Aş qonaqlığı - Xaliq Rəhimlinin hekayəsi

Aş qonaqlığı - Xaliq Rəhimlinin hekayəsi
21 may 2024
# 12:00

Kulis.az Xaliq Rəhimlinin "Aş qonaqlığı" hekayəsini təqdim edir.

Saleh müəllim gözəllərə baxmağın savab olduğunu çox eşitmişdi .İctimai tədbirlərdə gözəl qadınlar görəndə təbii ki, estetik duyğulara daha çox yer verirdi. Şorgözlükdən uzaq idi. Bu uzaqlığın arxasında isə ömür-gün yoldaşı Şəhlanın etibarı, sədaqəti dayanırdı. Gözəgəlimli qadınlarla ünsiyyət zamanı sarı simə toxunanda, beyni dumanlananda, burnuna "təzə sevgi ətri" gələndə özü demiş, bir könüldən min könülə aşiq olduğu Şəhlanın od-alov saçan baxışları gözünün önünə ildırım sürətilə gəlirdi .Və bu odlu-alovlu baxışlar hələ evli olduqları ilk illərdə arpa yemiş at kimi harda gəldi kişnəməyə meyilli olan Salehin cilovunu məharətlə dartır, onu şeytani, şəhvani nəfsdən, qadın şərindən qoruya bilirdi. Amma son vaxtlar nədənsə fələkdəndimi ,taledəndimi Şəhlanın Salehin ürəyində qaladığı od-alov yavaş-yavaş çərşənbə tonqalı kimi səngiməyə başlayırdı. Ömürlük əhd- peyman bağladığı və qəlbində bu qadının baxışlarındakı odun-alovun birdən-birə sönə-sönə tüstüləməsi Salehin özünə də qəribə, inanılmaz gəlirdi. Lənət şeytana,- deyirdi. Füzulidən ,Nizamidən üzü bəri Musa Yaquba qədər oxuduğu məhəbbət şeirlərinin ovsunu, ülviliyi ünvanı səhv salmış qonaqlar kimi yavaş-yavaş içini ,ruhunu tərk edirdi. Özü də həvəslənib bir neçə zəif sevgi şeiri yazmışdı, amma ustadların ruhuna ehtiram əlaməti olaraq cırıb atmışdı. İndi özünü ələ almağa çalışsa da bacarmırdı. Hansısa bir qara qüvvə onun indiyənəcən az qala top- tüfənglə keşiyində dayandığı ,uğrunda onnan-bunnan üz-göz olduğu həmin o saf məhəbbəti ürəyindən ,beynindən havaya sovururdu, xoşbəxtliyini əlindən almağa çalışırdı. Dostluq münasibəti saxladığı şairə qadın şeytani baxışları,qeyri-adi davranışı və "xüsusi məharətiylə" Salehin yaddaşından həyat yoldaşı Şəhlanın odlu- alovlu baxışlarının axırına çıxmağa hazır vəziyyətdəydi. Gələnin-gedənin yanında sevgidən, məhəbbətdən ağız dolusu danışan ,hətta -"sevgi yoxdu, boş şeydi"- deyənlərin ağzından vuran, bu amal uğrunda cani-dildən mübarizə aparan Salehin indi özü çıxılmaz vəziyyətdə qalmışdı.-"İnsanın ürəyinə bir sevgi yerləşər,ikincisi xəyanətdi,"- anlamını da ictimai müzakirələrdə, mədəni yığıncaqlarda israrla ,hətta kövrələ-kövrələ ətrafındakılara başa salmışdı. Nədənsə məhəbbət mövzusunun dərininə gedəndə gözləri dolurdu, məcnunlaşırdı,kərəmləşirdi. Hər dəfə də bu sözləri havayıdan deyil, ömür- gün yoldaşı Şəhlanın sevgi dolu sədaqətindən, etibarından güc alaraq deyirdi. Sən saydığını say gör fələk nə sayır deyiblər,və maraqlı burasındadır ki, sən demə ədəbi-mədəni mühitdə tanış olduğu, sonradan iş yoldaşı olan qadın dostu ,- illərdi ərindən ayrılan, beş kitabı müəllifi Mədinə Nurlu əlini-qolunu çırmayıb Şəhla xanımın Salehin ürəyinə od salan baxışlarını yerli- dibli silməklə məşğuluydu. Bədbəxtin sevgisinin elə bil yel çəkən yeri varmış. Xəyanət mehi yavaş-yavaş varlığını bürüyürdü , beynini dumanlandırırdı. Onun saqqızını oğurlamaq o qədər də asan olmasa da, Mədinə Nurlu bu işi peşəkarcasına bacarırdı. Bəlkə də, Allah bilir Saleh kimi neçə "məhəbbətpərvəri" "sevgi dəryasına" susuz aparıb susuz gətirmişdi. Nə sirri billahdısa şairənin zahiri gözəlliyi Salehin təzəcə bir yerə topladığı ağlını başından alırdı. Lakin o şairənin daxili dünyasından xəbərsiz idi və hələ ki, zahiri görkəm olan yerdə mənəvi aləm bu məqamda sən deyən elə də əhəmiyyət daşımırdı .- Yer üzündəki qadınların sırasında mənim üçün səndən gözəli yoxdur,- dediyi Şəhlanın odlu-alovlu baxışlarının sərhədləri nəinki Salehin könül dünyasında yavaş-yavaş daralırdı ,həm də birdəfəlik yox olmaqdaydı...

***
Ev sahibəsinin ehtirasdan alışıb yanan gözləri yarıqaranlıq otağı bir az da işıqlandırdı .Bu ehtiras qarışıq işıqdan Salehin gözləri əməlli- başlı qamaşdı. Bir anlığa necə hərəkət edəcəyini bilmədi. Elə bil qorxulu nağıllar aləminə düşmüşdü. Qapının kandarından içəri keçənə qədər sanki bir ömür vaxt keçdi. Nədənsə ilk dəfə bəh-bəhlə qonaq gəldiyi evin havası ona düşmədi. Ürəyi sıxılsa da ,necə deyərlər geriyə yol yox idi.-Ayaqqabılarını soyun keç içəri ,elə bil məni ilk dəfədir görürsən, - Mədinənin kişi səsinə oxşar səsi Salehi maqnit kimi özünə çəkdi. Həmkarını ad gününə dəvət eləmişdi .-Gələrsən haaa, mütləq gələrsən, qohumlar, dostlar yığışacaq ,fısqırıq olacaq ,- demişdi. Amma evdə Mədinədən başqa heç kim görünmürdü. Əlavə nə səs vardı ,nə də küy. Saleh bir anlığa ünvanı səhv saldığını düşündü. Amma Mədinənin ehtirasdan alışıb yanan sirli gözləri və dümağ sinəsi ünvanı təsdiqlədi. Saleh ağlına gəlməyən mənzərə ilə qarşılaşmışdı. Ürəyində -ə mən nə qələt elədim gəldim,- deyib ah çəkdi. İstədi ki, mərdi-mərdanə dala qayıtsın, gəldiyi kimi də üzüsulu çıxıb getsin. Amma ağ sinəsi par-par parıldayan şairənin amiranə kişi səsində də bir parıltı vardı.Və bu parıltılı səs Salehi uşaq kimi əməlli başlı qorxutdu. Bu qorxu onun bütün əzalarına yayıldı. Ömründə bu cür səs eşitməmişdi. Qayıtmaq fikrindən vaz keçdi. --Utanmırsan,yekə kişisən ,hara gedirsən. Gül kimi stol açmişam, gəl keç içəri, özünü öz evindəki kimi hiss elə. Saleh aldandığını Mədinənin amiranə təkidindən sonra bir daha dərk elədi və qayıtmaqdan əlini birdəfəlik üzüb suyu süzülə -süzülə qonaq otağına keçdi. Evin harasına baxdısa gözünə bir ins-cins dəymədi. Təkcə açıq qalan televizorda müğənni Nadir "maral" oxuyurdu. Və Nadir "maral -maral" oxuduqca Mədinə qoruyub saxladığı hələ də istifadəyə yarayan köhnə ədasıyla nazlana-nazlana Salehin üzünə baxırdı. İstəyirdi o da,yumşalsın,daşı ətəyindən töksün, mahnını zümzümə eləsin onu marala oxşatsın, özünü əsl "centilmen" kimi aparsın, şənliyi açıq elan eləsin. Amma çox tez idi. Salehi gözləmədiyi belə bir dar macalda "maral "ovqatına gətirmək ,onu bu yöndə "əhliləşdirmək" üçün daş daşı dağıtmalıydı, İlahi Mədinəyə əlavə olaraq səbr, dözüm verməliydi. Hal- hazırda Salehin gözlərinə hər şey, elə dünyanın özü də ölçüsündən çıxıb dümağ sinə kimi, olduğundan geniş görünürdü. Qonaq belə dar macalda yeri gəlmişkən "sinə meydan, zülf pərişan, bel nazik" məşhur misranı xatirlasa da ,bu sinə o sinədən deyildi. Bu mənzərədə pərişan zülfdən, nazik beldən söhbət gedə bilməzdi. Nədənsə Mədinənin bütün əzaları Salehin gözünə eyni ölçüdə ,eyni rəngdə göründü - geniş və ağ. Öz-özünə düşündü ki, bunu niyə bu vaxtacan dərk eləməyib...- Köynəyini soyun, istidi sərbəst ol, özünü rahat hiss elə. --Elə bil bu dünyanın adamı deyilsən,-deyə-deyə Mədinə bu naşı, dünyadan bixəbər bəndəni qolundan tutub yemək stoluna dəvət elədi. -Tez ol, cəld ol aş soyuyur, başla yeməyə ,eşitmişəm ki aş yeyənsən, amma ömründə belə aş yeməmisən, əsl şüyüdlü aşdı,yüz faiz bilirəm ki ,bəyənəcəksən, dadı damağında qalacaq. -Bir də ki, ad günümü bəhanə eləməsəydim sən bizə gəlməyəcəkdin deyib, badələrə şərab süzdü. -Əziz insan, içək bu badəni dostluğumuzun sağlığına. Saleh lənət şeytana -deyib özünü ələ aldı, əlini könülsüz-könülsüz qədəhə uzatdı. - Əlavən varmı-sənki danışmağa pərgarsan -deyə Mədinə sözü qonağa verdi. Həmişə məclislərdə dil-dil ötən, ona-buna macal verməyən Salehin dilinə elə bil qıfıl vurmuşdular. Bir təhər özünü toparlayıb dilini sürüyə-sürüyə ,- mən də sən deyən sağlığa qoşuluram -dedi. İşin mətləbi Salehə yavaş-yavaş agah olurdu. Onu qonaqlığa deyil ,sanki məhkəməyə çağırmışdılar, hökm oxuyurdular. "Cəzası" yüngül olduğu qədər də ağır idi.- Mədinəni qucmaq . Və nədənsə o bu "cəzanı" çəkə bilmirdi. Bu cəza ona ölüm hökmü qədər ağır gəlirdi. Elə bil dilini, əlini qolunu, basaratını bağlamışdılar. Xəyalları kimi özü də xam idi. Heç vaxt kənar qadınla yaxınlıq eləməmişdi. Özgə birisinin quluncunu qırmamışdı. Nə qədər çalışırdısa özünü toplaya bilmirdi. Mədinənin açıq-saçıq yerləri kimi açıq-saçıq sözləri də onu diksindirirdi. Yer yarılsaydı yerə girərdi,yeri qucaqlayardı ,öpərdi, göyə əlvida deyib ömürlük cəhənnəmə vasil olardı... Bir yandan da, -mən nə kişiyəm ki ,bir qadının istəyini yerinə yetirə bilmirəm,- deyə içi- özünü yandırırdı ,çölü özgəni. İçini dağıdan hikkədən, vəhşi kimi bağırmaqdan özünü güclə saxlayırdı. İlk dəfə varlığına nifrət elədi. İstədi toxdasın ,desin ki ,-dünyanın qeyrəti mənəmi qalıb , Mədinənin yaddaşında əfəl, maymaq kimi qalmaqdansa ...Qara-qura fikirlər qırıcı təyyarələr kimi başında dövrə vururdu. Azmış kimi bir yandan da bu çirkin ,qurama şəraitdə Şəhla gözlərinin qabağına gəlirdi. Bu dəfə sevgi dolu ürəklə deyil, nifrət püsgürən baxışlarla başının üstünü kəsdirmişdi, üzünə- gözünə tüpürürdü, - budurmu sənin etibarın, sədaqətin ,ay əclafın biri əclaf -deyə dayanmadan qışqırırdı. ..Nəhayət Saleh kriminal xəyallardan ayıldı. Onu əcəl tərinə oxşar soyuq tər basdı. Başı içkidən dumanlanan ,dödağı əsəbdən titrəyən Mədinənin gözü ,öz sözü ilə desək -bu ziyalı gədədən su içmədi . - Mənə bu nə bəxtdi vermisən İlahi ,adını kişi qoyub, əlindən bir iş gəlmir,- deyə öz-özünə deyindi ,bu da mənim kor bəxtim, -deyib üzüqoylu divana sərilməyi ilə hönkürməyi bir oldu. Saleh bərk diksindi ,bu bədheybət səsə qonşuların yığılmasından ehtiyat elədi. -Sənə nə oldu Mədinə ,Mədinə !.. Bəlkə təcili yardım çağırım hə, çağırııım !?...-Sən nə çarə qıldın ki ,təcili yardım da neynəyə ,-deyərək zavallı Mədinə istədiyini divandan alırmış kimi yastığı bərk- bərk qucaqladı, dişiylə didməyə başladı. Əzəl gündən Salehin gözü su içmədiyi ,"aranı qarışdıran "o dümağ "mərmər sinə" babbalaca yumağa döndü ,yastığa çökdü, görünməz oldu və bir az əvvəl Salehin gözündə böyüyən dünya da balacalaşdı öz ölçüsünə qayıtdı...

***
Saleh Mədinəni göz yaşları ilə baş-başa qoyub hövlnak evdən çıxdı. Pillələri iki-bir ,üç-bir düşərək blokun qapısından güllə kimi çölə atıldı ,sanki kürəyindən təpik ilişdirdilər. Bir qədər yeyin-yeyin gedib sonra yavaşıdı. Qaranlıqda əvvəlcə uzaqdan adama oxşatdığı ağacın yanında dayandı, dərindən nəfəs aldı, bir az özünə gəldi. Həyəcannan tər su yerinə axırdı. Şəhlanın səhər ütülədiyi dəsmalla üzünü qurulamaq istədi əli getmədi. Şəhla dəsmalı səliqə ilə qatlayıb stolun üstünə qoymuşdu.-Dəsmalı ələ verməzlər ayrılıqdı ,özün götür ,-demişdi. Bir də demişdi ki, tez-tez tərləyirsən üzünü yaxşı-yaxşı qurula ,caamatdan ayıbdı. Amma nədənsə ,Şəhlanın ütülədiyi mübarək dəsmalı Saleh üzünə apara bilmədi. Acı tər alnınnan puçur-puçur axıb köynəyinə,qalstukuna yayılırdı .Bu adi tər deyildı, xalis xəcalət təriydi. Ona elə gəldi ki , üzünü silsə Şəhla həmin o dəsmalı yuyanda hökmən xəcalət tərinin qoxusunu hiss edəcəkdi.- Harda tərləmisən bu tər həmişəki tər deyil,-bunun qoxusu çox acıdır,adamın öfgəsi ağzüna gəlir, -deyə sədaqətli ərini sual atəşinə tutacaqdı. Nəhayət Saleh bu səfeh xəyallardan canını qurtarmağa çalışdı. Üzünü silmədən dəsmalı qaytarıb cibinə qoydu. Barmağıyla alnından axan təri yerə axıtdı. Özünü oğru kimi hiss elədi. Arxaya baxdı görsün ki ,gələn var ya yox. Bir ins-cins gözünə dəymədi. Amma eşitmişdi ki, Allah hər şeyi görür. Allahın qəzəbinə gəlməkdən qorxdu. Başını güclə qaldırıb göyə baxdı. Göyün üzü tər təmiz idi. Ulduzlar min illər əvvəl olduğu kimi sayrışırdılar. Ayın işığı gecəyə ayrıca gözəllik qatırdı. Amma Salehin romantikalıq halı yox idi. Avtobus varkən başını evə soxmağa tələsirdi.

***
Saleh ağlına gəlməyən həyatla qarşılaşmışdı, xirtdəyəcən günaha batmışdı. Baxmayaraq ki, əvvəllər qadınla kişi dostluğu haqqında çox eşitmişdi. Özünün də bu barədə müəyyən mülahizələri vardı. Amma indi o həmin mülahizələrə əməl edə bilmədiyinə görə özünü dünyanın ən axmaq adamı hasab eləyirdi. Budur, Mədinənin ona qurduğu qurğu bütün varlığını silkələdi. Öz -özünü xeyli söydü ,danladı. Qərara gəldi ki ,- "sən demə mən bu dünyada heç nə bilmirəmmiş, heç ziyalı adı da mənə yaraşmır. -Mən ki ,bu qondarma şairənin toruna düşmüşəm ,deməli həyata görə hələ uşağam." Beləcə Saleh özünü nə qədər toparlasa da hisslərini, emosiyalarını cilovlaya bilmirdi. Ağılla hissin arasında balıq kimi çabalayırdı. Aləm bir-birinə dəymişdi. Tərs kimi Mədinəni unutmağa çalışsa da bacarmırdı. Beyni ,ürəyi Mədinənin" işğalı "altındaydı. Bu "işğaldan" qurtulmaq hər oğulun işi deyildi. İstəmədiyin ,sevmədiyin bir qadının adamın ürəyində, beynində at oynatması əsl halal sevginin müqabilində olduqca qəribə ,biabırçı görünürdü. İstəməyəsən, ,sevməyəsən amma gözünün qabağından getməyə. Lap ən peşəkar falçı da çalışsa bu işi belə qura bilməzdi. Bir-iki dəfə Şəhlaya da çaşıb Mədinə demişdi. Şəhla çevrilib zəndlə onun üzünə baxmışdı. Amma bu istehzalı xəbərdarlığa Saleh qəfildən üzünə qonmuş bic, acı ,adamı çaşdıran,ələ salan yersız təbəssümlə cavab vermişdi.-" Bu gün işdə Mədinənin ad günü idi. Adı çox hallandığına görə dilimə gəldi ",-deyib həmin o bic təbəssümə utanmaz-utanmaz bu yalanı da əlavə eləmişdi. Şəhla bu çaşqınlığa cavab verməsə də Saleh "kosmetik" təbəssümüylə, ağ yalanıyla özü də hiss eləmədən onun ürəyinə xal salmışdı. Və bu xal günbəgün böyüyərək Şəhlanın ürəyində əbədi qərar tutan Salehi əbədi nifrətə doğru sürükləməyə qadiriydi...

***
Bu gözlənilməz olaydan sonra Saleh Mədinənin üzünə necə çıxacaqdı. Bu həmin gecənin özündən də dəhşətli idi. Bir yandan gecə vaxtı tənha qadını hönkür- hönkür ağladığı halda tək qoyub qaç ,bir yandan da səhərisi heç nə olmamış kimi onun üzünə çıx. Üzü astarından betər idi bu hadisənin. Görünür, dünyada tamam saf, düzgün, vicdanlı yaşamaq da o qədər əlverişli deyil. Ağıllı olsan da gərək bicliyi də bacarasan. Çünki Allah hamını eyni ağılda yaratmayıb. Şər qüvvələr xeyiri üstələyir. Dünyadakı savaşlar,müharibələr də məhz şərin hələ də güclü olmasından xəbər verir. Saleh müəllimin başına gələn gözlənilməz hadisə özünün düşüncəsinə görə dünyanın ən zalım, xoşagəlməz işlərindən sayılırdı.Əxlaqlı,tərbiyəli ,ağıllı böyüyən bir cavanın belə gözlənilməz olduğu qədər də gözlənilən münasibətlə qarşılaşması heç yuxusuna da girməzdi. Hərçənd ki, kişinin qadını yoldan çıxartması haqqında söz-söhbəti az da olsa eşitmişdi. Amma özünün əksinə olaraq nə vaxtsa qadın toruna düşəcəyini ağlına belə gətirə bilməzdi. Ağlına gəlmədi amma başına gəldi. Başına gələn başmaqçı olar -deyib atalar. Amma Salehin bu sahədə "başmaqçı" olmağına hələ çox vardı.

***
Saleh səhərə qədər yatmadı, aranı dağa, dağı arana daşıdı. Öz sözüylə desək bu müdhiş hadisəni unutmaq o qədər də asan deyildi.- İndi mən sabah Mədinənin üzünə necə baxacam. Kİmsəsiz bir qadını tək-tənha göz yaşlarına əmanət elədim,- deyə-deyə yavaş-yavaş həmkarının günahlarını öz boynuna yükləyirdi. Qərara gəldi ki, bu məsələ bir müddət yat-küt olana qədər işə getməsin. Yaxşısı budur məzuniyyətə çıxsın. Mədinənin üzünü görməsin. Amma necə olmasa da Sabah Mədinə ilə üz-üzə gəlməlidi. Çünki ərizə yazmalıdı, baş redaktora təqdim eləməlidi. Nə olur -olsun ərizəni onun yerinə başqası yazası deyildi ki...-Eybi yox gedərəm, -deyə qətiləşdirdi.- Bəlkə iş elə gətirdi ki ,mən ərizəni yazıb təqdim edincə heç Mədinə ilə rastlaşmadıq. Ola bilər obyektə getsin ,yaxud yatıb qalsın.Hər halda yaşayıb görərik, -deyə Saleh telofonun saatına baxdı .Beşin yarısıydı. Axşamnan bu yana çimir eləməmişdi. Yatmaq lazımıydı. Lakin fikir burulğanından çıxa bilmirdi. Beynində elə bil vulkan püskürmüşdi. Pərən-pərən olmuş fikirlərini bir yerə toplaya bilmirdi .Hava işıqlaşırdı. Sübh işığı pəncərədən az-az yataq otağına dolurdu. Bir azdan otaq işıqla tam dolacaqdı. Buna baxmayaraq hər şey Salehin gözünə qaranlıq görünürdü. Hər halda yaşayıb görərik, -deyə telofonun saatına baxdı . Beşin yarısıydı. Axşamnan bu yana çimir eləməmişdi. Yatmaq lazımıydı. Amma fikir burulğanında çabalayırdı. Beynində elə bil vulkan püskürmüşdi. Pərən-pərən olmuş fikirlərini bir yerə toplaya bilmirdi. Qalxıb mətbəxə keçdi. Soyuducudan bir stəkan soyuq su içdi ,özünü heç nə olmamış kimi adi günlərdəki kimi hiss eləməyə çalışdı. Qayıdıb yatağa uzanan anda fikirlər pusquda gizlənibmiş kimi yenidən hücuma keçdilər. Nəhayət xorultu səsi qaranlıq otağın sükutunu pozdu,və pəncərədən içəri dolan sübh işığına qarışdı. Yuxusunda Mədinəni üzü qoylu hələ də ağladığını gördü. Əlini uzatdı ki saçlarını tumarlasın, gözlərinin yaşını silsin. Bir anlığa böyründə yatan Şəhlanın yuxulu səsindən hövlnak ayıldı. - Günün gündüzünü qoyub gecənin bir vaxtı bu nə sığaldı çəkirsən saçıma - xeyir ola?.. Şəhlanın yuxulu yoğun səsi Salehi əməlli-başlı çaşdırdı. Bir anlığa başındakı fikirlər uçub getdi. Özünü ələ aldı. -Heç-heç, əlim dəydi elə-belə, bağışla əzizim yuxunu qaçırdım...

***
İş elə gətirdi ki ,Saleh Mədinə ilə qarşılaşmadı. Evdən bir başa obyektə yollanmışdı. Bu şad xəbərə uşaq kimi sevindi. Üz-üzə gəlməməkdən ötəri işlərini tez görüb qurtardı. Təkcə baş redaktor soruşdu ki,- bəs xeyir ola,sən məzuniyyətə həmişə qışda çıxırdın? .- Xeyirdi Kamran müəllim, kəndə gedəcəm-atam deyir -həmişə qışda gəlirsən bir dəfə də yayda gəl dağların yaşıl üzündən öp, güllü-çiçəkli yoncalıqda şellən ,sərin ayrannan iç , nehrə yağınnan yaxmac ye. Salehin bu atüstü, dabanbasaraq kənd nitqindən Kamran müəllimin ağlı bir şey kəsməsə də ağzı sulanmışdı, özünün də ürəyindən kənd keçmişdi, həmkarının qadın əlinə oxşayan ağ-appaq əlini sıxaraq -get-get dağlar səni görsün demişdi , arxasınca da xala-xətir gülümsəmişdi...

***
Saleh məzuniyyətdə olan zaman hərdənbir iş yoldaşı Caviddən işdə nə var-nə yox - deyib maraqlanırdı. Zəngləşmənin birində Cavid Mədinənin rayona anasının yanına getdiyini xəbər verdi, - "hə elə səndən bir neçə gün sonra bizimlə xudahafizləşib dəftər-darağını götürüb getdi". Gözlənilməz xəbər Salehi çaşdırsa da, ürəyi quş kimi çırpınırdı.Yəqin beş-on gün qalıb qayıdıb gələr,deyə fikirləşdi. Günlər sürətlə ötürdü. Məzuniyyətinin vaxtı bitmək üzrəydi. Saleh, -mən orada necə işləyəcəm Mədinənin üzünə necə baxacam,- öz-özünə deyinirdi . -Bəlkə elə mənə görə o da eyni vaxtda məzuniyyətə gedib,- deyə həyəcanı çoxalırdı. Başqa qəzetdə iş tapacam desə də ,heç nə alınmamışdı. Mədinənin aralarında "sevgiylə" qurduğu körpünü ayrılıqla partlatmaq istəyirdi. Günün birində telefon danışığı zamanı qəfil xəbər Salehi dünyaya təzədən gətirdi. Həmkarı Cavid adəti üzrə --işdə hər şey yaxşılıqdır,- dedi. Amma söhbət əsnasında onu da dedi ki, Mədinə baş redaktora zəng edib, -daha şəhərdə qalmaq istəmədiyini, işə qayıtmayacağını bildirib. Bu həmin gün idi ki, səhərisi Saleh işə çıxmalıydı...

# 3728 dəfə oxunub

Oxşar xəbərlər

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
#
#
# # #