Üç pəncərəli həyat...

Üç pəncərəli həyat...
26 oktyabr 2017
# 12:37

Könül Ağayeva

Həyat üç pəncərədir. Biri gördüklərimiz, o biri görə bilmədiklərimiz, digəri isə görmək istədiklərimiz. Eynilə yaşadığımız, yaşaya bilmədiklərimiz, yaşamaq istədiklərimiz. Hər üç pəncərə daim açıqdır. Yenə də yaşayırıq, bilmədiklərimiz bildiklərimizdən xəbərsiz. Bizə verilən məhdud illərdən ibarət ömürdür sadəcə. Ya məhdud zaman çərçivəsində mövcud olan həqiqət, ya da sadəcə ümid etdiyin əbədiyyət. Məhdud çərçivə…Çərçivənin məhdudluğunu vurğulamağa nə gərək var ki… Çıxışı olmayan çərçivədir, sən məhdudiyyət qoysan da, qoymasan da… Bəzən deyirlər ölüm var, əməllərinə diqqət et. Çünki şüuraltı olaraq insan yox olacağına inanmır, onun o dünyası daim var.

Sonsuzluğun başlanğıcında dayanan kəs başlanğıcın sonsuzluq olduğundan bixəbərdir. İlk məğlubiyyət sonuncu qalibiyyətdir mənim üçün. Sən qaranlıqda heç nəyi görmədiyini düşünmə. Gördüyün zülmətdir sənin, o zülmət ki, səni qovur. Qaçdığını düşünürsən qaranlığın zülmətindən. Hardasa zərrə qədər işıq olacağına ümid edirsən. Axı zülmətdən sonra aydınlığın gələcəyinə inanmaq cismə bürünən ruhunun çıxış yoludur. Əslində inanmasa da olar. Hər tökülən yarpağın yerində meyvə olacağını düşünən insan yenə düşünəcək. Düşünməklə kifayətlənəcək… Dalğanın arzusu həmişə ürəyində qalır. Sözünü sahilə deməmiş geri qayıdır. Hər dalğanın öz sözü var, bəzilərinin son sözü. Bir gün oyanırsan onun nəfəsi olmadan. Necə darıxdığını bir özün bilirsən, bir də Allahın. Getdiyin hər yerdə görmək istəyirsən. Baxdı sənə gözləri dolu. Özünə sığışdırmadı gözlərinə baxıb ağlamağı. Bir tərəfdən gözləri yaş dolu, digər tərəfdən qəribsəyib ona bu anları yaşadan bulud da dolu. Nə yağış yağdı göylər açıla, nə göz yaşı axdı ürək yanğısı yox ola ...

Gün gəlir, bir insanın dırnaqları ilə daşı-divarı cırmaqlaya-cırmaqlaya istəyinə nail olduğunu görürsən və kiminsə əziyyətsiz "nailiyyətini". Axı insan-qatildir. Sülhün qatili, insanlığın qatili, məsum körpənin qatili, vicdanın qatili ... Heç nəyə tabe olmayan duyğular səni heç nə edə bilər. Həyata baxdığın güzgün vicdanın olsun.. Sən hər dəqiqənin öz hökmünə inan…

İnsanları tanımaq üçün ömrümüzdən günlər getməlidir. Yaxşılıqları ilə ürəyimizə həkk olunanlar, pislikləri ilə öz çirkablarında boğulanlar. Bir istəyimiz olsun. Sevgi dolu günlərimizi sevdiyimiz insanlarla yaşayaq. Həyat ovcumuzun içindən su kimi axıb getməmiş arzularımızın reallaşmasına çalışaq. Kəpənəyin ömrünə bərabər olan ömrümüzün qiymətini bilək. İnsanlar bir-birini səmimi qəlbdən sevsin. Bir-birinin qədrini sağlığında bilsin. Doyunca qucaqlasın, öpsün sevdiklərini. Unutma, insan yalnız dəyərini bilənlərin yanında qiymətlidir. Qəlb qırmadan yaşa. Çünki qırılan qəlbin səsini Allah eşidir. Çünki bir öncəki addımımızı təkrar ata bilmərik. Geri dönək, atmağa cəhd edək deyə düşünməyimizə də gərək yoxdur. Növbəti addım isə yalnız özümüzə məlumdur.

O zaman ki, “ola bilməz”, “nə bilim”, “bilmirəm”, “bəlkə” sözlərini işlədirik, heç nəyə təəccüblənmirik, olmayanlara şükür edib, olanlarla qane olmağı bacarırıq və nəhayət, güzgü qarşısında yalnız zahirimizə deyil, daxili aləmimizə də qısaca nəzər sala bilirik, deməli, böyümüşük. Şükürlə başlayan günümüzə şükürlər olsun.

Mənliyinə özü qədər zərbə vuran ikinci şəxs olmur. Güzgüdəki cismani əksindir sadəcə. Mənliyinin əksi cisminə gizlənmiş ruhundur ancaq, unutma!

# 1965 dəfə oxunub

Oxşar xəbərlər

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
# # #