Mən sevəndə...
Mən sevəndə sevgi daha gözəldi,
Çiçək kimi təzə, su kimi şırnaq ,
Mən sevəndə o hər şeydən əzəldi,
Külək kimi xəfif, ay kimi parlaq.
Mən sevəndə sevgi daha gözəldi,
Qəlblər daha təmiz, ruhlarsa oynaq,
Mən sevəndə sevgi dunya gəzərdi,
Gümüştək təmizdir, qızıltək parlaq.
Mən sevəndə sevgi daha gözəldi,
Sanki bir mayakdı, qocaman mayak
Mən sevəndə sevgi azad, özəldi
Həm ruha qidaydı, həm qəlbə dayaq.
Dualarım tək sənə...
Dualarım tək sənə,
Rəhminə ehtiyacam,
Sənin rəhminə həsrət,
Rəhmətinə möhtacam,
Səsim gəlirmi sənə?
Əfv et, günahımdan keç,
Mən dözürəm hər dərdə,
Sən buna dözərdin heç?
Mən yerdə, sənsə göydə
Bəs görüm səni necə?!
Yetiş... əlin ver mənə,
Allah göydən bu gecə!!!
Atasız körpələr
(qızım Səbinə və qardaşım qızı Tahirə daxil olmaqla bütün atasız körpələr üçün)
Atasız körpənin nazı çox olur,
Gözü də, könlü də vallah tox olur,
Deyilən hər kəlmə, hər acı tənə,
Qəlbini göynədən, didən ox olur.
(Atasız körpənin sözü çox olur....)
Atasız böyüyür ataya həsrət,
İçində bir "Ata" dərdi göynəyir,
Aşkarda dərdini demir, söyləmir
Yuxuda "kaş atam bilsə" söyləyir,
(Elə həzin-həzin qəlbi göynəyir...)
Atalı günləri yadına salar,
Axıdar göz yaşı, hey xısın-xısın,
Gecə səhərədək xəyala dalar
Atasız həyatı andıra qalsın!
(Atalı günlərdən xatirə olar???)
(Gəlin köçəcəyi günü düşünər,
Qapıda atası durmaz-boylanmaz,
Fikirdən diksinər, qəlbi üşüyər,
Əmidən, dayıda ata ha olmaz
Mən körpə böyütdüm atasız körpə,
Kimsəyə olmasın qismət bu acı,
Gecələr yataqda hey öpə-öpə,
Bilmirdim nədədir bunun əlacı,
(Mən ona anayam, o da baş tacım)...
Bu yaşda mən özüm ata gəzirəm,
Ata görməyənlər neyləsin, Allah!
Ana görməyənlər neyləsin, Allah!
Səndən bir diləyim, bir istəyim var,
Nə olar atalar ölməsin, Allah!
Nə olar analar ölməsin, Allah!
Harda bir atasız uşaq gördümsə,
"Atan sənə necə qıydı, "-deyirəm?!
Allah, mən də qocalıram!
Allah, mən də qocalıram!
Hər gün daha çox qanıram,
Odsuz-alovsuz yanıram,
Tellərimdə ağları mən
Bilərəkdən hey danıram,
Allah, mən də qocalıram!
Anamın kövrək üzünü,
Balamın məsum gözünü,
“Səndən başqa kimim var ki?
Anam, anacan sözünü
Bir təsəllimi sanıram?!
Allah, məndə qocalıram!
Niyə hərdən gen gəzirəm?!
Bəzən səbəbsiz bezirəm,
Bilərəkdən ya bilmədən
Sevdiklərimi üzürəm….
Ölənlərimi anıram…
Allah, mən də qocalıram!
Vallah mən də qocalıram…