Spiker atam

Spiker atam
16 oktyabr 2014
# 14:41

Bir gecə

Hekayə

Artıq hava qaralıb, axşam öz ağır addımları ilə gecənin dərinliyinə doğru irəliləyirdi. Bizsə qızınmaq üçün anasının altına yığışan cücələr kimi çovğunlu bu qış gecəsində daxalmızın düz ortasına, quru mal təzəyi ilə qalanmış sobanın ətrafına yığışmışdıq. Hardansa qaçqınlığın ilk bir neçə ayını evlərində bizə sığınacaq verən qohumumuz da gəlib çıxmışdı. Çox keçmədi ki, qonşular da bizə gəldilər.

Köhnə sovetdənqalma televizorumuz vardı. Qonşular hər gecə xəbərlərə qulaq asmaq üçün bizə gələr, xəbərlər qurtarandan sonra uzun-uzadı müzakirə edərdilər. Çox vaxt bu müzakirələr boğanaqsız ötüşməzdi. Onu bilirəm ki, bu köhnə, sovetdənqalma televizor bir neçə il bizi adam kimi gecələməyə, dincəlməyə qoymadı...

Xəbər vaxtı gəlib çatmışdı. Kişilər bu köhnə televizorun boz-bulanıq ekranına mismarlanmış, arvadlar daxalın bir küncünə çəkilib talelərindən küsmüş kimi yun didirdilər. Biz uşaqlar isə qurddan qorxan itlər sayaq analarımızın dizinə qısılmışdıq. Xəbər vaxtı milçək vızıldaya bilməzdi...

O bir neçə ildə anamgil xeyli yorğan-döşək hazırladılar. Nə xeyri?! İndi hamısı qocaman daxalların divarları arasında dəfn olunub.

Xəbərlər qurtardı, anam kişilərə çay verdi... Kişilər həmişəki kimi öz yerlərini alıb vətən mövzusu ətrafında cəm oldular. Az keçmədi ki, yenə daxal Milli Məclisin binasına döndü...

Qohumumuz da məsələyə biganə qala bilməyib söz demək üçün daxalın spikerindən, yəni atamdan bir neçə kəlməlik söz istədi. Və istəyinə nail olan kimi özünə qalxım verib dizlərinin üstünə durdu. Bir udum çay içib boğazını yaşlayandan sonra sözə başladı...

Sinəsi yenicə açılmışdı ki, daxalın spikeri vaxtın bitdiyini xatırlatmaq üçün stəkanın arxasını nəlbəkiyə döydü. Qohumumuz xəbərdarlığa fikir verməyib sözünə davam etdi...

Bundan qəzəblənən spiker stəkanın altını daha şiddətli şəkildə nəlbəkiyə döyməyə başladı. Nəlbəki bu döyüntülərə tab gətirməyib sındı. Bunu da xatırladım ki, bizdə belə hallar tez-tez olurdu. Stəkanların çoxu piyada, yəni nəlbəkisiz qalmışdı...

Qohumumuz buna da məhəl qoymayıb danışırdı ki, qonşulardan biri onun qolundan tutub daxalın artırmasına vızıldatdı... Vəziyyətin ciddiliyini anlayan qohumumuz gecə sessiyası bitənə kimi daxalın artırmasında, qapının dalında qaldı. Bir neçə saatdan sonra gecə sessiyası bitdi. Məsələnin həlli həmişəki kimi səhər axşama qaldı...

Artıq soba sönmüşdü və “əyni” nazik olan daxalın canına üşütmə düşmüşdü...

Qonşular yatmış uşaqlarını bellərinə alıb, qapının dalında soyuqdan çənələri çırtıq çalan qohumumuz da daxil hamıya “Gecən xeyrə qalsın!” dedilər və daxalı çıxıb getdilər...

Anam daxalın yuxarı başındakı taxtda qohumumuza yer açdı. Adətən orda atam yatardı... Və qohumumuz heç nə olmamış kimi keçib əyri-üyrü köhnə taxta uzandı. Biz isə aydın bir sabah eşqinə anamın qapının ağzında sərdiyi yerlərə doluşub yatışdıq...

# 1655 dəfə oxunub

Oxşar xəbərlər

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
#
#
# # #