Kilidliydi dodaqlarım
Bu gecə uyuyanda keşiyimdə sən dayan
Mən yatım, sən sübhədək seyrimə dal yuxusuz.
Saçlarımı oxşa sən, şirin röyalar görüm.
Röyam ol bu gecə sən,
Ən şirin həqiqətim elə özünsən onsuz...
Oyananda ilk gördüyüm sevdiyim siman olsun,
Yuxulu gözlərimə baxıb baxıb gülümsə.
Bu gecə zülmətimə işıq olsun gözlərin,
Bircə sən ol, bir də mən mane olmasın kimsə...
Səhərəcən dinləyim hər kəlməni, sözünü,
Bilirsən həsrətini çox çəkmişəm mən axı.
Bu gecə bizim olsun, unudaq hər bir şeyi,
Həsrətimiz bitəcək, sənin olacam axır...
Bu gecə gözlərində itib batmaq istəyirəm,
Deməyə də utanıram,
Başım sinən üstündə, rahat yatmaq istəyirəm...
***
Bəzən hansısa xoş əməlimin
savabıymışsan kimi bilirəm səni,
Bəzən hansısa günahımın cəzası.
Amma sən hər halınla
həyatımın vazkeçilməzisən.
Bilmirəm cəza kimi gəldin həyatıma
Yoxsa, savab kimi
Amma nə yaxşı ki gəldin.
Və mən
Səni tanıdıqdan sonra yaşamağa başladım
Səni sevə-sevə
Və inan ki
Sənsiz
Heç bir savab xoşbəxt etmədi məni
Səninlə qazandığım günahlar qədər...
***
səni tanımamış dünyanın sadəcə iki rəngi vardı
ağ, qara...
nə qırmızısı vardı,
nə yaşılı, nə sarısı, nə göyü.
zamanın axmasını da hiss etmirdim,
saatlardan daş asılırdı elə bil.
səndən sonra kəşf elədim yeri, göyü...
səni tanımamış sadəcə iki fəsil vardı,
payız və qış.
xəbərim yoxdu bahardan, yay nədi bilmirdim.
ilin 365 günü buz parçası kimiydi əllərim.
ciddi bir simam vardı.
səni tanımamış təbəssüm nədir bilmirdim,
odur ki, gülmürdüm heç...
səni tanımamış aynalarla dostluq etmirdim.
saçlarıma daraqlar toxunmurdu.
kilidliydi dodaqlarım,
gözlərimdən heç bir məna oxunmurdu...
səni tanımamış xəyallara dalmazdım
heç yuxularımı oğurlayan da olmazdı.
bütün filmləri soyuqqanlı izləyirdim səni tanımamış,
heç bir ayrılıq mahnısı gözlərimi ağlatmazdı...
səni tanımamış tək olanda darıxmazdım.
üşüməzdim divarlar gəlməzdi üstümə,
gözlərim yollarda qalmırdı səni tanımamış.
ürəyimin döyüntüsünü qulaqlarımda eşitdiyim olmamışdı
əllərim üzümdən asılmırdı səni tanımamış...
səni tanımamış əynimə yalnızlığın donunu geyib
heç baxmazdım əl-ələ gəzən cütlüklərə
ürəyimi yandırmırdı bu mənzərə.
buz bağlamışdı duyğularım,
sinəmdə daş vardı ürək əvəzi,
ömrüm monotonluqla keçirdi düzü...
qısası səni tanımamış mən yox idim,
bilmirdim yaşayıram.
səni tanıdığım gündü mənim doğum günüm,
mən səni tanıdığım gündən yaşamağa başlayıram...