Qalstuk

Qalstuk
5 yanvar 2015
# 16:35

Orta məktəbdə (dördüncü sinif) oxuyanda qalstukdan ötrü ölürdüm. Tərs kimi atamın qaçqın düşərgəsinin yaxınlığındakı seçki dairəsindən gətirib daxalımızın cadar-cadar olmuş divarlarına mıxladığı şəkillərdəki namizədlərdən birinin boğazındakı xallı qalstuku gözüm tutmuşdu. Gecələr yuxumdan çıxmırdı… Bir gün köynəklərimi yığıb evdə qalstuk aksiyasına başladım. Evi qana çalxadım (əgər ev demək mümkündürsə)… Yeməkdən imtina elədim, səhəri dərsə də getmədim... Məktəb evimizə yaxın idi. Müəllim sinfin pəncərəsindən məni hayladı da, getmədim. Günortaydı, günəş daxalımızın şüşə yerinə kulyonka vurduğumuz pəncərəsindən içəri boz-bulanıq işıq saçırdı.

Hardansa atamın traktorunun səsi gəldi. Sanki traktor əzəmətli səsi ilə fikirli və qayğılı komalara lay-lay deyirdi... Atam gəldi ki, mənə bir xallı qalstuk alıb. Lap ürəyimcə

oldu... Atamı o vaxtdan sevməyə başladım…

Həmin ili anam beş-altı hinduşqa saxlamışdı. Pencəksiz qalstuk damağının ön hissəsində bir dişi qalan qoca ağzı kimi mənasız və kədərli görünür. İllah da qolsuz köynəklə geyinəsən…

Anam qoltuğuna iki hinduşka vurub məni də yanına

aldı. Anamın ətəyindən Allahmış kimi yapışdım... Qonşumuz Rəşid kişinin yaşıl avtobusu ilə bazara yollandıq. Hinduşkalar arıq olduğundan toyuq-cücə bazarında xeyli ləngidik. Güc-bəlayla hərəsini üç “şirvan”a satıb, pal-paltar bazarına gəldik. Hinduşkalar dalımızda qırtlaya-qırtlaya qaldı... Pulumuz çatmadı, anam tələm-tələsik "Mariana" corablarının boğazını qurdalayıb bir neçə əzik-üzük “məmməd” çıxartdı. Ondan sonra evmizdə hər pul qurtaranda gözüm anamın ayağındakı corabların boğazında qalırdı... Anam tələsik sağ əlinin baş barmağın dodağına sürtüb sol əlində tutduğu “məmməd”ləri saydı. Nə qədər olduğunu unutmuşam... Hinduşkaların pulu ilə bir yerdə bir pencək elədi, bir cüt də ayaqqabı. Anamın

ayaqqabı alacağından xəbərim yox idi. Necə də sevindim... Elə ordaca ayağıma geyindim.

Anam ayağımdan çıxartdığım arxası yamaqlı İran qaloşunu kağıza büküb əlindəki ağ zənbilə qoydu...

Sonra avtobusla geri qayıtdıq. Rəşid kişi bizdən yol pulu almırdı. Atamla şofer yoldaşı idi ona görə...

Sanki atamla anam qabarlı əlləri ilə dünyanı mənə bağışlamışdılar. Daha dünya mənimçün atamın aldığı qalstuk, anamın aldığı bir cüt qara ayaqqabı və ağ rəngli pencəyin yaratdığı təzad boyda idi…

Səhər geyinib dərsə getdim. Sinif yoldaşlarımdan biri şalvarının kəmər yerinə pres qatması keçirtmişdi. Gözlərimin çəkdiyi o kədərli və sarsıdıcı foto hər xəyalımda canlananda uşaqlığımın yerinə xəcalət çəkirəm...

Böyüdüm. Əslində böyüməyəcəkdim. Qaça-qaçda pənah gətirdiyimiz qohumumuzun uşaqlarına qoşulub böyüdüm... Balaca, xallı qalstukum böyümədi. Hələ də saxlayıram həmin xallı qalstuku. İndi boyunları yoğun, qarınlarını

həyasızcasına qucaqlayan harın adamların boğazından intihar edirmiş kimi sallanan görəndə qalstuka nifrət edirəm.

Deyirəm nə yaxşı mənim qalstukum böyüməyib…

# 1396 dəfə oxunub

Oxşar xəbərlər

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
# # #