Ay gözümün nuru, başqa film tap – Şeirlər

Ay gözümün nuru, başqa film tap – Şeirlər
18 dekabr 2019
# 16:31

Kulis.az Əziz Yaqubzadənin şeirlərini təqdim edir.

Yol

Gəlməyini biləndən
Əcəb evdarlaşmışam.
Sənə öz əllərimlə
Bu gün süfrə açmışam.

Kaş bir bilsən bu anı
Nə qədər gözləmişəm.
Gəlsən üşümə deyə
Çayı da dəmləmişəm.

Mən də bu havalarda
Darıxıram bilirsən.
Hansı səmtə boylanım,
Ha tərəfdən gəlirsən?

Görən nə geyinmisən?
Saçını yığmısanmı?
Sənə aldığım şarfı
Boynuna taxmısanmı?

İndi yolda başını
Görən nəylə qatırsan?
Sən də qovuşmaq üçün
Dəqiqələri sayırsan?

Kitabını oxuyub
Yuxuya gedirsənmi?
Tez çatmaq üçün sən də
Dualar edirsənmi?

Yollaramı baxırsan,
Mənə yol gələ-gələ?
Sən gəldiyin yolların
Başına dönüm elə...

Bilmirdin ki?

Bilmirdin ki, tərk edilən, qəlbini
Hər kəsə, hər şeyə bağlayır axı.
Gündüzlər gizlicə, səssiz-səmirsiz,
Gecə hönkür-hönkür ağlayır axı.

İndi səndən ürəyimə dərd damır,
Məgər eşitmirsən, ordan sədamı?
Belə tez unutmur adam adamı,
Ağlının küncündə saxlayır axı.

Kaş ki, unutmağa sən çata-çatda
Məni qurtarardın bu batabatdan.
Qatillər də öz qurbanını hətta
Ölübmü-qalıbmı yoxlayır axı...

Film kimi şeir...

Mən bu filmi izləmişəm bir dəfə,
Bilirəm də sonu necə qurtarır.
"Siz"dən "sən"ə dönən xitablı söhbət
Axşamlar başlayır, gecə qurtarır.

İlahi, necə də xoşbəxt olursan,
Həmin gecələrin hüzurunda sən.
Daha öncə sevib, əzizlədiyin
Hər kəsi bir ona qurban edirsən.

Qollarını vətən sanıb, hər görüş
Vətəninə qovuşmağa gedirsən.
Bircə dəfə saçlarını oxşasa
Həmin tellərə sitayiş edirsən.

Sonra da yox yerə, səbəbsiz yerə
Araya soyuqluq adlı sədd düşür.
Həmin o mesajlar, həmin görüşlər,
Damcı-damcı axıb, gözündən düşür.

Ay gözümün nuru, başqa film tap,
Nə qədər ki, tezdir, axşam olmayıb.
Mən bu filmi izləmişəm bir dəfə,
Bir də izləməyə gücüm qalmayıb...

# 4804 dəfə oxunub

Oxşar xəbərlər

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
# # #