Kulis.az Sabir Etibarlının "Sirr" hekayəsini təqdim edir.
1-ci hissə - Təzə biri
Əllərini arxada birləşdirmiş başını aşağı əymiş formada otağında o baş - bu başa vurnuxurdu. Azadlığı əlindən alınmış vəhşi heyvan kimi təşvişə düşmüş, özünü itirmişdi. Fikirləşməkdən başı ağrıyır, beyni zoqquldayırdı. Elə bilirdi ki, beyni bu dəqiqə kəllə sümüyünü yaracaq, ya da partladacaq. Əlləri ilə başını sıxıb özü-özünə ürək-dirək verərək özünü toxtamaq istəyirdi:
— İntiqam, dayan, sakit ol. Narahat olma. Sadəcə nə olubsa, onu demisən. Sən pis iş görməmisən, düz olanı eləmisən.
Pıçıltı ilə deyilən sözləri onu sakitləşdirməkdən çox uzaq idi. Son günlər fikir beynini, ürəyini yeyirdi. Müharibənin cavan oğlanları kişiləşdirdiyi kimi içindəki müharibə də onu qısa müddətdə yetkinləşdirmiş, ciddi, geridönüşü olmayan qərarlar verməyə, çətin addımlar atmağa vadar eləmişdi. Özünü etmək istədikləri qarşısında aciz hiss edirdi. 23 yaşa xas olmayan yorğunluq var idi çiyinlərində. Elə bil ki, son günlər daha da arıqlamışdı. Onsuzda həmişə arıq olmuşdu. Amma indi özünü çəlimsiz, gücsüz hiss edirdi. Sağ əlində sızıltı, dizləri və onurğasında ağrılar baş qaldırmışdı. Qərarlaşdıra bilmirdi ki, revmatizma ağrılarını belə şiddətləndirən mart havasıdır, yoxsa günü-gündən pisləşən əhvalının əlavə təsiridir. Bir təhər fikirlərini toplayıb onları yenidən zehnində sıralayıb analiz edirdi.
Hər şey 7-8 ay əvvəl başlamışdı. İntiqamgilin evindən iki mərtəbə yuxarıya yeni kirayənişin - Qara köçmüşdü. Hündürboylu, qara gur saçlı, üzü həmişə təmiz təraş edilmiş 28-30 yaşında biri idi. Baxdıqda aydın görülən sağlam bədəni, adama xoş gələn kəskin üz xətləri, uzun incə iti burnu, bir az böyük ağzı, güləndə üzə çıxan ağ, saf dişləri, gur səsi ilə yaddaqalan biri olduğunu demək əsassız olmazdı. Binaya köçən gündən qonşular, xüsusən evdar qadınlar binanın bu yeni sakini ilə maraqlanmağa başlamış, amma bir xeyli vaxt bir şey öyrənə bilməmişdilər.
Bir gün Qara evdən çıxanda üzbəüz qonşusu - qeybətcilliyi ilə ad çıxarmış Sədaqət guya qapının ağzına zibil qoymaq bəhanəsi ilə qapını açdı və Qaranı sözə tutmağa başladı. Amma öyrənə bildikləri Qaranın tək yaşadığı və onlayn formada ingilis dili müəllimi işləməsi ilə məhdudlaşmışdı.
Qara ilə İntiqamın münasibəti isə blokda ayaqüstü salamlaşmaqdan başlamış, Qaranın İntiqama ehtiyac olarsa, ingilis dilindən kömək edə biləcəyini deməsiylə arada yaxınlıq yaranmışdı. Daha sonra bu iki gənc siyasi, dini, ümumi dünyagörüşü baxımından çox ortaq nöqtələrə sahib olduqlarını aydınlaşdırmışdılar. Dostlaşmaqlarından bir ay sonra İntiqam tez-tez Qaragilə gedir, uzun-uzadı söhbət edirdilər. İntiqam artıq Qaranın dərs cədvəlini əzbərləmişdi. İntiqam iş tapa bilməməsi, bir qızla sevgi münasibəti barəsində Qaraya canı-dildən gileylənir, Qara isə öz növbəsində səbirlə dinləyirdi. Qara geniş mütaliəsi ilə çox şeyə İntiqamın görə bilmədiyi formada izah gətirə bilirdi. Qaranın nəinki İntiqamı, istəsə, demək olar ki, əksər adamları təsiri altına almaqda məharəti göz qabağında idi. Amma o, nədənsə çox az adamı yaxına buraxırdı. Belə maraqlı, sağlam, cavan və pis sayılmayacaq qədər pulu olan adamın yan-yörəsində, demək olar ki, heç kəsin: qohumların, dostların, sevgilinin olmaması İntiqama maraqlı gəlirdi. Amma şəxsi məsələləri eşələməməyi daha məqsədəuyğun hesab edirdi. Ən azından hələlik...
2-ci hissə - Başlanğıc
İntiqam qapını döydükdən qısa müddətdən sonra Qara qapını açdı. Bugün üzü tüklü idi, gözləri torbalı görünürdü. İntiqamla mehribanlıqla salamlaşıb içəri buyur etdi. İntiqam otaqda stolun üstündəki külqabıda 4-5 siqaret kötüyü görüb maraqla sorusdu:
— Sən siqaret çəkirdin? Mən bilən çəkən deyilsən axı.
Hərdən bərk darıxanda elə-belə vaxt öldürmək üçün çəkirəm – deyən Qaranın qanının qara olduğu və daha maraqlı şeylərdən danışmaq istədiyi aydın sezilirdi.
İntiqam məsələnin üstündə çox durmadan divanınn üstündə ağzı aşağı halda qoyulmuş kitaba baxdı. Əl atıb kitabın ayrılmış səhifəsinə nəzər saldı. İnsanın seksual psixologiyasından bəhs edən kitabın ayrılmış hissəsində yetkin insanın azyaşlı uşaqlara duyduğu seksual marağın elmi səbəblərindən yazılmışdı. İntiqam kitaba elə yenicə nəzər salıb nə haqda olduğunu anlamışdı ki, Qara kitabı qartalın dovşana hücum etdiyi kimi bir göz qırpımında onun əlindən aldı. İntiqam pərt halda soruşdu:
— Psixologiyaya başlamısan? Başqa kitab tapmadın oxumağa?
Qaranın cavabı gecikmədi:
— Psixologiyada oxuyan tələbəm var, mövzusu budur. Xahiş elədi ki, bəzi yerlərini tərcümə eləyim.
İntiqam bu məsələ üstündə çox dayanmadı. Bu kitab onun gözündə Qaranın evindəki onlarla kitabdan kəskin fərqlənmirdi. Qaranın evində çox müxtəlif janrlardan, çox fərqli kitablar tapmaq mümkün idi. Kitabların böyük hissəsi bədii ədəbiyyatdan, bir qismi psixologiyadan, ən qismi isə biznesdən bəhs edirdi. İntiqamın zənnincə, bu kitablardan oxuduqları Qaranı fərqli edirdi. Amma Qaranın tək fərqli cəhəti fikirləri deyildi. Baxışları da ən azı fikirləri qədər qəribə idi. Danışan zaman göz kontaktından tez-tez qaçan İntiqam üzünə baxdıqda Qaranın ona çox diqqətlə, bir az da qəribə baxdığının şahidi olurdu. Sanki Qara onun heç bir sözünü ötürmək istəmir, eyni zamanda ona qiymətli xəzinə tapmış quldur hərisliyi baxırdı. Gözlərində İntiqamı dinləməkdən məmnunluq duyulurdu. İntiqam içində hiss edirdi ki, Qara tənhadır. Ünsiyyətə, dostluğa ehtiyacı var.
İntiqam danışa-danışa fikir verirdi ki, söhbət əsnasında Qara demək olar ki, danışmır. İntiqamı maraqla və diqqətlə dinləyir, arada-bir sözünü kəsib dəqiqləşdirici suallar verirdi. Cavabı aldıqdan sonra qısa nəsə deyir, daha sonra yenidən başqa suallarla İntiqamı danışmağa təşviq edirdi. İntiqam bunu duyurdu. Bəzən özünü psixoloq yanında hiss edirdi. Amma belə səbirli dinləyici tapdıqda onun qarşısında fikirlərini açmaq, ürəyini boşaltmaq ona zövq verirdi. Sadəcə hərdən Qaranın üzündəki adlandıra bilmədiyini gülüşü, o narahatedici baxışları görəndə əndişə duyurdu. İntiqamı narahat etdiyini görəndə Qara da mimikasını düzəltməyə gecikmirdi.
3-cü hissə - Dostluq pozulur
İntiqam çox vacib görüşə hazırlaşırdı. Amma nədənsə geyinməyə ürəyinəyatan bir şey tapa bilmirdi. Fikirləşdi ki, bəlkə Qarada nəsə olar. Hər halda onun stilini özünkündən daha yaxşı hesab edirdi. Vatsapda yazıb ona nə lazım olduğunu qısa qeyd elədi. Qara:
— Problem deyil, bir saata dərsim qurtarır. Gələrsən, nə istəsən götürərsən, - deyib razılaşdı.
Saat yarımdan sonra Qara İntiqama qarderobundan köynək seçməyə kömək edirdi. Birdən Qaranın telefonu zəng çaldı. Deyəsən, vacib zəng idi. Qara İntiqama:
— Sən bax, bir azdan qayıdıram, - deyib otaqdan çıxdı.
İntiqam köynəkləri geyib yoxlayır, hansını seçəcəyini bilmirdi. Asılqandakıları çox bəyənməyib aşağı siyirmələrə baxmağı qərara aldı. Alt siyirməni özünə sarı çəkəndə içində qəzet səhifəsi olduğunu gördü. Paltar şkafının alt siyirməsinə qoyulmuş qəzet ona çox maraqlı görünürdü. İki il əvvələ aid qəzetdə Bakı kəndlərinin birində yoxa çıxmış azyaşlı qızın anasının ürəkdağlayan müsahibəsi yer alırdı. Fosforlu qələm ilə bəzi sözlər dairəyə alınmışdı - “qız uşağı”, “anası”, “iki həftə əvvəl”, “polis”, “manyak”, “hüquq”, “ata”, “ədalət”, “qorxu”, “ailə”...
Qara içəriyə girəndə qəzeti İntiqamın əlində görəndə üzü cin görmüş kimi əyildi. İntiqamın yaxasında tutub divara çırpdı. İntiqamın sərbəst dayanan başı zərbəylə divara çırpıldı. İntiqam özünü itirmişdi. Həyəcandan qəzeti əlindən buraxmışdı. İndi Qaranın qarşısında necə zəif olduğunu anlayırdı. Ondan bir az uzun olan rəqibinin qarşısında özünü bapbalaca həşarətdən fərqli görə bilmirdi. Qaranın - o mədəni, hər şeyə tolerant yanaşan adamın üzü indi qəzəbdən göyərmiş, gözləri sanki alovlar içində yanırdı. Qara bir əliylə İntiqamın yaxasından yağışır, o biri əli ilə çənəsindən möhkəmcə tuturdu.
İntiqam azca saqqallı çənəsinin məngənə kimi əl ilə sıxıldığını hiss edir, bu dəhşətli qüvvə qarşısında vahiməyə düşürdü. Bir an özündə güc tapıb Qaranı itələyib özündən uzaqlaşdırdı:
Xəstəsən sən, başın xarabdır? - deyərək qışqırdı.
Sənə kim dedi ki, ora bax? Rədd ol bayıra, çıx burdan, tez ol - dəyə Qara onu evdən qovdu.
4-cü hissə - Aylar sonra ələ düşən fürsət
İntiqamın qovulmasından 3-4 ay keçirdi. Bu müddət içində Qara ilə danışmır, məhəllə də, blokda gördükdə salamlaşmırdı. Amma maraqlısı o idi ki, ikisi də bir-birlərinin nömrələrini silməmiş, bir-birlərinin statuslarını WhatsApp-dan izləyirdilər. Görünür ki, bu iki dost bir-birlərinə qarşı maraqlarını tam itirməmiş, ürəklərində bütün səmimiyyət bağlarını qırmamışdılar. Bəlkə də bunu sadəcə Qara üçün demək daha düzgün olardı. Çünki artıq İntiqam Qaranı dost kimi yox, maraq obyekti kimi görürdü. Qara nə isə gizlədirdi və o gizlədilən şey də Qaranın yataq otağında idi. O sirrin nə olduğunu İntiqam bilmirdi, amma onun mövcud olduğunu 6-ci hissi ona dəqiq deyirdi. İntiqam dəhşətli olduğundan əmin olduğu sirri mütləq açmalı idi. Amma bilirdi ki, vaxt lazımdır. Gərək bəzi şeylər unudulsun, əsəblər soyusun. Bilirdi ki, o vaxt gələcək və o an gələndə onu tanıyacaq.
Bir gün İntiqam WhatsApp statusundan Qaranın kurs daxilində müəllimlərarası ingilis dili müsabiqəsində birinci yerə çıxdığını və pul mükafatı aldığını gördü. Qısa tərəddüddən sonra Qaraya yazdı:
Təbriklər Qara, uğurların bol olsun.
Çox sağ ol, qaqaş. Var olasan – Qaranın mesajı gecikməmişdi. Sanki elə o da aylardır İntiqamın yazmasını gözləmişdi.
— Çoxdandı danışmırıq, nə edirsən, nə var, nə yox? – deyə yazaraq İntiqam söhbəti davam etdirmək istədiyini göstərirdi.
— Təzə bir şey yoxdur, dərsim təzəlikcə qutarıb. Yemək yeyəcəm bir azdan. İşin yoxdursa, yarım saata gəl də bizə - Qaradan gözlənilməz təklif gəlmişdi
— Belə işim yoxdur, yarım saata qalxaram – deyə uzun müddət fikirləşdikdən sonra İntiqam cavablamışdı.
Belə asan? Sadəcə bu? Əslində İntiqam Qaranın ona maraqla yanaşdığını əvvəllər də hiss eləmişdi. Nə idi bu? Başqa bir seksual kənara çıxma, yoxsa sadəcə manyakcasına dosta bağlanma? Nə idi bu bağlılığın səbəbi? Keçmiş travmalar, yoxsa gələcəkdə baş verə biləcək həzz mükafatına doğru atılan addım? İntiqam düşünürdü ki, yəqin ki, özünü hər hansısa bir təhlükədən qoruya biləcək. Keçən dəfəki şokda tutulub qalması onun özünə inamını sarsıdırdısa da, tamamilə aciz olmadığından əmin idi. Yeməyinə, içkisinə yuxu dərmanı atılması kimi şeylər ona inandırıcı gəlmir, amerikan filmlərini xatırladırdı.
30-45 dəqiqədən sonra pilləkanları qalxmağa başladı. Ürəyində çırpıntı var idi, sanki döyüşə, ya da qorxulu ova gedirdi. Amma bilirdi ki, qarşısındakının düşmən, rəqib, ya da ov olmasından asılı olmayaraq özünü təbii aparmalı, mümkün qədər əvvəlki münasibəti bərpa etməli, alınarsa, bir az da inkişaf etdirməli idi. Amma həddindən artıq yox.
Bəlkə, bir az ümidqırıcı, ya da həvəsdən salan görünə bilər, amma deyim ki, nə aylar sonrakı ilk görüşdə, nə də ondan sonrakı bir ay boyunca qeyri-adi heç nə olmadı. Sanki Qara İntiqamı qovan adam deyildi, bir anın içində özündən çıxıb heyvan cildinə bürünən o deyildi. İntiqam aylar sonrakı ilk görüşün 5-10 dəqiqəsində özünü narahat hiss eləsə də, vəziyyətə tez adaptasiya olmuşdu. Xoşbəxtlikdən Qara ona danışacaq mövzu barəsində korluq vermirdi. Görünürdü ki, keçmiş haqqında nə isə danışmaq, olanları xatırlamaq istəmirdi. Beləcə hər şey sıfırlanmış, yenidən başlanğıc götürmüşdü.
5-cü hissə - İkinci böyük fürsət
Barışıqdan 1 ay keçirdi. Hər şey normal idi. İntiqam yenə əvvəlki kimi Qaragilə tez-tez gedir, çox müxtəlif şeylərdən danışır, vaxtın necə axıb getdiyinin fərqinə varmırdı. Onsuzda işsiz idi, Qaragildə keçirtdiyi vaxtı baş qatacaq yaxşı vasitə sayırdı. Bəzən özü də öz missiyasını unudurdu. Amma xatırlasa belə, uyğun məqamı tuta bilmirdi. Xoşbəxtlikdən, bəlkə də bədbəxtlikdən bir gün bəxti üzünə güldü.
O gün – hələ də xatırlayanda İntiqamı əsməcə tutur – yenə Qaragildə idi. İkisi də acımışdı. Qara tez bazar bol istiotlu pomidor-yumurta pişirdi. Yeməyə oturmuşdular ki, Qara çörəyin az olduğunu gördü.
— İntiqam, sən yeməyini ye, mən düşüm çörək alıb qayıdıram – deyərək süfrədən durdu.
Bir anlıq İntiqam istədi ki, çörək almağa özü getsin. Sonra isə bunun çoxdandı gözlədiyi həmin o fürsət olduğunu anladı. Qapının örtülməsiylə cəld yataq otağına yönəldi. Tələsik halda qarderobun aşağı siyirməsini özünə tərəf çəkdi. Qəzət hələ də orda idi, Qara yerini dəyişdirməmişdi. İndi məzmununu bildiyi qəzet İntiqamı o qədər də maraqlandırmırdı. Vaxtı az idi, Qara hər an gəlib çıxa bilərdi. İntiqam əvvəlki xoş olmayan təcrübəsini xatırlayır, öz-özünü cəld olmağa səsləyirdi. Qəzeti qaldıranda kvadrat şəkilli, təxmini bir barmaq hündürlüyündə qutunu gördü. Qutunun ağzını açanda onu dəhşət bürüdü. Qutunun içində bir telefon, telefonun altında isə A4 vərəqinə çap olunmuş rəngli şəkil var idi. Bu, azsaylı çılpaq qızın tövlə kimi bir yerdə çəkilmiş şəkli idi. Yəqin ki, qəzetdəki məqalə də elə bu qızcığaz haqqında idi. İntiqam ağzının açıq qaldığını, gözlərinin böyüdüyünü, beyninin gördüyü şeyi qavradığını, amma qəbul etmək istəmədiyini anlayırdı. Qurumuşdu... Ona beş dəqiqə kimi görünən saniyələr içində telefonu cibinə atmış, fotonun şəklini telefonu ilə çəkib qutuya qoymuşdu.
Qutunu səliqə ilə yerinə qoyub otaqdan çıxdı. Birbaş kolidora gedib ayaqqabılarını geyinirdi ki, Qara gəlib çıxdı. Onu görüb dəhşət dolu baxışlarla ona baxan İntiqamdan maraqla soruşdu:
— Nə oldu, hara belə? Yeməyini yemirsən?
İntiqam donmuşdu. Söyüşmü söyməli, qabağa atılıb onu boğmalı idimi? Yoxsa yemək masasına qayıdıb gözlənilmədən bıcağı onun qarnınamı soxmalı idi? Heç birini eləmədi, bayaq evdən zəng elədikləri deyib evdən çıxdı.
6-ci hissə - Həqiqət – sirr pərdəsi aralanır
İntiqam, doğrudan da, evinə qayıtdı. Qapısı açan anası rənginin avazıladığı görüb nə olduğunu soruşdu.
Heç nə, nə olmalı idi ki, - deyib anasına təzədən ağzını açmasına macal vermədən otağına yönəldi.
Əlləri əsirdi. Telefonu cibindən çıxartdı. Açanda gördü ki, koddadır.
Lənət sənə kor şeytan, - deyib bəxtini qarğıdı. Kod, kod nə ola bilər, - dəyərək özü-özündən soruşurdu.
Sonra əslində Qaranın telefonunun kodunu bildiyini xatırladı. Bir neçə dəfə Qaranın telefonu açanda yığdığı kodu görmüşdü. Maraqlısı o idi ki, İntiqama elə gəlirdi ki, sanki Qara kodu görməsini istəmişdi. Bəlkə də bununls İntiqamdan heç nəyi gizlətmədiyini göstərmək istəmişdi. İntiqam çox düşünmədən kodu daxil etdi:
— Qr3570
Telefon açıldı. İntiqamın bədənini sevinc və həyəcan bürümüşdü. İndi sanki əlində dünyanın ən dəyərli xəzinəsinin xəritəsini tutmuşdu və xəzinə kəşf olunmağı gözləyirdi. Telefonda Facebook, WhatsApp, İnstagram yox idi. Görülən o idi ki, sadəcə şəkil, video çəkmək üçün istifadə olunmuşdu. İntiqam galereyaya daxil olub şəkil, videolara baxanda bədənini soyuq tər basdı.
Şəkildəki azyaşlı qız uşağı lüt halda əllərindən dirəyə bağlanmışdı. Üzündəki dəhşət sözə gəlmirdi. Üzündə elə bir qorxu var idi ki, insan hürkürdü. Bir anlıq İntiqam qızın ağlamasını, çığırtısını təsəvvür elədi. O mənzərə ilə realda qarşılaşsa, nə edəcəyini bilmirdi. Şəkillərə daha diqqətlə baxmadan videolara baxmaq istədi. Bir-iki video var idi. Biri açıb baxdı. Qız ağlayır, fəryad edirdi. Videonu çəkən isə yavaşca acı-acı gülürdü. Qəfildən videonu çəkən adam soyuqqanlılıqla, həqiqətən cavab gözləyirmişcəsinə soruşdu:
— Xoşuna gəlir?
İntiqam Qaranın səsini tanımışdı. Bu, o idi, Qara di. Səs belə onu qorxutmuş, keyimiş zehnini canlandırmışdı. Bir şey etmək lazım idi.
7-cı hissə - İntiqam
Qara hər an evdə telefonun olmadığından duyuq düşə bilərdi. İntiqam indi özünü çox zəif hiss edir, Qara ilə heç cür bacara bilməyəcəyini bilirdi. Tək çarə polis idi. Ayaqqabılarını geyinərkən anasını çağırdı. Onsuzda bayaqkı hərəkətindən nəyinsə səhv olduğunu anlayan anası indi İntiqamın səsindən daha da təlaşlanmışdı.
— Ana, qulaq as mənə. Qara uşaq öldürüb, əlimdə sübut var. Gedirəm polisə, qapını açma, heç kəsə açma. Məni gözlə, polislə gələcəm.
Ana eşitdiklərini qavrayıb qorxudan bir şey deməyə camal tapana qədər İntiqam az qala bağırırdı:
— Eşidirsən, qapını açma. İkimizi də öldürür – deyərək birbaşa yaxınlıqdakı polis bölməsinə üz tutdu.
Xoşbəxtlikdən Qara evdə nəyin isə oğurlandığından çox gec xəbər tutdu. Səhəri gün bütün qəzetlərdə, radio və televiziya kanallarında Qaranın caniliyindən, İntiqamın qəhrəmanlığından danışılırdı...