Kulis.az Elvin Abbaslının "İt günü" hekayəsini təqdim edir.
– Dayan! Dayan! Toto! Totoo! Sakit, sakit, ağıllı oğlan ol! Bax, özünü yaxşı aparmayana qədər sənə yemək yoxdur”, - deyə amiranə şəkildə qarşısında atılıb-düşən balaca ağ məxluqa səsləndi.
“Ev heyvanını çoxlu adam olan yığıncaqlara gətirməyin yeri yoxdur” deyə fikirləşdi, ancaq iti müvəqqəti saxlamağa adam tapmadıqlarından sevgilisi ilə əlacsız qalıb, özləri ilə dostlarının ad gününə gətirmişdilər.
Açıq büruzə verməsə də, ətrafdakıların itlə etdiyi bu kiçik tamaşaya olan diqqəti xoşuna gəldi. Altı-yeddi ay ərzində bəzi davranış qaydalarını və sözləri öyrədə bilmişdilər. Vəhşi heyvanı idarə eləmək bacarığı zəhmət tələb ləyirdi, ancaq teryerlərin ağıllı olması gerçəyi onları həvəsləndirmişdi və təlim-tədris prosesi öz bəhrəsini verirdi.
“Okey, indi yeyə bilərsən” deməsi ilə yal qabı ilə it arasındakı məsafə bir göz qırpımında yox oldu. Missiya uğurla başa çatmışdı. Şəhadət barmağı ilə yumru çərçivələri olan eynəyini düzəldərək, iti nadinc övladını izləyən şəfqətli valideyn kimi süzdü.
Yeməkdən sonra qabı təmizləmək və içkisini təzələmək üçün mətbəxə yaxınlaşdı. Elə bu dəmdə kənarda oturub söhbət edən tanışlardan biri ona tərəf səsləndi:
–Sənə elə gəlmir ki, biz insanların həyatı da bu itinkinə bənzəyir, ayın sonunacan dişini sıxıb maaşı gözləyirsən, vəziyyətindən gileylənib deyinəndə müdirin sənə çəpəki baxaraq, məzəmmət edərcəsinə, səbr eləməyini məsləhət görür. Maaşı alan kimi də, elə pulun ancaq bir qarın yeməyə çatır, ha ha ha. Mən bu itin balaca tamaşasının timsalında insanlığın son yüz illik tarixini gördüm.
Havada ona doğru uçuşan səs topası şillə kimi sifətinə çırpıldı. Qızarmış və karıxmış bənizini gizlətmək üçün ağzının qıraqlarındakı qırışları işə salmalı oldu:
– Maraqlı yanaşmadır. Açığını desəm, bu barədə heç düşünməmişdim, yəqin ki, belədir, ha ha.”
Dərhal gözləri ilə şərab butulkasını axtarmağa başladı və qədəhini tez dolduraraq həmsöhbətinin yanından aralandı.
Sevgilisi oturan tərəfə gedərkən teryer qarşısında hoppanmağa başladı. Yalın verdiyi enerjidən idi yəqin. Birdən hiss elədi ki, artıq qarşısındakı heyvana qarşı sahiblik hissini tamamilə itirib. Nəzərlərini itdən yayındırmağa çalışaraq tələsik divana doğru qaçdı. Bir-iki qurtum içərək, “Kartlar İnsanlığa qarşı” oynayan qrupa qarışmağa çalışdı. “Ən sevimli işgəncən hansıdır?” sualına maraqlı cavablar tapılmalı idi.” Ağlından keçdi ki, meneceri ilə otaqda tək qalıb işçilərin məhsuldarlığının necə artırılması barədə çərənləməyə qulaq assın. Zəhrimara qalmış fikir hardan beyninə girdi. Cavabını çox gözəl bilirdi, amma beş-on dəqiqə qabaq düşdüyü tilsimin mövcudluğunu sanki bu ritorik sualla inkar etmək istəyirdi.
Gecə iki-üç radələri idi. Uzun və yorucu ad günü şənliyindən sonra demək olar ki, hər kəs yatmışdı. Sevgilisi asta səslə xoruldayırdı. Onun isə gözünə hələ də yuxu getmirdi. Zaman sanki mətbəxdəki o səhnədə donub qalmışdı və beynində ard-arda eyni tamaşanın təkrarları baş verirdi. Gözlərini yumub yata bilməsi üçün xəyal dünyasındakı qoyunları saymağa başladı. “Bir, iki, üç, dörd”. Qoyunlar niyə çəmənlikdə otlamaq əvəzinə, hasar aşaraq kimlərinsə yuxuya getməsinə köməklik etsin ki?! Bəşər övladı yuxularında da ətrafındakı canlıları istismar edirdi.
Saymaqdan əlini üzdü, başında sanki fikir kaleydeskopu var idi. Misirdə ehram tikən qullar, qladiator döyüşləri, Spartakın çarmıxa çəkilmiş bədəni (daha doğrusu, Kirk Duqlasın, çünki məktəb vaxtı oxuduğu qədərilə üsyançının bədəni tapılmamışdı), Peterburqun qarlı qışında qanına qəltan olmuş inqilabçılar, Çe Qavaranın beretdə olan fotosu. Bütün dünyanın proletariatları beyninin buludlarında toplaşaraq, istismara və ədalətsizliyə qarşı qiyamət savaşına hazırlaşırdı. İtin aradabir çıxartdığı zingiltilər də fon musiqisi, hərb cəngi kimi səslənirdi. Qırmanclar, zəncirlər, xaltalar - hamısı o səs tellərindən asılmışdı sanki.
Həyatı boyu dürüstlüyünü qoruyub saxlamağa çalışmışdı. Adi bir bina evi, adi sevgilisi, adi işi və adi hobbiləri var idi. Eynəkləri, bədəni, saç düzülüşü və üzü də adi idi. Ətrafdakılardan fərqlənməməyə çalışmışdı hər zaman. Seçkilərdə mərkəz-sol partiyalara səs verirdi, arada-sırada Çomskinin, Jijekin Yutubdakı videolarına baxırdı. Müasir kapitalist cəmiyyətləri məsxərəyə qoyan filmlərin həvəskarı idi. Heyvanlara yardım qurumlarına və ekoloji kampaniyalara da vaxtaşırı ianələr edərdi. Elə buna görə də sevgilisi teryer saxlamağı təklif etmişdi.
Tərslikdən, həmin an qəfildən yadına sevdiyi mahnılardan biri düşdü - “Göy qurşağı” qrupunun “Münəccim”-i. Səhrada barabanlar və elektrik gitaralar uğuldayır. Minlərlə qul daşdan uca qüllə tikirlər ki, münəccim düzəltdiyi qanadlarla o qüllədən uça bilsin. Görəsən, onlar da səhər tezdən işə başlayanda nə vaxt bir loxma çörək yeyəcəkləri barədə düşünürmüşlər? Özünü bir anlıq mahnının sadə qəhrəmanı kimi təsəvvür elədi. Zəncirlərlə bağlanmış, əlləri qabar-qabar, gün istisindən dərisi yanmış, amma gördüyü işə və ən əsas da uca münəcciminə ümidli bir qul, bir işçi. Münəccimi nədənsə müdirinə bənzəyirdi o anda. Ona tərəf yarı məzəmmət, yarı şəfqətlə, baxırdı, hətta gülümsədi də anidən. Daha sonra qollarına pərçimlənmiş lələkdən qanadları yellətməyə başladı. Elə bil ki, o cəhənnəm istisində qanadların yaratdığı xəfif külək və bir gün baş tutacaq əsrarəngiz uçuş ruhunu sərinlətdi o adi qulun. Bir neçə saatdan sonra həmin o sehirli əllərdən gələn əmrlə gündəlik yemək paylarını da alacaqdılar.
Bəlkə onun inandıqları da puç imiş, münəccimin uçma arzusu kimi. Görən onun haqqında da nə vaxtsa hansısa dahi musiqiçi belə bir şedevr yarada biləcəkdimi? Dərhal da öz fikrinə gülməyi tutdu. Adi müsahib haqqında mı yazacaqdılar iki min il sonra?! Bəlkə də hansısa sənədli filmdə keçmişdəki adi insanların necə yaşaması barədə hissədə onun həyatı haqqında qısaca süjeti göstərə bilərdilər, ad və detallara varmadan, “21-ci əsrdə adi adamlar bax belə yaşayırdılar” başlığı altında. Gələcəkdə “Göy qurşağı” olacaqsa belə, onların nəğmələrində o olmayacaqdı çox-çox böyük ehtimalla.
***
Bir neçə həftə iti yedizdirməkdən müxtəlif bəhanələrlə yayına bilmişdi. Gah məşğul olduğunu deyirdi, gah anidən baş ağrısı tuturdu, gah da “tələsik mağazaya getməli” olurdu. Sevgilisinə həmin o gecə və neçə vaxtdır ki, beynində olanlar barədə danışmağa heç cür ürək eləməmişdi. Amma nə vaxtsa o məşum yemləmə gününün gələcəyini də bilirdi.
O günü elə də çox gözləmək lazım gəlmədi. Sevgilisinin anası qəfildən naxoşladığı üçün qız xəstəxanada gecəməli olacaqdı. Məcburən axşam itlə tək qalacaqdı. Çoxlu çək-çevirdən sonra ortada narahat olası heç bir şeyin olmadığını özündə təlqin etməyə başladı. Bəxtindən, itin günorta yeməyini də qız özü verib getmişdi.
Divanda sakitcə oturub, kitab oxumağa çalışırdı. Kənardan baxan üçün hər şey çox normal görünə bilərdi. Şüşədən balaca kofe masası, IKEA-dan alınmış ağ televizor altlığı, boz divan, mətbəx stolu və mətbəx mebeli. Elə bil nə vaxtsa evdə şirkətin reklam çarxını çəkib elə bütün mebelləri, əşyaları qoyub çıxıb getmişdilər. Divanda oturan və nəzərləri kitaba çevrilən orta yaşlı eynəkli cavan oğlan. Divanın yanındakı iri pəncərədən batmaqda olan günəşin öləzimiş işıqları süzülürdü. Daxilindəki təlatümlə necə də təzad içində idi olduğu mühit. Burulğana düşmüş gəmi kapitanı kimi təsəvvür eləyirdi özünü. Əlindəki kitabla yaxınlaşmaqda olan dalğalardan qorunmağa çalışırdı. Odissey kimi hiss elədi özünü bir anlıq. İtin artmaqda olan hürüşməsi isə sirenaların mahnısı kimi idi. Yalnız o, bu səsin nə dərəcədə dəhşətli olduğu gerçəyini bilirdi. Gözlərini hər vəchlə itdən yayındırmağa çalışırdı Meduzadan yayınmağa çalışan Persey kimi.
Telefon qəfildən zəng çaldı. Qız idi, itin axşam yeməyini verib vermədiyini soruşdu. Saata baxdı, o həlledici an gəlib çıxmışdı. Bütün bu baş verənlərin kənardakılara necə absurd görünməsindən özünün də xəbəri vardı. Həmin gün o sözləri ona deyən o qəribə oğlandan da soruşsaydı, bəlkə həmin hadisə onun da yadına düşməyəcəkdi. “Narahatçılığa heç bir əsas yoxdur, andıra qalmış yeməyi itin qabağına qoyursan, heç bir oyun oynamadan, vəssəlam”. Ayağa durması və mətbəxə tərəf irəliləməsinə mütənasib olaraq, teryer də aktivləşməyə başladı, zingildəyərək sahibinin dalınca getdi.
Şkafdakı it yeməkləri olan qutulardan birini götürdü, yumru plastik qaba doldurmağa başladı. “Neçə vaxtdır bu qədər fikir eləməyə dəyməzmiş, bir dəqiqəlik iş imiş ki”. Elə dönüb qabı yerə qoymaq istəyəndə qəfildən gözləri itin düymə kimi gözlərinə sataşdı. Elə bil ki, hər şey iki qara dəliyə doğru axmağa başladı.
“Niyə bu qədər vaxt aldı sənin bu məqama çatmağın, həqiqətləri dərk etməyin?! Öz cinsindən olanlar və onların düşdüyü vəziyyət barədə maraqlanırsan, fikir bildirirsən, ədalətli olmağa çalışırsan, amma məni instinktlərimə qarşı çıxmağa məcbur edirsən, axmaq oyunlar oynayıb, öz despotik enerjini belə çıxarırsan. Özü də bunu etmək üçün sənin və bütün digər canlıların sağ qalması üçün vacib olan yeməkdən istifadə etməklə. Çox güman bu “bütün insanların rifahı, birlik, bərabərlik” söhbətlərini də görüntü üçün edirsən, özünə digər həmcinslərinin qarşısında intellektual üstünlük qazandırmaq üçün.
Özünüzün miskinliyini, ağalarınızın qarşısında taxdığınız xaltanın izlərini itirmək üçünmü məni saxlayıb belə işgəncələr verirsiniz? Bir qarın çörəyə və yatmağa daxmaya olan ehtiyacımdan sui-istifadə edib fəndlər eləməyə məcbur edəndə, yeməyi yemək üçün gözlətdirəndə heç utanc hissi keçirmirsənmi?
Amma onu da yadda saxla ki, mən sənin üçün hər dediyini eləyən, yala görə min oyundan çıxan, qalx deyəndə qalxıb, otur deyəndə oturan ağılsız heyvan ola bilərəm. Lakin səndən fərqli olaraq, mən yalançı arzular qurub, boş xəyallara qapılmıram, yalanlar içində özümə məna axtarmıram. Bax indi yeməyimi yeyib, sonra da yatacam, arada bir oynayacağam, məni qısır etməsən, özümə dişi tapıb cütləşəcəm, amma həyatdan başqa bir gözləntim olmayacaq. Sən isə elə hər gün həvəssiz işə gedib karyera yüksəlişi adlı yalan naminə müdirlərinin qarşısında təzim edəcəksən, bəzən üzünü görməkdən bezdiyin sevgilinə hər gün mənasız yerə komplimentlər edəcəysən, adi cütləşmə oyunlarına fərqli-fərqli mənalar verəcəksən və sabun köpükləri yaradacaqsan. Bütün bunları da bir gün ölüb torpaqda çürüyəcəyin, öldükdən heç beş-on il keçməmiş heç kəsin sənin mövcudluğun haqqında məlumatı olmayacağı və veclərinə olmayacağı faktını bilə-bilə edəcəksən.”
Qəfildən qışqırtı səsi bütün binaya yayıldı. Bir-iki yaşlı qadın balkonu açıb səsin haradan gəlməsini müəyyənləşdirməyə çalışdılar. Həyətdə itləri ilə gəzişən gənc qızlar da səsi eşitdilər, itlər də səsə qarşılıq hürməyə başladılar. Sahiblərinin müdaxiləsindən sonra gəzintilərinə davam etdilər. Məhəllədə adi yaz axşamı günü beləcə başa çatmaqda idi.