpmək istəyir axı,
Bu fürsəti əlindən
Almayın uşaqların,
Uşaqları atmayın!
Atmayın uşaqları!
O, ana qucağını
İstəyir, dəli kimi,
O, ata ocağını
İstəyir, dəli kimi,
O, istəmir nə dayə,
Nə körpələr evini,
O, hələ də anlamır
Ata-ana əliylə
Atılmaq səbəbini,
Qoymayın nəğmələri
Dodağında çatlasın,
İllərin kədər yükü
Kürəyini qatlasın,
Yaşamağa nifrəti
Sevgisini adlasın,..
... İllər ötər, böyüyər,
Sorar gecələrindən,
Sorar gündüzlərindən
Atam-anam kim olub,
Axı, mən kiməm deyər?!
Dayanar ümidləri
Qarşısında lal kimi,
Bu dünyaya gəlişi
Acı bir xəyal kimi,
Qısılıb yalnızlığa
Göynəyər ha,.. göynəyər...
Bəlkə də yaşayardı,
Tək-tənha da bir təhər,
Ata-ana həsrəti
Onu üzməsə əgər,
Qəlbi elə qırılıb,
Ümidi elə sınıb,
Yoxdu onu həyata
Bağlayan özgə səbəb
Ata-anadan ayrı...
Dərdlər böyütdü onu,
Bircə anın içində,
Yenə dünyasız qalıb
Bu dünyanın içində,
Sevgi nə olduğunu,
Sevmək nə olduğunu
Anlaya bilmir daha,
Yerdə kimsəsi yoxkən
Dua edir, allaha...
... Böyüyüb, özü kimi
Bir yalqızla evlənib,
Ata-anası varkən
Yetim qızla, evlənib...
İllər ötüb, yaşlanıb,
Qoca babadı indi,
Nəvəsi də var, amma
Heç unuda bilməyir
Ata-ana dərdini,..
Ata-anasız onun
Nə bir yol üzü güldü,
Nə ürəyi sevindi;
Unuda bilmədi heç
Ata-ana dərdini...
Öyrənə bilmədi heç
Atılmaq səbəbini...
Ey atalar, analar!
Oxuyun bu kədərli,
Ağrılı hekayəni,
Yaşatmaqçün yaradın,
Atmaqçün yaratmayın!
Atmayın uşaqları!
Uşaqları atmayın!