Kulis.Az Könül Arifin yeni şeirlərini təqdim edir.
Şəhər adları
Səfər elanları yayıldı.
Enib uçuş qiymətləri ovuc içinə.
İndi bütün şəhərlərin adı
"Onu unutmaq"dı:
Bakı – Onu unutmaq – Bakı
Bakı – Onu unutmaq – Bakı
Qəbələ – Onu unutmaq – Qəbələ
Gəncə – Onu unutmaq – Gəncə
Repriz![i]
Sevgi ilə əllərin arasında – sözlər
inciklik
göz yaşları.
Bir duzlu damla dəyib dağıldı
əlin üstünə.
Sevgiyə dartınan əlləri
gözlər çəkib saldı
nəm çökəkliyinə.
Sevgi ilə əllərin arasında
bu uzanıb-qısalan yolda – əşyalar da var.
Əllərə
və sevgilərə görə dəyişir bu əşyalar;
mən
bir qutu şokolad,
iki kitab xatırlayıram
sənin o isti....
mehriban.... ağ əllərində,
mənsə....
............... iztirablı...............
................................ucsuz-bucaqsız..........
..............................................................“Tatar çölü”nü uzatmışdım sənə
barmaqları
aprelə dolaşan
bumbuz əllərimdə.
Sevgi ilə dodaqların arasında – əllər quruyar.
Dodağımla toxunsam sevgiyə
qupquru
ağ
izsiz torpaq gizildəyər çöllüklərdə.
Bircə mənnn.............
........................bircəəə............
.......................................bircə mən ölərəm o torpağın üstündə!
Kölgəm –
məndən öncə uzandı torpağın üstünə...
Qabırğa ilə torpağın arasında – kölgə.
Torpağın üstündə
Qabırğa şəklində kölgə.
Sən
“bütün bunları yaz” deyirsən.
Mənsə
bunları yaşamaq, səsləndirmək istəyirəm.
Yaşamaq,
səsləndirmək
və yazmaq arasında
qıvrılmaqdır ömür indi,
eynən yumub gözlərini
masanın bir ayağından o biri ayağına
qıvrılıb
quyruğunun ucunacan sürtünən o pişik kimi.
Bircə
səsləndirə bilmədiklərimi
rahatlıqla yaza bilirəm.
Məsələn:
“Mən səni.......
.......................hələ də.......
.........................................sevirəm”
[i] fr. reprise – Musiqidə notların təkrarlanması
Orange
Marina Svetayevaya
Radzeviç,
mən kölgələri sevirəm,
onların itaətkarca
məni izləyib sonra xəlvətcə
hətta inadla
məndən önə keçməsini
və bu ətaləti,
ətalətin vəhşi sevginin üstünə
örtük kimi sərilməsini
sevirəm.
Radzeviç,
mən
hələ susan –
hələ örtüyü üstündən çəkilməmiş sevgini
sevirəm.
Çəkildimi
bu müddət örtüyü sevginin üstündən,
duydummu sevgini –
sevimli tikə kimi
bircə söz düşər yerə dilimdən:
"Sevirəm!
Sevirəm.
Sevirəm..."
Radzeviç,
necə təsvir edim sənə sevgimin şəklini?
– cümlələr korlayar deyə
yazmağa qıymadığım roman kimi
sənin haqqında
ölənəcən düşünmək sevgisini...
– bu düşüncəni daş kimi
ayağıma bağlayıb susqunluğun içinə
səninlə batmağımın şəklini...
– sonra
su anbarına baxan eyvanımda
hələ səpilməyən buğda üstündə
bir-birini qovan göyərçinlərin vahiməli qanad səsinə
diksinib
susqunluğun çölünə atılmağımın şəklini...
– və uğrunda
savaşacaq bir dəni də
olmayan halıma yanmağımın şəklini...
Sən bu şəkilləri
get-gedə
rəngsiz təsvir elə.
Radzeviç,
dırnaqlarımsa bütün şəkillərdə
narıncı rəngdə idi.
2016 payız