Sən məni ömürlük mat etdin – Şeirlər

Sən məni ömürlük mat etdin – Şeirlər
23 mart 2020
# 13:17

Kulis.az Ali Qaffarlının şeirlərini təqdim edir.


Özünlə apar

Elə gözəl ölərəm ki,
Heyf yaşamağım gəlir.
Ən ağır yüküm də olsan,
Səni daşımağım gəlir.

Bu qəlbdə hər şeyə yer var,
Dərdə, qəmə, bir də sənə.
Bəlkə göydə gizlənmisən,
Çatammadım yerdə sənə.

Ulduzsansa, işığını sal gözümə,
görüm səni.
Buludsansa, damla kimi,
Yağ üstümə, dərim səni.

Elə gözəl gedərəm ki,
Bu dünyanın hər yerindən.
Bir az özümə oxşayan,
Bir az sən təhər yerindən.

İndi sən də, di, çıx üzə,
Ya məni də, gizlət daha.
Ya gəlib, özünlə apar,
Ya yenə də, gözlət daha...

Oyun

Bu həyat ağ-qara damalar idi,
Ağında sən idin, qarasında mən.
Necə gec başladı, nə tez də bitdi,
Yenə uduzanlar sırasında mən.

Mən sənə vuruldum, sən məni vurdun,
Mənlər azaldıqca, sənlər sağ idi.
İnan ki, bu işdən heç baş açmırdım,
Bu necə, oyundu, oynamaq idi.

Hərdən şah olurdum, hərdən piyada,
Səni görən kimi, çaşıb qalırdım.
Heç əlim getmirdi, səni vurmağa,
Mənləri vurduqca, mən azalırdım.

Özünlə də oyun, oynadın necə,
Hərdən mənə gəldin, hərdən gəlmədin.
Arada qalmaqdan doymadın necə,
Mən sənin sirrini, bilə, bilmədim.

İndi, tövbə dedim, bu oynamağa,
İlahi, nə böyük qəbahət etdim.
Mən sənə heç cürə çatmaram daha,
Sən məni ömürlük mat edib, getdin.

Qurd deyiləm

Sənə sarı cücəm desəm,
Öz sevgimlə bəsləsəm,
Deyərsən ki, yox sən kimsən,
Qorxma mən ki, qurd deyiləm.

Sənə sarı cücəm desəm,
Öpüb, öpüb əzizləsəm.
Qaçarsan ki, yox sən kimsən,
Qaçma mən ki, qurd deyiləm.

Qurd olsam, sənə deyərdim,
Qurd olsam seni yeyərdim,
Heç söylə səni yemlərdim?
Qorxma mən ki, qurd deyiləm.

Demə yoxsa qurd imişəm,
Bilməyib səni yemişəm.
Bəs niyə belə demişəm?
Qorxma mən ki, qurd deyiləm.

Sənə sarı cücəm desəm,
Yaram sarı, mən çox pisəm,
Mənə sarı, cücəm desəm,
Qorxma mən ki, qurd deyiləm.
Qaçma mən ki, qurd deyiləm...

# 5652 dəfə oxunub

Oxşar xəbərlər

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
# # #