Mirzə Səfərə məktub

Mirzə Səfərə məktub
12 avqust 2013
# 09:15

Salam Mirzə Səfər. Necəsən? Oraların vəziyyətini soruşmayacam, inşəallah bir gün gəlib görərəm. Buraların vəziyyətini bilmək istəsən elə sənin gördüyün və qoyub getdiyin kimidi. Həsən bəylər yaman çoxalıb. Amma təsəlli tapırıq, heç olmasa azda olsa sənin kimi insanlar indi də var. Səni yaxından tanımama və bu naməni də yazmağa elə o insanlardan biri – Kamal Abdulla səbəb oldu.

Təvazökarlıqdan uzaq olsa da mən də qələm sahiblərindənəm. Bacardığımız qədər ədəbiyyata töhfə verməyə çalışıram. Qələmimin daha kəsərli, töhfələrimin daha bol olması üçün Kamal bəy mənə Əbdürrəhim bəy Haqverdiyevin əsərlərini oxumağı tapşırdı. Mən də oxudum. Yaxşı ki, oxudum. Ancaq düzünü deyəcəm, ilk dəfə kitabı əvvəldən sonadək oxuyub bitirəndən sonra Kamal Abdulla mənə oxuduğum hekayələrdən aldığım təəssüratı soruşanda dedim ki, “Əbdürrəhim Bəy Haqverdiyevin hekayələrini oxuduqca bu millətin keçmişinə nifrət edirəm”. Kamal bəysə: “oxumağa davam et, o zamana kimi ki, millətin keçmişi ilə fəxr edəcəksən. Əsasən də Mirzə Səfəri oxu” – dedi.

Yenə oxudum. Təkrar-təkrar oxudum. İndi tam başqa fikirdəyəm. Düşünürəm ki, bütün bəşəriyyət bizim millətdən törəyib. Axı dünyanın harasında torpaqdan pul çıxaran insanlar var? Torpaq altda yanan şamı pir sanıb oranı ziyarətgaha çevirən, sonuncu abassısını da ora nəzir deyən insanlar var?

Yalnız bizlər Allahın adından istifadə edib rus qadınları ilə eyş-işrətlə məşğul ola bilərik. Avam qadınlarımızda “lyublu” sözünü “lobya” başa düşüb öz “sadiq” ərlərinə lobya supu bişirirlər.

Belə şeylərlə ancaq və ancaq millətlə fəxr etmək olar. Çünki yalnız bizlər rus əsarəti dövründə öz bildiyimizi edib, öz bildiyimiz kimi yaşamışıq. Əsarətdə olsaq da kərbəlayilər, şeyxlər, yalançı mollalar, hoqqabaz mirzələr özlərini azad sanır, onsuz da dustaq olan milləti ikinci dəfə xurafat zindanına salırdılar. Bu fəxr ediləsidi. Yalnız bizlər sonsuz qaranlığa baxıb onun sonunda parlaq bir işıq görürük, daha doğrusu o işığı özümüzdən yaradırıq.

Mirzə Səfər, elə düşünmə ki, bütün bunlar o zaman vardı. İndi də var. Sadəcə indi siyasi cəhətdən azadıq, amma hələ də xurafatın əsarətində can verməkdəyik. Qadınlarımız Allahın buyurduğu çadranı atsalar da, xurafatı hələ də başlarından atmaq isətəmirlər. Qurumuş ağac, çör-çöplərini yandırıb “göz çıxarmaq”, adi şüşədən olan göz muncuğu ilə körpə uşaqları hindu qəbiləsinin başçısı kimi bəzəmək, ömrü boyu bar verməyən söyüd ağacına yaylıq bağlayıb ondan övlad, nəvə diləmək hələ davam edir.

Amma bu günümüzə də şükür. Barmaqla sayılacaq olsa da özünü millət yolunda həlak edən mirzələrimiz, ziyalılarımız var.

Naməmə cavab gözləyəcəm. Oralarda olanlardan yazarsan . Əbdürrəhim bəy Haqverdiyevə də salam yetir. Bütün gənclik adından sizlərə təşəkkür edirəm ki, illərlə xurafata, rüşvətə, savadsızlığa qarşı mübarizə aparmısınız. Ömrümüz yetən qədər yolunuzu davam etdirəcəyik.

# 2130 dəfə oxunub

Oxşar xəbərlər

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
Məlikməmmədin nağılı - Aliyə Qədirovanın hekayəsi

Məlikməmmədin nağılı - Aliyə Qədirovanın hekayəsi

16:32 22 may 2024
Aş qonaqlığı - Xaliq Rəhimlinin hekayəsi

Aş qonaqlığı - Xaliq Rəhimlinin hekayəsi

12:00 21 may 2024
# # #