Səfər Əlizadə
Zəng edib, “tez gəl” deyə qışqırmasından sonra bir dəqiqə belə yerimdə dura bilməzdim. Uşaqlarla yenicə dominoya oturduğum masadan tez qalxdım. Çayxanadan çıxar-çıxmaz, adi yerişlə 10 dəqiqəlik, qaçsam 5 dəqiqəlik yolu getmək üçün taksiyə mindim. O 10 dəqiqəlik yolun tıxacını nəzərə almadım. Elə bir tıxacda qalmışdım ki, maşınlar bir-birinə qapıları açılmayacaq qədər yaxın idi. Cəhənnəm, qapını açıb düşüb qaçardım. Çatdırardım özümü. Yarım saatdan sonra yan maşın azacıq irəli tərpəndi. Qapını açıb, pulu oturacağa atıb düşdüm. Və dayanmadan qaçmağa başladım. Yarım saat itirmişdim. O qədər sürətlə qaçırdım ki. Sanki cəzama can atırdım.
Ona çatmağa çalışıram. O yarım saatlıq gecikməyimin cəzası. Cəzam vecimə deyil desəm, yalan olardı. Çünki aldığım cəza ilə bitərdim. Ev qarşıda, 200 metr aralıda göründü.
Evin önünə çatanda bir neçə insanın oradan uzaqlaşdığını gördüm. Nə olduğunu anlamırdım. Qonşular gözləri bərəlmiş halda mənə baxırdılar. Tez blokdan içəri keçib mənzilimizə yaxınlaşdım. Qapı açıq qalmışdı. İçəri keçib birbaşa onun otağına tərəf qaçdım. Orda yox idi. Getmişdi. Aparmışdılar. Digər otaqlara da baxdım, nəsə yazıb qoymuş olar, deyə. Sonra elə bir şansının olmadığını düşündüm. Çox əsəbiləşmişdim. Məhz buna görə çox vaxt evdə olurdum. Ancaq ya mən işə gedən kimi, ya da ümumiyyətlə evdən çıxıb harasa gedən kimi, yenə eyni şey, yenə eyni şey...
Evdən çıxması uzun müddət olmazdı. Qoxusunu hələ də hiss edirdim. Hara apardıqlarını bilmədiyimə görə azca nəfəsimi dərmək üçün blokun qabağındakı balaca pilləkəndə oturdum. Bir qərar verməli idim. Ya onun yaşamasına əngəl olanları aradan götürməli idim, ya da yaşayarsa, özünü buralardan uzaq bir kəndə aparmalı idim. Təmiz hava ona yaxşı təsir edərdi. Qonşulardan bəziləri hələ də küçədə idilər. Onu hara apardıqlarını dilim dodağım əsə-əsə soruşdum. Ünvanı dedilər. Taksiyə oturub onu apardıqları yerə sürdürdüm...
Yol boyu nələr düşünürdümsə... Sürücünün 5-6 dəqiqə əvvəl “Çatdıq” deməyini belə eşitməmişəm. Tez sürücünün haqqını verib taksidən düşdüm. Qapıya tərəf irəlilədim. Xəstəxananın özüaçılan qapıları, sanki içəridəki bütün bəlaları özünə toplayırdı. Onu yuxarı palatalardan birinə yerləşdirdiklərini dedi aşağıdakı xanım. Vaxt itirmədən pilləkənlərlə yuxarı qalxdım. Nələr düşünürdüm nələr...
Özünə əziyyət edirdi. Dəfələrlə ona demişdim, “burdan gedək”. Razılaşmırdı. Onunla burdan uzaqlarda xoşbəxt olacağımıza əmin idim. Pilləkənlərlə yuxarı addımladıqca, artıq qərar vermişdim.
Palatanın qarşısında dayanıb başımı aşağı salmışdım. “Medsestralar” içəridə idi, onların çıxmasını gözləyirdim. Otaqdan çıxanda, kim olduğumu bildikləri üçün içəri keçməkdə gözlətmədilər. İlk dəfə deyildi burda olmağım. Tanıyırdılar artıq.
İçəri keçəndə onu tanımaqda çətinlik çəkdim. Eləcə uzanıb qalmışdı. Hələ ayılmamışdı. Həkim yanında qalmağıma icazə vermişdi. Mən də elə elədim. O gecə onunla qaldım. Əlini əlimin içinə aldım. Öpərək yuxuya getmişəm oradaca. Oyananda hər şeyin yaxşı olacağına inanırdım. Əslində oyanmaq istəmirdim. Çünki yuxumda onunla çox xoşbəxt idim.
Səhər tibb bacılarının səsinə oyandım. Əlimdə buz parçası tutmuşdum sanki. Əvvəlcə əlimin donduğunu düşündüm. Bəlkə də cəzamı çəkməyə hazır olmadığım üçün elə düşünmüşdüm. Sonra kardioqrafın ciyiltili və aramsız səsini eşidəndə ətrafdakı bütün səsləri eşitməz oldum. Necə yəni? Bu necə ola bilərdi? O məni beləcə tək qoyub gedə bilməzdi. Əlini buraxa bilməzdim. Soyumamalı idi. O əl soyumamalı idi. Onunla keçirdiyim anlar, dediyi cümlələr yadıma düşdü. Demişdim ona dəfələrlə ki, gedək.
“Ana!” deyə qışqırığımdan sonra məni onun palatasından çıxarmağa çalışdılar. O məni hələ 4 yaşım olanda tamamilə anlamışdı. Çünki o vaxtdan sonra böyüməmişdim. Bəlkə də səhv düşünürəm. Əksinə daha sürətlə böyümüşdüm. Bilmirəm. İlk dəfə 4 yaşım olanda baş vermişdi bu. Atam davamlı içib onu döyürdü. O andan etibarən, 4 yaşımdan bu günə qədər mən evdə olmadığım hər dəqiqə. Uşaq olanda bir şey deyə bilmirdim. Ancaq böyüdükcə anlamışdı etdiklərinin qarşılığını görəcəyini. Cəzasını çəkəcəyini.
Mən də çəkmişdim cəzamı. O yarım saatlıq gecikməm, domino həvəsim olmasa indi yanımda idi. Bir gün hər kəs cəzasını tapacaqdı, mütləq. Sanki ağlamırdım. Sanki yaş qurumuşdu gözlərimdə. Öz səsimi belə eşitmirdim, boğazım çox pis qıcıqlanırdı qışqırmaqdan. Qulaqlarım cingildəyirdi. Kardioqrafın səsi qulaqlarımdan getmirdi. Qollarımdan bərk-bərk tutan xəstəxana işçilərinin əllərinin istisini hiss etməyəcək qədər soyumuşdu bədənim. Dünya başıma yıxılırdı sanki. Necə yəni? O artıq yox idi? Bu mümkün deyil. Bəs söz verdiyi gələcək? Bəs nəvə arzusu? Hələ 2 gün əvvəl “gələcək nəvəmə toxuyuram” dediyi papışlara baxıb sinəsinə basırdı. Bəs indi? Ola bilməz. Necə yəni e? Bir insan arzularına çatmadan necə ölə bilər axı?
Dəfninə məhbus kimi gedirdim deyə çox pis hiss edirdim özümü. Ancaq indi bundan daha pis olan şeylər var idi. Yetim qalmışdım. Anamın qatilini öldürüb ata qatili olmuşdum.