Bütün sevgiləri xatırladan qosqoca payızsan

Bütün sevgiləri xatırladan qosqoca payızsan
27 noyabr 2019
# 18:45

Azər Allahverdiyev

İllər bir-birini əvəz edir, qış gəlir, yaz gəlir, yay gəlir, ancaq payızın yerini heç bir fəsil vermir, çünki payız ağlayır, yarpaqlar saralır, insanlar kövrəlir və soyuqluğu hiss edir. Payız ayında kəndə gedirəm, küçələri dolaşıram, dolaşıram meşələri, Cıdır düzünü, payızın ağlamağını görürəm hər ağac altından keçəndə bir yarpaq ya başımın üstünə, ya ətəyimə düşür, bu yarpaqlar ağacların göz yaşıdır, bu yarpaqlar sevənlərin göz yaşıdır, gözü yolda qalanların sirdaşıdır, salam payız, salam, payız. Bu payız mənə uşaqlıq illərimi xatırladır, bu payız mənə ağlayan günlərimi xatırladır, ağrılı-acılı olsa da ayrıldığım o qızı xatırladır, xatirələr yadıma düşür, salam, payız...

Payız gəldi, gözlədiyim qatar gəlmədi, hər gün gedib qatarı gözlədiyim 12.30-da dayanan zaman hər an yadıma düşür, kövrəlirəm, mənə köməklik edən gözyaşlarıma şərik olan payızın saralmış yarpaqları olur.

Bir vaxtlar gözləyirdim bu qatarı, gəlirdi qatar…

Qatar gələnə kimi, avtovağzalın küçəsində tək olardım. Sanki insanlarda bilirdi onu gözləyirəm, qeybə çəkilərdilər. Öz-özümə söhbət edib payızın narın-narın yağışı, xəzanı, küləyi ilə xısın-xısın danışardım. Bu payız gəlmədin, gözlədim səni qatar.

Nədən bu payızda tək qaldım?

Tənha bir quş qaldım, yuvadan uçdum, qondum payızın xəzanına, qondum nisgilli ürəklərin yarasına, qondum tənha qalanların pəncərəsinə, qondum gözü yaşlı insanların kipriyinə, qondum sevənlərin yollarına, bu payızda, yenə gəldin payız? Xoş gəlibsən payız. Salam, payız, salam, payız.

- Payız, sən gəldin nisgilli ürəyimi, qəmli gözlərimi, çatlayan dodağımı, təzələdin, payız.

Bir qutu siqaret, pürrəngi çay, mənim hədiyyəmdi, payız. Oturmuşam odun sobasının yanında, xatirələri yadıma salıram, kövrəlirəm, yuxu kimi düşünürəm, nağıl kimi düşünürəm, tez-tez çıxıram küçəmizə yolboyu baxıram, uzanır gedir küçə, heç kim yoxdur, bomboşdur, küçə yarpaqlara bürünübdür, sirlərə bürünübdür, açan yoxdur bu sirləri, nədən payız? Ayağımın altında yarpaqlar xışıldayır, onun mənə pıçıltıyla dediyi sözləri xatırlayıram, onun mənə sakitcə, utancaq “sevirəm” dediyi sözü xatırlayıram, əllərindən tutmağımı, soyuq barmaqlarını isitməyimi xatırlayıram, sevəsən payız, keşkə sevməyi də öyrədəsən, sevəsən payız, bir nəfəsdə doğulmağı da öyrədəsən, bilirsən kimi deyirəm? O qızı deyirəm, payız. Xatırladın onu? Salam, payız, salam payız.

Tanrı bəşəriyyəti yaradıb, düzdü, payız? Hörümçək toru, arı pətəyi, qarışqa yuvanı yaradıb, düzdü payız? Kaş ki, məndə payız yarpaqlarından özümə yuva qurmağı bacarardım…

Bağlar xəzana bürünübdür. Bu xəzanların səsi çayların şırıltısı kimi eşidilir. Bulaqların saf suyu kimi tər-təmiz görünür xəzanların payız. Sən qocaların əsasısan... Sən ağbirçək anaların örpəyisən... Sən kövrək ürəklərin sirdaşısan... Sən yazıçıların şamısan, çırağısan, ümidisən, payız.

Bilirsən nə yadıma düşüb, payız?

Xəzanının üstündə dolaşırdıq, birdən gözüm saralmış yarpaqların altındakı üstü palçıqlı üzüyə sataşdı, yadındadı, payız? Mən o üzüyü götürdüm, onun barmağına taxdım, şahidimiz oldun bizim o anda yadına düşdü, payız, o xoş anlar? O anlar yenə gəlməz, səni, onu xatirələrimdə saxlayacam bir ömür boyu, üşüsəm də, soyuqluğu hiss etsəm də, o anlara dönəcəm, dönəcəm, payız.

Səndən qisas almaq istəyirəm, payız, növbə məndədir, Səni unutmaq istəyirəm, unuda bilmirəm. Mən payızı xoş anlarla keçirməyi istəyərdim, mən payızda sevə-sevə yaşamağı arzu edirdim…

Ömür boyu bir dam altda yaşamağı arzu edərdim, nədən məyus qaldı bu arzular, payız? İllərdir görmürdüm onu, bu gün təsadüfü rastlaşdım xəzanın üstündə, payız. Özgə qollarında gördüm. Körpəsi qucağında, ruhu məndə, cismi xəzanın üstündə idi. Yenə bizi qovuşdurdun, payız. Salam, payız! Salam, payız. Bəlkə bu şəhərdə yaşamasaydım bu qədər onu xatırlamazdım.

Ünvanımı da, dəyişdim onu unutmaqdan ötrü.

Yaşadığım çinarlar şəhəri xəzanına bürünübdür, payız. Elə bu şəhərdə bu xəzana görə çinarlar şəhəri adlanır. Ömür kitabımı sənin fəslində yazdığıma görə bilirsən nə qədər məyus oluram, payız! “Bütün sevgiləri xatırladan” qosqoca payızsan!

Gallery

# 5391 dəfə oxunub

Oxşar xəbərlər

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
# # #